İbadətlərə Dərinlik Qazandıran Niyyətdir
İbadət niyyəti ilə yatıb-durmalar, yerə baş qoymalar; ac-susuz qalmalar və şəriətcə qadağan olunmayan (məşru) müəyyən arzu və istəklərdən imtina etmələr insanı fanilikdən qurtarar və onun saniyələrini illərə çevirər. Halbuki, eyni hərəkətlər həmin səmimi niyyəti daşımadan yerinə yetirildiyi zaman insana əziyyət və yorğunluqdan başqa bir şey verməz. Allahın rizası nəzərə alınmadan görülən iş və fəaliyyətlər heç bir əhəmiyyətə malik deyil və bəhrəsizdir. Məsələn, bir nəfər namaz əvəzinə qalxsa, otursa, yatsa; oynaqlarına, ayaqlarını, biləklərinə məşq etdirsə, hətta buna bənzər hərəkətlərdən savayı, elə namazın özünü qılsa, lakin namaz qılarkən sadəcə oynaqlarının açılması, belindəki duzlaşmanı aradan qaldırması və çiyinlərində hiss etdiyi ağrıların yüngülləşməsi... kimi niyyət daşısa, o hərəkətlər bir namaz qəlibi halına gəlir; onlar təqliddir, saxtadır, namaz deyildir.
Digər tərəfdən, niyyət ibadətlərə və qulluğa dərinlik qazandırır. Çünki insan bu dünyadakı əməlləri müəyyən bir zamana sığışdırdığı və məhdudlaşdırdığı üçün əslində onlarla əbədi bir həyatı əldə edə bilməz. Lakin qəlbinin: "əbədiyyət, əbədiyyət" -deyə döyünməsinə də mane ola bilməz. Elə isə, o müvəqqəti olana əbədiyyət libasını geydirmənin bir yolunu tapmalıdır. Məhz bu çarə də, hər əməldə əbədiyyəti qəsd etməkdir; Allaha səmimi bir niyyətdir. Niyyət bu məhdud və keçici dünya həyatında sonsuzluğa qapı açan sirli bir açar və qısa bir ömürdə əbədi səadətə nail olma yollarını işıqlandıran bir məşəldir. Bu açarı və bu məşəli əldən salmayanlar həyatında ölü və qaranlıq bir nöqtə qoymadan yaşamaqla əbədi səadətə nail ola bilərlər. Çünki insan niyyəti ilə bunu qəsd edir: "Allahım, altmış-yetmiş illik həyatımda məni bu vəzifələrlə mükəlləf etdin, mən də onları yerinə yetirməyə səy göstərdim. Əgər yüz altmış illik ömrüm olsa idi, hətta min altı yüz, ya da bir milyon illik ömrüm olsa idi, mən yenə də bu ubudiyyətdən (qulluqdan) ayrılmayacaq, yenə Sənə qulluq edəcəkdim." Məhz bu niyyət müvəqqəti olan bir əmələ çox böyük dərinlik qatır və insan o əmələ əbədilik libası geydirir. Səmimi bir niyyət sayəsində edilən əməl dərinlik qazanır.
Əslində, zahiri ədalətə görə, hər kəs öz ibadət və fəziləti qədər lütf və ehsana məzhər olması daha uyğun olardı ki, o da saleh bəndələrin cənnətdəki həyatlarının müddəti yaxşı insan kimi dünyada yaşadıqları qədər olardı. Lakin inşaallah, əbədi qulluq düşüncəsi axirət aləmində əbədi səadətə vəsilə olacaq. Bunun kimi də, Allahı inkar edən də əbədi əzab və talesizliyə buna görə namizəd olur. Əbədi inkar və üsyan düşüncəsi də əbədi talesizliyin nəticəsidir.
- tarixində yaradılmışdır.