Müsəlman cəmiyyətdə necə davranmalıdır?

Müsamihə müsəlmana aid sifətdir. Hər müsəlmanda bu cəhət olmalıdır. Müsamihə ürəkləri yumşaldan bir ünsürdür; həqiqətləri qəbul etdirmə də ancaq onunla mümkündür. Amma müsamihə nə qədər gözəl bir xüsusiyyət olsa da, ifrat və təfritə varmadan orta yol tutulmalı və bu xüsusiyyət müəyyən bir ölçüdə olmalıdır.

Allah Rəsulu (s.ə.s.) ona qarşı olan hər növ pis münasibəti səbirlə, anlayışla qarşılayırdı. Ancaq bir insanın haqqı və ya dinin əsaslarına hücumdan söhbət getdiyi zaman kükrəmiş aslana çevrilir və o haqq yerini tutana qədər və ya o bəla dəf edilinə qədər rahat olmazdı.

Uhudda əmri dinləməyin vacibliyini başa düşə bilməmiş və müvəqqəti də olsa intizamsızlığa səbəb olmuş səhabəyə bir kəlmə belə deməmiş və sərt davranmamışdı… Yaxasından tutub haqq istəyənə təbəssümlə baxıb yanındakılara "buna haqqını verin" demişdi ki, bunlar onun anlayışının genişliyini göstərən ibrətamiz mənzərələr arasından sadəcə bir-iki nümunədir. Məkkə fəthində elan etdiyi ümumi əfv isə müasir insanın xəyal edə bilməyəcəyi qədər dərin və ağlasığmazdır. Bəli, Allah Rəsulunun anlayışı bu qədər genişdir.

Namusu göylərdəki mələkləri belə qibtəyə sövq edəcək qədər təmiz və pak olan anamız… bəli minlərlə,yüz minlərlə ananı uğrunda fəda edə biləcəyimiz və tapdaladığı torpağı gözümüzə sürmə kimi çəkə biləcəyimiz anamız Həzrəti Aişəyə (r.a.) iftira atan və o mübarək qadına palçıq sıçradanlar arasında aldadılmış müsəlmanlar da vardı. Onlardan biri də Həsən bin Sabit idi. Allah Rəsulunun (s.ə.s.) bu mübarək şairi hansısa üsulla bir münafiq tərəfindən aldadılmış və o da onların sözünə inanaraq iftiraçıların arasına girmişdi. Daha sonra ayə nazil olduğu vaxt və anamızın namusu vəhylə isbat edildiyi zaman bunlara iftira dəyənəyi cəzası (Həddi kazif) tətbiq edildi. Aradan illər keçdi. Həsən bin Sabit xeyli yaşlanmışdı və gözləri kor olmuşdu. Həzrəti Aişə (r.a.) anamızın yanında mədhiyyə oxuyurdu. Orada olanlar arasında Həzrəti Aişə (r.a.) anamızın bacısı oğlu Urvə də vardı. Hadisəni bildiyi üçün Həsən bin Sabitə qarşı içində gizli bir nifrəti vardı və xalasına deyirdi: "Niyə bu adamı hüzuruna qəbul edib dinləyirsən?" Anamız belə cavab verir:" Sus,ya Urvə! Mən Allah Rəsulunun ona dua edərək "Ya Rəbbi! Ona Ruhul-Qüddüs ilə dəstək ver" dediyini eşitdim."

İftiraçılardan biri də Mistahdı. Halbuki Həzrəti Əbu Bəkir (r.a.) onun məişət xərclərini ödəyir və o ailəyə hər cür yardımını ara vermədən davam etdirirdi. İftira hadisəsində onun da adı çəkildiyi zaman bərk təsirlənən Həzrəti Əbu Bəkir (r.a.) bir daha əsla Mistaha kömək etməyəcəyini söylədi. Fəqət dərhal vəhy gəldi. Ayə belə deyirdi: "Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!" (Nur, 24/22)

Mistaha bir daha kömək etməyəcəyinə and içən Həzrəti Əbu Bəkir (r.a.) bu xitab qarşısında dərhal dediyindən əl çəkmiş, and kəffarəsini ödəmiş və sanki heç bir şey olmamış kimi Mistahı himayəyə davam etmişdi...

Bunlar şəxsinə bəslənilən ən çirkin münasibətə qarşı bir möminin göstərdiyi anlayış örnəkləridir. Həqiqətən çox çətin olan belə sınağın öhdəsindən onlar müvəffəqiyyətlə gəlmişlər. Dinin şanının ucalmasını arzulayan və bunu özünə vəzifə bilən insanlara əməlləri ilə onlar ən gözəl ibrət nümunələridir.

Zamanımızın Allahı tanıtma yoluna girmiş insanları da qəlblərinin yumşaqlığı, səmimiyyətləri ilə vicdanlara nüfuz edərək həqiqəti deyəcək və qəlbləri fəth edəcəklər. Kobudluq, sərtlik heç bir dövrdə faydalı olmadığı kimi, onun müasir dövrdə də faydalı olacağı düşünülə bilməz. Allah bilir, anlayışın isti qucağı isə neçə-neçə buzlu dağlar əritmişdir. Peyğəmbəri öldürmək üçün yola çıxan Öməri (r.a.) diz üstə çökdürən; qəlbinə imanı damla-damla süzən Allah Rəsulunun (s.ə.s.) anlayışı deyilmi idi?! Ya da Xalidi (r.a.) saran və zehnindəki qaranlıqları silən Peyğəmbərimizin (s.ə.v.) anlayış dünyasından əsib gələn aydınlıq tufanı deyilmi idi?

Cənabi-Haqq (c.c.) da dinini yaymağa təşəbbüs edənlərdən bunu istəyir və tələb edir. O, Fironun hidayətə gəlməyəcəyini əzəli elmində bildiyi halda, Həzrəti Musa (ə.s.) və Harunu (ə.s.) onun yanına göndərərkən Firona qarşı mülayim dillə danışmalarını əmr edir və "Onunla şirin dillə danışın. Bəlkə, o, ağlını başına toplayar və ya qorxar," (Taha, 20/44) deyə buyurur.

Bəli, biz bizə qarşı azğıncasına, fanatik kimi və küfr naminə münasibət bəsləyənlərə anlayışla, mehribanlıqla və bir möminə yaraşan şəkildə, insanlıq ədəbini əsas tutaraq davranmalıyıq. Quranın bizə öyrətdiyi əxlaq anlayışı belə olmağımızı, belə davranmağımızı tələb edir. "Onlar (möminlər) ki, boş bir şeylə qarşılaşdıqları zaman oradan ciddiyətlə keçib gedərlər." (Fürqan, 25/72)

Bir möminin şəxsi planında daima qulağına sırğa edəcəyi vacib düstur və prinsip Rəbbimizin bu ifadələri olmalıdır: "Əgər əfv edər,qüsurlarını başına vurmaz,anlayışla qarşılar və bağışlarsanız, bilin ki, Allah (c.c.) Qafurdur, Rəhimdir." (Təğabün, 64/14)

Cənabı-Haqqı (c.c.) özünə qarşı Qafur və Rəhim görmək istəyən Onun bu əxlaqı ilə yaşamalı, əxlaqlanmalı və anlayış göstərməyi xarakterinin ayrılmaz parçası halına gətirməlidir.

Anlayışlı insan həyatın hər mərhələsində qazanır və heç bir zaman uduzmaz. Bu gününü yaşayarkən eyni zamanda sabah olmaq, sabahı düşünmək ancaq anlayış göstərən insanlara məxsus bir ilahi nemət və hikmət zinətidir.. buna nail olanlar da gələcəyin yeganə mirasçılarıdırlar.