Zatur-Riqa və Müreysi

Zatur-Riqa və Müreysi

Hicrətin 4-cü ilində də bu cür hərbi səfərlər təşkil edildi. Bu ərəfədə Ənmar və Saləbə qəbilələri Mədinəyə hücum etməyə qərar vermişdilər ki, hadisədən xəbər tutan Allah Rəsulu 400 nəfər səhabə götürüb Zatür-Riqa adlı yerə getdi. Ancaq Ənmar və Saləbə qəbilələri müsəlmanların gəldiyini eşidən kimi gizlənməyə yer axtardılar... hərb olmadı[1]. Ancaq bu da müsəlmanların zəfər xanasına yazılan yürüşlərdən biri idi.

Bu hadisədən az sonra Müreysi və ya Müstəliq oğullarının üzərinə yürüşə çıxdılar. Müreysi Mədinədən 9 mənzil uzaqda yerləşən bir yerdir. Burada yaşayan müşriklər Məkkə müşriklərinin hiyləsinə aldanıb Mədinəyə hücum etmək qərarına gəlmişdilər. Allah Rəsulu Büreydə ibn Husayb vasitəsilə xəbərin doğru olub-olmadığını araşdırdı. Gələn xəbəri Büreydə də təsdiq etdi.

Peyğəmbərimiz ordusu ilə onların üstünə yeridi. Müşriklərin çoxu müsəlmanların gəlişindən xəbər tutar-tutmaz qaçıb dağıldı. Bir dəstə müşrik isə Allah Rəsulunun qabağına çıxdı və baş verən döyüşdə müsəlmanlara məğlub oldu. Bu qarşılaşmada bir nəfərdən savayı, müsəlmanlardan heç kimə bir şey olmamış, qarşı tərəfdən isə 10 adam öldürülmüşdü. Müsəlmanlar Mədinəyə 600 əsir, 2000 dəvə və 5000 xırdabuynuz heyvanla qayıtdılar. Beləcə Allah Rəsulu zəfər silsiləsinə birini də əlavə etdi.[2]

Bu yürüşdən qayıdanda bəzi münafiqlər həm qənimətdən pay almaq, həm də müsəlmanların arasına nifaq salmaq üçün ordunun içinə sızdılar. Hətta dəvəni birinci sulamaq üstündə mübahisə edən iki müsəlman – biri ənsar, biri mühacir – arasında nifaq salmağa təşəbbüs göstərdilər. Və yenə həmin münafiqlər isməti ayə ilə isbat olunmuş mələk iffətli Aişə anamıza (radiyallahu anha) məlum böhtanı bu səfərdən qayıdanda atdılar.[3] Və yenə bu səfərdən qayıdanda münafiqlərin başçısı Abdullah ibn Übeyy ibn Səlul "Mədinəyə qayıdanda əziz olanlar zəlil olanları oradan çıxaracaq!" demiş, özünü əziz, Peyğəmbərimizi və müsəlmanları isə – haşa – zəlil kimi qələmə vermişdi.[4] Ancaq onun oğlu böyük səhabə Abdullah (r.a.) Mədinəyə girhagirdə: "Əziz Məhəmməd (s.a.s), zəlil isə mənəm" demədikcə səni Mədinəyə qoymaram!" demiş, atasını Peyğəmbərimizin izzətini etiraf etmədikcə Mədinəyə buraxmamışdı.[5]

[1] İbn Sad, "Ət-təbəqatul-kübra", 2/61.
[2] Əl-Vaqidi, "Məğazi", 1/404-410; İbn Sad, "Ət-təbəqatul-kübra", 2/63-64.
[3] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/260-274; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/160-164.
[4] Buxari, "Mənaqib", 8; Müslim, "Birr", 63.
[5] Hümeydi, "Müsnəd, 2/520; Qurtubi, "Əl-məscidi li ehkamul-Quran", 18/129; Hey­səmi, "Məcməüz-zəvaid", 9/317-318.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.