Hərbi səfərlərdə gecə amili
Allah Rəsulu bütün səfərlərinə gecə çıxırdı. Gecədə bambaşqa bir sirr vardır. Elə Qurani-Kərim də dolayı yollarla Ona gecə səfərə çıxmağı tövsiyə edirdi. Həzrət Musa (əleyhissalam) inananları gecə özü ilə götürüb yola düşmüşdü. Allah-Təala Ona:
فَأَسْرِ بِعِبَادِي لَيْلاً إِنَّكُمْ مُتَّبَعُونَ
"Bəndələrimi gecə ikən götürüb yola çıx, şübhəsiz təqib olunacaqsınız" ("Duxan" surəsi, 44/23)
buyurmuşdu. Həzrət Luta (əleyhissalam) da eyni əmr verilmişdi:
فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِنَ اللَّيْلِ
"Gecənin bir yarısında, ailənlə birlikdə yola çıx!" ("Hud" surəsi, 11/81)
Nəbilər Sultanı Cəbraili çox geridə qoyan o səmavi səyahətinə də gecə çıxmış, meraca yollanmışdı. Bu da o səma səfərini təsvir edən ayə:
سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ اْلأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ
"Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsi Məhəmmədi bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını bərəkətli etdiyimiz Məscidül-Əqsaya (Beytül-müqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!" ("İsra" surəsi, 17/1)
Demək olar ki, hər peyğəmbərin gecə səfəri vardır. Çünki yollar, mənzillər gecələr qət edilir. Bəndə uca Rəbbinə gecələr qovuşur. Allah-Təala bir çox ayəsində gecəyə and içir. Qaranlığın köksündə görülən nurlu işlər gecələri gündüzlərdən aydın edir.
Həzrət Haqqı:
"Ey didə, nədir yuxu, gəl oyan gecələrdə
Kövkəblərin et seyrini seyran gecələrdə!" – deyir.
Bəndə məna yollarını gecələr keçir. Gecələr namazgahını göz yaşı ilə isladan bəxtiyar insanlar sanki zamanla yarışır. Evinin divarları ahına aşina olan insanlar pillə-pillə gecələr yüksəlir, əlçatmaz aləmlərə gecələr çatır. Fazillər kamillik yolunu gecələr qət etdilər, gecə yatanlar da yolda qaldılar. Bərzəx əzabından xilas olmaq istəyirsinizsə, gecələrinizi təhəccüdsüz qoymayın, çünki Allah Rəsulunun gecəsi təhəccüdsüz keçməmişdi..
Doktor İqbal deyir: "20 il Londonda, o hisli-paslı mühitdə qaldım, bir gecə də olsun təhəccüd namazını tərk etdiyim yadıma düşmür".
Bəli, Quranın ifadəsiylə hər sözün vicdanda kök saldığı o səssiz-səmirsiz gecələri dəyərləndirən insanlar kamal yolunda irəliləyə bilir. Allah Rəsulu maddi-mənəvi məsafələri gecələr qət edirdi. Bəli, O, gecələr səfərə çıxır, gündüzlər istirahət edirdi. Beləcə, Onu birdən-birə qarşısında görən hər kəs çaşıb-qalır və nə edəcəyini bilmirdi. فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ ayəsi ("Saffat" surəsi, 37/177) bu ürpərdici mənzərəni təsvir edir.
Bəli, onlar bir camaatın ərazisinə, sahəsinə, meydanına gəldimi, yəni O, ordusunu gətirib bir yerdə çadırını qurdumu, artıq onların işləri bitmiş sayılır. Onları çirkin və kədərli bir səhər gözləyir. Ayrıca Allah Rəsulu hücumlarını da həmişə fəcr vaxtı edirdi.[1] Fəcr vaxtı namazları ilə, əzanları ilə o yer əhalisinin düşüncəsini öyrənirdi... fəcr vaxtı badi-təcəllinin əsdiyi zamanlar idi. Yenə Həzrət Haqqı deyir:
"Səhərlərdə əsər badi-təcəlli[2]
Oyan, ey gözlərim, vaqti-səhərdə!"
Badi-təcəllinin əsdiyi, qəlblərin ehtizaza gəldiyi səhər vaxtı sübh namazına alışan bir mömin üçün çox əhəmiyyətlidir. Beləliklə, o, həmişə fəcri gözləyirdi. Düşmən əsnəyə-əsnəyə yatağından qalxanda birdən-birə möminləri qabağında görürdü. Rəsulullah əksər hallarda bu üsuldan istifadə edirdi. Xeybər qalalarının dibində:
اَللّٰهُ أَكْبَرُ خَرِبَتْ خَيْبَرُ "Allahu Əkbər, Xeybər xarabaya döndü"[3] deyəndə qala sakinləri sarsılmışdı, amma bu ordunun ora nə vaxt, necə gəlməsindən kimsə xəbər tutmamışdı. Təbii ki, O, bütün hərbi səfərlərini ildırım sürətilə təşkil edirdi. Elə fasiləsiz və sürətlə hərəkət edirdi ki, Ona cins dəvə ilə çatmaq mümkün deyildi.
Müstəliq oğulları üzərinə təşkil edilən hərbi səfər bu sürətli yürüşlərdən biridir. Səfərdən qayıdanda çıxan nifaqın yayılmasına imkan verməmək üçün fasiləsiz hərəkət əmrini vermişdi. Ordunun fasiləsiz hərəkət etməsi nəticəsində münafiqlər dayanıb fitnəni böyütməyə imkan tapmamışdılar.[4]
Übeyy ibn Səlul plan cıza-cıza qalmış, amma bu fitnələrini "cücərt"məyə fürsət tapa bilməmişdi. Demək olar, hər kəs az qala qaça-qaça yerimişdi. Gediş də elə oldu, gəliş də.. və elə yorulmuşdular ki istirahət etməyə icazə veriləndə yatıb qaldılar. O gün günəş doğana qədər yatmışdılar. Və bəlkə də, sübh namazını ilk dəfə quşluq vaxtında qılırdılar.[5]
Hicrətin 5-ci ilinə qədər belə davam etdi.. Allah Rəsulu ilə təkbətək mübarizə apara bilməyəcəyini anlayan qövm və qəbilələr qüvvələri birləşdirmək qərarına gəldilər. Bu dəfə bütün güclərini bir yerə yığıb Mədinəyə hücum edəcəkdilər.
[1] Müslim, "Səlat", 9; Tirmizi, "Siyər", 48.
[2] Təcəlli rüzgarı
[3] Buxari, "Səlat", 12; "Azan", 6; Müslim, "Cihad", 120.
[4] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/252-256; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/157-158.
[5] Müslim, "Məsacid", 309-312; Əbu Davud, "Səlat", 11.
- tarixində yaradılmışdır.