Əcəl yetişmədən Ona yönəl

Gözünden perde kalkmadan O'na yönel

{ArticleToC: position=here}Fürsət ola-ola hür iradəsi ilə iman gətirməyən inancsızın əcəl başının üstünü kəsdirəndə İlahi əzaba məruz qalacağına əmin olub ümidsiz halda (haləti-yəsdə) öz ixtiyarı ilə deyil, qorxudan və ümidsizlikdən iman etdiyini deməsinə "imanı-yəs (ümidsizlik imanı)" deyilir.

Daha əvvəl iman gətirdiyi halda günah işləməkdən və Allaha üsyan etməkdən əl çəkə bilməyən bir fasiqin ölüm ayağında tövbə etməsinə də "tövbeyi-yəs (ümidsizlik tövbəsi)" deyilir. Mövzuyla bağlı ayələrdən birinin məalı belədir: “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda “Mən indi tövbə etdim” deyənlərin və kafir olaraq ölənlərin tövbəsi məqbul deyildir. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” (“Nisa” surəsi, 4/18)

Xülasə
  • Lakin bu son fürsətdən də yararlana bilməyən insanın ölümün əlamətləri əyan-bəyan görünməsi ilə ruhun bədəndən çıxmasından doğan şiddətli ağrı-acı vücudu bürüyəndə və o biri aləmə addım atılma ərəfəsində iman gətirdiyini söyləməsi məqbul sayılmamışdır.
  • İslam alimlərinin ümumi görüşünə görə, günahkar bir mömin haləti-yəsdə belə tövbə etsə, bu tövbəsi qəbul oluna bilər.
  • Möminə tövbə qapısı həmişə açıqdır. Ancaq insan ağır yüklə axirətə köçməmək üçün həmişə təmkinli hərəkət etməli, hər an ölümə hazır olmalıdır.

Bəli, belə böyük qorxu və təlaş içində, çarəsizlik səbəbi ilə küfrdən üz döndərib iman etmək məqbul hesab olunmamışdır. Ancaq bu halətin başlanğıc anını yaxşı müəyyənləşdirmək lazımdır. Ümumi fikrə görə, bu an haləti-nəzidə (əcəl yetişəndə) dünyadan ümidin kəsilməsi və nəfəsin get-gedə azalmasının, tükənməsinin hiss edilməsidir. Ölüm ayağında olan anlayır bunu, hiss edir əl-ayağının soyuduğunu. Bəzi adamlarda o biri dünyanın pərdələri götürülür, axirət qapıları açılır; insan bütün dəhşəti ilə ölümdən sonranı görür. İstisnalar olsa da, üzdə yığılma, büzülmə özünü göstərir. Qəflətən axirət mənzərələri ilə üzləşən insanın üz cizgiləri dəyişir, gərilir; əl, ayaq, üz və göz hərəkətləri səfər təlaşını büruzə verir. İnsan yaşama ümidini tamam itirir.

İnsan ölüm əlamətləri ortaya çıxmadan və əcəl yetişmədən bir xeyir əməl işləməyə imkan varsa və ağlı başındadırsa, bu halda iman edərsə, yəs haləti olmadığına görə imanı məqbuldur. İnsan can verməyə başlamadan bir anlıq ömrü də qalsa, öz iradəsi ilə inansa, imanı keçərli olar. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) məhz bu anda Əbu Talibə iman gətirməyi təklif edir. Ancaq Əbu Talib – əksər rəvayətlərə görə, – müşrik olan dost-tanışların təzyiqi ilə "Abdulmuttalibin dinində..." deyir. Nəzərə alsaq ki, Rəhbəri-Əkməl ölüm yatağında onu imana dəvət edir, deməli, insanın şüuru büsbütün getməmişdən, imanın qəbul olunması üçün hələ də imkan var.

Lakin bu son fürsətdən də yararlana bilməyən insanın ölümün əlamətləri əyan-bəyan görünməsi ilə ruhun bədəndən çıxmasından doğan ağrı-acı vücudu bürüyəndə və o biri aləmə addım atılma ərəfəsində iman gətirdiyini söyləməsi imani-yəs sayılır. İmanın səhih, yəni keçərli olması üçün heç olmasa, şüurlu şəkildə "Allahım, həyatımı hədər etdim, ömrümü bada verdim. Gec də olsa, ölümün nəfəsini hiss etdiyim bu dəqiqələrdə artıq iman edirəm!" deməsi, sonra da imanın sübutu sayılan saleh əməl işləyəcək, bir vaxt namazı qılacaq qədər yaşaması lazımdır. İmanını bəyan etdikdən sonra kiçik bir xeyir əməl işləyəcək qədər vaxtı qalmayan bir insanın nəfsi və iradəsi əlindən alınmış deməkdir ki, belə bir insanın imanı isə məqbul deyildir.

İmanın kəraməti

Haləti-yəs aspektindən baxanda inancsız insanın iman etməsi ilə möminin tövbəsini bir-birindən ayırmaq və fərqli dəyərləndirmək lazımdır. İslam alimləri ittifaqla haləti-yəsdə gətirilən imanın məqbul olmadığını deyirlər, lakin bu halətdə fasiq möminin tövbəsinin keçərli olub-olmaması mövzusunda fikirlər fərqlidir. Ümumi qənaətə görə, günahkar bir möminin haləti-yəsdə etdiyi tövbə keçərlidir, qəbuldur.

Bəli, ümidim və ricam odur ki, həmin anadək günah işləmiş möminin də ölüm yatağında pərdəsi çəkilən axirət mənzərələrinin dəhşətindən etdiyi tövbəni Rəhmani-Rəhim olan Allah qəbul edər. Çünki bu tövbənin həm arxa planı, həm də istinad nöqtəsi var: o insan əvvəllər iman etmişdir, müəyyən qədər saleh əməli var, amma günahları da az deyil. Hətta günahları olduqca ağır və çəkilməz də ola bilər. "Allahın iradəsindən asılıdır, istəsə bağışlayar, istəsə də əzab verər" həqiqətini də nəzərə almaqla iman “sərmayəsi”nə sahib insan həmin anda tövbə etsə, Mövlayi-Mütəal onu o imanın hörmətinə bağışlaya bilər.

Xülasə, can vermə halı başlamadan əvvəl, hələ həyatdan ümid kəsilməmiş küfrdən üz döndərib imana gəlmək məqbuldur. Ancaq gözlər dünyaya vida edib üqbaya açılıbsa və şüurlu imandan sonra bir vaxt namazı ilə də olsa, yaxşı əməl etməyə imkan qalmamışsa, demək ki, artıq fürsət fövtə verilmişdir. Buna baxmayaraq, imanı ola-ola fisqü-fücurdan heç cür yaxasını qurtara bilməyənlər üçün ümid qapısı həmişə var. Belə ki, Mövlayi-Mütəal məalən belə buyurur: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidinizi üzməyin. Allah diləyərsə, bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (“Zumər” surəsi, 39/53) Ona görə də vaxtında iman gətirən qulların tövbə məsələsində xüsusi müamilə görəcəyini, himayə ediləcəyini Allahın mərhəmətindən ümid edirik.

Halallığı alınmamış haqlarla axirətə getməyin!..

Tövbə qapısı möminin üzünə həmişə açıqdır. Ancaq insan dünyadan ağır haqq yükləri ilə göçməmək üçün həmişə təmkinli hərəkət etməli, pak ömür sürməli, bilmədən günah kiri ilə çirklənmişsə, dərhal təmizlənməyə çalışmalı, əldə fürsət varkən günah və qul haqqı kimi yüklərdən xilas olub hər an ölümə hazırlıqlı olmalıdır.

Əgər bunları vaxtında edə bilməyibsə, heç olmasa, səfər əlamətləri açıq-aşkar ortaya çıxanda həyatını təkrar gözdən keçirməli, ən azı qalan ömrünü abad etməli və öləndə öz xarabalıqlarının altında qalmamağı düşünməlidir.

İnanan insan səbəblər baxımından ömrünün çox az qaldığını düşünürsə, – bu, bir ay, bir həftə, bir gün, bir saat ola bilər – Allahın lütf etdiyi bünövrədəki imanı çox yaxşı dəyərləndirməli, mümkün qədər qılınmamış fərz ibadətlərinin qəzasını etməli, xüsusilə, qul haqqını ödəyib bu yükdən xilas olmağa çalışmalıdır. Qeybətini etdiyi, haqqını yediyi, pislik etdiyi... kim varsa, onları tapıb halallaşmalıdır. Hətta lazım gəlsə, qəzetə, televiziyaya və ya radioya elan verməli – bir yol tapıb axirətə köçmədən halallıq almalıdır. Vaxt itirmədən vəsiyyət etməli, "Filana filan şeyi verin, ona filan şeyi çatdırın, buna haqqını verin!.." deməli və qul haqqı günahından təmizlənmə arzusunu ortaya qoymalıdır. İnsan gücü çatanı etməyə çalışsa, inşallah, qalanlarını da Allah (c.c.) tamamlayar.

Ancaq belə bir aqibət Mövlayi-Mütəalın “sürpriz iltifatları”ndan asılıdır. Xalis mömin isə həyatını qeyri-adilik və sürprizlərlə qura bilməz, qurmamalıdır. Ona görə də o, birbaşa haram və halal mülahizəsinə əsasən ömür sürməli, haqqı haqq bilməli, həm Allahın haqqına, həm də qul haqqında riayət etməli, əgər bir haqsızlıq edibsə, ələ fürsət düşən kimi onun günahından təmizlənməyə çalışmalıdır.

Ölümün yaxınlaşdığını düşünən insanda xövf-rica tarazlığı da önəmlidir. İmam Qəzali Həzrətlərinin yanaşması ilə desək, Allah xofunun insanı günahlardan çəkindirib savaba yönəltdiyi yerlərdə xövf (qorxu), ümidsizlik çuxuruna düşmə ehtimalı olan hallarda və ya ölüm əlamətləri açıq-aşkar görünəndə rica (ümid) əsas götürülməlidir. Bəli, insanı laübalılığa sövq edən "onsuz da qurtulacağam" düşüncəsinin qarşısını almaq üçün xövfə yönəlmək, ümidsizlik küləyi əsəndə də ricanın ətəyindən yapışmaq bir düstur olmalıdır. Lakin ricanın boş və əməlsiz bir təmənni deyil, rəhməti ehtizaza gətirmək üçün qövli və feili bütün imkanları dəyərləndirərək İlahi dərgah qapılarını döymənin ünvanı olduğunu da unutmamalıyıq.

Həftənin duası

Ey Rəbbimiz! Bizim üçün də xəzinələrinin qıfıllarını aç və rübubiyyət sirrinin pərdələrini arala. Bizə üluhiyyətinin sirləri ilə təvəccöh et.. əzəmət və kibriyanla elə təcəlli et ki, könül gözlərimiz Səni unudub özümüzə (nəfsimizə) və masivaya baxmaqdan xilas olsun.. Nurunun şüaları ilə bütün cismani meyillərimizi sil. Sil ki, nəfsaniliyə yönəlməklə keyfiyyət və kəmiyyət dayazlığına düçar olmayaq. Amin..

Sözün cövhəri

Təmkin və ciddiyyət sayəsində, qarşıdakı adam kim olur-olsun, başdan öz münasibətimizi ortaya qoya bilərik. Xüsusilə, laübalı və süni xarakterli insanlar müsamihə və xoşgörüdən istifadə edib, hər cür ərköyünlüyü edə bilər və onların bu hislərini sui-istifadə edə bilərlər. Məhz bunlara imkan verməmək üçün, onlara qayğı göstərəndə belə, ciddiliyi qorumaq lazımdır. İnsanlarla zarafatlaşıb oyun oynamaq başqa, təmkini, ciddiliyi bir top kimi onların qabağına tullamaq başqa şeydir.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.