Əhli-Beyt sevgisi necə ifadə olunmalıdır?

Həzrəti Hüseyn ailəsi ilə birlikdə Kərbəlada şəhid edilmişdir. Biz həmin günlə əlaqədar bir yerə toplanırıq.

Oruc tutur, iftar açır, aşura paylayır, insanların könlünü alırıq. Ələvi, sünni − hər kəsi bir yerə, bir masanın ətrafına toplayaraq bir halqa təşkil edirik. Bunlarla yanaşı həmin halqalarda o zatın fəzilətindən, mərdliyindən, ənginliyindən, dərinliyindən, bir mənada Əhli-Beytin ikinci atası olmasından, ondan sonra gələn imamlar silsiləsindən, onların Allaha yaxınlığından, Peyğəmbərimizin təvəccöhündən danışırıq. Yoxsa bir mərhumun arxasınca ağı deyib, baş-gözə vurmağın heç bir savabı yoxdur. Bunlar eyni zamanda qədərə üsyandır. İlahi təqdirdən şikayətdir. O insanlar öz taleyinə razı olub ruhlarının üfüqünə yürüdülər (vəfat etdilər). Əsas məsələ o halqada oturub onların fəzilətini müzakirə etmək, onlarla bütünləşmə yollarını axtarmaqdır. Gözəl şeylərdən danışmaq, onları mənən duymaq, onlar kimi olmağa çalışmaq, onların əlçatmaz səviyyəsini canlandıraraq insanlarda onlara qarşı qibtə hissi oyatmaq çox mühümdür.

Əhli-beyti anmaq yerinə kimləri isə söymək, bu əməli yaymaq, bir kəsimi, bir zümrəni qaralamaq insana savab qazandırmaz. Həzrəti Həmzənin, Həzrəti Həsənin, Həzrəti Əlinin və ya Həzrəti Hüseynin bizim duamıza, istiğfarımıza ehtiyacı yoxdur. Onlar şəhidlikdən də uca bir məqama yüksələn, zül-cenaheyn[1] kimi səmanın ənginliklərində pərvaz edən ali ruhlardır. Bizim onlar üçün etdiyimiz şeylərə, ağlayıb baş-gözümüzə vurmağımıza, yəqin ki, baxıb gülürlər. Onların nə bizim duamıza, nə “Yasin”imizə, nə “Fatihə”mizə ehtiyacı var. Yenə də vəfalı və sözümüzə sadiqliyimizi ortaya qoyub: "Allahım, onların şəfaət halqasını genişlət, bağlılığımızı onlara çatdır" deyə dua etməliyik. Ümid edirik ki, onlar da o biri tərəfdə əlimizdən tutar, "Bu vəfalılar dünyada bizi daim yad edirdilər" deyə çox çətin körpüləri keçməyə vəsilə olarlar.

Söyməyin savabı yoxdur

Bəli, illah da Hz. Əli, Hz. Həsən, Hz. Hüseyn haqda bir şey demək lazımsa, mən bunu deyərəm. Onlara Mövlud oxuyaram. Deyərəm ki: "Allahım, onların mənim mövluduma ehtiyacı yoxdur, mənim xətmimə də ehtiyacı yoxdur. Lakin onlara bağlılığımı bildirmək istəyirəm, onların təvəccöhünə nail olmaq istəyirəm. Dua edirəm. Qapı qulunuz, xəlayiqiniz, qitmiriniz sizi heç vaxt unutmayıb. O ürəkyaxan hadisələri yad edib “Allah məqamınızı yüksəltsin. Allah sizi firdövslə sevindirsin” deyir. Onun bu sözləri sizin kamalınıza bir fayda verəsi deyil. Lakin o, sizə özünü tanıtmaq istəyir. Lütfən, onu da şəfaət dairənizə qəbul edin". Onlar üçün hər yaxşı əməlimizi bu düşüncə ilə etməliyik.

Onlara, bu işi görənlərin millətinə söyməyin heç bir savabı yoxdur. Niyə ağzımızı, dilimizi, gözümüzü kimisə söyməklə çirkləndirək. Kaş orada sənin önündə olaydım. Bir dəstə ədəbsiz Əməvinin sənə etdiyi pislik və bəzi kufəlilərin, farsların vəfasızlığı qarşısında həmin yerdə mən olaydım. Həzrəti Cəfər kimi qol-qanadımı budayaydılar, Musab kimi, "budur qolum" deyəydim, bir zərbəni də ora vuraydılar. Bir zərbəni də o biri qoluma, son zərbəni də başıma vuraydılar. Və səni orada qoruya biləydim... Mənim ağlımdan bunlar keçir.

Etiqad baxımdan da səhvə yol verməmək lazımdır. Bəzi İsrail oğulları Hz. Üzeyir haqda - haşa- "Allah içinə girdi, hülul etdi, təcəssüm etdi" deməklə xəta etmişlər. Xristianlar da eyni şəkildə Hz. İsaya üluhiyyət isnad edirlər. Bu yaxınlarda bir televiziya kanalında bir nəfərin çıxışına qulaq asdım. Hz. Əliyə sevgisini bu sözlərlə ifadə etdi: "Əli əvvəl, Əli axır, Əli zahir, Əli batin". Bu sifətlər yalnız Allaha məxsusdur. Məsələyə bu qəlibdə yanaşsanız, həm özünüzü zəlalətə atarsınız, həm də qarşı tərəfi əks-reaksiyaya təhrik edərsiniz. Məsələni bu şəkildə izah etsəniz, Hz. Əlinin əziz ruhunu da, Əhli-beytin ruhunu da rəncidə edərsiniz. Həzrəti Əlinin əsl dəyərini ifadə edərkən qüsura yol verməməli, onun məqamına daim hörmət etməliyik. Ancaq − haşa və kəlla − onu üluhiyyət taxtına oturtsanız, üstəlik Peyğəmbərimizdən də böyük göstərsənizz, həddi aşmış olarsınız.

Şəxsiyyət kin-nifrətlə formalaşmamalıdır

Bu cür məsələlərdə kinlə, nifrətlə şəxsiyyət formalaşdırmaq kimi yanlışlığa yol verilməməlidir. Bəli, bəzi kimsələr böyük xəta elədilər. Hesabını da o biri tərəfdə verəcəklər. Tarixdə bu cür hadisələr oxşar şəkildə çox təkrar olunub. Biz də onlara baxıb eyni xətaya düşməməliyik. Onlar öz dövrünü, axirətini, taleyini qaraltdı, biz qaraltmayaq. İnsanıq, qəzəbimiz, hiddətimiz, şiddətimiz, nifrətimiz ola bilər, lakin iradəni ortaya qoyaraq onları cilovlamalı, özünü göstərməsinə imkan verməməliyik. Söyüb həqarət etmək heç vaxt savab olmamışdır və bir fəzilət göstəricisi də deyildir. Nə Quranda, nə sünnədə bu cür şeylərin ibadət olmasına dair yarım kəlmə də yoxdur. Hz. Zəkəriyyanı mişarla kəsənlərin söyülməsinin ibadət olması haqda heç bir kitabda heç bir şey göstərə bilməzlər. Hz. Yəhyanı şəhid edənlərə, ruhunun üfüqünə yürüməsinə körpü olanlara söyüb həqarət etmək ibadət deyildir. "Allah bəlanızı versin. Cəhənnəmə gedəsiniz" deməyin ibadət olduğuna dair nə dində, nə də ağlı başında olan sosioloqların, tarixşünaslərin fikirlərində bircə kəlmə də tapmaq mümkün deyil.

Siz əgər durub bəzi səhabələr üçün – ibaət niyyəti ilə − müəyyən günlər tərtib edib onlara söyüb həqarət etsəniz heç bir şey qazanmazsınız. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Hz. Həmzəni canından çox sevirdi. Bir-iki səhabə var ki, onların ölümü Onu ürəkdən ağlatmışdır. Övladının vəfatında gözləri dolmuş, Ənsardan vəfalı Osman ibni Mazunun vəfatına ağlamışdır. Lakin Hz. Həmzənin şəhadəti onu çox sarsıtmışdı. Amma heç vaxt nə buna səbəb olan Hində, nə də Hz. Həmzəyə mizrağını saplayan Vahşiyə kin-nifrət bəsləməmişdir.

Peyğəmbərimizin ümmətiyik

Xülasə
  • Bizim əqidəmizdə mərhumun arxasınca ağı deyib, baş-gözə vurmağın heç bir savabı yoxdur. Bunlar eyni zamanda qədərə üsyandır.
  • Söyüb həqarət etmək heç vaxt savab olmamışdır və bir fəzilət göstəricisi də deyildir. Nə Quranda, nə sünnədə bu cür şeylərin ibadət olmasına dair yarım kəlmə də yoxdur.
  • Ona bu qədər pislik edən, canına qəsd edən, elindən-obasından çıxaranları belə Məkkənin fəthində: "Gedin, hamınız azadsınız" deyən Nəbilər Sultanının ümmətiyik.
  • Biz hər səhər-axşam dualarımızda Hz. Əlinin, Hz. Həsənin, Hz. Hüseynin şəfaətini diləyirik: "Onun pak ali-beyti hörmətinə bizi cənnətinə qoy, Allahım" deyirik. Bizim əqidəmiz budur.

Ona pislik edən, 13 il içdiyi suyu, yediyi yeməyi haram edən və ona yaşamaq haqqı və imkanı verməyən insanlar bir gün evində qətlinə fərman verirlər. Əllərində mizraq və qılınclarla hücreyi-səadətindən keçib xaneyi-səadətinə girirlər. Şahi-Mərdan, Heydəri-Kərrar, Nəbi Kürəkəni isə hər şeyi gözə alıb Peyğəmbərimizin yatağına girmişdi. O isə Məkkənin fəthində Ona bu qədər pislik edənləri, Onun canına qəsd edənləri, elindən-obasından çıxaranları: "Gedin, hamınız azadsınız" deyib bağışlayır. "Siz bu gün qınanmayacaqsınız, sizi ayıblaya bilmərəm" deyərək qəlbləri yumşaldır. Onlara heç bir ağır söz demir. Hətta “mənə filan şey etdiniz, fəsman şey etdiniz” deyərək hüzuruna peşman gələn insanları rəncidə etməmək üçün alicənablıq nümayiş etdirir. "Bunda elə bir şey yoxdur, Allah Ğafurdur, Rahimdir" deyir. İnsanlığın İftixarı Peyğəmbərimizin üslubu, yolu budur.

Bu ürəkyaxan hadisəyə baxıb kədərlənməmək mümkün deyil. Məsələn, Məhərrəm ayında "Bu gün mahi-Məhərrəmdir, muhibbi xanədan ağlar/ Bu gün əyyami matəmdir, bu gün abi- rəvan ağlar" beyti Alvar imamının dilindən düşməzdi. Alvar İmamı Seyyid, eyni zamanda Əhli-Beytdəndir. Bu beytlər həmişə onun dərgahında oxunar, o da ağlardı. Biz o dərgahlarda bunları dinləyə-dinləyə böyüdük. Oralarda dərin hüzn olardı. Lakin kinə, nifrətə kinlə, nifrətlə qarşılıq verilməzdi.

Millətimiz inandığı şeyə səmimi bağlanır

Hz. Hüseyn kamilliyin zirvəsinə çatmış bir insandı. Bizim üçün əlçatmaz, ün yetməz üfüqlərdə pərvaz edir. Şəhidlik isə onun məqamına bambaşqa dərinlik gətirmişdir. Onu qətlə yetirən öz həyatını məhv etmişdir. İndi o qatilə söymək lazımdır, yoxsa halına yanmaq? Şümürün, Lülünün, İbni Mülcəmin o biri dünyada cəhənnəmdə çatır-çatır yandığını, rəhmətdən əbədi məhrum olduğunu görəcəksiniz. Elə isə, məncə, bu kini, qəzəbi nəsildən nəslə ötürərək yaşatmağın bir mənası yoxdur. Bu yalnız nifrəti, kini körükləyər və hər birimizi nifrət, kin, qeyz insanına çevirməyə xidmət edər.

Anadolu insanı neyə inanıbsa, onda səmimidir. Millətimizdə Hz. Əli, Hz. Həsən, Hz. Hüseyn, Hz. Fatimə və əhli-beyt sevgisi farslardan daha güclü və səmimidir. Bu millətin genində, xarakterində belə bir səmimiyyət var. Biz hər səhər-axşam dualarımızda Hz. Əlinin, Hz. Həsənin, Hz. Hüseynin şəfaətini diləyirik: "Allahummə ədxilnəl-cənnətə məal əbrar, bi- şəfaəti nəbiyyikəl-muxtar və alihil-əthar və əshabihil əxyar..."Onun pak ali-beyti hörmətinə bizi cənnətinə qoy, Allahım" deyirik. Bizim əqidəmiz budur. Biz gündə neçə dəfə onları yad edirik, ancaq "Əli əvvəl bud, Əli zahir bud, Əli batin bud..." söyləyənlər bunu heç bir dəfə də demirlər. Yalanı bir kənara qoyaq. Fars düşüncəsindən uzaq olaq. İstiqamətdə olaq, məsələyə mötədil yanaşaq. Allah bizi yanlışlardan qorusun. Amin.

Sözün cövhəri

Hz. Əli, Hz. Həsən və Hz. Hüseyn haqda: "Onların mənim xətmimə, mövluduma, dualarıma ehtiyacı yoxdur. Lakin mən bu vəsilə ilə onların təvəccöhünə nail olmaq istəyirəm. Qapı qulunuz, qitmiriniz sizi heç vaxt unutmadı. O ürəkyaxan hadisəni hər dəfə yad edəndə “Allah məqamınızı yüksəltsin. Allah sizi firdövslə sevindirsin” deyə dua edir. Onun bu sözləri sizin kamalınızı artırası deyil. Lakin o, sizə özünü tanıtmaq istəyir. Lütfən, onu da şəfaət dairənizə qəbul edin" deyirəm.

Həftənin duası

Allahım! Bizim, inanan qardaşlarımızın və bütün insanların qəlb qapılarını iman, İslam, Quran və ihsan duyğusuna aç. Qəlbimizi hiss-pas, böyük-kiçik − bütün virus və mikroblardan təmizlə.. könlümüzü cənnət bağları kimi nura qərq et.. bilərək və ya bilməyərək etdiyimiz səhvlərimizi, günahlarımızı bağışla və onlara təkrar bulaşıb kirlənməsinə imkan vermə! Amin.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.