Peyğəmbərimiz tərbiyəçi və ailə rəisi kimi
Allahın "Rəbb" ismini ən yüksək səviyyədə təmsil edən Həzrət Məhəmməd sallallahu aleyhi və səlləmdir. O, bu ilahi adın peyğəmbərlər də daxil olmaqla, bütün bəşəriyyət içində ən kamil təmsilçisi olan müstəsna insandır. Onun tərbiyəsi altında yetişənlər də təbii olaraq, nəbilərdən sonra ən seçilmiş bəşər övladlarıdır. Yer üzündə Həzrət Əbu Bəkirə, Həzrət Ömərə, Həzrət Osmana, Həzrət Əliyə (r.anhum) bərabər insan göstərmək və yetişdirmək qeyri-mümkündür. Təkcə onların yox, heç bir səhabənin səviyyəsinə çatmaq mümkün deyil. Çünki onlar birbaşa Allah Rəsulunun tərbiyəsində yetişmiş müsəlmanlardır. Onun məktəbində dərs alıb gələcək əsrlərin səmasına səpilmiş neçə-neçə incilər də var. Onları da, bir mənada, Allah Rəsulu yetişdirib tərbiyə etmişdir. Bəşəriyyətin fəxri sayılan bu seçmə insanlara tay şəxsiyyətlər yetirmək də müşkül məsələdir.
Fuzayl ibn İyaz, Bişri-Xafi, Bəyazidi Bistami, Cüneyd Bağdadi, İmam Əbu Hənifə, İmam Şafei, İmam Malik, İmam Əhməd ibn Hənbəl, İmam Rəbbani, İmam Qəzali, Mövlana Cəlaləddin Rumi, Şahi-Geylani, Şazili, Nəqşibəndi, Əhməd Rifai kimi neçə-neçə şəxsiyyət dərsini və tərbiyəsini Ondan almış və Onun tərbiyə prinsipləri ilə kamala çatmışdır. Hədis olmasa da, gözəl mənalı bir kəlam vardır. Düzdür, əslində bu kəlamı Peyğəmbərimizə istinad etmək sənəd baxımından səhih olmasa da, bir mənada gözəldir: "Mənim ümmətimin alimləri Bəni-İsrailin peyğəmbərləri kimidir."[1]
Ümumi fəzilətdə heç bir insan nəbilərə çata bilməz. Ancaq bəzi xüsusi hallarda onlarla qoşa addımlayanlar vardır. Elə yuxarıda adlarını qeyd etdiyimiz və etmədiyimiz səhabələr bunlara bariz örnəkdir. Onların cahana təşrifi yer üzünün sakinlərinə böyük bir lütfdür. Əgər onların yerini başqaları ilə doldurmağa gərək olsaydı, hər halda göydən mələklər gətirmək lazım gələrdi. Çünki onları ancaq mələklər təmsil edə bilər.
Bu, Həzrət Məhəmmədə (s.a.s.) xas bir məziyyətdir. Bəli, bəşər ancaq Onun yolunu tutmaqla, Ona ümmət olmaqla belə mükəmməl bəhrə vermiş, əbədiyyətə qədər də verəcəkdir. Bir quraqlıq və qıtlıq dövründən sonra, bu gün yetişən və sabahın qüdsiləri olmağa can atan bəxtəvərlər arasından da, kim bilir, nə qədər mümtaz insanlar çıxacaq. Bəli, səbəblər planında bütün ümidimiz onlaradır. Mən ömrüm boyu zərrə qədər ümidsizliyə düşmədən daima onların yolunu gözlədim və gözləyəcəyəm də...
Allah Rəsulunun ümumi tərbiyə sisteminə keçməzdən əvvəl ailə tərbiyəsini təqdim etməyə çalışacağıq. O, bir ailə başçısıdır, övladları, xanımları və nəvələri var.
1. Peyğəmbərimiz ailə başçısı kimi
Rəsulullahın ailəsi yer üzündə keçmiş və gələcək ən məsud, ən bəxtiyar və ən bərəkətli ailə idi. Onun evindən hər zaman səadət qoxusu gələrdi. Bəlkə də, bu ailə dünyanın ən yoxsul evlərindən biri idi, bəzən aylarla qazan asılmaz, şorba qaynamazdı.[2] Xanımları isə kiçik bir otaq və ya darısqal bir daxmada yaşayırdı. Bu, bəxtiyar qadınlar Allah Rəsulu ilə həftədə bir iki saat birlikdə olmağı dünyanın hər şeyindən üstün tuturdular. Xoşbəxt, hüzurlu və məsud idilər.
Onun bütün övladları sağlığında vəfat etmişdi, bircə Həzrət Fatimədən başqa: o da ömrünü məşəqqət içində keçirmişdi. Yəni Allah Rəsulu onu da firavan həyatla təmin etməmişdi. Ancaq istər Rəsulullahın xanımları, istərsə sevimli qızı Həzrət Fatimə Onu dəlicəsinə sevir və hər şeydən, hər kəsdən əziz tuturdu. Allah Rəsulunun onların qəlbində bambaşqa yeri vardı.
Atası vəfat edincə Həzrət Fatimənin günlərlə qurumayan qanlı göz yaşları cahanı ağlatmış, yanıqlı ağıları yer-göyü lərzəyə gətirmişdi. Atasının ayrılığına altı aydan çox dözə bilməmiş və bir gün Onun yanına, həm də sevinə-sevinə köçüb getmişdi. Heç bir övlad Həzrət Fatimə qədər atasını istəməmişdi. Heç bir ata da övladlarını Allah Rəsulu qədər – təbii ki, islami ölçüdə – sevməmişdi. Onun xanımları ilə münasibəti də bundan geri qalmırdı. Heç bir qadın Allah Rəsulunun xanımları qədər həyat yoldaşını, heç bir kişi də Allah Rəsulu qədər xanımlarını sevməmişdir. Onun ətrafında təşəkkül edən bu sevgi haləsi, əlbəttə, səbəbsiz deyildi. Allah Rəsulu tərbiyə üsulu ilə ailəsinin ürəyində sonsuz sevginin təməllərini atmışdı. Bu sevgi haləsi ailədən başlayaraq ətrafa yayılmış və bütün cahanı əhatə etmişdir. Bu da Onun fətanətinin bir göstəricisidir.
Təsəvvür edin, Allah Rəsulu vəfat edəndə bütün xanımlarına bircə ev də miras qoymamışdı. Ömürləri boyu darısqal otaqlarda yaşamışdılar: onlara bu otaqlardan artıq bir şey də qalmamışdı. Kainat Onun hörmətinə xəlq edilmişdi, amma o İki Cahan Sərvəri xanımlarına bundan başqa bir şey verməmiş, onları yoxsulluq və ehtiyac içində tərk edib dünyadan köçmüşdü. Ancaq heç bir xanımının dilindən şikayət eşidilməmişdir. Bir-ikisinin ağlına (Rəsulullahın sağlığında) belə bir şey gəlsə də, çox keçmədən nazil olan ilahi xəbərdarlıqla həyat tezliklə əvvəlki axarına düşmüşdü.[3]
Həzrət Əbu Bəkir xəzinədən Rəsulullahın xanımlarına yardım edir, onlar da aldıqları ilə kifayətlənirdilər. Elə çox şey də almırdılar, sıravi insanlara nə qədər verilirdisə, onlara da o qədər. Bəli, Həzrət Əbu Bəkir Rəsulullahın xanımlarını ilk müsəlmanlarla eyni cərgəyə qoymamış və onlara çox az miqdarda məvacib ayırmışdı.[4] Onun qərarı – ictihadı bu cür idi. Ancaq Həzrət Ömər xəlifə olunca, Allah Rəsulunun xanımlarını ən yüksək məvacib alanlarla bir tutdu. Onun fikrincə, Peyğəmbər xanımlarının hamısı ilk müsəlmanlardan olmasalar belə Allah Rəsuluna ən yaxın olduqları və qiyamətə qədər möminlərin anaları sayıldıqları üçün Sabiqunu-Əvvəlinin (İlk müsəlmanların) sırasına daxil edilməli idi.[5] Ancaq bizim məqsədimiz bu məqamı vurğulamaq deyildir. Sadəcə əzvaci-tahiratın Rəsulullahın tərbiyəsi ilə əlçatmaz zirvələrə yüksəldiyini nəzərə çatdırmaq istəyirik. O, kamil ailə başçısı və mükəmməl tərbiyəçidir, qısa müddətdə xanımlarının könül və ruhunda taxt qurmuşdur. Halbuki onlara heç zəruri ehtiyaclar qədər də dünya malı verməmişdi. Demək ki, Onda bambaşqa cazibə vardı və bu cazibə ilə hər kəsi heyran qoyurdu. Bu da Onun risalətinin bir yönünü təşkil edir.
Allah Rəsulunun çox qadınla evlənməsinin peyğəmbərliyinə bir dəlil olduğunu yeri gəlincə ərz edəcəyik. Ancaq burada bu məqama toxunmadan keçməyəcəyik: Peyğəmbərimizin evi qadınlara aid məsələləri, dini əmrləri təlim edib öyrədən bir mədrəsə rolunu oynayırdı. İslamın ailə anlayışı o məhrəm yuvada öyrənilir, daha sonra da ümmətə nəql edilirdi. Ailə həyatına aid hökmlərin doxsan faizini Allah Rəsulunun pak zövcələri vasitəsilə öyrənmişik. Başqa sözlə, Onun ailəsində səviyyə və mövqe baxımından fərqli qadınların olması bir zərurət idi. Allah Rəsulu sırf dinin hökmləri yaşasın və yayılsın deyə, 53 yaşından sonra bir çox qadınla ailə quraraq bir mənada fədakarlıq etmişdir.
Bəli, Allah Rəsulunun nikahında çoxlu qadının olmasına ehtiyac vardı. Çünki kişilər hər vaxt məsciddə oturub Peyğəmbərimizi dinləyə bilirdilər. Biri ogünkü söhbətləri dinləyə bilməyəndə yoldaşlarından soruşub öyrənirdi. Lakin qadınlar əksəriyyət etibarilə belə bir nemətdən məhrum qalırdılar. Çünki onların hər an Allah Rəsulunu dinləmə imkanı yox idi. Belə olan halda qadınlara, xüsusilə qadına aid məsələləri kim izah edəcəkdi? Allah Rəsulunun şəxsi həyatını, təbiətini, yataq otağına xas ədəb və əxlaqını ümmət necə öyrənəcəkdi? Bir qadın ailə həyatına aid bütün prinsip və əsasları nəql edib ümmətə çatdırmağı bacarardımı?
Qadınların xüsusi halları ilə əlaqədar Rəsulullahın verdiyi bütün hökmləri ümmətə çatdırmaq bir zövcənin işi deyildi! Xeyr, bircə qadının bütün bu məsələləri təkbaşına nəql etməyə gücü çatmazdı.
Ona görə də hər an Allah Rəsulunun məsələlərə münasibətini və bəyanlarını görüb eşidən və bizlərə çatdıran, daima Onun yanında olan çoxlu qadına ehtiyac vardı. Bunun Peyğəmbərimizin bəşəri ehtiyacları ilə heç bir əlaqəsi yoxdur. Tamamilə dinin tələbatından qaynaqlanan bir zərurət idi. Allah Rəsulu da bu zərurətə görə belə bir ağır yükün altına girmişdi.
Bu qadınlar öz qövm və qəbilələri ilə Allah Rəsulu arasında qohumluq bağı olmaqla yanaşı, yüzlərlə, minlərlə hədisin qorunmasında da mühüm rol oynamışdır. Bu, bir həqiqətdir ki, qadın dünyası Allah Rəsulunun xanımlarına çox şey borcludur. Külli xanımlar başlarını səki daşı kimi onların mübarək ayaqları altına qoysalar, yenə onların haqqını qaytara bilməzlər. Bəli, onlar dinə bu səviyyədə xidmət etmişlər.
Demək ki, Allah Rəsulunun onlarla evlənməsi nə cismani ehtiyacdan (çünki Ərəbistan kimi isti bir yerdə 53 yaşına çatmış bir insanın çoxlu qadınla evlənməyə ehtiyac hiss etməsi mümkün deyildir) irəli gəlirdi, nə də xanımların Onunla ailə qurması Onun cismaniyyəti və ya dünya malı ilə əlaqədar idi. Çünki Onun həyatı ən yoxsul insanın həyatından geri qalmırdı. Xanımları da bunu bilə-bilə Ona zövcə olmağa talib idilər. Allah Rəsulu, eyni zamanda, onlarla ədalətli rəftar edir, hər birinə həftədə ancaq bir gün ayıra bilirdi. Lakin əvvəl-axır bütün xanımları Onu: "Gülərüzlülükdə, zövcələri ilə zarafat etməkdə Allah Rəsuluna çatan olmazdı"[6] – sözləri ilə yad etmişdilər.
Sizdən soruşuram, aylarla evdə yeməyə bir şey tapmayan, yarıac-yarıtox dolanan, illərlə eyni paltarları geyinməyə məcbur olan bu qadınlar bir bəşər kimi azacıq da olsa, hiddətlənməli deyildilərmi?! Ancaq, xeyr! Nə onların dilində, nə hərəkətlərində, nə də simasında Rəsulullaha qarşı bir narazılıq ifadəsi olmuşdu! Tarix və siyər kitablarını diqqətlə tədqiq edənlər mənə haqq verəcək.
O, peyğəmbərliyin ruhuna xas heybət və ciddiyyətə baxmayaraq, xanımları ilə zarafat da edərdi. Onlarla xoş vaxt keçirər, deyib gülər, dərdlərinə həyan olardı. Arada incə bir pərdə qalardı ki, bu da Allahla irtibatdan hasil olan üxrəvilik idi, çünki O, bir peyğəmbər idi, xanımları da hər şeydən əvvəl Onun ümməti... Onlar da dünyanı Rəsulullahsız düşünə bilmirdilər və düşünə bilməzdilər də.
Allah Rəsulu Sevda anamızla hələ Məkkədə olanda ailə qurmuşdu. Yəni Onun ikinci xanımı Həzrət Sevda anamızdır. Səbəbini bilmirik, ancaq bir dəfə Allah Rəsulu onu nikahından çıxarmaq istəmişdi. Qadın bunu eşidəndə, elə bil, başına qaynar su tökülmüşdü. Dərhal Allah Rəsulunun hüzuruna gəlmişdi. Hətta araya adamlar salıb yalvarmışdı: "Ey Allahın Elçisi! Səndən heç bir dünya malı istəmirəm. Mənə ayırdığın günü də Aişəyə verirəm. İstəsən, ömür boyu hal-əhval tutmaq üçün də yanıma gəlmə. Amma nə olar, məni nikahından məhrum etmə! Bircə arzum var, o da axirətə Sənin zövcən kimi getməkdir."[7] Allah Rəsulu Sevda anamızın istəyini yerə salmamış, onu əzvaci-tahiratdan ayırmamışdı.
Budur, Allah Rəsulu onların qəlbində belə bir yerin sahibi idi. Hansı xanımını boşasaydı, başını Onun eşiyinə qoyub qiyamətəcən gözləyərdi.
Rəsulullah Həzrət Hafsa anamızın narahat olduğunu hiss edib: "İstəyirsə, onu nikahımdan çıxarım..." demişdi. Bu sözlər belə Həzrət Hafsanın qol-qanadını qırmağa kifayət etmişdi. Həzrət Cəbrail yer üzünə enmiş, Həzrət Hafsanın çox namaz qıldığını, oruc tutduğunu xatırlatmış və Cənnətdə də Allah Rəsulunun zövcəsi olacağını söyləyib: "Onu ailəndən ayırma!" – demişdi. Rəsulullah da vəfalı həyat yoldaşını səadət dolu ailəsindən məhrum etməmişdi.[8]
Allah Rəsulundan ayrılmaq ölümdən betər müsibətdi, onların nəzərində. Bu hiss bütün xanımlarına hakim idi.. heç biri fərqli düşünmürdü. Çünki İki Cahan Sərvəri onların könlündə əbədi taxt qurmuşdu. O, yumşaq, təbii və fitri həyatı ilə onlarla elə bütünləşmişdi ki, ayrılmaları mümkün deyildi. Onunla nəfəs alırdılar, ayrılsaydılar, ölərdilər.
Həqiqətən də Onun vəfatı həsrət, hicran və hüzn gətirdi. Həzrət Əbu Bəkir və Ömər Allah Rəsulunun xanımlarından hansının yanına getdisə, hıçqıra-hıçqıra ağladığını gördü. Hətta özləri də onlara qoşulub ağladılar və bu göz yaşları bir ömür boyu qurumaq bilmədi.
Allah Rəsulu onların ürəyində belə silinməz izlər qoyub getmişdi. Uzun müddət birlikdə yaşamasalar da, İki Cahan Sərvəri onların ruhu, canı olmuşdu. Elə biz də bu məqamı izah etmək istəyirik. Bəli, O, bir ailə başçısı kimi də Allahın Rəsulu olduğunu hayqırır. Doqquz xanımını bir yerdə, ciddi bir problem olmadan idarə etmişdi. O, məhz bu qədər incə və kamil abir ailə başçısı idi.
Vəfatından bir neçə gün əvvəl: "Qula Rəbbini və ya dünyanı seçməkdə sərbəstlik verildi. O, Rəbbini seçdi" – demişdi. Fətanətli Həzrət Əbu Bəkir bu sözləri eşidincə özünü saxlaya bilməyib hönkür-hönkür ağlamışdı.[9] Anlamışdı ki, o qul Rəsulullahdır. Ağrıları da çox çəkmədi. Xəstəliyi gündən-günə şiddətləndi, baş ağrıları ilə qıvrıldı. Ancaq ağrı-acılar içində də incəlik və nəzakətinə sadiq qaldı. Yeriməyə taqəti olmadığına görə, bir otaqda qalmağa icazə istədi. Bütün xanımları bu arzusuna "Bəli!" dedilər. Allah Rəsulu da son günlərini Həzrət Aişənin otağında keçirdi.[10]
Bəli, ən ağır günlərində belə xanımlarının haqq və hüququna riayət edirdi. O, belə bir könül insanı idi.
2. Xanımlarına verdiyi dəyər
Cahan Allah Rəsulunun qadına verdiyi yüksək dəyərə nə ondan əvvəl, nə də sonra şahid olmamışdır. O, bir gecə qalxıb bir zövcəsinin xətrini soruşdumu, dərhal digər xanımlarına da bir-bir baş çəkib hal-əhval tutardı. Birini o birindən ayırmazdı.[11] Hamı kimi xanımları da özlərini Allah Rəsulunun yanında ən sevimli sanırdı. Bu da Onun sonsuz mürüvvətinin bəhrəsi idi. Ancaq qəlbin meyillərinə hakim olmaq, ürəyə hökm etmək bir insan üçün müşkül idi, bu çətin işi Ondan da gözləmək doğru olmazdı. Allah Rəsulu buna görə də qəlbin meyillərindən Allaha sığınırdı:
"Qeyri-iradi olaraq birini digərlərindən çox sevə bilərəm ki, bu da haqsızlıq olar. Onun üçün də ey Rəbbim, bu gücüm çatmayan işdə Sənin mərhəmətinə sığınıram..."[12]
Aman Allah! Bu, nə incəlik, bu nə zərafətdir! Sizdən soruşuram: Siz qızlarınız və ya oğlanlarınız arasında bu qədər incəliyə riayət edə bilmisinizmi? İcazənizlə, "Xeyr!" cavabını sizlərin adından özüm verirəm. Bəli, "Yüz min dəfə, "Xeyr!" "Xeyr!" bir yana qalsın, biz nə vaxtsa qəlbimizin meyillərini gizləməyi bacaranda bunu bir mərifət bilir, güclü iradənin göstəricisi sanır, hətta bəzən bu "fəzilətimizdən" ağızdolusu danışırıq da. Halbuki Allah Rəsulu qəlbində belə meyillər baş qaldırar deyə, Haqq-Təaladan bağışlanma diləyirdi.
Onun bu incəlik və zərafəti xanımlarının ruhuna, varlığına elə sirayət etmişdi ki, ayrılığı bitib-tükənməyən hicran və həsrətə dönmüşdü. Bəlkə də, İslam intiharı qadağan etdiyinə görə canlarına qıymırdılar, amma Allah Rəsulunun gedişindən sonra həyat onlar üçün sonu görünməyən bir iztiraba, əzaba çevrilmişdi. Əslində, Allah Rəsulu təkcə xanımları ilə deyil, bütün qadınlarla nəzakətli və incə rəftar edir, bu cür rəftarı da hər kəsə məsləhət görürdü. Verdiyi tövsiyələri xanımları ilə münasibətində əməli şəkildə ortaya qoyurdu. Onun bu incə rəftarını Buxarinin kitabında da görürük:
Hadisəni bizə Sad ibn Əbi Vəqqas Həzrət Ömərdən nəql edir: "Bir gün Allah Rəsulunun hüzuruna girdim. Baxdım ki, təbəssüm edir. "Allah Səni əbədiyyən güldürsün, ya Rəsulullah, niyə gülürsünüz?" – dedim. Təbəssümlə bu cavabı verdi: "Bu qadınların halına gülürəm. Mənim yanımda oturub danışırdılar. Sənin səsini eşidən kimi, hərəsi bir yerə qaçıb gizləndi." Allah Rəsulunun cavabını eşidəndə bərkdən dedim: "Ey nəfslərinin düşməni! Demək, məndən qorxursunuz, amma Allah Rəsulundan çəkinmir, Onun yanında hörmətsizlik edirsiniz, eləmi?". Mənə bu cavabı verdilər: "Sən sərt və zəhmlisən!"[13]
Əslində Həzrət Ömər də qadınlarla sərt rəftar etmirdi. Ancaq ən gözəl insan Həzrət Yusiflə müqayisədə çirkin göründüyü kimi, Həzrət Ömərin incəlik və zərifliyi də Allah Rəsulunun zərafətinin yanında "sərtlik" şəklində görünürdü. Bu nisbi hökm Həzrət Ömərin Allah Rəsulu ilə müqayisə edilməsindən irəli gəlirdi. Halbuki heç kimi Onunla müqayisə etmək mümkün deyildi...
Bəli, onlar Allah Rəsulunun yumşaqlığına, incəliyinə və zərifliyinə alışmışdılar. Ona görə də Həzrət Ömərin davranışları onlara sərt gəlirdi. Halbuki, Həzrət Ömər (r.a.) peyğəmbərliyə aid xilafət yükünü daşımağa layiq böyük səhabələrdən idi. Son dərəcə həssas və ədalətli ömür yaşayacaq, peyğəmbərlərdən sonra ən gözəl nümunələrdən olacaqdı.. və vaxt-vədəsi yetişincə oldu da... O, bütün hərəkətlərində haqpərəst olmaq üçün dəridən-qabıqdan çıxır, əyrini əyri, doğrunu doğru görüb göstərmək üçün əlindən gələni edirdi...
Onun xarakteri sahibini xəlifəlik kimi məsuliyyətli bir məqama çəkib aparacaqdı. Bu xarakter başqalarına sərt görünə bilərdi. Halbuki Həzrət Ömər xəlifəlik kimi ağır bir vəzifənin öhdəsindən ancaq bu cür mətin xarakterlə gələcəkdi və gəldi də.
3. Xanımları ilə məsləhətləşməsi
Allah Rəsulu xanımları ilə oturub danışır, hətta bir dost kimi bəzi məsələləri onlarla müzakirə edirdi. Əslində Rəsulullahın zövcələrinin fikrinə qətiyyən ehtiyacı yox idi, çünki hər şeyi bilən Alim Allah vəhylə Rəsuluna yol göstərirdi. Ancaq O, ümmətinə bu əxlaqı da öyrətməli idi. Bəşəriyyət İslamın təşrifinədək qadını insan yerinə qoymurdu, Rəsulullah isə onu layiq olduğu məqama yüksəldəcəkdi. Bunu həyata keçirməyə də əvvəlcə öz ailəsindən başlayırdı.
... Və bir nümunə
Hüdeybiyyə müqaviləsi müsəlmanların izzəti-nəfsinə bərk toxunmuşdu. Heç kimdə yerindən tərpənməyə macal qalmamışdı. Bu vaxt Allah Rəsulu ümrəyə niyyət edənlərə qurbanları kəsməyi və ehramdan çıxmağı əmr etdi. Ancaq səhabələr: "Görəsən, verilən qərarda bir dəyişiklik olacaqmı?" – deyə düşünüb gözlədi. Allah Rəsulu əmrini bir daha təkrar elədi. Lakin səhabələr yenə də ümidlə gözləyirdi... Bu, əsla Allah Rəsulunun əmrlərinə qarşı çıxmaq deyildir. Onlar fərqli bir əmr gözləyirdilər, çünki Kəbəni təvaf etmək niyyəti ilə yola çıxmışdılar. Hüdeybiyyə müqaviləsinin icrasına başlamadan, bəlkə də, bir dəyişiklik etmək mümkündü.
İki Cahan Sərvəri səhabələrin vəziyyətini hiss edib dərhal çadırına girdi və xanımı Ümmü Sələmə anamızla məsləhətləşdi. Belə yerdə danışıb fikir bildirmək lazım idi. O ağıllı və uzaqgörən qadın da fikirlərini dilə gətirməkdən çəkinmədi, amma bilirdi ki, Allah Rəsulu onun məsləhətlərinə qətiyyən möhtac deyil. Rəsulullah bu məşvərət vasitəsilə bizə ictimai dərs verirdi. Yəni bu kimi hallarda qadınlarla məşvərət etməkdə heç bir qəbahət yoxdur.
Ümmü Sələmə anamız Allah Rəsuluna bu sözləri dedi: "Ya Rəsulallah! Əmrini bir də təkrar etmə. Birdən yerinə yetirməz və məhv olarlar. Ancaq Sən öz qurbanlarını kəs və onlara bir şey demədən ehramdan çıx. Verdiyin əmrin qəti olduğunu başa düşüb istər-istəməz Sənə itaət edəcəklər."
Allah Rəsulu da belə düşünürdü. Dərhal bıçağını əlinə aldı, çadırından çıxaraq öz qurbanlarını kəsməyə başladı. Bir neçə qurban kəsmişdi ki, səhabələr də tərpənib qurbanlarını kəsməyə yollandı. Artıq verilən qərarın dəyişməyəcəyini anlamışdılar.[14]
Soruşmadan keçə bilməyəcəyəm: Hansımız qadınlara bu cür iltifat göstərə bilmişik? Neçə dövlət başçısı ən təhlükəli hallarda xanımı ilə məsləhətləşir? Neçə kişi ailə başçısı olaraq, xanımının fikrini soruşur? Sualları çoxaldıb bütün ictimai təsisatlara yönəldə bilərik. İslamın qadını kölə etdiyini söyləyən bütün bədxahlar qoy gözlərini açıb yaxşı-yaxşı baxsınlar! Görəsən, hansı feminist bu səviyyəyə çata bilmişdir?
Bəli, hər bir gözəl məziyyət və fəzilət kimi məsləhət-məşvərətin təməlləri də peyğəmbər ailəsində atılırdı.. və Allah Rəsulu öz xanımları ilə məsləhətləşirdi. Biz hələ də bu anlayışın eşiyində var-gəl edir, bu sirli qapının haradan açılacağını bilmirik. Hələ o qapının toxmağına da toxuna bilməmişik. Bəli, bu gün qadın haqlarını qoruduğunu iddia edənlər belə, qadını hələ də ikinci dərəcəli varlıq kimi görürlər. Halbuki biz qadına bir bütövün yarısı kimi baxırıq. O olmasa, digər parça da bir işə yaramaz. Yalnız hər iki parçanın birləşməsi ilə insan adlı vahidin təşəkkül tapacağına inanırıq. Bu vahid olmayan yerdə insanlıq da yoxdur. Ənbiya, əsfiya da yoxdur, İslamiyyət də yoxdur, millət də yoxdur.
Peyğəmbərimiz qadınlarla incə və xoş davrandığı kimi, ümmətini də bu cür gözəl rəftara çağırırdı! Bir hədisində buyurur: "İman baxımından ən qüsursuz mömin ən gözəl əxlaqlı mömindir. (İnsan əxlaqla yüksəldiyi zirvələrə heç bir ibadətlə çata bilməz.) Ən gözəl əxlaqlı mömin də xanımı ilə ən yaxşı rəftar edəndir."[15]
Göründüyü kimi, qadın dünyası axtardığını bəşər tarixi boyu məhz Həzrət Məhəmməd Əleyhissalamın zamanında tapmış və həqiqi mənada şərəflənmişdir.
4. Təxyir[16] hadisəsi
Təxyir Allah Rəsulunun xanımlarına Onunla birlikdə yaşayıb-yaşamama məsələsində sərbəstlik verilməsi hadisəsidir. Bu, Haqq-Təalanın Allah Rəsuluna birbaşa əmridir. Mövzuya aid ayədə belə buyurulur:
"Ya Peyğəmbər! Zövcələrinə belə de: "Əgər siz dünya həyatını və onun zinətini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım! Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır." ("Əhzab" surəsi, 33/28-29)
Ehtimal ki, Peyğəmbərimizin bəzi xanımları, bəlkə də, bir az firavan həyat istəmiş və: "Görəsən, biz də digər müsəlmanlar kimi bir az rahat yaşaya bilərikmi? Heç olmasa gündə bir dəfə şorba içə bilərikmi? Geyim-kecimimizi bir az səliqəyə sala bilərikmi?" – demişdilər.
İlk baxışda, onların ürəyindən keçən bu istəklər halal çərçivədə olduğuna görə məsum və haqlı görünə bilər. Halbuki Rəsulullahın ailəsi qiyamətədək bütün müsəlman ailələrinə nümunə olacaqdı. Bu baxımdan Peyğəmbər xanımları məsələnin mərkəzində dayanırdılar. Digər müsəlman qadınlar kimi hərəkət edə bilməzdilər çünki onlar müqərrəbindən[17] idilər. Başqalarına savab sayılan şeylər onlar üçün günah qəbul edilməli idi...
Allah Rəsulu bəzi xanımlarında belə bir arzu hiss edincə, dərhal tədbir gördü. Onlarla görüşməyəcəyinə and içdi və evinin bir küncünə çəkildi. Çox keçmədən müsəlmanlar hadisədən xəbər tutdular. Hər kəs hüzn və qüssə içində məscidə gedib ağlamağa başladı. Çünki Allah Rəsulunu kədərləndirən ən kiçik hadisə belə onları ağlatmağa kifayət edirdi. Müsəlmanlar Allah Rəsuluna elə bağlanmışdılar ki, Onun evində baş verən kiçik bir hadisədən dərhal hali olur və yoluna düşməsini səbirsizliklə gözləyirdilər. O gün də belə oldu.
Bu hadisəyə "İla hadisəsi" də deyilir. Həzrət Əbu Bəkir və Həzrət Ömər kimi məsələyə fərqli yanaşanlar da vardı. Çünki onların qızları da Rəsulullahın həyat yoldaşı idi. Həzrət Əbu Bəkir və Həzrət Ömər dərhal məscidə gedib Allah Rəsulunun hüzuruna girmək üçün icazə istədilər, lakin icazə verilmədi. Naçar qalıb başqa müsəlmanlarla birlikdə məsciddə gözləməli oldular. Ancaq üçüncü xahişdən sonra izin alıb içəri girər-girməz qızlarını tənbeh etməyə başladılar. Allah Rəsulu uzaqdan onları seyr edə-edə bircə cümlə söylədi: "Bunlar məndən əlimdə olmayan şeyləri istəyirlər."[18]
Halbuki, Quran onlara: "Siz, ey Peyğəmbərin zövcələri! Siz (başqa) qadınlar kimi deyilsiniz" ("Əhzab" surəsi, 33/32) ayəsi ilə xitab edirdi. Bəlkə də, başqaları yalnız fərzləri yerinə yetirməklə xilas ola bilərdi, amma Rəsulullahın ailəsi, yəni bu məfkurənin mərkəzində dayananlar, Onun evində bir çox həqiqətlərə məhrəm olanlar bu yolda hər şeyi fəda etməli idilər! Etməli idilər ki, mərkəzdə zəiflik olmasın.
Bəli, Peyğəmbər xanımı olmaq şərəfli bir məqam idi, böyük üstünlükləri vardı, təbii ki, məsuliyyəti də o qədər ağır olacaqdı. Allah Rəsulu onları dini və dünyəvi məsələlərdə gözəl örnək kimi hazırlayırdı. Axirət nemətlərini dünyada istifadə edib "Siz dünya həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı)" ("Əhqaf" surəsi, 46/20).ayəsinin hökmünə tuş gəlməsinlər deyə onların üstündə tir-tir titrəyir, göz bəbəyi kimi qorumağa çalışırdı. Ona görə də peyğəmbər ailəsində bəzi məsələlər digər ailələrdəki kimi deyildi. Bu da bəzən kiçik istəklərin açıq və ya üstüörtülü şəkildə dilə gətirilməsinə səbəb olurdu. Ancaq Peyğəmbər zövcələri başqa qadınlardan daşıdıqları məsuliyyətə görə də seçilməli idi. Bəli, onlar hamı kimi danışıb-gülə, hamı kimi yeyib-içə bilməzdilər. Belə ki, tarix ömür boyu yalnız bir-iki dəfə gülən, bircə dəfə də qarnını doyurmayan, yarıac-yarıtox yaşayıb Haqqın yolundan ayrılmayan neçə-neçə böyük insana şahid olmuşdur.
Fuzayl ibn İyazın üzü gülüşə həsrətdi. Bircə dəfə güldüyünü görmüş və təəccüblə səbəbini soruşmuşdular. O da gülüşünün – əslində təbəssümünün – səbəbini bu cür izah etmişdi: "Bu gün oğlum Əlinin vəfatını eşitdim. "Allah sevirmiş" deyə sevindim, ona görə təbəssüm etdim."[19]
Böyüklərimiz bu cür ömür sürübsə, böyüklərin böyüyü və bütün ümmətin anası olan Allah Rəsulunun pakizə xanımları, əlbəttə, fərqli yaşamalı idilər.
Dünya və axirətdə Allah Rəsuluyla birlikdə olmaq o qədər asan deyildir. Odur ki, ayənin işarəsi ilə bu müstəsna qadınlar iradədən imtahan olunurdular. Allah Rəsulu onlara öz kasıb, yoxsul evi ilə dünyanın gözqamaşdırıcı dəbdəbəsi arasında seçim sərbəstliyi verirdi. Əgər dünyanı seçəsi olsaydılar, İki Cahan Sərvəri istədikləri dünya malını verib onları boşayacaqdı. Yox əgər Allahı və Allah Rəsulunu seçəcəkdilərsə, o günədək necə yaşamışdılarsa, gələcəkdə də elə yaşamağa razı olmalı idilər. Çünki bu, Rəsulullah evinə xas xüsusiyyət idi. Madam ki, bu ev, bu ailə müstəsna ailə idi, o halda onun sakinləri də müstəsna olmalı, müstəsna yaşamalı idi. Ailə başçısı müstəsna idi, elə isə Onun xanım və övladları da o cür olmaq məcburiyyətində idilər.
Allah Rəsulu ilk dəfə Həzrət Aişə anamızı çağırıb buyurdu:
"Sənə bir şey demək istəyirəm, amma atan və ananla məsləhətləşmədən qərar verməkdə tələsmə" – dedi. Sonra da mövzunun başında qeyd etdiyimiz ayəni ona oxudu. Həzrət Aişə siddiq atanın siddiqə qızına yaraşan cavabı verdi: "Ya Rəsulallah! Bunu ana və atamla danışmağa nə hacət!? Vallah, mən Allah və Rəsulunu seçirəm".
Hadisənin davamını Həzrət Aişə anamız belə nəql edir: "Allah Rəsulu hansı xanımı ilə danışdısa, eyni cavabı aldı. Heç kim fərqli bir şey demədi. Mən necə cavab verdimsə, onlar da eyni sözü dedilər..."[20]
Hamısı eyni şeyi söylədi, çünki Allah Rəsuluna qırılmaz tellərlə bağlanmışdılar, əksini təsəvvür etmək mümkün deyildi. Əgər Allah Rəsulu onlara: "Ömür boyu oruc tutacaqsınız, heç iftar etməyəcəksiniz!" – desəydi, buna da sevə-sevə dözərdilər.. və bu uzun orucun iftarı Həzrət Əzrailin gətirdiyi ölüm şərbəti oldu.
Onun zövcələri arasında dəbdəbəli həyat görənlər də vardı. Məsələn, Həzrət Safiyyə. Xeybərdə atasını və ərini itirmişdi. İkisi də Xeybərin əyan-əşrəfindən sayılırdı. Xeybərin fəthindən sonra Safiyyə əsirlər arasında idi. Bu, onun heysiyyətinə çox toxunmuşdu. Allah Rəsulunu görənədək, bəlkə də, yer üzündə Ondan çox hiddətləndiyi ikinci bir insan yox idi. Ancaq Rəsulullahı görər-görməz bütün hisləri dəyişmişdi.[21]
Allah Rəsulunun xanımları arasında Safiyyə kimi bolluq içindən gəlib bu ağır həyata dözən qadınlar da vardı. Ancaq Allah Rəsulu o incə xasiyyəti ilə onların könlünə elə yol tapmışdı ki, nəyin bahasına olursa-olsun, Onunla birlikdə yaşamaq bütün xanımlarının yeganə arzusuna çevrilmişdi.
Safiyyə anamız əsil-nəsəbinə görə yəhudi idi. Bir gün qadınlardan biri əsil-nəcabətini onun üzünə vurub: "Ey yəhudi qızı!" demişdi. O da üzülmüş, olanları Allah Rəsuluna danışmışdı. Peyğəmbərimiz də ona belə təsəlli vermişdi:
"Bir daha sənə belə bir şey desələr, sən də onlara bu cavabı ver: "Mənim atam Həzrət Harun, əmim Həzrət Musa, ərim də gördüyünüz kimi Həzrət Məhəmməd Mustafadır. Siz mənim yanımda nəyinizlə öyünürsünüz?"[22] Və Safiyyə anamız Allah Rəsulunun hüzurundan ayrılanda üzüntüsündən əsər-əlamət qalmamışdı. Çünki onun əri Həzrət Məhəmməd Mustafa (s.a.s.) idi. Ehtimal ki, bu sözlər onun dilindən düşməyəcəkdi.
Xülasə, Allah Rəsulunun ailə rəisliyi mükəmməldən də mükəmməl idi: Bu qədər qadını belə rahat idarə etməsi və hamısının sonsuz sevgisini qazanması, hətta onların ürəklərinin sevgilisi, ağıllarının müəllimi, ruhlarının da mürəbbisi olması və bütün bunlara paralel vəzifəsini, dövlətə, millətə aid işlərini mükəmməl yerinə yetirməsi risalətin açıq-aşkar dəlil və bürhanıdır. Əgər başqa heç bir dəlil olmasaydı, Onun ailə başçısı kimi ortaya qoyduğu mükəmməl nümunə risalətinə dəlil kimi kifayət edərdi.
[1] Acluni, "Kəşfül-xafa", 2/83.
[2] Buxari, "Riqaq", 17; Müslim, "Zühd", 18.
[3] "Əhzab" surəsi, 28/33. Hadisənin təfsilatı üçün baxın: İbn Kəsir, "Təfsirül-Quranil-əzim", 3/481; Təbəri, "Cəmiül-bəyan", 21/156.
[4] İbn Sad, "Ət-təbəqatül-kübra", 3/296; Bəlazuri, "Fütuhül-büldan", 1/437.
[5] İbn Sad, "Ət-təbəqatül-kübra", 3/297; Bəlazuri, "Fütuhül-büldan", 1/437; Təbəri, "Tarixül-üməm vəl-müluk", 2/452.
[6] İbn Sad, "Ət-təbəqatül-kübra", 1/365; Süyuti, "Əl-cəmiüs-sağir", s. 131.
[7] İbn Sad, "Ət-təbəqatül-kübra", 8/54; Təbərani, "Əl-mücəmül-kəbir", 24/33.
[8] Təbərani, "Əl-mücəmül-kəbir", 18/365; Hakim, "Əl-müstədrək", 4/16-17.
[9] Buxari, "Səlat", 80; Müslim, "Fədailüs-səhabə", 2.
[10] Buxari, "Vudu", 45; Müslim, "Səlat", 91-92.
[11] Əbu Davud, "Nikah", 37.
[12] Tirmizi, "Nikah", 42; Əbu Davud, "Nikah", 37.
[13] Buxari, "Ədəb", 68; Müslim, "Fədailüs-səhabə", 22.
[14] Buxari, "Şurut", 15.
[15] Tirmizi, "Rada", 11.
[16] Bir şəxsə iki şeydən birini seçməsi üçün sərbəstlik vermək.
[17] Allaha yaxın bəndələr. Haqq dərgahında çox dəyərli və böyük insanlar.
[18] Buxari, "Məzalim", 25; Müslim, "Talaq", 34, 35.
[19] Əbu Nuaym, "Hilyətül-övliya", 8/100.
[20] Buxari, "Məzalim", 35; Müslim, "Talaq", 35.
[21] Təbərani, "Əl-mücəmül-kəbir", 24/67.
[22] Tirmizi, "Mənaqib", 63; Hakim, "Əl-müstədrək", 4/31.
- tarixində yaradılmışdır.