Gözlənilən şəfəq
Aydınlığa hamilə, bari-həmlini yerə qoymağa çalışan qapqaranlıq bir dünya... Və Nəbinin zühuruna az qalmış müjdə dolu nişanələr sayrışır üfüqdə. Vicdanlara elə təsir edir ki, bir çox məkkəli gələcək son Nəbi haqqında danışır. Tövsiyələr və tövsiyələr: zühur edər-etməz dərhal itaətə tələsin! Və bütünləşin Onun ruhu ilə![1]
Bütün bəşəriyyətin canı boğazında və hər kəsin ümidi son xilaskarın gəlişinə... Ana-atalar bu xilaskarın öz nəsillərindən olmasını istəyir və bir çoxu yeni dünyaya gələn övladına "Məhəmməd" adını qoyur.[2]
Lakin O, Həzrət İbrahimdən oğlu İsmail vasitəsilə davam etdirilən və Əbdülmüttəlibdən Abdullaha keçən nurlu bir silsilədən gələcəkdi və könüllər də bu yoldan gələn nurun intizarında idi. Hadisələr Onun gələcəyini xəbər verir, qaranlığın zillənməsi söküləcək şəfəqin yaxınlaşdığını söyləyirdi. Ogünkü insanlıq həyatı həyat edən qayə və idealdan məhrum idi. İnsanların bütün əməlləri ucsuz-bucaqsız səhrada ilğım qovalamağa bənzəyirdi. Susuzluqdan ciyəri yanan onu uzaqdan su sanır, gəlib çatanda da bir şey tapmır." (Nur surəsi, 24/39)
Duyğu, düşüncə və davranışlar da bundan o qədər fərqlənmirdi. "Yaxud (onların əməlləri) əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud – zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda hardasa onu görməz." (Nur surəsi, 24/40)
Bu dövrün adı "Cahiliyyə"dir. Ancaq bu, elmin əksi olan cəhalət deyil, iman və inancın əksi olan küfrə bərabər cahiliyyədir.
O dövrün qapqara çirkinliklərini ərz edib müvəqqəti də olsa, ruhlarınıza qaranlıq bir pərdə çəkmək istəmirəm. Batil şeylərin hər cür təsviri zehinləri bulandırar. Və məncə, buna səbəb olmaq da bir günahdır. Lakin yenə də o dövrü izah etmək üçün az da olsa, bəzi adət-ənənələrinə toxunmaq faydalı olardı, ta ki Peyğəmbərimizin bütün kainata rəhmət olaraq göndərilməsi və bu mərhəmətin ilahi bir lütf olması daha yaxşı idrak edilsin.
Onun gəlişi bütün insanlara Cənabi Allahın ən böyük lütfü və ən əngin ehsanıdır. Bunu İlahi bəyandan eşidirik:
لَقَدْ مَنَّ اللّٰهُ عَلَى الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِنْ أَنْفُسِهِمْ يَتْلُوا عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةََ
"Allah möminlərə lütf etdi. Çünki onların öz içindən onlara (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər." (Ali İmran surəsi, 3/164)
Allahın (c.c.) lütf, ehsan və kərəminə baxın ki, insanlara öz içlərindən, özlərindən, haqqa gedən yolda rəhbər və pişdar olan, imama ehtiyac olanda qabağa keçə bilən, xətibə ehtiyac olanda minbərə çıxa bilən, idarəçiyə ehtiyac olanda fərman verib sikkə kəsən, sərkərdəyə ehtiyac duyulanda ən mükəmməl sərkərdə kimi onları idarə edən bir nəbi, bir elçi göndərdi.
Xristianlıqda yanlış bir əqidə vardır. Onlar Həzrət İsanın insanlığın ilk günahını bağışlamaq üçün Allah tərəfindən fəda edildiyinə inanırlar. Yəni onların inancına görə, Rəbb fədakarlıq etmiş və insanları əfv etmək üçün – haşa – öz oğlu olan Məsihi qurban vermişdir. Başqa sözlə, Həzrət İsa – onların səhv etiqadına görə – çarmıxa çəkilmiş və Həzrət Adəmlə başlayan, daha sonra hər bir insanın doğularkən özü ilə gətirdiyi bu ilk günah beləcə bağışlanmışdır. Bu, bir etiqad kimi yanlış və doğru yoldan uzaqlaşmaqdır. Ancaq bu yanlış anlayışda bir həqiqətə işarə də vardır:
Allah insanların günahını bağışlamaq, onları sapqınlıqdan, azğınlıqdan, zəlalətdən, günahdan qurtarmaq üçün ən sevimli qulunu, Həzrət Məhəmmədi (s.a.s.) həm də necə məşəqqətlərə məruz qalacağını bilə-bilə peyğəmbər göndərmişdir. Ta ki azıb yollarda qalmasınlar, yollarda qalıb əbəs ömür yaşamasınlar, insanlıq səmasına yüksəlib kamil insan olsunlar, daxilən dərinləşib hər an Allahı (c.c.) hiss etsinlər və İbrahim Haqqının beyti ilə desək, Allahı vicdanlarında ən böyük xəzinə kimi bilsinlər:
Sığmam dedi Haqq ərzü-səmaya,
Kənzən bilindi dil mədənindən.[3]
Könül elə bir xəzinələr mənbəyidir ki, cahanlara sığmayan Haqq ən qiymətli bir cövhər kimi hər an orada özünü hiss etdirir. Kitablar, zehinlər, düşüncələr, fəlsəfələr, bəyanlar, səma, ərz və bütün mükəvvənat (yaradılmışlar) Allahı (c.c.) əhatə edə bilməz və heç biri Onu ifadə etməyə gücü çatmaz. Ancaq qəlb qismən də olsa, Ona tərcüman ola bilir. Bəli, qəlb elə bir dildir ki, indiyə qədər qulaqlar o dilin bəyanı qədər dərin bəyan eşitməmişdir. Elə isə insan qəlb aləmində dərinləşməli, orada axtardığını tapmağa və Rəbbə qovuşub Onda fani olmağa çalışmalıdır. Allah-Təala Həzrət Məhəmməd Mustafanı məhz bu məqsədlə insanların arasına göndərmişdir.
Bəli, O, insanlığa Allahın (c.c.) ayələrini oxumaq, müxtəlif möcüzələrini gözlər önünə sərmək və insana öz mahiyyətini öyrətmək üçün gəlmişdir. Bəli, Onun sayəsində bəşəriyyət təbiət kirlərindən təmizlənəcək, cismin nəfsani əməllərindən xilas olub qəlbən və ruhən yüksələcəkdi və yüksəldi də. Bəli, O, insanlara Kitab və hikməti təlim edəcək, insanlıq da Kitab və hikmətin işıqlı dünyasında özünü taparaq gözlərini əbədi aləmlərə dikəcək və əbədiləşmə yoluna qədəm qoyacaqdı... Nəticə belə də oldu.
Bizim üçün çox əhəmiyyətli, bərəkətli və feyz dolu günlər var. Bunlardan bəziləri də möminlərin bayramı sayılır. Hər həftə cümə günü yaşanan bu bayram Qurban və Ramazan bayramlarında daha da izdihamlı olur. Qurban bayramı Həzrət İbrahimin fədakarlıq etdiyi, Müsəlmanların da səmimiyyətlə günahlarının əfvinə yol axtardığı və bu niyyətlə Beytullaha üz sürtüb, Ərəfatda vəqfəyə dayandığı və Məhəmmədi ruhla yalvarıb-yaxardığı bir gündür. Ramazan isə bir ay oruc tutmaqla Rəbbə yaxınlaşma sevincini, yaşama sevincini bölüşməyin ifadəsi olub zəngin, dolğun və bərəkətli bir bayramdır.
Bir bayram da var ki, bütün insanlıq, hətta bütün varlıq aləminin bayramı sayılır, o da Allah Rəsulunun dünyaya təşrif buyuraraq bizi şərəfləndirdiyi gündür... Viladəti-Əhmədiyyədir. Yəni Allahın bir günəş mahiyyətində yaratdığı o Nuru bir şam kimi insanlıq səmasından asdığı gündür. Bəli, o Nur sayəsində bütün cahiliyyə qaranlıqları dağılmış və aləm nura qərq olmuşdur. Bu da Allahın cinlərə və insanlara ən böyük lütfü və ehsanıdır.
[1] Nümunə olaraq baxın: İbn Sad, ət-Tabaqatül-kübra, 1/161-162; Təbəri, Tarixül-üməm vəl-mülk, 1/529
[2] İbn Sad, ət-Tabaqatül-kübra, 1/169
[3] Qəlb mədənində xəzinətək bilindi.
- tarixində yaradılmışdır.