Bayram düşüncələri

Bayram düşüncələri

Qurban bayramı Həzrəti İbrahim və İsmayıldan bu günə qədər daim qəhrəmanlığın, fədakarlığın və təslimiyyətin rəmzi olmuşdur. Qurban bayramı orduların döyüşə gedişi kimi gur təkbirlərlə gəlir və bir vəlvələ salaraq hər yanda əks-səda verir. Bu bayramda həm nəğmə və şeir, həm də döyüş meydanlarının nərələrlə haqqı hayqıran səsləri iç-içədir.

Qurban bayramında evlər, küçələr, məbədlər, dağlar, daşlar təkbirlərlə lərzəyə gəlir. Minarələrdən yüksələn təmcidlər (Sabah namazı vaxtından öncə minarələrdə söylənən İlahi, niyaz) ən məstedici nəğmələrlə dalğa-dalğa yayılaraq evlərimizə çatınca, kənd-şəhər, el-oba, çöl-çəmənlik qoyun-quzuların mələrtisi ilə əhatə olunur. Bu müqəddəs zaman dilimində hər kəs, hər şey və hər yer, sanki dilə gəlir və danışır. Ərafat məhşər kimi qaynayır və köpürür, hesab meydanı kimi əndişə və ümid yayır.. Müzdəlifə, Mina yoldakıların təlaş və tədarükü ilə uğuldayır.. Kəbə qəlbi həsrətlə yanan qüfrana susamışların nəbzi kimi vurur.. və bütün bu sədalar, alıb-verilən nəfəslər Haqq qarşısında divan durmuş inildəyən ən mükərrəm qulların harayları kimi veraların (Kənar. Başqa tərəf. Arxa, geri-axirət aləmi nəzərdə tutulur) qapılarını döyür. Sanki əbədiyyət tərənnüm edən bu səslərlə hislərimizin hüdudsuzluq, xəyallarımızın sonsuzluq vəzifəsini əda etməsi kimi, duyğularımızın bütün xəzinələri açılır.. və bütün gizli hislərimiz sapı qırılmış təsbeh muncuqları kimi hər yana saçılır. Hər yanda coşa-coşa Haqq dərgahına yüksələn bu sehrli səsləri duyub könüllərimizdə cənnət mehi kimi əsən sevinc və şadlığı yaşadıqca sanki eşqdən, şövqdən və bayramın füsunkarlığından süzülmüş həyatbəxş bir iksiri içirik.

Xülasə
  • Qurban Bayramı Həzrəti İbrahim və İsmayıldan bugünədək bir qəhrəmanlıq, fədakarlıq, hasbilik və təslimiyyət simvolu olmuşdur.
  • Həcdə hər yerin ümumi dili olan "təkbir" və "təlbiyə" lərlə ən mübhəm düşüncələrimizi elan edərək bir mənada məhşər sınağına giririk.
  • Bayramlar səmavi lütflərin leysan olub bəndələrin üstünə yağdığı, Allahın insanları bağışlamaq üçün bəxş etdiyi qiymətli zaman dilimləridir.

İmana məzhər olmanın, Haqqa qulluğun, qulluqda şüurun könüllərimizi ucaltdığı zirvələrdən yeridiyimiz yolu seyr edir, taleyin bizə yazdığı kitabın səhifələrini çevirib "Kitab, budur!" deyir və bəxtimizə təbəssümlər saçırıq. Bu nailiyyət və mövhibələrin (hədiyyə, bəxşiş, ehsan) dadı, ləzzəti ruhlarımızı elə bürüyür ki, gözlərimiz şükürlə ətrafa nəzər salır, duyğularımız bahar kimi yaşıl don geyinir.. və ruhlarımızın qapısını çalan ilham və ruhlarımızdan lahut aləminə yüksələn inayət qanadlı dualar, minacatlar, iniltilər fövqəlfitrət səmavi bir mənaya, bir ab-havaya və bir dəyərə yüksəlir. Belə ki, hər bir saat, hər bir dəqiqə, hər bir iş, hər bir imkan daha dərindən yaşanmağa, daha şüurlu dəyərləndirilməyə ləyaqət qazanır; qazanır və ruhani zövqlərlə coşmuş vicdanlar: "Lütfünü artır, Allahım!" deyib daha da məst olmaq istəyirlər.

Bayram günləri dini və məşru adətlərin səfalı iqlimində ibadətlərlə həzzə və ruhani həzlərlə ibadət şadlığına büründükcə, yenidən var olduğumuzu, əbədiləşdiyimizi, qəlblərimizin kövnü-məkanlar qədər gənişləndiyini və şüurlarımızın İlahi ehsanlarla işıqlandığını daha açıq-aydın duyur.. və maddiyyatımızın əriyib mənəviyyata qarışdığını, tamamilə ruhaniləşdiyimizi sanırıq.. sanırıq və imanın daim könüllərimizə pıçıldadığı əzəli vədlərə doğru bir çay kimi axırıq.

Bayram günlərində yaşadığımız duyğularla gah qollarımıza qanad taxıb havalanır, gah da şən, ahəngli və hamar bir yol ilə ruh aləminə doğru addımlayırıq. Bəzən səmada heç qanad çırpmadan sağa-sola süzülən quşlar kimi, bəzən ağacların başlarında həzin-həzin tərpənən yarpaqlar kimi, bəzən də rüzgarın toxunuşu ilə yellənən, yelləndikcə də ətrafa ətir saçan çiçəklər kimi zərifləşir, incəlir və qələmdən süzülən şeirə dönürük.

Bəzən tamamilə riqqətə qərq olur və duyduğumuz hər təkbir, hər təhlil, hər üxrəvi səs və sözlə elə ağlayır, elə ağlayırıq ki, başdan ayağa islanırıq göz yaşlarımızla. Bəzən sevincə qərq olur və sanki fişənglərə minib səmada saçılan rəngarəng işıqlarla əl-ələ gəzirik.. bəzən də sanki sehrli bir səccadə üstündə fəzada ulduzlar arasında səyahət edirik. Bəzən qoyun-quzu mələşməsi ilə riqqətə gəlir, duyğulanır və qeyri-adi hislərin təsiri ilə şam kimi için-için yanıb əriyirik.. bəzən də bunları o qədər təbii, yerli yerində və baş gicəlləndirici bir ahəngdə görürük ki, "Bundan daha mükəmməli ola bilməz" deyir, taleyin sirli naxışları qarşısında ovsunlanırıq.

Bəzən minarələrdən yüksələn təmcidlər, azanlar, məscidlərdən hər yana səs salan təkbirlər, Quranlar və bunların vicdanlarda meydana gətirdiyi əks-sədalar elə şeirləşir, insanların daxili aləminə elə hopur və onları ovsunlayır ki, zənnimcə, könül dünyamızda heç bir zövq nə bu dərinliyə çata bilər, nə də bu nailiyyətə. Üstəlik bu səs və bu sözlərə həzin nəğmə kimi səhər yeli də qarışıb əsincə həyəcanlarımız diləgəlməz bir səviyyəyə ucalır, hislərimiz də tufan kimi coşub daşır.

Xüsusilə, həcc əsnasında hər yerin ümumi dil və ümumi şivəsi olan "təkbir"lər və "təlbiyə (Ləbbeyk Allahummə Ləbbeyk)"lərlə ən gizli düşüncələrimizi, ən möhtərəm qənaətlərimizi uca səslə elan edərək və ən sirli hislərimizi ən ürəkyaxan nəğmələrlə dilə gətirərək sanki bir məhşər gününə hazırlanırıq. Bu çox munis və bir o qədər də tükürpərdən mənzərələr qarşısında son dərəcədə dərin və bir o qədər də təbii sözlərlə daim məkan dəyişdirərək gəzir, vəzifələrimizi əda edirik, lakin daim arxamız cəhənnəmə dönük, gözlərimiz cənnətin tüllənən şəfəqləri ilə məst, qəlblərimiz də İlahi rizanın arxasında...

Məhz bu duyğularla bizə biçilən hüdudları tamamilə aşaraq, bütün xudkamlıqlarımızdan xilas olaraq, taxtımızı qəlb və ruhun səmasına qurur, dünyaya baxan yönü ilə cismaniyyət və maddiyat küllərini sağa-sola sovurur və vicdanın bir küncündə gizlətdiyimiz cənnətdən gətirilmiş qığılcımları bir daha alovlandırır.. və o alov, o hərarət, o işıq altında bu yeni varlığımızı ürəkdən salamlayır, taleyimizə təbəssümlər saçırıq.

Zikir və şükür meydanı bayramlar

Bayramlar səmavi lütf və ehsanların qulların başına leysantək yağdığı sehrli bir zaman kəsimidir. İnsan bu ilahi lütf və ərməğanların müqabilində həmd-səna və şövq-şükür hisləri ilə coşub daşmalıdır. Yoxsa bayramı sırf əyləncədən, gülüb-oynamaqdan ibarət saymaq doğru olmaz. Bəli, bayram günləri Cənabi-Allahın insanları bağışlamaq üçün lütf etdiyi fürsətdir. O halda insan imkan daxilində bu müqəddəs günləri coşqun qəlb və hissiyyatla, üxrəvi dərinlik və mənəvi ənginliklə qarşılamalıdır. Hz. Piri-Muğan da bir yerdə bu məsələni diqqətə çatdırır: "...buna görə də, bayramlarda qəflətə düşüb qeyri-məşru yollara sapmamaq üçün rəvayətlərdə zikrullah (Allahı zikir) və şükür təşviq edilir ki, şadlıq və sevinc neməti şükrə çevrilib mütəmadi və ziyadə olsun. Çünki şükür neməti çoxaldır, qəflət isə qaçırır."

Süzgəcdən keçmiş adət-ənənələr

Əslində nə əsri-səadətdə, nə də sonrakı nurani əsrlərdə bu müqəddəs bayram günləri haqqında fiqh kitablarının ortaya qoyduğu məsələlər istisna olmaqla, hazırkı fəaliyyətlərin bənzərinə rastlamaq mümkün deyil. Yəni İslamiyyətin ilk əsrlərində bayram günlərində səfərlər təşkil etmək, tədbir keçirmək, rəngarəng işıqlar altında gəzinmək, ev-ev gəzib böyüklərin əlindən öpmək, uşaqlar üçün arafalıq yığmaq kimi adətlərə rast gəlmirik. Ancaq türklər İslamı qəbul edəndə adət-ənənələrini dinin möhkəmat və şəri dəlillər süzgəcindən keçirmiş və həmin adət-ənənələrlə birlikdə müsəlman olmuşlar. Odur ki, xalqımız bayramlarda əl öpmə, qohum-əqrəbaya baş çəkmə, insanları şad, gülərüz qarşılama kimi bəzi adətləri dinin təməl prinsiplərinə zidd görməmiş və beləcə adət-ənənə şəklində bu günə qədər qoruyub saxlamışdır.

Mübarək və feyizli bayram günlərində əməllərin qarşılığı qat-qat verilir, ona görə də bayramın hər anından sevgi, dostluq, qardaşlıq və xeyirxahlıq naminə səmərəli istifadə etmək lazımdır. Məsələn, bayramların hər kəsi bağrına basan, hər kəsə qucaq açan o yumşaq və müsamihəli ab-havasında küsülüləri barışdıra, insanların bir-biri ilə qaynayıb qarışması üçün tədbirlər görə, böyüklərə baş çəkərək onları sevindirə, hədiyyələrlə balacaların üzünü güldürə bilərik.

Həftənin duası

Ey mərhəməti sonsuz Uca Allahımız! Biz aciz və nöqsanlarla dolu qullarını sevmədiyin və razı olmadığın yollardan hifz et.. Sənin uca dərgahında faydasız sayılan bütün əməllərdən uzaq et.. bütün çirkli düşüncələrdən və xəyallardan da zehnimizi və qəlbimizi qoru .. ənbiya və mürsəlini bəzədiyin kimi, bu möhtac bəndələrini də mövhibələrinlə süslə!..

Sözün cövhəri

Quran "Əgər O istəsə, sizi yox edib yerinizə başqa bir cədid xalq gətirər" (“İbrahim” surəsi, 14/19) ayəsi ilə dinin təravətini daima ruhən duyan insanlara diqqətimizi çəkir. Bu səbəblə də bayramın dəyərini qavramaq və onu layiqincə qiymətləndirmək ilk növbədə möhkəm iman və inancda mütəmadi yenilik tələb edir. Ülfətə (vərdiş) məğlub olmuş, sırf dədə-babalarından gördüyü kimi dinini yaşayan folklor müsəlmanlarının bayramların təravətini hiss etməsi olduqca çətindir.