Öz dövrünə aid qeybi xəbərlər
1. Başda Buxari, Müslimin əsərləri olmaqla bütün hədis kitabları yekdilliklə bu hadisəni nəql edir:
Bir gün Allah Rəsulu (s.a.s.) minbərə çıxmış, nəzərlərini qeybin üfüqlərinə dikmiş, qəzəb şəklində təzahür edən cəlali təcəllilər içində əshabına varidat təqdim edirdi. Bir ara: "Bu gün məndən nə istəyirsiniz, soruşun!" – buyurdu. Hər kəs soruşur, O da cavab verirdi. Elə bu əsnada bir gənc ayağa qalxdı: "Mənim atam kimdir, ya Rəsulullah?" – dedi. Hər halda, az da olsa, atası haqqında dedi-qodu vardı. Belə bir şayiədən narahat olurdu. O gün əlinə fürsət düşmüşdü və daima Haqqın izni ilə qeybi görən Allah Rəsulundan atasının kim olduğunu soruşurdu. Peyğəmbərimiz cavab verdi: "Sənin atan Huzafədir". Gənc artıq rahat olmuşdu, çünki aldığı cavab onu məmnun etmişdi. Bundan belə o da bir ataya nisbət ediləcək və bir atanın adı ilə Abdullah b. Huzafətüs-Səhmi kimi tanınacaqdı.
Hər kəsin bir şey soruşduğu əsnada Allah Rəsulunun o andakı ruh halətini çox yaxşı qavrayan bir səhabə, bəli, o böyük Ömər (r.a.) birdən ayağa qalxdı və: رَضِينَا بِاللّٰهِ رَبّاً وَبِاْلإِسْلاَمِ دِيناً وَبِمُحَمَّدٍ نَبِيّاً "Biz Rəbb olaraq Allahdan, din olaraq İslamdan və peyğəmbər olaraq da Həzrət Məhəmməddən (s.a.s.) razıyıq", – dedi. Onun bu incə və mənalı sözü Allah Rəsulunun sinəsində əsən hüzur (itminan) əsintilərinin təzahür pəncərələrini araladı. Bu anda calallı təcəlliləri üns əsintiləri əvəz etdi.[1]
Bu hadisə o gün məscidi dolduran səhabələrin gözləri önündə cərəyan etmişdi. Bütün səhabələr Allah Rəsulunun dediklərini təsdiq edir və sükutu ilə sanki: "Sadaqtə!" (Doğru söylədin) – deyirdilər.
2. Müslim nəql edir: hədisin ravisi Həzrət Ömər (r.a.) buyurur: "Bədirdə idik. Allah Rəsulu döyüş üsulunu tam müəyyənləşdirmiş və döyüşün gedəcəyi yerləri gəzirdi. Bu əsnada yenə gözləri aralanmış qeybi pərdələrin fövqündə, baxışları gələcəyin üfüqlərində əli ilə bəzi yerləri göstərərək: "Əbu Cəhil burada öldürüləcək, Utbə burada, Şeybə burada və Vəlid də burada öldürüləcək..." – deyib başqa bir neçə adamın da adını çəkdi". Müharibədən sonra Həzrət Ömər and içir ki: "Allah Rəsulu haranı kim üçün göstəmişdisə, həmin yerlərdə onların meyidini gördük".[2]
Bəli, sağlığında Allah Rəsulunu dillə təsdiq etməyən bu insanlar indi murdar cəsədləri ilə Onun sidqinə və doğruluğuna şahidlik edirdilər. Çünki O, xəbər verir və bildirdiyi xəbərlər hərfinə, nöqtəsinə kimi düz çıxırdı.
3. Əhməd b. Hənbəlin "Müsnəd"ində belə bir hadisənin nəql edildiyini görürük:
Allah Rəsulu səhabələri ilə birlikdə məsciddə oturmuşdu. Birdən: "Bir az sonra bura üzü, siması təmiz bir insan gələcək, bu qapıdan içəri girəcək. O, Yəmənin ən xeyirli insanlarındandır və alnında mələyin əlinin izi var", – dedi. Bir müddət sonra Allah Rəsulunun dediyi nam-nişanda bir insan gəlib Onun hüzurunda diz çökdü və müsəlman olduğunu elan etdi. Bu tərtəmiz, pak, yaraşıqlı insan, bu ədəb timsalı Cərir b. Abdillah əl-Becəli idi.[3]
4. Beyhaqinin "Dəlailün-Nübüvvə"sində bu hadisə nəql edilir:
Əbu Süfyan Məkkənin fəthi ərəfəsində müsəlman olmuşdu, ancaq iman qəlbində tam oturuşmamışdı. Allah Rəsulu Kəbəni təvaf edəndə Əbu Süfyan da orada gəzirdi. Bir ara ağlından keçdi: "Görəsən, yenidən ordu yığıb bunun qarşısına çıxsam, necə olar?" Elə o əsnada Allah Rəsulu Əbu Süfyanın yanına yaxınlaşdı və qulağına əyilərək: "O zaman yenə səni məğlub edərik", – buyurdu. Əbu Süfyan işi anladı. O anadək qəlbində qərar tapmayan iman birdən kök atdı, yerindən sıçrayaraq: "Allaha tövbə edir, Ondan əfv diləyirəm", – dedi.[4]
Əbu Süfyanın bir anlıq ağlından keçənləri Allah Rəsuluna kim xəbər vermişdi? Əbu Süfyan məhz bu davranışı ilə Onun Allahın Rəsulu olduğunu və doğru söylədiyini göstərirdi.
5. Yenə mötəbər hədis kitablarında bu hadisə nəql edilir: Cahiliyyə dövrünün "şeytan adamı"[5] sayılan Umeyr b. Vəhb Safvan b. Ümeyyə ilə oturub razılaşdılar: Safvan b. Ümeyyə Mədinəyə gedəcək, Bədirdə əsir düşən oğlu üçün gəldiyini söyləyəcək və tiyəsi zəhərli qılıncı ilə Allah Rəsulunu öldürəcəkdi. Bunun əvəzində də Safvan b. Ümeyyə onun borclarını öhdəsinə götürəcək və ona bir şey olarsa, ailəsinə baxacaqdı.
Umeyr qılıncını itiləyib yola düşdü. Mədinəyə gələndə onu götürüb məscidə apardılar. Lakin səhabə Umeyrə etibar etmirdi. Ona görə də kimsə onu Allah Rəsulunun yanında tək qoymaq istəmirdi. Hamısı Allah Rəsulunun ətrafında ətdən divar olub onu qoruyurdular. Umeyr məscidə girincə Allah Rəsulu nə üçün gəldiyini soruşdu. Umeyr yalanları ard-arda düzdü, lakin Allah Rəsulunu heç birinə inandıra bilmədi. Nəhayət, İki Cahan Sərvəri belə buyurdu: "Madam sən doğrunu söyləmirsən, o halda mən söyləyim: sən Safvanla orada filan şeyləri danışdın və məni öldürmək üçün gəldin. Bunun əvəzində də Safvan sənin borcunu ödəyib ailənə baxacaqdı".
Elə bil Umeyri ildırım vurdu, dərhal Allah Rəsulunun əllərinə sarılıb müsəlman oldu. Və daha sonralar İslam yolunda səyləri ilə bir çox adamın İslamı qəbul etməsinə vəsilə oldu.[6]
Umeyr və Safvanın gizli danışığını Allah Rəsulu haradan eşitmişdi? Belə uzaq məsafədən bu xəbəri Ona kim çatdırmışdı? İnanan-inanmayan hər kəs bu və bu kimi hadisələr üstündə baş sındırmaqda olsun, biz də növbəti fəslə keçək.
[1] Buxari, Elm 28-29; Məvaqitüs-səlat 11; Müslim, Fəzail 134-138.
[2] Müslim, Cənnət 76; Nəsayi, Cənaiz 117
[3] Əhməd b. Hənbəl, əl-Müsnəd, 4/359-360, 364.
[4] Beyhaqi, Dəlailün-nübüvvə, 5/102; İbn Kəsir, əl-Bidayə vən-nihayə, 4/348.
[5] İbn Hişam, əs-Siratün-nəbəviyyə, 3/212; İbn Əsir, Üsdül-qabə, 4/300.
[6] Təbərani, əl-Mücəmül-kəbir, 17/56-62; İbn Əsir, Üsdül-qabə, 4/300-301.
- tarixində yaradılmışdır.