Könüllərin sevgilisi

Könüllərin sevgilisi

O, sevən və sevilən bir lider idi. Hər kəs özünü Ona ən sevimli sanırdı. Yenə hər fərd özünü Onu ən çox sevən insan hesab edərdi.

Sevirdi.. vəfatına yaxın məsciddə neçə dəfə səhabələrinə baxmış və onları bir-bir süzərək hıçqıra-hıçqıra ağlamışdı. Hərçənd bir müddət sonra əshabı ilə birlikdə olacağını yaxşı bilirdi, ancaq ayrılıq da acısız olmur – yaxında bu fani dünya ilə, səhabələri ilə vidalaşacaqdı. Rəfiqi-Əlaya – Uca Dosta yüksəlmə vaxtı gəlmişdi və səma əhli səbirsizliklə təşrifini gözləyirdi. Ancaq bir vəfa timsalı Rəsulullah səhabələrindən ayrılacaq deyə göz yaşı tökürdü.[1]

Səhabələrini çox istəyir və məhrəmləri kimi qoruyurdu. "Səhabələrimə xoşagəlməz söz söyləməkdən çəkinin!",[2] "Mənim səhabələrim göydəki ulduzlar kimidir, hansına tabe olsanız, hidayəti taparsınız."[3] Və başqa nə qədər sözü bu sevginin dəlili idi.

Əshabı da Onu sevirdi, həm də dəlicəsinə... Onu sevmək imanın kamalına dəlil deyilmi? Ən kamil imana sahib olan səhabə də Onu ən mükəmməl səviyyədə sevirdi.[4]

Edam əsnasında Hübeybdən soruşurlar: "Bu anda sənin yerinə Onun edam edilməsini istəyərdin?" "Bəli!" desə, canını qurtaracaqdı. Amma o, bir səhabədir və səhabə adına yaraşan cavabı verir: "Xeyr, vallah. Nəinki Onun mənim yerimə edamına, mənim qurtuluşumun əvəzində Onun ayağına bir tikanın batmasına belə razı olmaram!"[5]

Sad ibn Rəbi (r.a.) aldığı yaralardan şəhidlik şərbətini içmək­dədir. Son anlarında dodağından bu sözlər tökülür: "Allah Rəsu­luna salamımı söyləyin. And içirəm ki, Uhud dağının arxasından Cənnətin qoxusunu alıram. Qövmümə də deyin, onlardan bircə nəfəri də sağ qaldığı müddətdə Rəsulullaha bir şey olsa, Allah (cəllə cəlaluhu) qarşısında bunun hesabını verə bilməzlər, bunu yaxşı bilsinlər!"[6]

Sümeyrə (r.anha) döyüş meydanında أَيْنَ رَسُولُ اللّٰهِ "Rəsulullah haradadır?" deyə dəli kimi Onu axtarırdı. Onu görəndə atının tərkində əri və iki oğlunun cənazəsi ola-ola: "Bundan sonra bütün müsibətlər mənə çox yüngül gəlir, çünki Sən sağsan, ya Rəsulallah!" – deyir.[7]

Nəsibə (r. anha) əlində qılınc Allah Rəsulunu müdafiə edəndə gözü heç kimi görmürdü. Peyğəmbərimiz ona oğlunu göstərib: "Oğluna kömək elə!" – deyəndən sonra oğlu olduğunu xatırlayır, dərhal qaçıb yarasını sarıyır, ardınca da övladının kürəyinə vurub: "Haydı oğlum, Rəsulullahı qoru!" – deyirdi.[8]

Həzrət Əbu Bəkir (r.a.) Allah Rəsulunu müdafiə edərkən amansızcasına döyülmüş, neçə gün özünə gəlməmişdi. Anası başının üstündə dayanıb gözlərini açacağı anı gözləmişdi. O da özünə gələr-gəlməz: "Rəsulullaha nə oldu?"– deyə soruşmuşdu. Anası qaşıqla şorba içirmək istəyəndə də qaşığı kənara itələmiş və: "Mənə Rəsulullahdan bir xəbər gətirmədikcə ağzıma bir tikə də qoymayacam!"[9] – deyə and içmişdi.

Yüzlərcə belə misallar göstərir ki, Allah Rəsulu səhabələri və bütün ümməti tərəfindən dəlicəsinə sevilirdi.

Məhz bu sevginin nəticəsidir ki, əshabına çox güvənir, etibar edirdi. Onun qapısında növbətçi, Onun qapısında gözətçi yox idi[10]. Çünki hər kəs Ona, O da hər kəsə inanır, etibar edirdi.

[1] Bəzzar, "Müsnəd", 5/395.
[2] Buxari, "Fədailul-əshab" 5; Müslim, "Fədailüs-səhabə", 221-222.
[3] Deyləmi, "Müsnəd", 4/160.
[4] Buxari, "İman" 8; Müslim, "İman" 69-70.
[5] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/66.
[6] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/39.
[7] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/50.
[8] İbn Sad, "Ət-təbəqətül-kübra", 8/414-415.
[9] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/30.
[10] Buxari, "Cənaiz", 32; Müslim, "Cənaiz" 15.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.