Doyulmaz bir nəşvədir namaz

Fəthullah Gülən: Doyulmaz bir nəşvədir namaz

Cəbrail hədisində bəyan edildiyi kimi namaz İslamın beş təməl əsasından biridir. Bəli, o, dinin dirəyi, ibadətlərin mayası və əsası, bir ucu meraca gedib çıxan və insanı Allaha yaxınlaşdıran ən mühüm bir vəsilədir. Əlbəttə ki, mömin bu qədər əhəmiyyətli bir ibadəti dünya işləri arasında yolaverməməlidir. Başqa bir işə görə namaza laqeyd yanaşmamaq və ya onu tələm-tələsik qılmamaqla yanaşı, lazım gələndə hər şey onun yolunda fəda edilməlidir.

Namazın məzmunu (mahiyyəti) insanın Rəbbi ilə münasibət, qəlb və ruh üfüqü səviyyəsindən asılı olaraq müxtəlif dərəcə və keyfiyyətdə özünü hiss etdirir. Namazı huşyar bir könüllə və eşqü-şövq içində özünü Allahın hüzurunda hiss etməkdən tutmuş mələklər arasında görməyə qədər, Nəbilər Nəbisinin (əleyhissalatu vəssalam) arxasında səfdə durmaqdan bir cəhdlə birbaşa ülvi aləmlərə yüksələn ruhlartək alnını Ərşin örtüyünə qoymağa qədər müxtəlif keyfiyyətlərdə duyub hiss etmək mümkünüdür. Belə üstün bir nailiyyətin ilk şərti namazı bir merac, və ya meracın kölgəsi saymaqdır. Əslində hər namaz mömin üçün bir merac vəsiləsidir. Dolayısilə möminin bu işdə öhdəsinə düşən vəzifə hər namazda fərqli keyfiyyətlərdə də olsa, meracını tamamlamaq olmalıdır. Bu səbəblə namazda könlün hər bir teli sarı sim kimi dilə gəlməlidir. Belə ki, səcdə doyulmaz bir nəşvəyə, dualar bezginlik verməyən qidaya, rüku ayrı bir ədaya, qiraət də inci-inci söz harmoniyasına çevrilməlidir. "O Allah ki, səni namaza duranda da görür, Səcdə edənlər içində qıvrılanda da" (“Şuəra” surəsi, 26/218-219) ayələri Rəsuli-Əkrəm Peyğəmbərimizin (əleyhissalatu vəssalam) namazını təsvir etməklə yanaşı, bizə necə namaz qılmalı olduğumuzu da öyrədir.

Bir vaxtlar mən namazda bir nəfərdən “qəlbi ifrağ” haqda bir həqiqət öyrənmişdim. Daha sonra o günə qədər qıldığım bütün namazlarımı “axirətdə üzümə vurular” deyə qəza etdim. Çünki Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisdə namazın qəbir həyatında təcəssüm edəcəyini, əgər namazlar nöqsanlı, natamam qılınıbsa, bu namazların nöqsanlı və iflicli yol yoldaşı şəklində insanın qarşısına çıxacağını və bərzəx həyatını bu məfluc bələdçi birlikdə keçirmək məcburiyyətində qalacağını bildirmişdir. Dolayısilə natamam və nöqsanlı qılınan namazların qəzasını qılmaq bir mənada məziyyət deyil. Buna “cəbrən-lin-nöqsan (nöqsanları tamamlama)” da deyə bilərsiniz. Yəni bir mənada “qırığı”, “çatı” sarımaq deməkdir.

Niyyət Əməlin Ruhudur

Mömin niyyəti ilə Haqq Təalanın təvəccöhünü, Onun “hüvəl-məqsud”, “hüvəl-məhbub”, “hüvəl-məbud” olduğunu namazın hər rüknünə yayır, yaymalıdır. O, namazın hər qiraətində bu niyyətə sadiq qalmalıdır. Ələlxüsus, tək qılınan nafilə namazlarda bu məsələyə təkəllüf dərəcəsində diqqət etmək olar. Camaatla qılınan fərz namazlarında belə hərəkət etmək düzgün olmaz. Çünki bu, dində külfət (əziyyət) mənasına gəlir və ağır bir yük olar. Ancaq təkbaşına qıldığımız nafilə namazlarda əldən gəldiyi qədər başdan sonadək ilahi hüzurda olma düşüncəsinə sadiq qalmaqla belə bir niyyət “səy” və “axtarış”ında olmaqda, zənnimcə, qəbahət yoxdur.

Namaz möminin meracıdır. Haqq Təala meracdan bəhs etdiyi yerdə إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ "Həqiqətən, O, eşidəndir, görəndir" (“İsra” surəsi, 17/1) buyurur. Buradakı " ه " əvəzliyi iki məna verir (iki şəkildə təfsir edilir). Bunlardan birinə görə Haqq Təalanı, digərinə görə isə Rəsuli-Əkrəm Peyğəmbərimizi göstərir. Əgər səmi və bəsir kimi Əsməyi-Hüsnadan olan iki isimlə Həzrəti Ruhu Seyyidil-Ənam (əleyhissalatu vəssalam) vəsf edilibsə, deməli burada mühüm bir həqiqətə diqqət çəkilir. Demək ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) meracda gözünə, qulağına çatdırılan hər şeyi o sapsağlam ihsas və ixtisas qabiliyyəti ilə (daxili və xarici duyğu orqanları ilə) içinə çəkmişdir. Başqa bir ifadəylə, meracı yaxşıca “sağıb” gözəlcə doymuşdur. Meracın saniyəsini, salisəsini (saniyənin altmışda biri), aşirəsini də fövtə verməmişdir. Əvvəldən axıra qədər, hər şey, sanki Onun şüur süzgəcindən gəlib keçmişdir.

Süleyman Çələbi "Ümmətin meracını qıldım namaz" deyir. Alvar İmamı isə "Səfineyi-dini (din gəmisi) namaz yürüdür, namaz cümlə ibadətin piridir" buyurur. Namaz möminin meracı olduğuna görə gərək mömin orada gözünə və qulağına hakim olsun. O qulaq və göz yalnız duyulmalı olanı duymalı, görülməli olanı görməlidir. Ustad Həzrətləri bunu On Yeddinci Sözdə Mövlana Caminin bu ifadələri ilə izah edir: "Yeki hah, yeki xan, yeki cuy, yeki min, yeki dan, yeki kuy - Yalnız Biri istə, Biri çağır, Biri tələb et, Biri gör, Biri bil, Biri söylə". Buna görə mömin yalnız Biri görməli, Biri tanımalı, Biri duymalı, Biri axtarmalı, Biri çağırmalı, Biri hiss etməli, Birdən savayı hər şeydən uzaq durmalı və bunu namazın bütün ərkanında gerçəkləşdirməyə çalışmalıdır. Gerçəkləşdirəndə də, "Bu belə olmalı deyildi. Özümü unutmalı və özümü itirməliydim. Mən varammı, yoxammı, unutmalıydım" deməli, bu dərəcədə özünü unutmalıdır.

Təmrin, təkəllüf və təklif

Bir daha xatırladım ki, bütün bunlar səviyyə məsələsidir. Təmrin olmadan bu səviyyəyə gəlmək isə mümkün deyil. Yəni başdan təkəllüf (Öz razılığı ilə külfətə, çətinliyə girmək) olmasa, sonra təklif də olmaz. İşin başında məcburiyyət olmasa, sonra nəfsə belə bir şey təklif edə bilməzsiniz. Bu baxımdan gözünü bu səviyyəyə dikən insan özünü məcbur etməlidir. Cüneyd Bağdadi Həzrətlərinin bir yerdə belə bir ifadəsi var: "Mən altmış il özümü məcbur elədim. Altmış il sonra Allah mənə lütf etdi, namaz qılmağa başladım". O halda bizim kimi həqiqi namazdan bixəbərlər, heç olmasa beş on il özlərini namaz qılmağa məcbur etməlidirlər.

Bu arada yeri gəlmişkən bir məsələni də xatırladım. Bu sözlərimə görə, elə zənn etməyin ki, yarım-yarımçıq da olsa qıldığımız namazları Allah (cəllə cəlaluhu) qəbul etmir, etməyəcək. Ümid edirik ki, sonsuz lütf və mərhəmət sahibi Rəbbimiz bu səviyyədə qılınan namazları da qəbul edər.

Bir xatirə və namaza verilən əhəmiyyət

Unutmadığım insanlardan biridir Mehmet Kırkıncı Xocanın rəhmətlik atası Calal Əfəndi. Calal Əfəndi Mədinədə mücavir (müqəddəs bir məkanda güşənişin həyat keçirən, orada insanlara xidmət edən, özünü ibadətə həsr edən) olan çox dəyərli insan idi. Elə orada vəfat elədi və dəfn edildi. Görməyə gedəndə çox qocalmışdı. Yaşlı, üstəlik də xəstə olmağına baxmayaraq, namazından qalmır, hətta sünnə namazlarını ayaqda qılırdı. Əyilib-durmağa çətinlik çəkdiyindən namazlarını çarpayının yanında qılırdı. Bir gün sonra mənə belə bir sual verdi: “Əfəndi, mən qiyama çarpayıdan tutub dururam, görəsən namazım keçir?”. O mənzərəni heç unutmaram. Bu nə gözəl şüurdur... Bütün çətinliklərə baxmayaraq, layiqincə ibadət etməyə çalışmaq və bununla kifayətlənməyib daha da kamil olmağa cəhd göstərmək...

Bəli, namaz axirətdə insanı xilas edən sərmayədir. Buna görə, namaz məsələsində çox həssas olmaq lazımdır. Allah-taala namazın qiymətini ruhumuza duyuzdursun və nöqsanlı da olsa, bütün namazlarımızı qəbul etsin.

Həftənin duası

Allahım, məni, bütün mömin qardaşlarımı, mömin bacılarımı və dostlarımı Özünə yaxın bil, Sənə yaxınlığın həzzini duyuzdur. Əziyyətdən, iztirabdan qoru. Sən mənim Rəbbimsən, mən də Sənin zavallı və boynu bükük kölənəm. Övliya və əsfiyaya lütf etdiyin fəzilətləri mənə və mənimlə birlikdə olanlara da nəsib elə. Allahım, aqibətimiz üçün xeyirli olan dualarımı qəbul et, məni əməllərimin hədər və ümidlərimin puç olmasından qoru.

Sözün cövhəri

Ümidlə uzun məsafələr qısalır, ümidlə qanlı-irinli dəryalardan kiçilir, ancaq ümidlə sədətin qapıları açılır və nizam-intizam bərpa olur. Ümid dünyasında məğlub olanlar həyatda da məğlub sayılır. Şəstlə və şücaətlə yola çıxanlar iman və ümid zəifliyindən mənzilə çata bilməmişlər. Xəfif bir zəlzələ, ötüb-keçən bir fırtına, axıb-gedən bir sel onların əzmkarlığını və iradəsini də önünə qatıb aparmışdır. Ümidlə bel bağlayıb və sonra bilikdə ümidsizlik bataqlığına düşüb boğulanların halı isə acınacaqlıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.