Rəsulullah mühitində yetişən dahilər

Rəsulullah mühitində yetişən dahilər

Allah Rəsulu vəhydən süzülən peyğəmbər dühası ilə dövlətin əsas dinamiklərini çox yaxşı müəyyən etmiş və bunları israf etmədən yerli-yerində istifadə etmişdir. O, böyük hərb dahiləri yetişdirən, elmi düşüncəyə təkan verib ruh və mənanın yollarını açmış sənətkarlara yüksək qayələr göstərən bir xəzinədir.

O, öz dövründə bir çox hərb dahisi yetişdirmişdir. Ondan sonra, dünyanın fəthinə uzanan yolda Xaliddən Uqbəyə, Uqbədən Ahnəfə, Ahnəfdən Tariqə, Məhəmməd ibn Qasıma qədər nə qədər hərb dahiləri çıxmışdır. O böyük təşəkkülün mənbəyi və banisi Rəsulullaha sadəcə bu yöndən baxsanız, Onun ömrü boyu ancaq hərblə məşğul olduğunu zənn edərsiniz. Bu gün Aqqad kimi bir çox araşdırmaçı səadət əsrini dühaları ayırd edib üzə çıxaran bir xırman hesab edir.

Bəli, "Həzrət Məhəmməd mədrəsəsi" qabiliyyət və istedadları ən ali səviyyəyə yüksəldən yeganə məktəbdir. O məktəbdə dərs alan hər kəs ağıla, qəlbə və ruha xas bütün qabiliyyətlərini inkişaf etdirmiş və dahi səviyyəsinə çatmışdır. Həzrət Əbu Bəkir, Həzrət Ömər, Osman, Əli (radiyallahu anhum) hərb, idarəçilik və elmdə bir dahi... Xalid, Sad, Əbu Übeydə, Əlaul-Hadrami, Kaka – hər biri bir hərb dahisi... Və o işıqlı əsr yüzlərlə misilsiz şəxsiyyəti ilə dahilər dövrünü xatırladır. Daha doğrusu, o dövr istedad və qabiliyyətləri zərrəsini də hədər etmədən mükəmməl qiymətləndirən, onlara can verən qızıl çağlardır və yüzlərlə dahisi ilə möhtəşəmlik sərgiləyir.

Bir həmləsi ilə Afrikanı başdan-başa İslamın hakimiyyəti altına alan Üqbə ibn Nafi dahi deyilsə, bəs kimə dahi deyək? On beş yaşında at belinə sıçrayan Üqbə bir sıra xəlifələr dövründə böyük məsuliyyətləri öhdəsinə götürür. Atlantik okeanına qədər bütün Afrikanı fəth edərək idarəsi altına alır və atını ərəblərin "Qaranlıq dəniz" dediyi okeanadək sürür, sonra da: "Allahım, bu dəniz önümə çıxdı, çıxmasaydı, Sənin ismi-şərifini dənizləri aşaraq ta o taylara aparacaqdım!" – deyə hayqırır.[1]

O mədrəsədə yetişən bərbəri bir kölə Tariq ibn Ziyad da dahi sərkərdə idi. On iki min nəfərlik qoşunu ilə doxsan-yüz minlik ispan ordusunun altından vurub üstündən çıxır və Toledoda kralın saraylarına çatır.[2]

Əlaul-Hadrami də böyük bir dahidir və Həzrət Ömər (r.a.) dövründə əbəs yerə "Bu qədər çox dahidən istifadə etməyə imkanımız yoxdur" deyilməmişdir. Bəhreyndə döyüşlərdən uzaq qalmağa məcbur olan bu dahinin - Əlaul-Hadraminin ibrət dolu bir həyatı vardır. Tarixçilər deyir ki: "Xalidi götürüb, Hadraminin yerinə qoy, Hadramini də götür onun yerinə qoy, yenə də bir boşluq olmayacaq".

Necə olur? Necə olur ki, bir dövrdə bu qədər dahi birdən zühur edir? Sad ibn Əbi Vəqqas bir dahidir. İrandakı izlərini izləsən, bunu sən də görəcəksən! Əbu Übeydə bir dahidir. Şurahbil ibn Hasənə bir dahidir. Yezid ibn Əbu Süfyan bir dahidir... Və Allah Rəsulunun ardınca gələn dahilər silsiləsi...

Səhraları başqa cür aşa bilməz, Öküz çayına, Sindibada, Çin səddinə, Cəbəllütariqə çata bilməz, 25 il kimi qısa bir zaman kəsimində bu ucsuz-bucaqsız diyarları fəth edə bilməz, idarə və asayişi təmin edə bilməz, təmin etsə də, davam etdirə bilməzdilər. Üstəlik yalana, təhqirə, hiyləyə, zorakılığa, bir sözlə hər vasitəyə əl atan keçmiş dinlərlə, dini təşkilatlarla mübarizə apara, onların hücumlarına tab gətirə bilməzdilər və bu sistem bütün dünyanın düşmənçiliyi və bu qədər əngəllər qarşısında 12 əsr zirvədə qala bilməzdi.

Bəli, onlar məhz nübüvvətdən qaynaqlanan bu düha sayəsində cahanı uzun əsrlər peyğəmbər düsturları ilə idarə edə bilmişdi. Bəli, sanki Allah Rəsulu qürub edərkən o günəşlər günəşi parçalanmış və gələcək nəsillər arasında bölüşdürülmüşdü. Və hər kəs Məhəmmədi fətanətlə bu böyük cahanşümul missiyanı təmsil edirdi. Bilmirəm, belə bir dövrün bənzərini təsəvvür etmək mümkündürmü? Görmək demirəm, təsəvvür etmək, xəyallarda tapmaq, hətta yuxularda belə görmək mümkündürmü? Sizə qısaca bəhs etdiyim bu dühaların xariqələrlə dolu həyatı və missiyası əslində ayrı-ayrılıqda araşdırma mövzusudur.

Biz İslamın yetişdirdiyi bu dahi hərbçi və idarəçilərdən yalnız ilk ağlımıza gələnləri və ilklərdən bir neçəsindən söz açdıq. Hamısından bəhs etmək cildlərlə kitaba sığmaz. Bu kiçik fəsildə belə geniş mövzuya yer ayırmaq da mümkün deyil. Biz bu mövzulara ümumi toxunduq və yalnız Allah Rəsulunun risaləti ilə bağlı məqamları vurğuladıq. Arzum və ümidim bu mövzuların mütəxəssislər tərəfindən geniş və dərindən araşdırılmasıdır. Məhz o zaman Peyğəmbər mədrəsəsinin başqa yönləri də gün üzünə çıxacaq və o sahələrin diliylə "Muhəmmədun Rəsulullah" deyəcəkdir.

1. Peyğəmbər mədrəsəsindən çıxan elm dahiləri

Elm-ürfan ocağı o mədrəsə böyük dövlət xadimləri, idarəçilər, hərbçilərlə yanaşı, neçə-neçə elm adamı, mütəfəkkir, hüquqşünas, müctəhid və mücəddid yetişdirmişdir. Raşidi xəlifələrlə başlayıb ilk üç əsrdə zirvələrdən düşməyən bu işıqlı yolun yolçularından bir-bir bəhs etmək nə bu kitaba sığar, nə də bizim həddimizdir. Təkcə Məkkədə çobanlıq edən İbn Məsuda baxmaq yetər, zənnimcə.

Kufə onun sayəsində bir elm mərkəzinə çevrilmiş və onun elm, ürfan məktəbində Əlqamələr, Əsvəd ibn Yezidlər, İbrahim Nəxayilər, Həmmadlar, Əbu Hənifələr kimi fiqh, hədis, kəlam sahələrində yüzlərlə, minlərlə dahi yetişmişdir. Hamısı da o qüdsi məxəzə borcludur və Onun boynu boyunduruqlu qullarıdır. Biz bu böyük gerçəyi görməməzliyə vursaq da, tarix bunları qiymətləndirib yazmışdır. Yazacaq və bəzi inadkarların inadına baxmayaraq, yaxın gələcəkdə bir daha kainatı lərzəyə gətirəcək...

a. Fiqh sahəsində

Qəlbimizin ən dərin guşələrində özünəməxsus yeri olan digər böyüklərimiz bizi bağışlasın. O böyüklərdən birini götürüb haqqında qısaca danışacaq və onun timsalında o ulu insanların fəzilətlərinə toxunacağıq.

Əbu Hənifə kimdir? Əbu Hənifə fiqhdə bizim imamımızdır. İslam dünyasında böyük əksəriyyətin məzhəb imamı, elmin, mə­də­niy­yətin şifahi yolla ötürüldüyü bir dövrdə ətrafına yığdığı nəhəng şəxsiyyətlərə düşüncələrini, fikirlərini mənimsədən, ilk dövrlərin nurlu toplumuna şeyxülislamlıq edən İmam Əbu Yusifləri, İmam Məhəmmədləri, İmam Həsən Şeybaniləri, İmam Züfərləri və Həzrət Şafeinin müəllimi Vəkiləri yetişdirən ustadlar ustadı idi.. dövrlərə imzasını atır.. gələcək əsrlərə səslənir və yüz milyonların imamı məqamına yüksəlir. Onun ilk tələbələrinə və xüsusilə də, İmam Məhəmmədə yazdırdığı qeydləri Şəmsüləimmə Səraxsi otuz cildlik məşhur "Məbsut" əsəri ilə şərh etmişdir.. həm də bir su quyusunun dibində; hər gün tələbələri quyunun ətrafında yığışar, onun dediyini yazıya alardılar.

Maraqlıdır, bir gün tələbələri Səraxsiyə: "İmam Şafei üç yüz qovluq hədis əzbərləmişdir" deyirlər. Bunu eşidən böyük alim təvazökarlıqla pıçıldayır: "Demək ki, mənim yaddaşımdakı hədi­sin zəkatı imiş..!"[3]

Nə anlayırsınız, anlayın! İmam Şafei də bir dahi, Everest zirvəsidir. İmam Malik də, Əhməd ibn Hənbəl də bir zirvədir...

İndi bir daha soruşuram: Əbu Hənifə kim idi? Əbu Hənifə Allah Rəsulunun səhabələrindən İbn Məsudun (r.a.), Əlqamənin, Yezidin, Əsvədin tələbəsimi? Xeyr, tələbəsinin tələbəsi. Yəni Həmmad ibn Əbu Süleymanın tələbəsi. Həmmad da bir fiqh ustası, bir hüquq dahisi idi, amma Allah Rəsulunun tələbəsinin tələbəsi idi.

Bəli, cahanın qaranlıq içində boğulduğu, şərqin də, qərbin də işığa, hətta yalançı şəfəqlərə belə həsrət qaldığı bir dövrdə bəşəriyyətə işıq gətirən bu elm adamları Həzrət Məhəmməd (s.a.s) mədrəsəsinin yetirməsidir. "Cahanları aydınlığa çıxaran dərin elmə, əngin ürfan və ilhama sahib bu insanlar o dövrdə çox olsalar da, qiymətli idilər." Yəni onların qiymətli olması azlığından irəli gəlmirdi. Təkcə Əbu Hənifənin sağlığında Əbu Hənifə səviyyəsində, bəlkə də, əlli dahi saymaq mümkündür Kufədə.

Torpaq nə qədər münbitdi, zaman necə bərəkətli idi. Daha doğrusu, bütün bunlar Həzrət Məhəmməd Mustafanın (s.a.s) nurunun feyzindən və ürfan dəryasının dalğalanmasındandı. Bəli, Onun sayəsində bədəvi bir qövmdən bəşəriyyəti on dörd əsr işıqlandıran və qiyamətədək də, inşallah, işıqlandıracaq alim nəsli çıxmış və cahanı nura qərq etmişdir.

b. Təfsir sahəsində

Təfsir bir dərya, Onun ümmanı yanında isə bir damladır. O ümmanı göstərən bir damla Həzrət Əlidən İbn Abbasa, ondan Mücahid və Səid ibn Cübeyrə, ondan da İbn Cərir, Fəxrəddin Razi, İbn Kəsir və müasir təfsir alimlərinə qədər elə bir dahilər silsiləsidir ki, Peyğəmbərimizin bəşəriyyətin rəhbəri olduğuna dair başqa dəlil olmasa, bu şəxsiyyətlərin Ona varislik etməsi şahid kimi kifayət edər.

Məsələn, İbn Cərir bir möcüzədir. Baxırsınız ki, ayə və hə­dislərin təfsirində zamana sığmayan şərhləri ilə səmanın yeddi qatdan təşəkkülündən bəhs edir, ərzin və səmanın bir vaxtlar bir yerdə olmasından və sonralar vaxtı gəlincə parçalanmasından danışır, yağışların küləklərin əsas prinsiplərinə və min il sonra başa düşülən məsələlərdən söz açır. İbn Cəririn əsərlərini araşdıran tədqiqatçılar ömrünün hər gününə 15 səhifə düşdüyünü göstərir. İndi o, dahi deyilsə, bəs kimə dahi deməliyik?

Bəli, İbn Cərirdən Fəxrəddin Raziyə, ondan yüzlərlə təfsiri ələk-vələk edib cild-cild kitablar yazan İmam Süyutiyə və dövrümüzün əllamələrinə qədər Həzrət Məhəmməd (s.a.s) məktəbində təfsir üzrə yetişən elə insanlar vardır ki, əgər müəyyən dönəmdə Qərbdə bunlardan biri zühur etsəydi, şərəfinə böyük bir abidə ucaldar və bütün dünyaya car çəkərdilər...

Bizim bir çox elm sahəsində tayı-bərabəri olmayan İmam Qəzalimiz var. Qərblilər çox az insaflı olmuşdur. Gibb bir dəfə insafa gəlib İmam Qəzalini əlində əsasıyla insanları ovsunlayan bir möcüzəvi şəxsiyyət kimi təsvir edir. İmam Qəzalidən İmam Rəbbaniyə və ondan da Zəmanəmizin aliminə uzanan silsilədə Peyğəmbərimizin yüzlərlə tələbəsi ilə qarşılaşmaq mümkündür.

c. Hədis sahəsində

Hədis sahəsinin nəhəngləri də elm və fəzilət abidələridir. İmam Buxari, İmam Müslim, Əbu Davud, Tirmizi, Nəsayi, İbni Macə, İmam Əhməd ibn Hənbəl, Darəqutni, Beyhaqi, Darimi... bəli, onların hər biri öz sahəsində dünyaya yetər. Təbii ki, bu şəxslərdən bir-bir danışmaq və onların elmi fikirlərini təhlil etmək mövzumuzla üst-üstə düşmədiyinə görə Buxaridən misal verməklə kifayətlənəcəyik.

İmam Buxari 600 min hədisi hafizəsinə həkk etmiş, bunun­ yalnız 4 minə yaxınını "Səhih" əsərinə salmışdır.[4] Hədis top­la­yarkən göstərdiyi həssaslıq isə öz-özlüyündə bir dastandır. Hər hədis üçün dəstəmaz alıb iki rükət namaz qılar, daha sonra,­ ruhən Rəsulullahla irtibat qurar.. və müsbət cavab alınca, o hədisi kitabına dərc edərmiş.[5]

Bu böyük imam da Peyğəmbərimizin tələbələrindən biridir­ və Onun dərs halqasında yetişmişdir. Hədis öyrənmək üçün günlərlə yol gedib mənzil başına çatmış, hədis rəvayət edəcək şəxsin boş papağını içində arpa varmış kimi atına göstərməsinə şahid olmuş, heç bir şey soruşmadan birbaşa geri qayıtmışdı. Niyə belə etdiyini soruşanlara da: "Heyvanı aldadan bir insanın məni də aldatmayacağına əmin deyiləm!" cavabını vermişdi.. və kim bilir, bütün ömrünü belə həssas yaşayan nə qədər dahi ilə şərəflənmişdir ötən tarix!

Budur dinin zəbərcəddən mənzili, onun qızıl qanadlı yolçuları və dosdoğru yolumuz.

d. Elmin dünyəvi yönü

Köhnə-yeni elm tarixinə dair obyektiv, subyektiv və müqayisəli məzmunda o qədər möhtəşəm əsərlər yazılmışdır ki, bunları oxuyub ehtişamlı keçmişimizə heyranlıq duymamaq mümkün deyil. Müsəlmanların qızıl dövründə tibb, riyaziyyat, həndəsə və bütün təbiət elmləri fiqhlə, təfsirlə, hədislə və kəlamla yanaşı addımlayırdı. Cəbrin banisi Əl-Cabirdən İbn Sinaya, İbn Batuta və Xarəzmiyə, yazdığı tibb kitabları on əsr Avropada tədris edilən cərrahiyyə elminin ustadı Zöhrəviyə qədər, – ki, bir elmi məcmuədə bu şəxs haqqında dərc edilən məqalə "On əsr yaşayan elm adamı" adlanırdı – bunların hamısı, yüzlərlə, minlərlə nəhəng şəxsiyyətlər Həzrət Məhəmməd (s.a.s.) məktəbinin tələbələridir.

Görəsən, bizdə niyə bu böyük insanları görüb tanıtmamışlar və bu gün də əksəriyyət onlardan hələ də xəbərsizdir? Onları görməmək hislərin yanıltmasıdır. Qərbdə bunlar gözdən qaçmaz, çünki bunlar orada düzlərdə ara-sıra yüksələn təpələr kimidir. Çox hündür olmasalar da, gözə çarpırlar. Əksinə bizdəki zirvələr isə dalbadal düzülüb, bir-birinə bitişikdir, bütövdür, ölçmək mümkün olmadığına görə gözdən iraq qalıb. Yəni onlar yan-yana düzülən zirvələr kimidir. Çalası-çökəyi yoxdur ki, rahat görünsün.

Bizə gəlincə, biz vəfasızlıq edib bu hala gəlmişik. Biz o böyük insanları və onların əvəzsiz irsini qiymətləndirə bilməmişik. Qərb onunla Renessansını həyata keçirəndə biz vəsvəsələr, vəhmlər içində batıb qalmışdıq. Qəbahət bizdədir, ilklərdə deyil, mirasın qədrini bilməyən sonrakı nəsillərdədir. Qəbahət dəryanın içində ola-ola dəryanın qiymətini bilməyənlərdədir...

"O mahilər (balıqlar) ki dəryada yaşar, dəryanı bilməzlər."

2. Ruh dünyasının qəhrəmanları

Onun ikinci dərəcəli yönü vəlayətdir, vəlilikdir. Həzrət Mə­həmmədin (s.a.s) vəlayət cizgisində neçə-neçə böyük şəxsiyyət yetişmiş, Onun açdığı qapı sayəsində nə qədər insan kamillik zirvəsinə yüksəlmişdir. Kimisi "Qeyb pərdəsi açılsa, yəqinim[6] artmaz" deyir,[7] kimiləri yerdə dayanıb əzəmətli ərşi seyr edir, kimiləri Həzrət Cəbrailin möhtəşəm surətini mü­şahidə edərək məst olur, kimiləri Quran və Sünnənin sirli qatlarını ələk-vələk edir və işarələrindən naxışlar hörürdü. Baxın "Cəlcəlutiyyə"yə, baxın "Nəhcül-bəlağə"yə, baxın "Məsnəvi"yə, baxın "Fütuhul-qeyb"ə,[8] "Füsus" və "Fütuhat"a [9]!

Edison bir gün qədirşünaslıq hisləri coşanda belə demişdi:

"Mən elektrikə gedən yolu Muhyiddin ibn Ərəbinin "Fütuhati-Məkkiyyəsi"ndə tapdım." "Fütuhati-Məkkiyyə" o sirli bəyanları ilə bu gün də əlimizdədir. Quranın bir sirli kəlməsindən elektriki, elektronları, elektrik lampasını icad etmək, bəzi nöqtələrdən tənqid görsə də, izah olunmuş bir hadisənin tənqidi ilə məşğul olmaq eqoistlikdir, zənnimcə... Bir çox həqiqətə həm bu cür vəliliklə, həm də laboratoriyalarla, araşdırma mərkəzləriylə vaqif olmaq mümkündür. Biz vaqif ola bilməmişiksə, bilmiriksə, səbəbini düşüncənin əsassızlığında, mühakimənin yoxsulluğunda, qəlbin zəifliyində, iradə və əzmin natamamlığında axtarmalıyıq. İbn Ərəbi, Mövlana və İmam Rəbbani kimi öz dövrlərinə sığmayan insanları anlamaq bir yana qalsın, onların kəşf etdiyi şeyləri dərk eləmək belə çox çətindir. Şahi-Nəqşibənd həzrətlərini, Mərufu-Kərhini, Şazilini, Şahi-Geylanini, Əhməd Bədəvini, Şeyxül-Harranini necə anlayacağıq?

Bütün bunlar Həzrət Məhəmməd (s.a.s) məktəbinin tələbələridir. Onlar bizim gözümüzdə dahi insanlar, Həzrət Məhəmməd (s.a.s) məktəbində isə sadəcə tələbələrdir. – O tələbələrə ruhum fəda! – Həmişə o şamın ətrafında pərvanə olmuş, Onun başına dolanmış işıq aşiqləridir onlar. Gözləri qeybi görə bilmişsə (İmam Süyuti: "Mən yuxuda deyil, oyaq halda 70 dəfə Həzrət Məhəmmədlə (s.a.s.) görüşdüm", – deyir),[10] Allah Rəsulundan öyrəndikləri elmin, ürfanın sayəsindədir.. işığa yönəlmişlərsə, bu da Onun cazibəsiylə mümkün olmuşdur.

Bizlər üç ölçülü məkanın məhbusları və onun izafi yönü olan zamanın əsirləriyik. Onlar isə zaman və məkanın sərhədlərini aşmış, bəlkə də, hər günü Həzrət Məhəmməd Mustafa (s.a.s) ilə üz-üzə və diz-dizə keçirmişlər! Hətta onlardan biri belə deyir: "Əgər Onunla bir an görüşməsəm, məhv olaram. Çünki bütün varlığımı Ona borcluyam. Günəşlə yaşayan günəbaxan kimi mən də Onunla nəfəs alıram. O, könlümdə qürub etsə, mən də bataram".

Onlar Həzrət Məhəmməd (s.a.s) məktəbinin tələbələridir və gələcəkdə də eyni qaynaqdan yeni dühalar fışqıracaq, inşaallah. Vəlilik mənim sahəm deyil. Vəlilər məclisində olsam-olsam, ancaq onların qitmiri ola bilərəm.. və ya onların sadəcə pərəstişkarı. İnşaallah, bir gün bir çoxunuz həqiqətə varacaq və məni təsdiqləyəcəksiniz.

Həzrət Məhəmməd (s.a.s.) nə möhtəşəm mürşiddir! Bu gün Onun tələbələri mistizm dünyasında, yoqa dünyasında süni mürşid anlayışını elə məhv eləyiblər ki, qəfl qara yellər əsməsə, elə indidən "Gələcək Həzrət Məhəmmədindir (s.a.s.)!" – deyə bilərik. Bəli, Muhyiddin ibn Ərəbi və onun kimi böyük insanların sayəsində bu gün Almaniyada üstəlik alman əsilli minlərlə müsəlman "Həzrət Məhəmməd" deyə hayqırır. Əgər Əbdülqadir Geylani, Mövlana, Muhyiddin və İmam Rəbbani bir yerdə, bir diyarda qəlblərə yol tapıb könüllərin ibrəsini Həzrət Məhəmmədə (s.a.s) tərəf çevirə bilirlərsə, bu, tamamilə onların ustadına – Son Peyğəmbərə aid müqəddəs bir gücdən qaynaqlanır.

Həzrət Mövlana nəhəng şəxsiyyətdir. (Bəzilərinin ona fərqli aspektdən yanaşması, hətta Peyğəmbərimizin yerinə qoymağa çalışması, "filan-fəsməkan" peyğəmbərdir deməsi bir yana!) Həzrət Mövlana sonsuzluq dəryasına baş vurmuş böyük insanlardan və mələkut[11] aləmini seyrə dalmış hikmət ərənlərindəndir. Eşqin, iztirabın, həyəcanın, səmimiyyətin bənzərsiz təcəssümü və uca həqiqətə, mütləq həqiqətə təşbehlərlə, təmsillərlə varmağın ən böyük kaşiflərindən biridir. Həzrət Mövlana Cəlaləddin Rumi həm də söz ustadıdır. Onun da əlində sehrli bir əsa vardır və məclisinə girən, əsərlərini vərəqləyən mütləq ovsunlanır.

3. ...Və söz ustadları

Allah Rəsulu ərəb söz sənətkarlarının şahı, Əcəm bəlağət ustadlarının da şahənşahıdır.

Bu sahədə də Onun saysız-hesabsız şahidi vardır. Həsən ibn Sabitdən Kab ibn Malikə, Abdullah ibn Rəvahadan Kab ibn Züheyr ibn Əbi Sülməyə, Ləbiddən Xansa binti Züheyrə.. və ondan da bütün Abbasi, Əməvi, Səlcuqlu ədiblərinəcən nə qədər söz ustadı varsa, ən gözəl əsərlərini Ona, Onun dürr kəlamlarına və məfkurəsinə həsr etmiş və Böyük Ustad qarşısında kamali-ədəblə baş əymişlər. Bir də İran şairləri...

Haydar Bammad Hötenin bir gün şahzadə Müllerə belə dediyini nəql edir: "İslam tarixində xüsusilə, Səlcuqluların, Abbasilərin və iranlıların yaşadığı İranda müxtəlif dövrlərdə nəhəng şairlər yetişmişdir. Lakin İslam dünyasında bunların yalnız dördü-beşi qəbul edilir."

Almaniyada dilin heysiyyətini özünə qaytaran və onu yenidən kəşf edən, xüsusilə "Faust" əsəri ilə ədəbiyyatda yeni çığır açan Höte deyir ki:

"Bu ölkədə müxtəlif dövrlərdə nəhəng ədiblər yetişmişdir, lakin İslam dünyası bunların beşini götürür: Mövlana Cəlaləddin Rumi, Hafiz, Firdovsi, Ənvəri, Nizami. Qalanını kənara atırlar, yəni onları şair saymırlar. Bu "şair deyil" deyə bir kənara atılanlar arasında elələri vardır ki, (Hötenin sözüdür) mən onların əlinə su tökməyə yaramaram."

Bilmiriksə bilək, Hafizi təqlid etməyən Qərbli yoxdur. Osmanlı ədəbiyyatına da güclü təsir etmişdir. Bəli, bu böyük insanlar iranlısı ilə, turanlısı ilə Həzrət Məhəmməd (s.a.s) məktəbinin tələbələri və Onun irsindən istifadə edən misilsiz dühalardır.

Sizə daha çox şey ərz etmək olardı.. amma sizi yormamaq üçün qısa kəsirəm, çünki Onunla əlaqədar hələ nə qədər məsələyə toxunmağı düşünürəm.. və təbii ki, bir də Onun hərbi yönünə...

[1] İbn Əsir, "Əl-kamil fit-tarix", 3/451.
[2] İbn Əsir, "Əl-kamil fit-tarix", 4/267-268.
[3] Kasım ibn Kutluboğa, "Tacut-teracim", s. 183.
[4] İbn Həcər, "Müqəddimətü fəthil-bari", 1/7, 489;Nəvəvi, "Şərhi-səhihi-Müslim", 1/21.
[5] İbn Həcər, "Müqəddimətü fəthil-bari", 1/7.
[6] İmanım – red.
[7] Əliyyul-Qari, "Əl-masnu", s. 149.
[8] "Fütuhul-qeyb". Əbdülqadir Geylaninin əsəri.
[9] "Fususül-Hikəm", "Fütuhatı-Məkkiyə". Muhyiddin Ərəbinin əsərləri.
[10] "Məscidi-kəramatil-övliya", 2/158.
[11] Hər şeyin öz mərtəbəsində, öz səviyyəsində o səviyyəyə münasib ruhu, canı, həqiqəti. Bir şeyin mahiyyəti. b. Ruhlar aləmi.