Ağ saçlar möminin nurudur

Allah Rəsulu Peyğəmbərimiz: "Allah gəncliyini Haqqa itaət yoluna həsr edən və qeyri-məşru şəhvət arxasınca düşməyən gənci çox bəyənir," – buyurmuşdur. Ardınca da o bəxtəvər gəncə bütün dünyəvi cazibədarlığı unutduran müjdəsini vermişdir: "Allah özünü ibadətə həsr edən gənci mələklərinə göstərər və özünə xas paklığı və müqəddəsliyi ilə fəxr edər və ona belə deyər: “Ey şəhvətini Mənim üçün tərk edən gənc! Ey gəncliyini Mənə həsr edən igid! Sən Mənim nəzərimdə bəzi mələklərim kimisən".

Belə bir müqəddəs xitaba ünvan olmaq üçün canlar verilsə, dəyməzmi?!. Ağıllı insan günah arxasınca düşüb şeytana oyuncaq olmaq əvəzinə, ilahi rizaya aparan yollara yolçu olub əbədi və ülvi cənnət zövqünü müvəqqəti və səfil ləzzətlərdən üstün tutmalı deyilmi?!

Gənc nəsillər əksəriyyəti uzun illər bu həqiqətdən xəbərsiz yaşadı; bir boşluqdan başqasına sürükləndi; ruhlara can verən, qanad verən sistemli düşüncədən uzaq, öz daxili, mənəvi dərinliklərinə yad və axirət həqiqətinə laqeyd ömür sürdü, beləcə daxili əzab, ələm, iztirab və bədbinlikdən qurtula bilmədi və bir-bir hədər olub getdi. Fəqət illərlə çəkdiyimiz sıxıntılara rəğmən, Allaha sonsuz şükrlər olsun ki, bu gün millət olaraq həsrətini çəkdiyimiz mənəvi və ruhani oyanışın yüzlərlə əlamətini görürük. Artıq əksər gənclərin çöhrəsində tərtəmiz həyanın izlərini, hal-hərəkətlərində saf səmimiyyəti və vicdanlarında da coşub-daşan həyəcanı müşahidə edirik.

Bəli, bir tərəfdə bu vəsflərə malik gənclərin hər gün fərdi planda daha da dərinləşib ənginləşdiyini, cəmiyyətin sıxıntılarına çarələr axtarıb iztirablarına şərik olduğunu və hər şeyini millətin səadəti uğrunda fəda etdiyini, min bir məhrumiyyət içində ola-ola başqalarının vicdan və ruhunu “doyurmağa” çalışdığını heyranlıqla seyr edir və sevinirik. Lakin əfsuslar olsun ki, digər tərəfdə hələ də şəhvani arzuların pəncəsində, bəşəri boşluqların təsirində, ad-san sevgisi, şan-şöhrət həvəsi, gün-güzəran dərdi və tamah kimi insanın daxili aləmini zülmətə çevirən xəstəliklərin caynağında can verən və ümid səmamızda bir-bir sönən gəncləri görüncə çox kədərlənirik.

"Mənim bir itkim var!"

Bildiyiniz kimi, on beş-on altı yaşlarında hələ İslam əxlaqını bilmədiyinə görə ətrafdakı qadınları narahat edən Cüleybib Rəsuli-Əkrəmi tanıyıb Onunla nura qərq olunca və Onun iffət duasını alınca Mədinənin ən həyalı gənclərindən birinə çevrildi. Çox keçmədən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onu yeniyetmə qızları olan bir ailəyə göndərmiş, vasitəçilik etmiş və evləndirmişdi. Üç-beş həftə sonra da cihad sınağına çəkilmiş və Cüleybib (radıyallahu anh) orada şəhidlik şərbətini içmişdi. Döyüş sona yetincə hər kəs şəhidlərini axtarmağa başlamışdı – cəsədini mücahidə meydanında qoyub ruhu ilə o biri aləmlərə pərvazlanan şəhidlərini.

O həngamədə Şəfqət Peyğəmbəri səsləndi: "Yaxınlarını tapa bilməyən varmı?" Səhabələr: "Xeyr, ya Rəsulullah, axtardığımız hər kəsi tapdıq," – dedilər. Bu zaman Qəmgin Nəbi gözləri yaşlı: "Amma mənim bir itkim var. Mən Cüleybibimi itirdim!" dedi və övladını itirmiş, qəlbi yaralı bir ata tək itkisini, xeyr, xeyr, igidini axtardı.. uzun axtarışdan sonra onu tapdı, başını mübarək dizinə qoydu və belə buyurdu: "Allahım, bu məndəndir, mən də ondanam".

Görürürükmü Kainatın Fəxri Peyğəmbərimizin (s.ə.s.) nöqsana baxmadan hər kəsə qucaq açma səyini?!. Anlaya bilirikmi Fəzilət Günəşinin yoldaşlarına sahib çıxma və onlara vəfalı olma həssaslığını?!. Və dərk edə bilirikmi İnsanlığın İftixarının bununla bizə nə demək istədiyini?!.

Bəli, bizə hər kəsə qucaq açmaq, hər yıxılana əl uzatmaq, hər könülə girmək və hər qəlbi iman nuru ilə işıqlandırmağa çalışmaq düşür.

Xeyirli qoca Allah yolunu seçəndir

Bir tərəfdə iffət abidəsi gənclər var. Bir tərəfdə də əfsuslar olsun ki, yaşlandığı və axirətin izləri saç və saqqalına düşdüyü halda heç cür dünya ehtirasından qurtula bilməyən, özünü axirətə həsr edə bilməyən, imanını coşdura bilməyən, həvəspərəst gənclərə xas həyat tərzindən əl çəkə bilməyən və hələ də ölməyəcəkmiş kimi dünyaya aşiq yaşlı insanlar var. Nəbilər Sərvəri Peyğəmbərimiz (s.ə.s.) bunların fəna insanlar olduğunu bəyan edir.

Halbuki insan ömründə hər mərhələnin özünəxas çətin, ağır və mənfi yönləri olduğu kimi, başqa yaş dövrlərində olmayan gözəl, müsbət və səmərəli cəhətləri də var. Yaşlılıq nə qədər əhli-dünya tərəfindən yaxşı qarşılanmasa da, əl-ayaqdan düşməmə və başqalarına möhtac olmama şərtilə – belə halların axirətdə necə mükafatlara səbəb olacağını da ancaq Allah bilir – insana çox şeylər qazandıra bilər. Necə ki "Ağ saçlar möminin nurudur" deyən Allah Rəsulu (sallallahu əleyhi vəsəlləm) başqa bir hədisində də: "Müsəlman saçına düşən hər dənə görə savab alar. Bu ağ saçla ya dərəcəsi yüksələr, ya da bir günahı silinər," – buyurur.

Həmçinin Həbibi Əkrəm Peyğəmbərimiz "Saçlarına düşən dənlə nurlanmış, bu nurla günahlarından arınmış və mənəvi dərəcəsi yüksəlmiş bir qoca səmimi qəlbdən əl açıb dua edərsə, Cənabi-Haqq dərhal onun duasına cavab verər, hətta bu duanı cavabsız qoymaqdan həya edər" müjdəsini verir. Allah-təalanın Onun yolunda saçlarını ağardan insana əzab verməyəcəyini bizə çatdıran Allah Rəsulu mərhəmətə möhtac olan yaşlılara ən böyük bir təsəlli qaynağı göstərmişdir. Buna görə də Həzrəti İbrahim (əleyhissalam) başındakı ağ tellərin mələklər qatında kamillik və vüqar nişanı olduğunu öyrəndiyi zaman: "Vüqarımı artır, Allahım," deyə dua etmişdi.

Elə isə, xeyirli qoca Allah yolunu seçən qocadır. O, Rəsulullahı, dostlarını və möhtəşəm axirət yamaclarını seçən könlü gənc Haqq qəhrəmanıdır. O, həva və həvəsi təhrik edən bütün fani şeylərdən üz çevirmiş, ömrünü hər varlığın simasında İlahi isimlərin əksini müşahidə etməyə həsr etmiş və bu maddiyyat ölkəsini axirəti qazanmaq üçün işlədən bəxtəvərdir. O, qəlbin ziyası sayəsində büdrəmədən yol gedən, imanının dərəcəsinə görə qarşısına çıxan bir çox maneəni qanadlanaraq aşmağa çalışan, dostların görüş yeri – axirət həsrəti ilə yanıb-qovrulan, Allahın mərhəmətinə olan ümidinin misri qılıncı ilə bütün ümidsizlik bütlərini parça-parça edən və hər addımda gördüyü ölümə təbəssümlə baxan, qəbrə gülə-gülə can atan bir iman abidəsidir.

Xülasə

  • Gənc nəsillər əksəriyyəti uzun illər bu həqiqətdən xəbərsiz yaşadı; bir boşluqdan başqasına sürükləndi; ruhlara can verən, qanad verən sistemli düşüncədən uzaq, öz daxili, mənəvi dərinliklərinə yad və axirət həqiqətinə laqeyd ömür sürdü, beləcə daxili əzab, ələm, iztirab və bədbinlikdən qurtula bilmədi və bir-bir hədər olub getdi.
  • Bir tərəfdə də əfsuslar olsun ki, yaşlandığı və axirətin izləri saç və saqqalına düşdüyü halda heç cür dünya ehtirasından qurtula bilməyən, özünü axirətə həsr edə bilməyən, imanını coşdura bilməyən, həvapərəst, həvəspərəst gənclərə xas həyat tərzindən əl çəkə bilməyən və hələ də ölməyəcəkmiş kimi dünyaya aşıq olan yaşlı insanlar var.
  • Həbibi Əkrəm Peyğəmbərimiz "Saçlarına düşən dənlə nurlanmış, bu nurla günahlarından arınmış və mənəvi dərəcəsi yüksəlmiş bir qoca səmimi qəlbdən əl açıb dua edərsə, Cənabi-Haqq dərhal onun duasına cavab verər, hətta bu duanı cavabsız qoymaqdan həya edər" müjdəsini verir.

"Damad əfəndi"

"Məcməul-Ənhür" əsərinin müəllifi Məhəmməd b. Süleyman "Damad əfəndi" ləqəbi ilə məşhurdur. Çünki bu iffət abidəsi tələbəlik dövründə gecə yarısı şam işığında dərsə hazırlaşır. Elmi mütəilələrlə məşğul olduğu vaxt qapısı döyülür. Gecənin bu vaxtında qapının döyülməsi onu təəccübləndirir və cəld qapını açır. Qapını açan Məhəmməd b. Süleyman qapıda gözəl bir qız görür. Gələn qonaq yolu azdığını və ətrafda başqa işıq görmədiyi üçün onun qapısını döyməyə məcbur qaldığını deyir.

Gənc Məhəmməd b. Süleyman çarəsiz qalıb qonağı qəbul etməyə məcbur olur. Ona istirahət etmək üçün bir künc göstərir və səhərə qədər dərsini oxuyur. Utancaq və oğrun-oğrun Süleymana baxan qız bu iffətli tələbənin hərəkətinə təəccüb edir; belə ki, Süleyman aradabir barmağını yanan şama tutur, bir qədər saxlayıb geri çəkirdi. Bunu bir dəfə deyil, dəfələrlə təkrarlayır. Beləcə səhər olur.

Dan yeri ağarandan sonra gənc qız evinə qayıdır. Soruşa-soruşa Osmanlı vəzirinin sarayına çatır. Sən demə bu qız vəzirin qızı imiş. Saray əhli ondan gecəni harada və necə keçirdiyini soruşur, çünki bütün gecə onu axtarmış, ancaq heç cür tapa bilməmişdilər. Gənc qız başına gələnləri və əsas da onu qonaq saxlayan tələbənin qəribə hərəkətini danışır. Vəzir qızına kömək edən o gənci sarayına dəvət edir və nə üçün səhərə qədər əlini yanan şama tutduğunu soruşur. Yusif üzlü gənc: "Yol azıb qapımı döyən qonağı çöldə qoya bilməzdim; onu daxmama qəbul etdim. Nəfsimin tələsinə düşməmək üçün də əlimi hərdənbir şamın Cəhənnəmi xatırladan oduna tutdum. Şeytan məni aldatmaq istəyəndə barmağımı oda tutaraq nəfsimə cəhənnəm əzabını xatırlatdım və beləcə yanlış hərəkətdən qurtuldum".

Bəli, bu gənc isməti, iffəti, axirət şüuru ilə vəzirin çox xoşuna gəlir və vəzir qızını ona verir. Bu hadisədən sonra "Damad əfəndi" ləqəbi ilə məşhurlaşır. Xeyirli gənc Məhəmməd b. Süleyman kimi, bu dünyanın cazibədar gözəlliklərinə qapılmayan və daim əbədi səadət diyarına can atan insandır.

Həftənin duası

Ey Rəbbimiz! Ən böyük diləyimiz bu qədər xəta və qüsurlarımıza rəğmən bizi yalqız qoyma. Hər cür xətanın səbəbkarı biz olsaq da, Sənin mərhəmətin qəzəbindən çoxdur.
Nə olar yaxınlığını uzaqlığı ilə görünməz, duyulmaz hala gətirən biz qullarına yaxın olduğunu hiss etdir! Bizə hər şeydə Səni görən gözlər, hər nəğmədə Səni duyan qulaqlar lütf edərək düşüncə və ifadələrimizi varlığına tərcüman et! Yaxınlığını könüllərimizə elə duyur ki, ömürümüzün hər anını "Sən, Sən" zümzüməsi ilə keçirək.

Sözün cövhəri

Gənc insan güc, qüvvət və zəkanın fidanıdır. Təlim-tərbiyə görsə, çətinliklərə qalib gələn Herakl, könüllərə işıq və dünyaya nizam vəd edən bir qəhrəmana çevrilə bilər.
Gənc ona tərbiyə ilə kömək əli uzadılana qədər yetişdiyi mühit, həvəs və zövqün pərvanəsi; elm, bəsirət və məntiqdən uzaq bir dəliqanlıdır. Gənci keçmişi ilə bütünləşdirib gələcəyə hazırlayan yaxşı bir tərbiyə isə onu istiqbalın Öməri edəcəkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.