Heç bir işiniz şeytanı sevindirməsin

Münafiqləri günah, düşmənçilik və Peyğəmbərimizə üsyan kimi cürmlər üçün kulis[1] keçirməyə sövq edən şeytandır. Onların pozulmuş təbiəti şeytanın kiçik bir təhriki ilə dərhal hərəkətə gəlmiş və: "Bu müsəlmanları necə məğlub edək, Peyğəmbərin hansı əmrinin, hansı buyuruğunun yersiz olduğunu yayıb üsyan cəbhəsi təşkil edək!" kimi düşüncələrin zehnlərində kök salmasına zəmin hazırlamışdır. Münafiqlər bu məqsədlə xosunlaşmış və pıçıldaşmışdır ki, bu da onların belə çirkin duyğu və düşüncələrdə boğulmasına səbəb olmuşdur. Bu baxımdan da, bu cür məşru, qanuni olmayan kulislər şeytandandır.

Həmçinin bu cür fəaliyyətlər psixoloji savaş amili kimi müsəlmanların mənəvi gücünü zəiflətmə məqsədilə həyata keçirildiyi üçün də şeytandan sayılır. Çünki beş-on nəfər münafiq gizlicə toplaşıb xosunlaşsa, bu bəzi möminlərdə tərəddüd və narahatçılığa səbəb ola bilər. Ağıllarına: "Görəsən, bu gizli görüşdə nə danışdılar, nə qərar aldılar, hansı plan qurdular?" kimi suallar gələ bilər. Bu aspektdən, münafiqlər günah, düşmənçilik və Peyğəmbərimizə üsyan etmək barədə dayanmadan xosunlaşarkən, bəlkə də, bunların ətrafa yayıladığını, söz-söhbətə səbəb olduğunu bilirdilər. Ancaq onlar bunu psixoloji savaş silahı kimi işlədirdilər. Məsələn, Uhud döyüşündən əvvəl mənəvi gümrahlığa və birlik ruhuna çox ehtiyac vardı. Halbuki belə təhlükəli bir vaxtda beş-on nəfər toplaşır, gizli-gizli söhbət edir, xosunlaşırdı. Onları görən səhabələr istər-istəməz: "Görəsən, nə danışdılar, kim bilir neyləyəcəklər? Yoxsa bizə qarşı birlik quracaqlar?" deyə əndişələnirdilər. Dolayısilə, münafiqlərin bu hərəkətləri psixoloji savaş silahı kimi möminlərdə az da olsa sarsıntıya və mənəvi gücün zəifləməsinə səbəb olurdu. Bu nöqteyi-nəzərdən də belə bir xosunlaşma şeytandandır.

Şeytanın oyuncağı olan kulis fəaliyyətləri

Şeytan belə bir ssenarini yalnız münafiqlərlə səhnəyə qoymaz, bəzən möminləri də aldadıb onları da müxtəlif rollarda oynada bilər. Kollektiv şüuru zədələmək, inananlar arasına şübhə və inamsızlıq toxumu səpmək və bu yolla möminləri üzmək üçün şeytan müxtəlif təfriqə tələləri qurur, ixtilaf torlarını atır. Əslində saleh bir toplumda bir neçə səmimi insanın toplanıb xüsusi görüşməsindən kimsə narahat olmaz, çünki heç kim Allahdan qorxan belə insanların şər işlər üçün ittifaq edəcəyindən əndişələnməz. Lakin şeytan gizli görüşənləri, xeyir üçün nəcva niyyəti ilə toplananları bəzən aldadaraq onları "birrü-təqva" yolundan uzaqlaşdırmaqla qeybət və tənqidə sürükləyir. Bununla yanaşı, onların gizli görüşməsi digər insanların qəlbinə şübhə də ata bilər. Beləliklə, möminlər arasında inamsızlıq ab-havası meydana gələr. Dolayısilə, o cür nəcvalar da nəticə etibarilə şeytandan sayılır.

Belə bir sui-aqibətə[2] düçar olmamaq üçün xüsusi şəraitdə və gizli görüşən insanlar həmişə niyyətini və məqsədini nəzərdən keçirməli, söhbət boyu nəcvanın şərtlərinə riayət edib-etmədiklərini sorğu-sual eləməli və mütləq Allah rizasını hədəf seçməlidir. Həmçinin olduqca şəffaf olmalı, gizli işlər görən insan kimi davranmamalı, görüşün vaxtını, yerini və mövzusunu bilməsində heç bir promlem olmayan bəzi insanlara da xəbər verməlidirlər. Üstəlik Peyğəmbərimizin (əleyhi əkməlüt-təhaya): "İki nəfər öz aralarında üçüncü şəxsdən icazə almadan danışmasın. Əks halda, o adam bundan incinər" hədisə əməl edərək görüşə şahid olan insanlardan icazə almalı, toplantının məzmununu izah etməsələr də mövzu haqqında qısa məlumat verməli və o insanların tərəddüdlərini aradan qaldırmalıdırlar.

Zənnimcə, ən təhlükəli, ən amansız və ən acınacaqlı görüş bir ya da bir neçə müsəlmanın mömin və ya möminlər qrupu haqqında pıçıldaşmasıdır. Bir neçə nəfərin yanında bir mömin haqqında: "Xasiyyəti xasiyyətimə uyğun gəlmir, filan yönü xoşuma gəlmir!.." deyib təhqir etmək və qeybətini qırmaq günahdır. Ancaq səmimi qəlbdən peşman olduqdan sonra, halallıq istəyib istiğfar etməklə günahı bağışlana bilər. Lakin bir mömin qrupu əleyhinə CD-lər hazırlamaq, o CD-ləri şeytanın da ağlına gəlməyən böhtanlarla doldurmaq, eyni böhtanları qəzet, radio və televiziya yolu ilə də yayaraq minlərlə dillə qeybət edib böhtan atmaq, hətta bu yalan və böhtanları xaricə göndərib müsəlmanları pisləmək.. və sırf bu məqsəd üçün ku­lis­lər keçirmək, hər məkanı pıçıltı məclisinə çevirmək, daim sui-qəsdlər və hərəkət planları hazırlamaq.. şey­ta­nın bu cür ssenarilərində baş rolda oynayanlar qütbiyyət və qövsiyyət [3] iddialı insanlar da olsa, onların ba­ğış­lanması mümkün deyil. Çünki bunların elədiyi elə şeytani kulislərdir ki, onların içində gördükləri işin günah olması düşüncəsi də yoxdur. Əgər bir günahın günah olması qəbul edilməzsə, ona görə peşman olmaz və istiğfar etməzlər, o günah baş alıb gedər.. onu işləyən günahkarlar da heç vicdan əzabı çəkməz, nədamət hissi keçirməz, dolayısilə, tövbə duyğusuna da yaxın gəlməzlər.

Xülasə

  • Kollektiv şüuru zədələmək, inananlar arasına şübhə və inamsızlıq toxumu səpmək və bu yolla möminləri üzmək üçün şeytan müxtəlif təfriqə tələləri qurur, ixtilaf torlarını atır.
  • Toplantılarda olduqca şəffaf olmalı, gizli işlər görən insan kimi davranmamalı, görüşün vaxtını, yerini və mövzusunu bilməsində heç bir promlem olmayan bəzi insanlara da xəbər verməlidirlər..
  • Ən təhlükəli, ən amansız və ən acınacaqlı görüş bir ya da bir neçə müsəlmanın mömin və ya möminlər qrupu haqqında pıçıldaşmasıdır.

İslam dini bütün məsələləri həll etmək üçün kifayətdirmi?

Cavab: Bəli, həm kifayətdir, həm də vafi (yetərli, başqa heç bir şeyə ehtiyac qalmayacaq şəkildə). Qərbdə hər gün neçə-neçə insanın İslamı qəbul etməsi bunun açıq sübutudur.

Bir fabrikin işləmə sistemini, onu qurandan daha yaxşı kim bilə bilər. Ən sadə bir elektronik alətin işləmə mexanizmini belə bir biləndən soruşursunuz. İnsanı yaradan kimdirsə onun istər fərdi, istərsə də ictimai yaşayış tərzini ən gözəl bilən də o olmalıdır. İnsanı Allah yaratmışdır. Elə isə insan üçün ən uyğun sistem də Onun göndərdiyi sistemdir.

Bu gün bu reallıq hər kəs tərəfindən qəbul edilir, çünki bəşər əli ilə ortaya qoyulan bütün sistemlər bu gün iflas etmişdir. Müvəqqəti müvəffəqiyyətləri onların uzun müddət qalmaları üçün kifayət etməmişdir. Beləcə tarixdə görülən ən məşhur bəşəri sistemlərdən Feodalizm, Kapitalizm, Sosializm və Komunizm, bir-birinin ardınca dağılmış və arxada bir çox ah-nalə qoyub getmişdir. Halbuki İslam ilk qurulduğu gündən bəri əslindən heç bir şəy itirmədən bu günlərə gəlib çatıb.

Qərb bu işin fərqindədir. Allahla münasibəti qüvvətli olan mürşid və mübəlliğlər Qərb dünyasının bir çox yerində gözəl qarşılanır, sevilir. Kilsə salonları, sanki, İslama olan sevgini tərənnüm edirlər.

Əsrin dərdlərinə mübtəla olmuş insanlıq yenidən bir İslam anlayışına yönəlir. Bu gün altından çıxılmayan problemlerin ancaq İslam ilə həll edilə biləcəyi qənaəti çox geniş yayılmışdır.

Fəzilət odur ki, düşmanlar da qəbul və etiraf etsin. Və bu gün elə bir mərhələ gəlmişdir ki, düşmanlar da verdikləri bəyanatlarıyla bu həqiqəti qəbul etmiş kimi görünürlər. Bu gün Avropada İslamı qəbul etdiyi halda, ətrafındakılardan çəkindiyi üçün bunu gizli saxlayan bir çox insan vardır.

Sonra bu cür suallara konkret misal vermək üçün bütün məsələləri bir-bir sayıb İslamın o məsələləri necə həll etdiyini bir-bir göstərmək lazımdır. Bu da bir neçə cildlik əsərlə ancaq mümkün olar. Sual-cavab yolu ilə belə bir mövzunu dərinliklərinə qədər təhlil etmək əlbəttə qeyri-mümkündür. Bundan əlavə onlar, İslamın hansı məsələni həll edə bilmədiyini göstərməlidirlər ki, biz də onun  cavabını verək. Onlar mücərrəd şəkildə soruşduqları üçün bizim cavabımız da mücərrəd olacaq. Cavabı hər kəsə məlum olan bir məsələ haqqında artıq danışmaq, həm israf həm də əbəs işdir. İslam isə israf və əbəs işi əsla xoş görmür.

Sözün cövhəri

Müsəlman haqqı arzulayırsa, həmin haqqı əldə etmək üçün istifadə etdiyi arqumentlərin üstündə, mütləq, "caizdir" və ya "məşrudur" möhrü olmalıdır. Yoxsa: “Mən haqqı qoruyuram, bunün üçün batil yollara da əl ata bilərəm” düşüncəsinə Quran və sünnə əsla icazə verməz. Bəli, bu düşüncə tərzindən Cənabi-Haqq razı deyil. Bu səbəbdən, demək olar ki, əgər müsəlmanlar bu gün məğlubdursa, bunun arxasında haqqı düzgün anlayıb, düzgün təmsil edilməməsi yatır.

Həftənin duası

Rəhman və Rəhim olan Allahın adı ilə... Dinimizi ən gözəl şəkildə yaşamaq və onu başqalarına anlatmaq üçün Allah bizə yetər.
Dünyamızı abad etmək, yer üzündə Haqqın muradını həyata keçirmək və bu yolda hər müsibətə səbr etmək üçün Allah bizə yetər. Zehnimizi və qəlbimizi məşğul edən hər məsələyə qarşı (yaxşılıq və ikram sahibi, yeganə kərim olan) Allah bizə yetər. Bizə amansızcasına hücum edənlərə qarşı (bütün zalımlara həddini bildirmə qüdrətinə sahib olan) Allah bizə yetər.


[1] Bir iş haqqında gizli görüş, gizli məclis
[2] Pis, şər aqibət
[3] Övliya məqamının zirvəsi

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.