Bədirdən Çanaqqalayadək Səbir Cəbhələri
İnsanın səbr edəcəyi məsələlər və mücadilə etməkdən qaçmamalı olduğu hadisələr hər dövrdə müxtəlif ola bilər. Məsələn; Çanaqqala dastanını al qanı ilə yazan Mehmetciyin mücahidəsi “Rabbənə əfriğ aleynə sabrən və səbbit əqdəmənə vənsurnə aləl-qavmil-kəfirin- “Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!” (Bəqərə Surəsi/250) deyilməli olan bir cihad meydanında cərəyan etmişdir. Bədir və Uhud kimi, Çanaqqala da Allahın inayəti ilə ilahi nüsrətlə və səbri-cəmil ilə ancaq aşılması mümkün olan bir əqabə olmuşdur. Müharibələrdən bezar olmuş bir millətdən geriyə qalan bir ovuc insanın hər cür maddi imkanlara sahib olan mütəşəkkil dəstələrlə gəlmiş ehtişamlı ordulara qarşı mübarizə apardığı bir əqabə... Orada düşmənin kin və nifrət qusan silahları qarşısında hər cür fəqrü-zərurətə məruz qalan Müsəlmanların iman dolu qəlbləri vardır. Çox tələfatlar verib, məzlumiyyətlərə düçar olmaları ilə yanaşı həm də igidlik və qəhrəmanlıq səhnələrinin onlarcasını, yüzlərcəsini oxuduğunuz, dinlədiyiniz o döyüş meydanı həqiqətən insanı heyrətləndirəcək mənzərələrlə doludur. Misal olaraq, son günlərdə xəyalımdan heç cür silinməyən bu mənzərə nə acılı və nə qədər əzab vericidir: Hələ heç hərbi təhsilini başa vurmadan sırf vətən eşqi və iman coşğusu ilə cəbhəyə qaçan bir Mehmetcik güllə-baran edilmişdir. Sağında-solunda şəhidlik şərbəti içməyən heç kim qalmamışdır. Çaşıb qalmışdı, çünki naşılığından nə edəcəyini də bilmirdi. Bir yolunu tapıb çətinliklə işləyən cəbhə telefonunu əlinə keçirir və qarşı tərəfdəki insana qışqıra-qışqıra halını ərz edir; “Komandirim, bütün yoldaşlarım şəhid oldular. Tək mən qaldım geridə. Nə edəcəyimi, hara çıxacağımı bilmirəm. Mənə yol göstərin!”, - deyir.
Məhz vətən torpağının, millətin qürur və şərəfinin ayaqaltı olması ehtimalı olan o yerdə canı bahasına da olsa səbr etməyi bacarmaq və Allahdan səbr və səbat diləmək şərt idi. Bədirdəkilər düşmənə qarşı elə səbr etdilər, Uhuddakılar elə səbr etdilər. Çanaqqaladakı igidlər də eyni sələfləri kimi səbr və səbat göstərdilər. Neçə əsrlik tariximizdə müxtəlif zəfərlərimizin hamısı eyni səbirlə qazanıldı. “Ölsəm şəhid, qalsam qazi olaram; ikisi də Allah tərəfindən bəxş edilən bir payədir mənim üçün. O da cana minnət, o birisi də!" deyən əcdadımız həmişə bu ülvi yalvarışı səsləndirdilər.
- tarixində yaradılmışdır.