“Dəyişmə fantaziyası”ndan uzaq durun
İnanan insanlar davamlı təkamül etməli, qəlbi və ruhi həyatları baxımından həmişə “dirilişlər” yaşamalı, eyni zamanda öz dəyərlərinə bağlı, dəyişmə fantaziyasından uzaq və durduqları yerdə sabit qədəm olmalıdırlar.
Onlar hər gün yeni bir duyma, yeni bir sezmə, istər xarici aləmə, istərsə də, daxili aləminə aid təfəkkürlə yeni-yeni kəşf, araşdırma və analizlərə imanlarını bir daha dərindən duymalı, Allahın yardımına sığınaraq, inanclarını yenidən inşa etməli və sonra da ürfan dərinliyi nisbətində kamil bir həyat tərzi nümayiş etdirməlidirlər. Bəli, onlar təkvini (yaradılışa aid) və təşrii (şəriətə aid) əmrlərin məna, məzmun və əsaslarında maksimum ölçüdə dərinləşməli və beləcə, dəyişməni daha da kamilləşmə şəklində anladıqlarını ortaya qoyaraq daima yeni-yeni yüksəliş və inkişaflar yaşamalıdırlar. Bununla yanaşı, öz kimliyindən uzaqlaşma, fərqli mədəniyyətlərin təsiri altında qalaraq başqalaşma və əslinə, kökünə yad bir hal alma mənalarına gələn "dəyişmə"dən qorxmalı, bu mənadakı dəyişikliyi pozulma saymalı və özlərini ondan qorumaq üçün müxtəlif vəsilələrə sığınmalıdırlar.
Başqalaşma Mərəzi
Çünki, belə bir deformasiya (şəkil dəyişmə, pozulma), nemətlərin tamamilə kəsilməsinə və həm insanların, həm də cəmiyyətin ilahi əzaba məruz qalmasına səbəb ola bilər. Qurani-Kərim, "Bir millət özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir. (Ənfal, 8/53), Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. (Rad, 13/11) buyuraraq bu xüsusa diqqət çəkir. Bir cəmiyyət, özünə bəxş edilən nemətlərə məzhər olduğu andakı iman, mərifət, saflıq, səmimiyyət, əzm, qərarlılıq və təmənnasızlıq kimi uca xüsusiyyətlərini itirmədikdən sonra, -ilahi prinsipə görə- o nemətlərin alınmasından və o cəmiyyətin dağılmasından söz gedə bilməz.
Əksinə, bir cəmiyyətin onu yaşadan və ucaldan bu üstün vəsfləri itirməsi, orta (əsas) sütunun dağılması və cəmiyyətin damında təmiri qeyri-mümkün olan çatların meydana gəlməsinə bərabərdir. Əgər insanlar özlərinə bəxş edilən nemətlərə vəsilə olan fitri misaq (əhd-peyman, qarşılıqlı vəd), gözəl əxlaq və saleh əməl kimi ali vəsflərdən uzaqlaşar, bir deformasiyaya məruz qalar və inanmış insanlara yaraşan gözəllikləri dəyişdirsələr, Cənabi-Allah ilahi prinsipin gərəyi olaraq o topluma ehsan etdiyi nemətlərini kəsər və onların pis aqibətə düçar olmalarına hökm verər. Daxilən çürüyən, pozulan və mahiyyətini dəyişdirən bir cəmiyyət qiymətli bir əmanətin əmanətçisi ola bilməyəcəyinə görə, Allah-Təala İslamı qəlblərində təptəzə duyan yeni bir qövm gətirər və əmanətini dəyişməyə məruz qalmış toplumdan alıb onlara təslim edər.
Buna görə də, dəyişməmək və hətta dəyişikliyin ən kiçiyinə qarşı belə ayıq-sayıq olmaq çox vacibdir. Unudulmamalıdır ki, bir çeşid başqalaşan hər çeşid başqalaşa bilər. İmriül-Qaysa istinad edilən bir sözdə: "İki şey var ki, onları başladanlar harada dayandıracaqlarını bilə bilməzlər: Bunlar döyüş və yanğındır," deyilir. Məncə, bu sözə üçüncü bir xüsus da əlavə edilməlidir ki, o da "başqalaşma"dır. Bəli, bir cür başqalaşan hər cür başqalaşa bilər, başqa sözlə, bu özgələşmə, başqalaşma qapısı heç aralanmamalıdır.
Bəzən başlanğıcdakı çox kiçik bir dəyişmə irəlidə çox böyük assimilyasiyaya səbəb ola bilər. Bu mövzuda kiçik bir sızıntının meydana gəlməsinə belə fürsət verməmək lazımdır. Bəli, atalarımızdan bizə miras qalan dini və milli dəyərlərimizdən hər hansı biri ilə əlaqəli ən kiçik bir ehmalkarlıq daha sonraları qarşısıalınmaz problemlərə səbəb ola bilər. Heç kimi incitmək istəmədiyimə görə, "o məsələ, bu məsələ" deyərək izahat verməyi düşünmürəm. Lakin, hər kəs öz şəxsi həyatı adına dəyərlərimizə bağlılığını bir daha nəzərdən keçirməlidir. Əgər, insan bu mövzuda nəfsini hesaba çəkərkən, vəzifə gərəyi bir zərurət olmadığı halda, özündə başqalaşma əlamətləri və başqalarına bənzəmə meyillərini görürsə, nemətlərdən məhrum olmasından çox qorxmalı və hələ fürsət var ikən yenidən öz kimliyinə aid xüsusiyyətlərə bürünməyə çalışmalıdır.
Təşəbböh (Bənzəməyə çalışma, oxşamağa səy etmək) və İltihaq (Qarışmaq)
Rəsuli-Əkrəm Peyğəmbərimiz (s.ə.s.): "Kim bir qövmə bənzəməyə çalışarsa, o da onlardan sayılar" buyurmuşdur. Bu hədisi-şərifin mətnində "başqalarına bənzəmək" ilə əlaqəli olaraq "təşəbbəhə" feli istifadə edilmişdir ki, bu söz təfaul babındandır. Bu babın xüsusiyyəti də təkəllüf (Saxtalıq, sünilik) ifadə etməsindən ibarətdir. Bu baxımdan, kərih (çirkin, yaraşıqsız) görülən və qadağan edilən "təşəbböh" insanın başqalarının adətlərinə, ənənələrinə meyl etməsi, özünü davamlı onlara bənzətməyə çalışması və onlar kimi yaşamaq üçün xüsusi səy göstərməsi deməkdir.
Digər bir ifadə ilə desək, "təşəbböh" insanın öz mədəniyyətinin və təbiətinin xaricinə çıxaraq, hətta öz dəyərlərini kiçik görərək, saç-baş, geyim-keçim, yemə-içmə və gündəlik həyat tərzi baxımından fərqli görünməsi, zorla başqalarına bənzəməyə çalışmasıdır və nəticə etibarilə "iltihaq"a qədər gedə biləcək bir mərəzdir. Bu mövzuda, bir az iradəsizlik və zəiflik göstərən bir insanın çıxış nöqtəsini unudacaq qədər mərkəzdən qopması, müəyyən müddət sonra özündən tamamilə uzaqlaşması, heç fərqinə varmadan meyl etdiyi və oxşamaq istədiyi o şəxslərə qarışması və Haqq dərgahında da onlardan biri olaraq qəbul edilməsi təhlükəsi var. Buna görə də, Nur Müəllifi, təşəbböh və təqlid xəstəliyinə tutulanlara belə səslənmişdir: "Ey yuxuda ikən özlərini ayıq zənn edənlər! Umuru-diniyədə (dini məsələlərdə) müsamihə və ya təşəbböhlə mədənilərə yanaşmayın. Çünki aramızdakı dərə çox dərindir; doldurub xətti-muvasalanı (qovuşma cizgisi) təmin edə bilməzsiniz. Ya siz də onlara iltihaq edərsiniz və ya dəlalətə düşər boğularsınız."
Dəyişmənin hüdudları…
İnsan uca bir ideal uğrunda ona fərz olan bir vəzifəni yerinə yetirərkən, "Geyim-keçimimə görə ikrah duyğusu oyandırmayım!" düşüncə və niyyəti ilə cəmiyyətin düşüncə, anlayış və adət-ənənəsinə görə davranırsa, bunda bir qəbahət yoxdur, hətta belə bir təşəbbüs təqdirəlayiqdir.
Zaman və məkana görə insanlara qəribə gələcək, onları ürkütəcək və bizdən uzaqlaşdıracaq davranış və hərəkətlərdən çəkinmək lazımdır. Bu mövzuda da "mütləq belə olmalıdır" deyərək süni davranışlara girməmək əsasdır. Bəli, atalarımızdan miras qalan xalatımız, cübbəmiz... xoşumuza gələ bilər. Lakin bunlar bu gün bəzi insanlara paltardan çox başqa mənalar xatırladır və ürküdərsə, -din və mədəniyyətimizin sərhədini aşmamaq şərti ilə- xarici görünüşlə də insanları qaçırmamağa, onlarda ikrah hissi oyatmamağa səy göstərməliyik. Bir gün müxatəblərimiz (həmsöhbətlərimiz) bizi ümumi xarakterimiz, əxlaqımız və ümumbəşəri insani dəyərlərimiz ilə tanıdıqdan sonra artıq nə geysək, harada və necə olsaq da anlayışımıza və davranışlarımıza hörmət edəcək və Allahın izni ilə ondan sonra bir problem qalmayacaq.
Başda, ortada və axırda təqdim olunacaq şeylər bir-birindən fərqlidir və bir-birinə qarışdırılmamalıdır. Uzlaşma, uzlaşdırma, həyatı paylaşma və misilsiz dəyərlərimizi dünyaya çatdırma kimi ali məqsədlərin seçim haqqı var və bunlar mütləq önə çəkilməlidir. Bu məqsədləri həyata keçirməyə doğru gedilən yolda füruat (təfərrüata aid) olan mövzular -dinin əsaslarını pozmamaq şərti ilə- ortaya və axıra alınmalı, beləcə bunların ən mühüm həqiqətlərin önündə maneə olmasına fürsət verilməməlidir.
Təbii ki, mədəniyyətimizə xas olmayan şeylərin müvəqqəti olduğuna inanmamız da bizim üçün bir əsasdır. Yer, mövqe və vəzifəmiz etibarilə məcbur qaldığımız ya da faydalı gördüyümüz geyim-keçim, hal və davranışın üzərimizdə müvəqqəti və ehtiyaca görə olduğunu unutmamalıyıq. Məsələn, "Bunu əynimə geyindim, amma belə bir niyyətlə bunu etdim!" düşüncəsi zehində həmişə canlı tutulmalıdır. Əks halda, öz mədəniyyətimizə aid olmayan xüsusları mənimsəmə və "gözəl göründü" deməklə hədisi-şərifdə ifadə edilən təşəbböh kateqoriyasına girər. Bu məsələni bizim həyat fəlsəfəmizin və dünyagörüşümüzün bir parçası olaraq qəbul etmək bizi doğmalıqdan qoparar və sürüyüb aparar. Belə bir halda insan “dəyişmə” küləyinin saçıb sovurduğu qupquru bir yarpaq halına düşə bilər.
Həftənin duası
Rəhmət Peyğəmbəri Həzrəti Məhəmməd Mustafaya, ailə üzvlərinə və Onun guzidə dostlarına salatu-salam edib Sultanlar Sultanının ulu dərgahına əl açıb bir daha yalvarırıq: Ey Uca Rəbbimiz! Bu zəif və aciz qullarını, olmuş və ya olası hər cür təhlükədən və Sənin sevib razı olmadığın hər şeydən, fikir və düşüncə sapmasından qoru... Ululuq nurunu insi, cinni şeytanların və dayanmadan pisliyi əmr edən nəfsi-əmmarənin şəriylə bizim aramıza pərdə et!
Sözün cövhəri
Səcdə insana dəyərləndirmək üçün verilmiş bir fürsətdir. Bu zəmində hər insan mərifət üfüqü və mənəvi üstünlüyü nisbətində feyzə məzhər ola bilər. Səcdə Allahdan savayı hər şeydən və hər kəsdən imtina edilib “illəllah” deyilən məkan və Rəbbə yaxınlığın duyulduğu bir yerdir.. Bəli, Haqq Təalanın şanına layiq təslimiyyətin adıdır səcdə. Elə isə burada nə, necə, hansı şəkildə və nə üçün edilməlidirsə, bunlar nəzərə alınaraq edilməlidir.
- tarixində yaradılmışdır.