Qabiliyyətlərin qiymətləndirilməsi

Qabiliyyətlərin qiymətləndirilməsi

Allah Rəsulu hər bir səhabəsinə qabiliyyətinə uyğun işi tapşırmışdır. Hər bir işə, vəzifəyə ən layiqli insanları seçmişdir. Belə ki, Allah Rəsulunun peyğəmbərliyinə heç bir dəlil olmasaydı, yalnız insanların istedad və qabiliyyətini kəşf edib yön verməsi və hər insana yerli-yerində iş tapşırması, fərdlərin enerjisindən tam istifadə etməsi və bunda heç vaxt yanılmaması, yəni kimi hara qoymuşsa, onu axıradək orada saxlaması, (bəzi şəxslərin müvəqqəti olaraq müəyyən hislərin təsirinə düşməsi istisna) və kimi hara göndərmişsə, həyatının sonuna qədər orada qalması Onun peyğəmbərliyinə ən böyük dəlildir.. və bizə مُحَمَّدٌ رَسُولُ اللّٰهِ صَادِقُ الْوَعْدِ اْلأَمِينُ dedirdir.

İslamın ilk mərhələsi əziyyət və iztirab içində keçmişdir. 5-6 il ərzində inananların sayı qırxa ancaq çatmışdı. O dövrdə kimisə dinə çağırmaq ölümü gözə almaq deməkdi.

Həzrət Əbu Bəkir (r.a.) kimi Məkkədə sayılıb-seçilən bir insanı belə dəfələrlə yerə yıxıb bərk döymüşdülər, neçə gün özünə gələ bilməmişdi.[1]

Həzrət Ömər ki (r.a.) bir vaxtlar dəvələrlə güləşən bir insan neçə dəfə kötəklənib ayaq altında tapdalanmaqdan xilas ola bilməmişdi.[2]

Zülm və işgəncə bu cür insanlara qədər çatmışdısa, digər inananların çəkdiyi əziyyət və iztirabı artıq özünüz təsəvvür edin...

Və O, bu ölüm-qalım mübarizəsində nə Həzrət Əbu Bəkrə (r.a.), nə də Həzrət Ömərə (r.a.) Həbəşistana hicrət əmri vermişdi. Əli kimi, Zübeyr kimi yaşı kiçik olanlar da Həbəşistana göndərilməmişdi. Çünki onların hamısı Məkkədə zülmə davam gətirəcəkdi.

Həzrət Osman (r.a.) təbiətən incə və zərif insan idi. O gün üçün Məkkədə əsən sərt müşrik rüzgarına tab gətirməsi çox çətindi. Həm də Həbəşistana gedənlərə ən yaxşı o, hamilik edə bilərdi. Ona görə də Allah Rəsulu Həzrət Osmanı Həbəşistana hicrətə göndərmişdi.[3]

1. Əbu Zərr əl-Qifari (r.a.)

Məsələn, bir gün Həzrət Əbu Zərr gəlib müsəlman olur.. bu cür dəniz kimi təlatümlü bir insanın o çətin günlərdə Məkkədə olması həm özünün, həm də müsəlmanların başına iş gətirə bilərdi. Allah Rəsulu onu qəbiləsinə göndərib İslamı orada yaymağı tapşırır və əlavə edir: "Bizim qələbə çalacağımız günləri gözlə və məhz o vaxt yanımıza gəl!"[4]

Əbu Zərr (r.a.) Xeybərin fəthindən sonra gəlib əshabın arasına qarışır. Halbuki o, İslamı Məkkə dövrünün ilk illərində qəbul etmişdi.[5] Əbu Zərr (r.a.) abid idi, zahid idi.[6] Əbu Zərr ictimai ədalət tərəfdarı idi, fikirləri müasir sosioloqları heyrətə salır. Hətta sosialist yazarlara görə, sosializm düşüncəsini ilk dəfə o, irəli sürüb – Bu fikirləri özlərinə qalsın! – Yəni yoxsulluq nə deməkdir? Yoxsulluqla mübarizə necə aparılmalıdır? Bu fikirləri ilk dəfə irəli sürən Əbu Zərdir. Eyni zamanda o, Cənnətin müştaq olduğu səhabələrdən biridir.[7]

Bütün bunlara baxmayaraq, bir gün Allah Rəsulunun hüzuruna gəlib dedi: "Mənə də bir vəzifə tapşır, ya Rəsulallah!" Yəni bir ordunun sərkərdə və ya bir vilayətin valisi olum. Mənə də bir yerdə vəzifə tapşır. Allah Rəsulu ona bu cavabı verdi: "Sən zəifsən, bu işlər çox ağırdır, ey Əba Zərr! Belə bir vəzifəni istəmə. Bu vəzifə onu istəyənə verilməz!"[8]

Ancaq Allah Rəsulu Həzrət Əbu Bəkir və Ömərə bu sözləri söyləməmişdi. Əksinə, sağ əli ilə Həzrət Əbu Bəkrin, sol əliylə də Həzrət Ömərin əlindən tutub onların əmirliyinə (xəlifəliyinə) işarə etmişdi: "Mənim göydə iki, yerdə iki vəzirim var. Göydəkilər Cəbrail və Mikail, yerdəkilər də Əbu Bəkir və Ömərdir."[9]

Digər tərəfdən, qeybə aşina gözüylə olacaqları görmüş və dörd raşidi xəlifənin xəlifəliyinə işarə etmişdi. Həzrət Osmandan (r.a.) bəhs edəndə عَلَى بَلْوَى yəni "imtahanı çox" qeydini əlavə etmişdi..[10] və Həzrət Osmanın xəlifəliyi bir az müsibətli keçmişdi.

Bəli, O, səhabələrini onların özündən yaxşı tanıyırdı. Kimə nə iş tapşırmışdısa, layiqincə yerinə yetirmişdi. Əbu Zərr (r.a.) vəzifə istəyə bilər, bu işin öhdəsindən gələcəyini sana bilərdi, lakin Allah Rəsulu Əbu Zəri onun özündən yaxşı tanıyırdı: "Sən zəifsən, bu iş isə ağırdır" – demiş və ona vəzifə tapşırmamışdı.

İndi bu məsələ ilə əlaqədar bir-iki misal ərz edək:

2. Amr ibn Abəsə (r.a.)

Əhməd ibn Hənbəl nəql edir: "Amr ibn Abəsə Allah Rəsulunun hüzuruna gəlir. Olduqca kobud və bədəvicə: مَا أَنْتَ؟ – deyir. Yəni "Sən nəsən?". Allah Rəsulu sakit əda ilə أَنَا نَبِيُّ اللّٰهِِ Mən Allahın (cəllə cəlaluhu) nəbisiyəm," – buyuraraq bədəvi kobudluğuna Peyğəmbər həlimliyi ilə cavab verir. Amr ibn Abəsə tutulur, dərhal diz çöküb اِنِّي مُتَّبِعُكَ "Ey Allahın Elçisi, bundan belə Sənə tabeyəm," – deyir.

Bu hadisə Məkkədə baş vermişdi.. təbii ki, iman edənlərin sayı çox az idi. Belə bir dövrdə heç olmasa, güclü görünmək üçün adama ehtiyac vardı. Lakin Allah Rəsulu kimə harada və nə vaxt iş tapşıracağını çox yaxşı bilir və bildiyini də tətbiq edirdi. Əbu Zərr kimi Amr ibn Abəsəyə də: "Sən zəifsən. İndi burada qalmağa gücün çatmaz. Qəbilənin yanına qayıt. Orada insanları Allahın dininə çağır. Nə vaxt mənim qələbə çaldığımı eşitsən, o zaman gəl, mənə qoşul!"

Amr gedir. Aradan illər keçir. Bu ərəfədə Allah Rəsulunun dalbadal qazandığı zəfərlərin səsi-sorağı dörd bir tərəfə yayılır və vaxtın çatdığını anlayan Amr ibn Abəsə yola düşüb Mədinəyə gəlir. Allah Rəsulu məsciddə oturmuşdu. Məscidə girir və Allah Rəsulunun hüzuruna yaxınlaşır. Peyğəmbərimiz o əsnada söhbət edirdi. O, sözünü bitirincə Amr fürsət tapıb soruşur: يَا رَسُولَ اللّٰهِ أَتَعْرِفُنِي؟ "Ya Rəsulallah, məni tanıdınız?"

İki Cahan Sərvəri heç tərəddüd etmədən cavab verir: أَلَسْتَ أَنْتَ الَّذِي أَتَيْتَنِي بِمَكَّةَ؟ "Sən Məkkədə mənim yanıma gələn filanəks deyilsən?" Və hadisəni elə bil dünən olmuş kimi danışır. "Mən səni qəbilənin yanına göndərmiş və bu sözləri demişdim". Amr ibn Abəsə heyrət içində Onu təsdiq edir.[11]

Həzrət Amrın bu hadisəni unutmaması təbii haldır, çünki bu hadisə həyatının ən unudulmaz xatirəsidir. Lakin Allah Rəsulu üçün vəziyyət fərqlidir. O, həm bunun kimi bir çox hadisə ilə qarşılaşmış, həm də ötən illərdə çəkmədiyi cəfa, görmədiyi əza qalmamışdı. Başqası olsaydı, bu qədər məşəqqətdən sonra nəinki neçə il əvvəl bir-iki kəlmə kəsib yola saldığı bir adamı, hətta ən yaxın dostlarını belə tanımazdı. Ancaq Peyğəmbərimiz heç kimi unutmamışdı. Ehtimal ki, Amr və ya Əbu Zərr yanına gəlməsəydi, Məkkənin fəthindən sonra onları axtarıb tapacaq və hüzuruna dəvət edəcəkdi. Çünki tam qalibiyyət Məkkə fəthindən sonra olmuşdu...

Bəli, biz övladlarımızı belə Onun əshabını tanıdığı qədər tanımırıq. Çünki hər bir insanın Allah Rəsulunun könlündə bambaşqa yeri vardı.

Bu, həm də hər bir səhabəyə gücünə görə vəzifə həvalə etmək baxımından çox əhəmiyyətli idi.

Görəsən, dünya tarixində rəiyyətini bu qədər yaxından tanıyan ikinci bir lider göstərmək mümkündürmü? Sanmıram!. Çünki Allah Rəsulu təkcə lider deyil, həm də bir nəbidir. Elə bizim də sözümüzün hərəkət nöqtəsi də Onun nəbiliyi məsələsidir.

3. Cüleybib (r.a.)

Cüleybibdən daha əvvəl bəhs etmişdik. Bu 15-16 yaşlı gəncin qadınlara sataşmaqdan özünü saxlaya bilmədiyini deyirlər. Nəhayət, gün gəlir, Rəsulullah o ab-həyat sözləri ilə Cüleybibi doğru yola yönəldir və ardınca da onun üçün Allaha dua edir.[12]

Cüleybib ən iffətli və ədəbli insanlardan birinə çevrilir. Bir gün Allah Rəsulu onu yeniyetmə qızları olan əsil-nəcabətli və ismətli bir ailəyə göndərir. Valideynlər qızları üçün hər an elçi gözləyirdilər.

Cüleybib qapını döyüb içəri girir və Allah Rəsulunun salamını söyləyir. Ailə həyəcanlanır. Ardınca da qızları ilə ailə qurmaq istədiyini bildirib Allah Rəsulunun sözlərini çatdırır. İki Cahan Sərvəri: "Məndən salam söylə, qızlarını sənə versinlər" – demişdi.

Ana və ata bir-birinə baxır. "Cüleybibəmi?" deyə düşünürlər. Ancaq əmri verən Allah Rəsuludursa, tərəddüd etməyə nə ha­cət! Valideynlər qızlarına görə tərəddüd etməkdə olsunlar, pərdə arxasından söhbəti eşidən evin qızı onlara səslənir: "Allah Rəsulunun əmrini yerinə yetirən bir adamın qabağında nə tə­rəddüd edirsiniz?"[13]

Cüleybib ailə qurur və üç-dörd həftə sonra da bir cihadda şəhid olur. "İtkiniz varmı?" deyə soruşur Allah Rəsulu. "Xeyr!" deyə cavab verirlər. O: "Amma mənim itkim var!" – deyir və övladını itirmiş məhzun, qəlbi yaralı bir ata kimi Cüleybibi axtarıb tapır. Yeddi kafirin yanında, üstü-başı qan, bədəni yara içində və əlində qılınc... Allah Rəsulu buyurur: "Yeddi nəfəri öldürüb qazi oldu, sonra da şəhid getdi." Başını dizinin üstünə qoyub deyir: "Allahım, bu məndəndir, mən də ondanam."[14] Budur, Allah Rəsulunun yoldaşlarını unutmaması, onlara əngin sevgisi!

4. Əli ibn Əbu Talib (r.a.)

Xeybər fəthi ərəfəsi idi. Neçə gündür davam edən mühasirə nəticə verməmiş, qalaya girmək mümkün olmamışdı. Bir gün Allah Rəsulu: "Sabah bu bayrağı elə bir adama verəcəyəm ki, o, Allahı sevir, Allah da onu!" – buyurdu. Səhəri gün hər kəs bayrağı almaq üçün yarışırdı. Allah Rəsulu sübh namazını qıldırdı. Daha sonra üzünü camaata çevirdi. Hər kəs gözünü Rəsulullaha zilləmişdi. Rəsulullahsa kimisə axtarırdı.

Səhabələr diqqətlə Allah Rəsulunun dodaqlarından süzüləcək kəlməni gözləyir və hər kəs bu şərəflə şərəfyab olmaq istəyirdi. Hər kəs istərdi ki, Rəsulullahın dilindən Allah (cəllə cəlaluhu) tərəfindən sevildiyini eşitsin?! İnsan din qardaşına görə Cənnətdən keçə, "Mənim yerimə o iman qardaşım girsin" deyə bilər, lakin bu uca məqamdan keçmək çətindi...

Allah Rəsulunun dodaqları tərpəndi.. nəhayət: أَيْنَ عَلِيٌّ "Əli haradadır?" – buyurdu.

Həzrət Əlinin (r.a.) gözləri bərk ağrıyırdı. Buna görə də bayrağın ona veriləcəyini heç düşünməmişdi... Səhabələr cavab verdi: يَشْتَكِي عَيْنَيْهِ يَا رَسُولَ اللّٰهِ "Gözləri ağrıyır, ya Rəsulallah!"

Peyğəmbərimiz onu hüzuruna çağırdı. Mübarək ağzının suyundan Həzrət Əlinin (r.a.) gözlərinə sürtdü. Həzrət Əli (r.a.) and içir ki: "Ondan sonra bir daha göz ağrısı görmədim."

Daha sonra bayrağı ona təslim etdi. Halbuki o gün Həzrət Əbu Bəkir kimi, Həzrət Ömər kimi, Həzrət Miqdad kimi səhabələr vardı. Amma bayrağı onlara deyil, gənc Əliyə həvalə etdi.[15]

Və Xeybərin fəth edilməsi Allah Rəsulunun nə qədər dəqiq seçim etdiyini göstərdi. Kimi hara göndərmişdisə, zəfərlə qayıtmışdı. Bu da Onun risalətinin bir dəlilidir. Çünki Allah Rəsulu böyük fətanət sahibiydi.

Bəli, Allah Rəsulu kimə hansı vəzifəni tapşırmışdısa, o şəxs də verilən əmri layiqincə yerinə yetirmişdi.

O, Həzrət Xalidə (r.a.) "Seyfullah" demişdi.[16] Xalid hər yerdə Allahın qılıncı olmuş və heç bir döyüş meydanından məğlub qayıtmamışdı. Həzrət Əbu Bəkir (r.a.) illər sonra haqlı olaraq dediyi "Analar Xalid kimisini doğmayıb"[17] sözləri ilə həm də Allah Rəsulunun seçimini təsdiq və təqdir edirdi.

Həmçinin 17-18 yaşlı gənc Üsaməni (r.a.) ordunun başına sərkərdə təyin edib Mutə tərəfə göndərmişdi.[18] Üsamə isə ömrü boyu belə bir məqama layiq olduğunu isbat etmişdir.

5. Əzvaci-tahirat (r. anha)

Yüzlərlə namizəd arasından seçdiyi xanımların fəzilət və kamalı da əhəmiyyətli məsələlərdən biridir. Çünki Allah Rəsulu "möminlərin anası" məqamına layiq olan və bu ağır yükün öhdəsindən gələn qadınlar seçmiş və bu seçimdə də düzgün qərarlar vermişdi. Bu qadınların, demək olar, hamısı saf qızıl çıxmışdı. İrşad məktəbinin mürşidə və müəlliməsi kimi yetişən "əzvaci-tahirat" – Rəsulullahın pak zövcələri daha sonralar İslama böyük xidmət göstərmişdir. Məsruk kimi, Tavus ibn Keysan kimi, Ata ibn Əbu Rəbah kimi neçə-neçə dahi zahidlər əzvaci-tahirat məktəbində dərs almış və hər biri bir ümman olan bu qadınların feyzini doyunca içmişlər.

Göründüyü kimi, Allah Rəsulu gələcəyin mürşidələrini əvvəlcədən sezib seçmiş, evində onların yetişməsinə və yetişdirməsinə zə­min hazırlamış və bu istedadlı qadınları peyğəmbərlik məfkurəsinin varislərinə çevirmişdi. Onlar arasında elə bir qadın yoxdur ki, Allah Rəsulunun məqsəd və qayəsinə layiqincə xidmət etməsin. İslamın ilk illərində Həzrət Xədicə anamız (radiyallahu anha) bütün var-dövlətini Onun yolunda fəda etdiyi kimi, digər xanımları da sonrakı dövrlərdə elm və İslamın yayılmasında böyük fədakarlıq göstərdilər. Buradan aydın olur ki, Həzrət Xədicə anamızdan başlayaraq – o zaman hələ peyğəmbərlik gəlməmişdi, lakin əlamətləri hiss olunurdu – bütün xanımlarını fərasət və peyğəmbərlik nuruyla kəşf edib seçmişdi. Bunu başqa cür izah etmək də mümkün deyil.

[1] Baxın.: İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/29-30.
[2] Baxın.: İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 2/193; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/82-83.
[3] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 2/164; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/66.
[4] Buxari, "Mənaqib" 6; Müslim, "Fədailüs-səhabə", 132-133.
[5] Buxari, "Mənaqib" 6; Müslim, "Fədailüs-səhabə", 132-133; İbn Həcər, "Əl-isabə", 7/127.
[6] Əbu Nuaym, "Hilyətül-övliya", 1/156.
[7] Təbərani, "Əl-mücəmül-övsət", 7/305.
[8] Müslim, "İmarə" 16-17.
[9] Tirmizi, "Mənaqib", 16; Hakim, "Əl-müstədrək", 7/175.
[10] Buxari, "Fədailül-əshab" 5-7; Müslim, "Fədailüs-səhabə", 29.
[11] Müslim, "Səlatul-müsafirin", 294; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/112.
[12] Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 5/256, 257.
[13] Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/422.
[14] Müslim, "Fədailüs-səhabə", 131; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/421-422, 425.
[15] Buxari, "Fədailül-əshab", 9; Müslim,"Fədailüs-əshab", 34.
[16] Buxari, "Fədailül-əshab", 25, Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 1/204.
[17] Təbəri, "Tarixul-üməm vəl-müluk", 2/315; İbn Əsir, "Əl-kamil fit-tarix", 2/242.
[18] Buxari, "Fədailül-əshab", 17; Müslim, "Fədailüs-səhabə", 63; İbn Həcər, "Əl-isabə", 1/49.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.