İtaət şüuru

İtaət şüuru

İtaət çox əhəmiyyətlidir. Ondan da əhəmiyyətlisi bu itaət şüurunu bədəvi bir topluma mənimsətməkdir. Bəli, o cahil cəmiyyətdə insanlar bir-birinin sözünü dinləmir və kimsə kimsəni qəbul etmirdi. Amma Rəsulullah sınaya-sınaya itaət şüurunu onların qəlbinə tədricən elə həkk eləmişdi ki, bir gün nəhəng İslam ordusunun başına on səkkiz yaşlı bir cavanı sərkərdə qoyanda bir-iki nəfər istisna olmaqla, heç kim səsini çıxarmamışdı. Halbuki, Əbu Bəkirlər, Ömərlər, Osmanlar, Əlilər və neçə-neçə böyük səhabələr həmin ordunun tərkibində idi.[1]

"Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız! Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir!" ("Ənfal" surəsi, 8/45-46)

"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! " ("Nisa" surəsi, 4/59)

Səhabələr arasında itaət şüuru elə oturuşmuşdu ki, Həzrət Öməri (r.a.) vəzir kimi yanında saxlamaq istəyən Həzrət Əbu Bəkir (r.a.) xəlifə ola-ola, gənc sərdar Üsamənin yanına yaxın­laşaraq ona belə demişdi: "Ey Allah Rəsulunun təyin etdiyi­ sər­kərdə, sərdari-əzəm! İcazə versəniz, Ömər yanımda qalıb dövlət işlərinə kömək edər."[2]

Xəlifə icazə alırdı. Nə üçün? Çünki Allah Rəsulu onu sərkərdə təyin etmişdi. Artıq ona itaət edirdilər, həm də canla-başla. Allah Rəsulu ömrü boyu itaət məsələsinə ciddi yanaşmış və söz dinləməməyi qarışıqlığın, anarxiyanın bir qapısı hesab etmişdi. Və bu sahədə heç kimə nəsib olmayan müvəffəqiyyəti qazandı... Belə ki, bir gün Abdullah ibn Hüzafətüs-Səhmi rəhbərlik etdiyi orduya: "Özünüzü tonqala atın!" deyə əmr etmiş, əmri eşidən əsgərlərin neçəsi irəli – odun üstünə yerimişdi. Halbuki, bu, bir intihar idi. Bəziləri isə: "Allah Rəsulu bizə belə bir şeyi əmr etməyib. Çünki bu, intihardır, başqa sözlə, Cəhənnəmə girməkdir. Halbuki biz oddan xilas olmaq üçün, yəni Cəhənnəmə getməyək deyə iman etmişik. Rəsulullahdan soruşaq, bu əmrə də itaət etməliyikmi?"[3]

Bəli, onların itaət şüuru bu cür dərinləşmişdi. Yuxarıdan əmr gələnədək qılınc zərbələri altında tikə-tikə doğranırsan, amma gözünü də qırpmırsan, çünki sərkərdən hələ geri çəkilməyi əmr etməmişdir. Əksinə, "hər kəs özbaşına, öz ağlı ilə hərəkət edərsə, birlik və bərabərlik pozular, baş ayaq, ayaq da baş olar", – deyir Qurani-Kərim:

"Bir-birinizlə çəkişməyin, yoxsa gücünüz zəifləyər, uğursuzluğa düçar olarsınız." ("Ənfal" surəsi, 8/46)

[1] Buxari, "Ehkam" 33; Müslim, "Fədailüs-səhabə", 63-64; İbn Hişam, "Əs-sirətun-nəbəviyyə", 6/12.
[2] Təbəri, "Tarixul-üməm vəl-müluk", 2/246.
[3] Buxari, "Ehkam" 4; Müslim, "İmarə", 39.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.