Çox ağlayın, az gülün!

Peyğəmbərimiz əleyhissalatu vəssalam bir hədisdə belə buyurur: "Əgər mənim bildiyimi bilsəydiniz, çox ağlar, az gülərdiniz. Evinizi, döşəyinizi tərk edər, dağ başına çıxar Allaha iltica edərdiniz (sığınardınız)" (Buhari, Küsuf, 2; Müslim, Salat, 112). Əvvəla, bunu qeyd etmək yerinə düşərdi ki, insan Allahdan bildiyi, tanıdığı qədər qorxur və Onun mərhəmətinə ümidlə bağlanır. Həmçinin tanıdığı, dərk etdiyi qədər cəhənnəm əndişəsini daşıyır və bildiyi qədər cənnət şövqü ilə qanad açır. Yəni nəticə etibarilə, hər şey insanın biliyindən və mərifət üfüqündən asılıdır.

Şübhəsiz ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bizim bilmədiyimiz, çox fərqli şeylər də bilirdi. Əvvəla O (əleyhissalatu vəssalam), Allahı çox yaxşı dərk edirdi. Buna görə də Ondan bir itab (xəbərdarlıq) gəlməsindən çox qorxurdu. Ona bəzi mövzularda xəbərdarlıq edən ayələr nazil olunca rəngi-ruhu qaçır, saralıb-solurdu. Onun bu həyəcanı Rəbbini çox yaxşı tanımağın əlamətindən başqa bir şey deyildi. Bəli, Peyğəmbərimiz bu qədər həssas idi və bu həssaslıqdan doğan mülahizələrlə "Bildiyimi bilsəydiniz, çox ağlar, az gülərdiniz" deyirdi.

Bəzi örnəklərlə Peyğəmbərimizin bilmədiyimiz, görmədiyimiz şeylərə vaqif olduğunu izah etməyə çalışaq. Əleyhissalatu vəssalam hələ meraca yüksəlmədən əvvəl bir neçə dəfə cəhənnəmin təməssülünü görmüşdü. Bir dəfə camaata namaz qıldırarkən birdən-birə diksinib arxaya çəkilmiş, rəngi-ruhu dəyişmiş, qeyri-müəyyən hərəkətlər etməyə başlamışdı. Səhabələr bunun nə mənaya gəldiyini soruşduqda, "O dəhşətli Cəhənnəm qarşımda təməssül etdi, indiyə qədər onu bu qədər qorxunc görməmişdim" demişdi. Əleyhissalatu vəssalamın cəhənnəm həqiqətlərini görməsi Onun pak qəlbində ümmətinə görə ciddi qorxu və narahatlıq hasil edirdi. Bir dəfə də Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) əlini bir şeyə doğru uzadır. Səhabə bu hərəkətin nə mənaya gəldiyini soruşduqda buyurur: " Cənnət qarşımda təməssül etdi, (orada) bir üzüm salxımı gördüm. Əgər onu qoparıb sizə versəydim, filan qədər vaxt yesəniz də, qurtara bilməzdiniz".

Bəli, Allahın belə böyük nemətləri də var və Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) həm Cənnəti, həm də Cəhənnəmi təməssüllə görürdü, ümmətinə görə Cəhənnəmdən əndişələnirdi. Onsuz da, O meracda- bəzi mühəddislərin bəyanına görə - Rəbbimizlə görüşmüş və Onu müşahidə etmişdi. Həmçinin Cənnətin bütün ehtişam və gözəlliyini, Cəhənnəmin dəhşət saçan mənzərəsini görmüşdü. Üstəlik orada qədər qələmlərinin səsini eşitmiş və məlaikeyi-kiramı (böyük mələkləri) şəxsən müşahidə etmişdi. Mələklərin − dərəcələrinə görə, − bəzisini rükuda, bəzisini səcdədə, bəzisini də qıyamda gördüyü kimi, müəyyən bir məqamda Cəbrayılın Rəbbin hüzuruna yaxınlaşmanın məhabəti ilə qıvrım-qıvrım qıvrılmasına da şahid olmuşdu. Hətta daha sonralar o məqama çatana qədər Cəbrayılın Allaha qarşı bu qədər ədəbli, tərbiyəli və sayğılı olduğunu bilmədiyini xəbər vermiş, onun tərbiyəsinə diqqət çəkmişdir..

Buna binaən də, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) insanın bilməli olduğu hər şeyi bütün təfərrüatı ilə bilirdi. O, insanı dəhşətə salan, və ya ona şövq və iştiyaq verən şeyləri də bilirdi. Buna görə də, çox ağlayır, az gülürdü. Hətta səhabələr Onun (sallallahu əleyhi və səlləm) ömründə üç və ya dörd dəfə güldüyünü rəvayət edir. Ancaq bu da bir gerçəkdir ki, Onun çöhrəsi daim təbəssüm edirdi. Bir şairimizin ifadəsi ilə desək O, "Təbəssümün arxasında qəmli Nəbi" idi. Şübhəsiz ki, bu hüzn ümmətlə bağlı idi. Çünki bir dəfə axirəti təsvir edərkən buyurdu ki: "Mən qiyamətdə hovuzumun başına keçəcəyəm. Hovuzun başına gələn bəzi adamları qovacaqlar. Mən onların mənim əshabım olduğunu deyəcəyəm. Mənə deyiləcək ki: "Sən səndən sonra onların nə işlər gördüyünü bilmirsən". Mən də saleh qul olan Hz. İsanın dediyi kimi deyəcəyəm: "Ya Rəbbi! Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən" ("Maidə" surəsi, 5/117-118) " (Müslim, Kitabu'l-Cenne, 58)

Peyğəmbərimiz (əleyhissalatu vəssalam) məhz bütün bunları gördüyü üçün çox ağlayır, az gülürdü. Bizlər də Onun ümməti olaraq eyni istiqamətdə Əleyhissalatu vəssalama tabe olaraq, Onun yolu ilə gedərək heç olmasa günahlarımıza görə çox ağlayıb az gülməliyik. Ancaq çox təəssüf ki, müasir dövrdə axirəti düşünmə hissi o qədər azaldı, qəlblər Rəbbimizin əzəməti qarşısında elə sərtləşdi ki, − Allah qorusun − Quranın bu bəyanları, bəlkə də, çoxumuza şamildir, "Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da bərk oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb parça-parça olar. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!" ("Bəqərə" surəsi, 2/74)

Elə isə çox ağlayaq, az gülək və dualarla yalvaraq. Rəbbimiz ruhumuza riqqət hissi bəxş eləsin. Günahlarımız, millətimizin büdrəməsi, nəslimizin hədər olması, mömin ailələrdə belə ailəyə, ana-ataya yaraşmayan əcaib məxluqların ortaya çıxması qarşısında Rəbbim qəlblərimizi ürpərtsin, bizə haqqı xatırlatsın, bizi oyandırsın və özümüzü yeniləməyə müvəffəq etsin.

Xülasə

  • İnsan Allahdan bildiyi, tanıdığı qədər qorxur və Onun mərhəmətinə ümidlə bağlanır. Həmçinin tanıdığı, dərk etdiyi qədər cəhənnəm əndişəsini daşıyır və bildiyi qədər cənnət şövqü ilə qanad açır.
  • Peyğəmbərimiz Allahı çox yaxşı dərk edirdi. Buna görə də Ondan bir xəbərdarlıq gəlməsindən çox qorxurdu.
  • Bizlər də Onun ümməti olaraq ilk öncə mərifət pətəyimizi yaxşı-yaxşı doldurmalı, ardınca da qadağan olunmuş şeylərdən layiqincə çəkinməyə çalışmalıyıq.

Qəlbinizin yumşalma vaxtı gəlmədimi?!

İbn Məsud buyurur ki, yeni Müsəlman olmuşduq ki, bu ayə nazil oldu: "İman gətirənlərin qəlblərinin Allahı və Haqdan nazil olanı (Quranı) xatırlayaraq yumşalıb dirilmə vaxtı gəlmədimi?! Hələ də imanda o məqama çatmadılarmı? Onlara bu qədər mərifət gələndən sonra da qəlblərinin yumşalma vaxtı çatmadı?" ("Hədid" surəsi, 57/16).

İbn Məsudun bu sözlərini qavramaq üçün onların necə toplum olduğunu düşünmək lazımdır. Bu ayə nazil olanda onların arasında Peyğəmbər vardı, aramsız vəhy nazil olurdu. Hər yerdə mütəmadi Quran oxunurdu, minarələrdən gündə beş dəfə "ruhu-rəvanı-Məhəmmədi" şəhbal açır, "Allahu Əkbər" deyilirdi. Yəni "Böyük olan Allahdır, siz kiçiksiniz, gəlin o Böyüyün qarşısında baş əyin" deyilirdi. Bütün bunlar onlara Allahı xatırladırdı. Ayə belə davam edir: "...Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir. Onların çoxu yoldan azmışdı!" ("Hədid" surəsi, 57/16). Yəni uzun müddət keçdiyi üçün onların qəlbi sərtləşib daşa dönmüşdü. Əvvəlki ümmətlər Tövratı, Zəburu və İncili dinlədilər, nəbi gördülər və Onun işıqlı, qəlbləri yumşaldan bəyanına şahid oldular, amma qəlbləri daşa dönmüşdü. Qurani-Kərim gözümüzün qabağında bataqlığa batan bir zümrəni göstərərək: "Onlar kimi, yəni qəlbi daşlaşanlar kimi olmayın" deyir.

Bəli, Əleyhissalatu vəssalam Peyğəmbərimiz dərin kədər içində bu Müsəlman camaatın bir gün onların yolu ilə gedəcəyini, yolundan çıxacağını bildirmiş və: "Siz, sizdən əvvəlkilərə (əvvəlki ümmətlərə) qarış-qarış, addım-addım uyacaqsınız, addım-addım - Allah qorusun - onları izləyəcəksiniz, hətta onlar ilan yuvasına başını soxsalar, siz də soxacaqsınız" buyurmuşdur.

Bu hədislə bağlı deyə bilərik ki, əvvəla, kitab verilənlərin bəziləri yolunu azdı, Məhəmməd ümmətinin də bir qisim - Rəbbim bizi qorusun - yoldan azma təhlükəsi ilə üz-üzədir. Dünya həyatına bağlanmaqda, fanini və bihudəliyi baqilikdən, əbədilikdən üstün tutmaqda, qəlbin qatılaşmasında, könül və mahiyyətə xas lətifələrin ay kimi, günəş kimi əlli min dəfə batıb-çıxmasında, sinəsindəki ulduzların tökülməsində, "ay"ların batmasında və günəşlərin qürub etməsində.. Bəli, yolundan azan əvvəlki ümmətlərin yolu ilə gedən möminlər çıxacaq, çıxıb da. Hətta hədisin də açıq-aydın bildirdiyi kimi, onlar ilan yuvasına başını soxsalar, Müsəlmanlardan yol azmağa meyilli olanlar da izzət və şərəfi ayaq altına atıb ilan yuvasına soxacaqlar başlarını. Yəni kimlərisə təqlid edəcəklər, kimlərisə mehrab və qiblə seçəcəklər. Ötən bir-iki əsri araşdıranda öz-özümüzə "Necə də düz buyurmuşsan, ey Allahın Rəsulu!", "Bəli, əgər Allah Rəsulunun bildiyini bilsəydik, çox ağlamalı, az gülməli idik" deyəcəyik.

Sözün cövhəri

Hər təcrübə öz sahəsində aparılır. Məsələn, fizikaya aid təcrübələri kimya və ya biologiya laboratoriyalarında aparmaq olmaz, aparsaq da, yalnış nəticələr əldə edərik. Bunun kimi qəlb, vicdan və insani lətaiflə bağlı məsələləri ancaq Rəblə irtibat sayəsində ayrı bir zəmində və müxtəlif təcrübələr əsasında inkişaf etdirmək mümkündür. Məhz bununla insanın gözündən pərdələr çəkilər və həqiqətləri açıq-aydın görə bilər.

Həftənin duası

İki cahan səadətinin vəsiləsi Peyğəmbərimizə, Onun pak olan ailəsinə, hər biri bir vəfa və sədaqət abidəsi olan dostlarına salət və salam olsun. Çoxumuzun ömür tərəzisinin həsənə (yaxşı əməllər) gözü bomboş olsa da, özümüz bir ixlas bezginliyi içinə düşmüş olsaq da, Mərhəməti Sonsuzun əfvinə ümidlə yalvarırıq: Ya Rəbbim! Əgər bu qapı qulların Sənə itaət kimi bir payə ilə müşərrəfdirsə, bu tamamən Sənin lütfün, inayətin sayəsindədir. Verdiyin hər şey üçün minnət Sənə, iman və İslam nemətindən ötrü həmd və şükran da yenə Sənədir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.