Hər gün bir daha cənnəti qazanmalı

Bu gün Allah rizası üçün görüləsi dünyalar qədər dəyərli bir iş var. Elə bir iş ki, dünya cəhətindən baxsaq, İstanbulun min dəfə fəthindən daha fəzilətlidir; qövslükdən, qütblükdən çox-çox üstündür. Bu iş Onu bütün aləmə tanıtmaq, Hz. Məhəmməd Əleyhissalamın adını möhtac ruhlara çatdırmaqdır. Elə isə, gəlin böyük iddiaları, boşa sözləri bir kənara qoyub bu vəzifəni yerinə yetirməyə çalışaq. Dinimizi düzgün şəkildə başqalarına çatdırmağın yollarını axtarıb tapaq. Allahın bizə nəsib etdiyi bu misilsiz həqiqətləri uşaq-gənc, qadın-kişi – bütün dünyaya necə çatdıra bilərik, bunun dərdini çəkək.

 

Buna görə həmişə "Ən mühüm məsələ Müsəlmanlarda İslami həyəcanı yenidən oytmaqdır" deyirəm. Dini həyəcan elə oyadılmalıdır ki, insan özünü unudub ancaq bəşəriyyətin əbədi səadətini düşünsün. Əgər yalnız nəfsimiz üçün yaşayır, yalnız özümüzü düşünürüksə, əsas düşünülməli şeyi düşünə bilmərik. Bizi məhv edən də elə yalnız öz nəfsini düşünən insanların kobudluğu deyilmi?

Həmçinin görməli olduğumuz işin keyfiyyəti çox əhəmiyyətlidir. Biz Allahın rizasını qazanmaq üçün ileyi-kəlimətullah vəzifəsini yerinə yetirməyə çalışırıq. Yer üzündə bundan uca, bundan müqəddəs bir vəzifə də bilmirik. Bu vəzifə cənnətlərdən üstün tutulmağa layiqdir. O qədər müqəddəs vəzifədir ki, bir nəfərin hidayətinə vəsilə olarkən cənnətin yeddi-səkkiz qapısı birdən açılsa, bizə "içəri buyurun" deyilsə, təşrifatçılar bizi qarşılasa.. həmin şəxsin hidayətini düşünüb "Bir az dayanın, mən bununla məşğul olum, sonra gələrəm..." deməyə layiqdir.

"Bir-iki nəfər tanıyıb qəbul etsə, nə olacaq?" deyə bilmərik. Bu vəzifəni yerinə yetirərkən insanların sözlərimizi qəbul edib-etməməsi, və ya "bəli" deyib təsdiq edənlərin sayı da bizi çox maraqlandırmır. Bir şeyib dərdini çəkirik, bircə şeyi düşünürük ki, o da xəyalımıza nəqş etdiyimiz yüksək ideal və məfkurəmizdir, Allahın rizasıdır. İnsanların qəlbinə girib qəbul etdirmək bizim əlimizdə deyil. Ancaq Haqq Təalanın izni və inayəti ilə damlalar bir yerə yığılar tədricən irmağa, çağlayana çevrilər. İndiyə qədər də həmişə belə olmuşdur.

Vəzifə çox böyükdür.. İstəyirsiniz "Biz bu işin əhli deyilik" deyin. O da məsələnin başqa bir dərin tərəfi.. Heçlikdən varlığa yürümək.. O müqəddəs Zat da: "Heç içində heç olan bu qardaşınız" deyir. Bəli, özünü "heç" saymaq çox mühümdür; eyni zamanda bu, məsələnin ən dərin cəhətidir. "Mən"in ("Ənə"ni, eqoizmin, ənaniyyətin) başını əzən bir külüngdür o. "Ənə"nin başını əzmək də bəs deyil, "Nahnu" (biz etdik) duyğusunun da cücərməsinə imkan verilməməlidir. "Camaat ənaniyyəti" adlı virusun da ruhlarımızda nəşvü nümasına yol verilməməlidir. Hamımızın "ənə"lərini, "Nahnu"ların dağıdan belə bir külüngə ehtiyac var. Bunu bacarsaq, "Hüvə (O)" görünər. Çünki hər şeyi edən "O"dur. "O"dan başqa bir şey axtarmaq bihudədir.

Vəzifənə layiq ol

Haqq Təala bizi bir-bir gətirib bir yerə qoyub. Başqasını deyil, sizi gətirib qoyub, başqa yerə deyil, olduğunuz məkana qoyub. Elə isə düşünmək lazımdır, "Bizi hansı hikmətə görə bura qoydu? O, əbəs iş görməz, Onun heç bir işi hikmətsiz deyildir, onda, görəsən, bizdən nə istəyir?" "Səkkizinci Söz"də deyildiyi kimi, "Ey bu yerlərin Hakimi! Sənin bəxtinə düşdüm, Səndən aman diləyirəm və Sənə xidmətkaram. Sənin rizanı istəyir və Səni axtarıram. Ey bizi bu qürbətə atan Allahım! Bundan muradın nədirsə, onu mənim vicdanıma hiss etdir. Təkcə hiss etdirmə, məni o hislə doyur. Bu işi layiqincə yerinə yetirməyi müvəffəq et" deməli. Heç bir şey təsadüf kimi görünmür. Demək ki, hər hadisə ilə özündən bəhs edən biri var. O, bizi səhranın ortasına da atsa, bizimlə nəsə etmək istəyir; bizdən bir muradı var. Elə isə təşvişə düşməmək, Ona sığınmaq və bizdən nə istəyirsə, onu yerinə yetirmək lazımdır.

Əgər bu hislərlə hərəkət etsək, hər bir işi məsuliyyət şüuru ilə görsək və bütün uğurlarımızı Ondan bilsək, işin mənbəyini tapar və bərəkət əldə edərik. Yoxsa mənbədən bixəbər qalsaq, onu bilnəkdə qafillik etsək, onun ətrafında gəzib-dolaşsaq da, bizi susuzluqdan öldürər. Əsas məsələ Onu tapmaq, nəzərləri özümüzə deyil, "O"na yönəltməkdir. Niyə başqa kiçik şeylərə söykənək ki?.. Kövn və məkanı istədiyi şəklə salan, qəbzəsini əlində saxlayan, təsbeh də kimi çevirən Sonsuz Qüdrət ola-ola, Onu qısqanclıq və ehtiras səviyyəsində nəzərə çatdırmaq ola-ola, niyə milçək qanadı qədər əhəmiyyətsiz nəfsimizdən dəm vuraq ki? O milçək qanadı yox deyil, var, amma o qanadı da yenə Allah Təala yaradıb. Elə isə daim Ondan danışıb, Ondan bəhs etməliyik.

Bu düşüncə olmasa, dünya həyatını yaşamağa, (əbədi həyat ola-ola) burada qalmağa dəyməz. İnsan dəyərli işdən yapışmalı. Hər gün bir daha cənnəti qazanmalı. Hər gün bir daha Rəbbini tanımalıdır ki, yaşamağa dəysin. Həyat Onunla yaşandığı təqdirdə həyatdır. Onu hiss etməyən könüllər ölüdür. Onunla bir olmaq üçün çalışıb-çabalamayanlar, hər gün bir addım da olsa özünü Ona daha yaxın hiss etməyənlər ölüdür. Həyatında Onun rizasını axtarmayanlar, ömrünü Onun hüzurunda keçirməyənlər, hər anını Onunla yaşamayanlar – dərəcələrinə görə – ölüdür.

Üstəlik, dünya həyatında bəzi şeylərdən məhrum yaşamaq da, o qədər əhəmiyyətli deyil. Bəzən insanın ağılına yurd-yuva, ev-eşik gələ bilər; məncə burada da Yunus kimi "Mənə Səni gərək, Səni" demək lazımdır. Hətta "Onsuz da, o tərəfdə verəcəklər" kimi təmənna və fikirdə olmaq, bir mənada, Ona qarşı hörmətsizlikdir. O istəsə, verər, istəməsə, verməz. Vəlayət (övliyalıq) tələb etmək belə Onunla münasibətimizə xələl gətirər. Biz "Bizi daim təvəccöh buyurduğun ümmi, aciz, zavallı, fəqir, möhtac, lakin Sənə müştaq bir qul elə"deyə düşünməli, belə niyaz etməliyik.

Xülasə

  • Allahın ismini, Peyğəmbərimizin adını dünyaya yaymaq bu gün bizim ən böyük vəzifəmizdir.
  • Vəzifənin böyüklüyünə görə fədakarlıq da böyük olmalıdır, lazım gələndə bütün dünya zəncirlərindən azad olmaq lazımdır.
  • Bizim üçün dünya həyatının yalnız Allaha və axirətə aid tərəfi dəyərlidir. Bundan qeyri hər şey boş bir xülyadır.

Ən böyük fərz

Təmsil və təbliğlə haqq və həqiqəti dünyanın hər yanına yayma, çatdırma olan mənəvi mücahidə və ya "əmri bil-məruf nəhyi anil-münkər" vəzifəsi isə hər zaman üçün keçərlidir. Bəli, sağlam bir inamla könlünü İslama həsr etmiş bir mömin, ya insanları "mərufa" səsləyib qəlblərdə yaxşılıq və gözəllik çırağını alovlandırar, ya da pis və çirkin şeylərdən çəkindirib insanları onlardan uzaqlaşdırmağa çalışar, yəni hər nə olur-olsun bu istiqamətdə cəhd və səy göstərər.

Əsrimizə qədər "məruf"u əmr etmək, "münkər"dən çəkindirmək vəzifəsi, ümumiyyətlə, fərzi-kifayə olaraq qəbul edilmişdir. Ancaq Ustad Həzrətləri belə bir çətin dövrdə bu işə ən böyük fərz nəzəri ilə baxmışdır. Çünki indiki dövrdə bu vəzifə tərk və ehmal edilmişdir. Halbuki, onda hər kəsin və hər şeyin hüququ, müsəlmanlığın hüququ və Allah hüququ vardır, bu səbəblə də bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Belə ülvi və müqəddəs bir vəzifənin az da olsa bir tərəfindən tutmaq və ona sahib çıxmaq, təbii ki, bizim üçün çox böyük bir lütf və məzhəriyyətdir, amma sizin də sualınızda dediyiniz kimi, bu məzhəriyyətin də özünə xas məsuliyyəti vardır.

Bu məsuliyyətin ən əsası belə bir məzhəriyyətin fərqinə varmaq, onu dərk etmək və həmd, şükür duyğuları ilə qarşılamaqdır, qənaətimcə. Bəli, qəlbimiz minnət hisləri ilə dopdoludur; " - Allahım! Bizi haqq din olan İslamla şərəfləndirdiyin, ehsan şüuru ilə sərfəraz (başı dik) etdiyin, Quran həqiqətlərinə könlümüzü açdığın və dininə xidmət etmə kimi bir lütfə məzhər etdiyi üçün kainatın zərrələri qədər Sənə həmd-səna olsun!" deməli və belə bir məzhəriyyətin qiymətini bilməliyik.

Bu cür məzhəriyyətlərə hər an əlimizdən alınacaq fürsət nəzəri ilə baxmalıyıq deyə düşünürəm. Bəli, bu gün dəyərləndirilməyən nemətlər bir gün əlimizdən alına bilər. Bu səbəblə dinimiz və insanlıq üçün hansı sahədəyiksə, hansı yolda gediriksə, hansı imkanlara sahibiksə və bunlarla bağlı əgər qarşımıza bir fürsət çıxıb, Cənabi-Haqq bizə bir qapı açıbsa, vaxt ötürmədən bu fürsət və imkandan istifadə etməyə səy göstərməliyik. Yoxsa fürsət əldən çıxar və biz nə qədər ah-oh etsək də, gedən imkanları bir daha geri qaytara bilmərik və Suzinin:

"Canım dərviş, gözüm dərviş
Çalış məqsuduna eriş
Bu qəflətlə baş olmaz iş
Keçər fürsət demədimmi?" ifadələri il dilə gətirdiyi vəziyyətə düşərik.

Xülasə, məncə, inanclı insan, xüsusən də, ehsan şüuru ilə sərfəraz olan mömin gördüyü işləri ortaya qoyduqdan, durumu və mövqeyi haqqında yoldaşlarına məlumat verdikdən və özü düşünə bilməyib ətrafındakıların ağlına gələn başqa şeyin olub olmadığını soruşduqdan sonra daim: "Görəsən, edə biləcəyim bir şey varmı, görəsən Cənabi-Haqqın mənə lütf etdiyi bu mövqeyin haqqını tam verə bildimmi, lütf etdiyi imkanları layiqincə qiymətləndirə bildimmi?" deməli və bir "həl min məzid (daha yoxmu?)" qəhrəmanı kimi hər an özünü sorğu-suala çəkməlidir.

Həftənin duası

Ey Rəbbim, bizə masivadan təmizlənmiş dumduru bir qəlb, daim Səni yad edən bir dil, iman əsaslarını şübhə və tərəddüdsüz qəbul edən, duyub hiss edən, onunla bütünləşib ürfan üfüqünə yüksələn bir yəqin, kamil yəqin ver. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd-səna, bütün salət və salamlar da Rəsuli-Müctəba Məhəmməd Mustafaya, alinə və əshabına olsun. Amin...

Sözün cövhəri

Bizim bircə hədəfimiz var, o da Zati-Üluhiyyəti (yenə də Onun rizası üçün) bütün qəlblərdə kök atana qədər anlatmaqdır. Bəli, bundan başqa heç bir mülahizə bizi maraqlandırmır. Biz söhbətlərimizdə rizayi-Baridən qyeri mövzulara girməyi yanlışlıq sayır və belə mövzulardan söz açanda da fərqinə varar-varmaz dərhal sözümüzü yarımçıq kəsir və əsas mövzumuza qayıdırıq. Bizim belə düşünməyimiz, özümüzü belə ifadə etməyimiz başqa insanlar tərəfindən "bizə qarşı belə söyləyir" şəklində anlaşılmamalı, əksinə müəyyən çərçivə daxilində hərəkət etməyimizin dəlili sayılmalıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.