Əhli-Beyt sevgisi və Kərbəla

Kərbəla hadisəsi ciyər yaxan, ürək qanadan bir vaqiədir. Dolayısilə, bu günləri yad etmək istiqamətində müəyyən fəaliyyətlər həyata keşirmək, sevilməli insanlara sevgi göstərmək, söylənilməli şeyləri dilə gətirmək təbii haldır. Belə ki, keçmişdə bu fəaliyyətlər təkkə və zaviyələrdə (təriqət mənsublarının toplandığı, ibadət etdiyi yer, dərgah) nöqsansız həyata keçirilirdi. Bildiyiniz kimi, Alvar məscidinin imamı möhtərəm Muhamməd Lütfü Əfəndi sünni olsa da, Əhli-Beyt sevgisi ilə coşar, daim bunun həyəcanı ilə yaşayardı.

Bizim nəslimiz, bizdən əvvəlkilər və sonrakılar Əhli-Beyt haqqında yanıqlı sızıltıları eşidə-eşidə böyüdü. Əslində Hz. Həsən, Hz. Hüseyn, Zeynəl Abidin həzrətləri, İmam Cəfər bizdən heç nə gözləmir. Qaldı ki, onlar şəhidliyin ən uca zirvəsini fəth etdilər. "Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin" (“Bəqərə” surəsi, 2/154) həqiqətinə, başqa bir ayənin ifadə etdiyi "Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (“Ali İmran” surəsi, 3/169) müjdəsinə layiq oldular. Dolayısilə, onların bizim heç bir hədiyyəmizə ehtiyacı yoxdur. Onlar nəzdi-üluhiyyətdə, Allah dərgahında ağıla-xəyala gəlməz ruzilərlə, hədisin ifadəsinə görə, gözlərin görmədiyi, qulaqların eşitmədiyi, bəşəri ağlın və xəyalın təsəvvür etmədiyi nemətlərlə sərfərazdırlar.

İnsanın Əhli-Beytin çəkdiyi o ağrı-acıları qəlbən, ruhən duyması həm müsəlmanlığın, həm də Allah Rəsuluna və Onun Əhli-Beytinə bağlılığın tələbidir. Həm öz xatirinə, həm Peyğəmbərimizin xatirinə, Hz. Əlinin, Hz. Fatimə anamızın xatirinə onları sevməmək qeyri-mümkündür. Ancaq hər şey tarazlı olmalıdır. Qurani-Kərim belə buyurur: "(Ey möminlər! İntiqam almaq məqsədilə birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin" (“Nəhl” surəsi, 16/126). Yəni əgər onlar sizdən birini şəhid edərlərsə, döyüşdə siz də müharibə qaydalarına uyğun bir insan öldürə bilərsiniz. Lakin bağışlayıb səbir etsəniz, bu, sizin üçün daha xeyirlidir.

Əgər Qurani-Kərimdə, Hz. Əlinin sözlərində Peyğəmbərimizə istinadən və ya özünə məxsus, Hz. Hüseynin Allah Rəsuluna, Hz. Əliyə və ya Hz. Fatiməyə istinadən və ya özünə məxsus: "Bizim yasımızı tutun, döyünün, ağlayın..." kimi sözlər varsa, "Baş üstə" deyirik. Yox, əgər dində belə şey yoxsa, deməli, biz dində yeni şeylər icad edirik. Bu gün ölkəmizdə zəncir vurma əvəzinə qan verirlər ki, bu da daha insani davranışdır. Özünə əziyyət vermək əvəzinə Əhli-Beytin əziz xatirəsinə böyük fədakarlıq göstərirlər; qan verməklə kiminsə ehtiyacını ödəyir, kiminsə şəfa tapmasına vəsilə olurlar. Əfsuslar olsun ki, bəzi yerlərdə köhnə adətlər hələ də davam edir.

Özünü döymək, özümüzə əziyyət vermə əvəzinə: "Allahım, onlar məzlum, məğdurdur, zalım, qəddar insanların əli ilə şəhid edildilər. Onlar o qədər məsum o qədər təmiz, o qədər pak insanlardır ki, hal-hazırda o biri aləmin sonsuz aləmin səmalarında qanad çalırlar. Allahım, bizi o təmiz insanlaara bağışla, onların pak təbəqəsinə daxil et!" deyə dua etmək ən doğru davranışdır. Onlara dua etmək, şəfaətlərini diləmək həm bizdən onlara ərməğan, həm də gələcəkdə bizi tanımaları üçün göndərilən bir dəvətnamədir. Bu şəkildə dua etməklə özümüzü onlara tanıtmağa çalışmalıyıq.

Bu məsələ dinin qaydalarına uyğunlaşdırılmalıdır

Zənnimcə, kimisə səmimi qəlbdən anma, yad etmə məsləsində əsas prinsip tam başa düşülmür. Hər məsələ kimi, bu məsələni də dinin qaydalarına uyğunlaşdırmaq lazımdır. Bir işi din uğrunda görürüksə, həmin məsələnin dində bir yeri, bir əsası olmalıdır. Gördüyünüz iş sağlam dini əsaslara, dinin təməl qayda və prinsiplərinə söykənməlidir ki, icraat dini çərçivə daxilində olsun. Məhz bu zaman görülən işlərin Allah nəzdində, Rəsulullah və Heydəri-Kərrar Hz. Əli nəzdində bir qiyməti, bir dəyəri olar.

Mən deyirəm ki, gəlin Əhli-Beytə, Peyğəmbərimizə minlərlə, milyonlarla salət və salam göndərək. Onların şəfaətinə nail olmaq, cənnətdə onlarla qonşu olmaq üçün dualarla yalvaraq. Fəqir (özünü qəsd edir) gündə, bəlkə, “milyonların dili ilə, Allahın elminin sayı qədər” deyib salət və salam oxuyur. Bu Əhli-Beytə olan sevgimdən irəli gəlir. "Allahım, Sənin elmin sayı qədər Peyğəmbərimizə və onun paklardan pak, tərtəmiz Əhli-Beytinə salət və salam olsun," deyirəm. Və mən bunu sonsuza istinad edirəm. "Allahım, Sənin elmin sayı qədər, əzəldən əbədə qədər Peyğəmbərimizə, Ali Əhli-Beytinə, Hz. Həsənə, Hz. Hüseynə salət və salam olsun," deyirəm. Onlar üçün xeyir iş görmək istəyən varsa, bunu eləsin.

Bu matəm günlərini keçirən insanlarımızın öhdəsinə böyük vəzifələr düşür. Onlar sünniləri "Niyə bizim kimi Kərbəla hadisəsini yad edib ağrı-acı çəkmirsiniz? Sağınıza-solunuza vurub özünüzü yaralamırsınız?" deyə tənqid etməməlidirlər. Əks halda keçmişdə yaşanan fəlakəti yad etməklə o dövrün kin və nifrətini təkrar oyandırmış olarsınız. Bu da müsəlmanlar arasında bölünmələrə səbəb olar. Allah qorusun, bunu fürsət bilənlər bədxah niyyətlərini həyata keçirməyə çalışarlar.

İndi Yezid yoxdur, kimə kin bəsləyək?

O cinayəti, o pis əməli işləyən yerin dibinə batası Yezid idi. Bunu zalım Əməvilər etdilər. Əməvilərdən Ömər b. Əbdüləziz kimi, İslamı Əndəlusda yayanlar kimi, çox gözəl işlər görənlər də çıxdı. Bunları görməzliyə vurmaq olmaz. Bu matəmi mütəmadi yad edən insanların şüur altında bir “Yezid” axtarıb tapma təkanı, meyli ola bilər. Ancaq bu gün Yezid yoxdur. Beləliklə, bu insanlar sünniləri “Yezid” tərəfdarı kimi görə bilərlər ki, bu da ən böyük fitnədir. Əhli-Beyti sevməmək ittihamından Allaha sığınırıq. Haşa, yüz min dəfə haşa. Biz onları sevməyi din sayırıq. Belə süni “Yezidi”lər ortaya çıxardaraq təkrar bir “Yezidi – Əhli-Beyt” mübarizəsinə zəmin hazırlamaq təhlükəsi var. Bu həm psixo-sosioloji, həm də dinin təməl prinsipləri baxımından olduqca təhlükəlidir. Bizim vəzifəmiz, ölkəmizdə vəhdəti-ruhiyyəni, birliyi qorumaq üçün təmkinli, tədbirli olmaqdır.

Bu gün Yezid və Yezidilər yoxdur, ancaq o gün ortaya çıxan Xaricilik qəlibini, formasını dəyişdirərək bu günə qədər gəldi. Hal-hazırda da sufiliyi qəbul etməyən, İslamın qəlbi və ruhi həyatını inkar edən, hər şeyi quru nəslərə istinad edənlər var. Quranı kobudca şərh edən, mühəqqiq (həqiqəti araşdırıb tapan), müdəqqiq (tədiq edən, araşdıran), mühəddislərin (hədis elmi ilə məşğul olan) bu mövzudakı fikirlərini nəzərə almayan dayaz insanlar xaricilərin müasir davamçılarıdır.

Hətta demək olar ki, bu gün ortaya çıxan canlı bombalar “xarici”nin qalıqlarıdır. Bunlar “neo-xaricilər”dir. Günahsız insanların üstünə bomba yüklü maşınları sürmək, intihar orduları təşkil etmək məhz bu sapqın anlayışın nəticəsidir. Və bunlar İslamın parlaq simasını qaraldan üz qarası insanlardır.

Gəlin İslam ətrafında qalalar tikək

Elə isə İslam həqiqətlərinin ətrafında fitnə alovuna qarşı sarsılmaz qalalar tikməliyik. Bu fitnələr İslamın bəzi qalalarını yıxa, bəzi sipərlərini dağıda bilər. Bu da bəzi insanları yanlış yollara sürükləyə bilər. Bu yolun yol olaraq davamı və mütəmadi olması, bu yolda gedənlərin Allaha çatması üçün onun ətrafında qalaların tikilməsi lazımdır. Fitnə haradan gəlirsə, yırtıq harada isə oranı tutmaq, yamamaq lazımdır. Həzrəti Qəzali təcdidi ilə bir yırtığı yamamağa çalışdı. Şah Vəliyyullah Dəhləvi, İmam Rəbbani, Mövlana Xalid Bağdadi başqa bir yırtığı yamamağa çalışdı. Hansı dövrdə yırtıq haradadırsa, oranı yamamağa çalışdılar.

Bu gün başda müsəlmanlar olmaqla bütün insanlığı yaxıb-yıxan bir yanğın var. Ailədə, küçədə, məktəbdə yanğın var. Elə isə bu məsələlərin, bu problemlərin təkrar törəyib artmasına imkan verməməliyik. İnsanda köhnə duyğuları, pis hisləri hərəkətə gətirən, kinə, nifrətə sövq edən təmayüllərin baş qaldırmasına icazə verilməməlidir. Bu gün o pis duyğular təzədən dirilsə, dialoqun, xoşgörünün, sevginin yerinə keçəcək. Milli birliyin yerini tutacaq və Allah qorusun yeni Kərbəlalara zəmin hazırlayacaq. Bunlara meydan verməmək üçün sünnilər cəmevinə (ələvilərin toplandığı yerin adı), ələvilər də məscidə hörmət etməlidir. Allahın yolunda gedən insanlar kinə nifrətə yol verməməli, əl-ələ, çiyin-çiyinə bu müqəddəs yolçuluğu birlikdə davam etdirməlidirlər.

Bu gün harada olur-olsun ağlayan insanların göz yaşını silmək vacibdir. İnanan insanlar dünyası, müsəlman aləmi üç-dörd əsrdən bəri dövlətlər arasında öz mövqeyini itirmişdir. Onu yenidən bu sükanın başına oturtmaq çox ciddi və ən vacib məsuliyyətdir. O məsuliyyəti yerinə yetirmək bütün İslam dünyasının vəzifəsidir.

Xülasə

  • Kərbəla hadisəsi ciyər yaxan, ürək qanadan bir vaqiədir. Dolayısilə, bu günləri yad etmək istiqamətində müəyyən fəaliyyətlər həyata keşirmək, sevilməli insanlara sevgi göstərmək, söylənilməli şeyləri dilə gətirmək təbii haldır.
  • İnsanın Əhli-Beytin çəkdiyi o ağrı-acıları qəlbən, ruhən duyması həm müsəlmanlığın, həm də Allah Rəsuluna və Onun Əhli-Beytinə bağlılığın tələbidir. Həm öz xatirinə, həm Peyğəmbərimizin xatirinə, Hz. Əlinin, Hz. Fatimə anamızın xatirinə onları sevməmək qeyri-mümkündür.
  • Bu gün Yezid və Yezidilər yoxdur, ancaq o gün ortaya çıxan Xaricilik qəlibini, formasını dəyişdirərək bu günə qədər gəldi. Hal-hazırda da sufiliyi qəbul etməyən, İslamın qəlbi və ruhi həyatını inkar edən, hər şeyi quru nəslərə istinad edənlər var.

Həftənin duası

Kainatın zərrələri qədər salət və salam edib Rəbbimizə yalvarırıq:

Ey Allahım! Bizə düşmənçilik edənlərə qarşı Sən bizə yardım et.. həddini aşıb huququmuza təcavüz edənlərin şərini bizdən dəf et.. əhli iman haqqında mənfi düşünən nə qədər şər insan varsa, Sən bizi onların şərindən və hiylələrindən qoru..

Sözün cövhəri

Həzrəti Əli "Hər peyğəmbərin nəsli özündən, mənim isə Əlidən davam edəcək!", "Mən kimin dostu (mövlası) isəm Əli də onun dostudur”, "Sən dünyada da, axirətdə də mənim qardaşımsan!", "Sən Həzrəti Harunun Həzrəti Musanın yanında tutduğu mövqeyi mənim yanımda tutmaq istəmirsənmi? Fərq yalnız bundadır ki, məndən sonra peyğəmbər gəlməyəcək," kimi Rəsulullahın iltifatına layiq olan insandır. Üstəlik Rəsul-i Əkrəmin (s.ə.s.) nəslini sevmək də ələvi-sünni hamımızın borcudur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.