Biz Ona Çox Mədyun, Çox Minnətdarıq

İnsanlığın Fəxri (sallallahu əleyhi və səlləm) həyatı boyu, əlbəttə ki, heç vaxt etdiyi xidmətlərə görə heç bir qarşılıq tələb etməmiş və "Sizin üçün filan-filan işlər gördüm!" deyə qətiyyən heç kəsə minnət qoymamışdır.

Ancaq müxtəlif hikmət və məsləhətə görə, Onun müxatəblərinə böyük bir nemət olduğunu xatırlatmasına az da olsa şahid oluruq. Məsələn, Huneyn müharibəsindən sonra baş verən hadisələr buna misal ola bilər. Bildiyiniz kimi, Huneyn müharibəsindən əldə edilən qənimətləri Allah Rəsulu (sallallahu əleyhi və səlləm) daha çox, qəlblərini İslama isindirmək istədiyi insanlara paylamış və xüsusilə, onlardan bəzilərinə pay ayırmışdı. Bununla O (sallallahu əleyhi və səlləm), yenicə müsəlman olmuş bu insanların könlünü almaq, onları da gələcəyin qəhrəman səhabələrinə çevirmək, səmahətini, əl açıqlığını nümayiş etdirərək onların qəlbində də imanın oturaqlaşmasını istəyirdi. Üstəlik bu insanların çoxu nüfuzlu insanlar idi. Siz fəqir-füqəraya baxır, onları qoruyursunuz, amma elə insan da var ki, onun könlünü aldığınız zaman arxasınca minlərlə insanın da könlünü almış olarsınız. O şəxs: "Buyurun gəlin!" – deyəndə arxasınca minlərlə insan da sizə qatılar. Böyük fətanət sahibi Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) qənimətin bölüşdürülməsində bu və buna bənzər bir çox hikmət və məsləhətləri olmuşdur. Hal-hazırda biz müəyyən dərcədə bunları düşünüb dərk edə bilirik, ancaq ogünkü şəraitdə ənsardan üç-beş gənc bunları dərk edə bilməmişdi. Dərk edə bilməmiş və: "Hələ onların qanı qılıncımızdan damlayır, halbuki ən böyük payı onlar alır!" demişdilər. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) dərhal muhacirləri ənsardan ayıraraq onların bir çadırın altında toplanmasını əmr etdi. Təbii bu incə məqam da strategiya baxımından başqa bir mövzunun predmetidir. Çünki ətrafda fitnəyə, dedi-qoduya yol aça biləcək söz-söhbətlər gəzirdi. Məsələ həll edilərkən fitnə və dedi-qodunun yayılmaması üçün mühacir topluluğa bu şayə çatmamalı idi. Üstəlik ənsara toplu şəkildə xitab etməklə, bu söz-söhbəti yayanlar arasında pərdə yırtılmamış, onlar şəxsən tənbehə tuş gəlməmişdilər. Bu da heç kəsin günahkar vəziyyətə düşməməsi, günahkarlıq psixologiyasına sürüklənməməsi üçün əhəmiyyətli idi. Xülasə, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) ənsarı bir yerə toplamış və onlara bu minnət ifadələrinə bənzər sözləri demişdi:

"Mən gələndə siz zəlalətdə deyildinizmi? Allah mənimlə sizə hidayət vermədimi? Mən gələndə siz yoxsulluq içində pərişan halda deyildinizmi?Allah mənimlə sizə var-dövlət vermədimi?Mən gələndə siz bir-birinizlə düşmən deyildinizmi? Allah mənimlə qəlblərinizi islah etmədimi?"Əlbəttə orada olanların çoxu, onsuz da, Ona (sallallahu əleyhi və səlləm) qəlbən tam inanmış insanlar idi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) hər cümləsini, hər sualını bitirdikcə hamısı birdən: “Bəli, bəli, minnət Allaha və Rəsuluna aiddir!" (Buhari, Menakıbül-ensar 1-2; Megazi 56) deyə gur səslə cavab verirdilər. Göründüyü kimi, burada, haşa, nemətləri onların başına qaxma, başa vurma yox, əksinə onları düşə biləcəkləri bir təhlükədən qurtarma, fitnənin önünü kəsmə və ortaya çıxmış problemi həll etmə məqsədi var.

Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bu xitabında həmçinin bizim üçün də ibrət vardır. Bu bəyanla Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) Allah nəzdindəki məqama və başımız üstündəki o uca məqama diqqət çəkilir. Bəli, biz Ona çox borclu, Ona çox minnətdarıq. Çünki O olmasa idi, dünyanın da bir mənası olmazdı. İmanımız varsa, Onun sayəsində var. Varlıq aləmini düzgün oxuya biliriksə, Onun sayəsində oxuyuruq. Hal-hazırda hidayət yolundayıqsa, əbədi səadət yurdunun röyalarını görür, Allahın rizasına nail olmağı hədəf seçmişiksə, bütün bunlar Onun rəhbərliyi, yol göstərməsi, yollarımıza nur çiləyib işıqlandırması sayəsindədir. Bu baxımdan minnət Onun haqqı, bunu etiraf etmək də bizim vəzifəmizdir.

Bir addım da qət edə bilməyən talesizlər

Mövzunun bizə baxan yönünə gələndə isə, əlbəttə ki, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) mövqeyi fərqli, bizim mövqeyimiz isə tamamilə fərqlidir. Bu səbəblə istər insanların yeməyi-içməyi, geyimi-keçimi; istərsə elm və mədəniyyətlərinə xidmət etmək, beləcə onlara doğru yolu göstərərək rəhbərlik, pişdarlıq və pişvalıq olsun.. xülasə hansı yolla olur-olsun, etdiyimiz yaxşılıqların heç birinə işarə dərəcəsində də olsa, minnət qoymağımız doğru deyildir. Bu mövzuda biz belə düşünməliyik: Allaha minlərlə həmd-səna olsun ki, bizi sizinlə birgə belə bir gözəl yola qoydu; imanımızın və islami həyatımızın, könül və ruh dünyamızın həqiqi bayramını görə bilməsək də, Rəbbimiz bizə əl-ələ, çiyin-çiyinə birlikdə bir bayram sevinci yaşatdı.

Bəli, etdiyimiz xidmət və yaxşılıqlara görə minnət qoyub qardaşlarımızı incitməməli, üzməməliyik. Bəzən başa düşülməmə, hiss edilməmə kimi hallar qarşısında bir insan olaraq incikliyimiz ola bilər. Ancaq belə hallarda bu duyğularımızı ifadə etməz və onları cilovlaya bilsək, inşallah, xətaya düşməmiş olarıq. Üstəlik, "Mən olmasaydım, haradan bu yolu tapıb doğrunu görə biləcəkdiniz?" kimi ifadələr işlətməyə, vəsilə olduğu xidmətlərlə qürrələnib başa qaxmağa heç kimin haqqı yoxdur. İstanbul kimi diyarları fəth edə bilər, Belqradlara, Viyanalara gedə bilər, qitələrə Peyğəmbərimizin o mübarək adını çatdıra bilərsiniz. Üstəlik, insanlar bütün bu nailiyyətləri sizin dühanızın nəticəsi kimi görüb, belə qəbul edə bilərlər. Lakin bu gözəllikləri sizi addımbaaddım izləyən o insanların başına qaxar, minnət halına gətirərsəniz, o böyük işlərin hamısının üstündən xətt çəkər, savabını silər, axirətdə isə əli boş qalarsınız. Bu qədər iş görməyinizə baxmayaraq bir addım yol gedə bilmədiyinizi axirətdə çarəsiz-çarəsiz seyr edərsiniz.

Xülasə

  • Peyğəmbərimiz (sallallahu əleyhi və sələm) həm həyatı və həm də kəlamları ilə Allah bizə üçün görülən işlərin əvəzində heç bir qarşılıq gözləməməyi öyrətmişdir.
  • Allah üçün edilən xidmətlərdən qürrələnib (bu xidmətləri) insanların başına qaxmağa haqqımız yoxdur. Çünki Allahın gücü və qüvvəti olmadan heç bir şey meydana gələ bilməz.
  • Xidmətləri başa qaxma –Allah qorusun– o böyük işlərin hamısının savabını puç edə bilər. Dolayısilə, axirətdə həmin işlərdə insana bir şey qalmaz.

Bir xatirə...

Əl-ələ, çiyin-çiyinə xidmət edən bir heyətin səmimi səyləri nəticəsində Cənabi-Haqqın elm və mədəniyyət dünyamıza lütf etdiyi bir müəssisənin açılış mərasiminə dəvət edilmişdim. Mərasimdə çıxış edənlərdən biri görülən işlərdən bəhs edərkən: "Bu günə qədər bu işləri, bu xidməti "bizdəniz" etdik, elədik, gördük…" kimi ifadələr işlətdi. Xətalı ifadə və möhtəviyyatın iç-içə olduğu bu naxoş haldan şəxsən çox utandım. Əvvəla bildiyiniz kimi, "bəndəniz" kəlməsi dilimizdə insanın özündən bəhs etmə məcburiyyətində qalanda müraciət olunan, xəcalətlə, utana-sıxıla ifadə edilən bir sözdür və "qul, kölə" mənasına gələn "bəndə" sözündən törəmişdir. Yəni "bəndəniz" deyəndə "qulunuz, köləniz" nəzərdə tutulur. Elə isə "bizdəniz"in söz və ifadə baxımından bir mənaya gəlmədiyi, səhv istifadə olunduğu ortadadır. Danışanda iddialı hal və üslubdan uzaq durulsa idi, səhv istifadə olunsa da təvazökarlığı xatırladan "bizdəniz" sözü, bəlkə, o qədər xoşagəlməz olmayacaqdı. Lakin dənizin coşqusuna bənzər bir üslubla, hafizanallah (Allah qorusun!), oradakı insanlara qarşı iddia, başa qaxma üslubu, havası vardı ki, düzü o səhnə qəlbimdə naxoş və ağrılı izlər buraxmışdı. Halbuki, bilirik ki, Allah istəsəydi o işi bir başqasına gördürərdi. Əgər O, bu şərəfi bir qula lütf edibsə, zənnimcə, Alvar İmamının dediyi kimi: "Deyil bu mənə layiq bu məndə. Mənə bu lütf ilə ehsan nədəndir?" deyilməli və "Necə olur ki, Allah bizim kimi yarım-yamalaq insanlara belə böyük işləri gördürür" anlayışı içində həmd-səna hisləri ilə dilə gətirilməli idi. Təqribən üstündən qırx il keçməsinə baxmayaraq, bir mənada çiy sayıla biləcək, ağrılı, insanın qəlbini yaralayan və səhv ifadə ilə ortaya çıxan bu xəta məzmunlu çıxışı, təəssüf ki, unuda bilmirəm. Unuda bilmədim və mövzunun əhəmiyyətini izah edə bilmək üçün bu xatirəmi sizinlə paylaşdım. Əgər səhv elədim, günaha girdimsə, Rəhməti Sonsuz Rəbbimdən bağışlanmaq diləyirəm.

Mövzuya bu xatirə aspektindən baxsaq, deyə bilərik ki, müxatəbi minnətlə sıxan söz, hal və rəftardan mümkün qədər çəkinməliyik. Heç olmasa, belə mənfi duyğuları iradəmizin haqqını verərək içimizdə saxlamalı, bizə lütf edilən iradənin varlığını ortaya qoya bilməliyik. Əgər bunun qarşısı alınmasa, məsələ daha təhlükəli səviyyəyə çatar. Bəli, insan əlindən gəldiyi qədər buna bənzər duyğuları lap başdan içində həbs etməli, kiçiltməli və əridib yox etməyə çalışmalıdır.

Həftənin duası

Allahım! Biz, Müsəlman qulların qəmli və kədərli halda hüzuruna gəldik. Səndən sıxıntılarımızı aradan qaldırmağını, qəm və kədərimizə çarə olmağını.. diləyirik, çünki Sən qapına can atanları heç vaxt əli boş qaytarmazsan. Başımıza gələn hər cür qəm, kədər, dərd və sıxıntıdan qurtulmaq üçün bizə dərgahından fərəc, bir çıxış yolu göndər. Amin..

Sözün cövhəri

Ustad Həzrətlərinin "Qardaşlarınızın məziyyətləri (üstünlükləri) ilə fəxr edin" tövsiyəsi tamamilə inancla bağlı bir məsələdir. İnancı möhkəm olmayan insanların bu həqiqəti bütün gerçəkliyi ilə yaşaya biləcəyini ehtimal etmək olmaz. Bəli, bir qardaşınızın dili dolaşması sizi narahat etmirsə və ya onun qəlblərə inşirah verən söhbəti sizi sevindirmirsə, deməli, siz hələ "qardaş" məqamına çatmamısınız.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.