Əmanət - əmin olmaq

Peyğəmbərlərə aid ikinci sifət (xüsusiyyət) əmanət, yəni əminlikdir, etibarlılıqdır. Bu mənşəcə ərəb olub "iman"la eyniköklü sözdür. "Mömin" inanan və əminlik təlqin edən insan deməkdir. Peyğəmbərlər möminliyin zirvəsində olduqları kimi, əmin, etibarlı olmaqda, əminlik təlqin etməkdə də onların tayı-bərabəri yoxdur. Qurani-Kərim onların bu xüsusiyyətini bir çox ayəsində açıq-aşkar bəyan edir:

كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَ * إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ *إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ * فَاتَّقُوا اللّٰهَ وَأَطِيعُونِ
"Nuh qövmü peyğəmbərlərini təkzib etdi. O zaman ki qardaşları Nuh onlara dedi: "Məgər (küfr etməyinizə görə) qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!) Artıq Allahdan qorxun və mənə itaət edin!" (Şuəra surəsi, 26/105-108)

Nuh, qövmünə belə deyir: "Hələ də qorxub çəkinməyəcəksinizmi? Mən etibarlı, xəyanətə tənəzzül etməyən bir elçiyəm".

Aşağıdakı ayədə bir peyğəmbər peyğəmbərliyə aid "əminlik" vəsfini belə dilə gətirir. Həmçinin:

كَذَّبَتْ عَادٌ الْمُرْسَلِينَ * إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ * إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ
"Ad tayfası da peyğəmbərləri təkzib etdi. O zaman ki qardaşları Hud onlara dedi: "Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saymağınıza görə Allahın əzabından) qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!" (Şuəra surəsi, 26/123-125)

كَذَّبَتْ ثَمُودُ الْمُرْسَلِينَ * إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَالِحٌ أَلَا تَتَّقُونَ * إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ
"Səmud qövmü də peyğəmbərləri təkzib etdi. O vaxt ki qardaşları Saleh onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)" (Şuəra surəsi, 26/141-143)

كَذَّبَتْ قَوْمُ لُوطٍ الْمُرْسَلِينَ * إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ * إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ
"Lut tayfası da peyğəmbərləri təkzib etdi. O zaman ki qardaşları Lut onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)" (Şuəra surəsi, 26/160-162)

Mövzu ilə bağlı daha çox ayədən nümunə vermək olar. Onu da deyək ki, əminlik vəsfinə işarə edən ayələr də az deyildir, amma yuxarıda söylədiklərimizlə kifayətlənmək istəyirik.

Mömin Allahın isimlərindən biri olduğu kimi, eyni zamanda Ona inananların əsas adlarından biridir. Allaha (c.c.) niyə Mömin deyilir? Çünki O, güvən, etibar mənbəyidir. Bizə güvəni verən də Odur. Biz güvəni Ondan damla-damla və ya ümman şəklində alırıq. Peyğəmbərləri əmin edən və onları əminlik, etibarlılıq vəsfi ilə şərəfləndirən də yenə Odur. Elə isə əminlik, güvən, əmanət və iman bizi peyğəmbərlərə və peyğəmbərləri də Allaha bağlayır. Nəhayət, bu bağlılıq bizi Xaliq-məxluq münasibətinə aparır. Bütün bu mənalar əmanət sözünün kökündə mövcud olan mənalardır və elə əsas məsələlərdən biri də bu münasibəti qavramaq­dır.

Peyğəmbərlərin və Peyğəmbərimizin ən mühüm vəsfi əminlik, etibarlılıq olduğu kimi, Cəbraili-Əminin də ən əhəmiyyətli xüsusiyyəti əminlikdir. Qurani-Kərimdə belə buyurulur: "(Elə bir elçi ki,) itaət ediləndir, həm də etibarlıdır" (Təkvir surəsi, 81/21) Bəli, Cəbrail Allaha (c.c.) itaətkar və Onun yanında tutduğu vəzifəsi etibarilə də əmin bir elçidir. Məhz Quran da bizə bu əminlər mənbəyindən gəlmişdir. Allah Mömindir. Onun bəyanı əminlik təlqin edir. Quran Allahın "Əmin" adlandırdığı Cəbrail vasitəsilə nazil olmuşdur. Və yenə bu Quran o Əmin Peyğəmbərə və Onun əminlik xüsu­siy­yə­tinə namizəd qüdsilərə − ümmətinə nazil edilmişdir.

Qurani-Kərimdən hər kəs səviyyəsi nisbətində mütləq faydalanmışdır. Cəbrail də həmçinin... Bir gün Allah Rəsuluna belə demişdi: "Allah (c.c.) Quranında mənim haqqımda "Əmin" ifadəsini işlədənə qədər aqibətimdən narahat idim. Bu ifadəni eşitdikdən sonra iliklərimə qədər əminliklə doldum..."[1]

[1] Qazi İyaz, əş-Şəfa, 1/17.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.