İffətinə toz qondurmayanlar

İffət çirkin söz və hərəkətlərdən uzaq olma, həya və ədəb dairəsində qalma, doğruluq, dürüstlük və əxlaqi dəyərlərə bağlı yaşamaq deməkdir.

Kökü ərəbcə olan bu söz dilimizdə namuslu, şərəfli və əxlaqlı mənalarında işlənilir. Xüsusilə, klassik ədəbiyyatda izzət və şərəfi ilə yaşayan, çalıb-çapmayan, haramlardan çəkinən və namusunu qoruma mövzusunda fövqəladə həssas davranan şəxslər haqqında "əfif" sözü istifadə edilmişdir.

Üç əsas hiss

İslamın, əxlaqla məşğul olan alimləri insanda üç təməl duyğunun olduğunu söyləmiş və bu duyğulardan müəyyən nisbətdə də olsa, həqiqətləri görüb, fayda ya da zərər gətirəcək şeyləri bir-birindən ayırma bacarığına "qüvveyi-əqliyə"; kin, hiddət, qəzəb və cürət kimi hisslərin qaynağı sayılan gücə "qüvveyi-qəzəbiyə"; arzu, iştah və cismani həzlərin mənbəyi qəbul edilən duyğuya da "qüvveyi-bah ya da qüvveyi-şəhvaniyə" demişlər. Qüvveyi-şəhvaniyə və ya qüvveyi-bahın həya hissindən tamamilə uzaqlaşaraq hər cür cürmü, günahı işləyəcək qədər ifrat səviyyəyə çatmasını "fisqü fücur"; halal nemət və ləzzətlərə qarşı belə hissiz və hərəkətsiz qalmasını da "humud" adlandırmışlar. Qüvveyi-şəhvaniyə və ya qüvveyi-bah baxımından istiqamət və orta yolu seçib məşru, yəni şəriət qanunları daxilində zövq və ləzzətlərə meyil etməklə yanaşı, qeyri-qanuni arzu və istəklərə iradi olaraq qapalı qalmağı isə "iffət" sözü ilə ifadə etmişlər. Bu baxımdan, iffət, ümumi mənada, iradə gücünü istifadə edərək cismani və bəhimi (heyvani) arzuları idarə altına almaq, zinadan və səfehlikdən uzaq durmaq deməkdir.

Qurani-Kərim iman gətirənlərin iffətli, həyalı və ədəb yerlərini qoruyan insanlar olduqlarını bəyan etmiş (Muminun, 23/5-7); iffətli yaşamanın mükafatı olaraq Allahın məğfirətini və Cənnətini müjdələmiş (Əhzab, 33/35); mövzunun əhəmiyyətinə görə qadınları və kişiləri ayrı-ayrı zikr edərək bütün möminlərə iffətli olmalarını və iffətsizliyin giriş qapısı sayılan harama baxmaqdan uzaq olmalarını əmr etmişdir (Nur, 24/30-31). Bununla yanaşı, Həzrəti Yusif (ə.s.) və Həzrəti Məryəm kimi iffət abidələrini misal verərək, inananlara həya və ismət üfüqünü göstərmişdir.

Bəli, Həzrəti Yusif əleyhissalam vəzirin xanımının günaha dəvəti qarşısında: "Ya Rəbbi! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur" (Yusuf, 12/33), - deyərək, iffətinə toz qondurmaqdansa, illərlə həbsdə yatmağı üstün tutmuş və qiyamətə qədər gələcək bütün əhli-imana bir həya timsalı olmuşdur.

Cənabi-Allahın: "İffət və namusunu lazım olduğu kimi qoruyan Məryəmi də an. Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir möcüzə etdik" (Ənbiya, 21/91) -deyərək, ucaltdığı Həzrəti Məryəm də bütün insanlıq üçün bir iffət nümunəsidir. Belə ki, təmiz və sadə bir mühütdə, iffət və şərəflə yetişən Məryəm anamız, o pak mahiyyəti ilə iffət mücəssəməsinə çevrilmişdir. Buna görə də, Həzrəti İsanın (ə.s.) doğumuna dil uzadanların çirkab sözləri qarşısında min bir iztirabla: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" (Məryəm, 19/23) -deyə inləmişdi.

İffəti bu ümumi mənası ilə yanaşı, daha geniş və ətraflı nəzərdən keçirmək də mümkündür. Bədiüzzaman Həzrətlərinin: "Halal dairəsi genişdir, keyfə kafidir. Harama girməyə heç lüzum yoxdur" şəklində dilə gətirdiyi ölçüyə görə iffət, məşru dairədə yaşayıb qeyri-qanuni sahəyə girməmə, əl uzatmama, addım atmama deməkdir. Başqa sözlə, iffətli insan göz, qulaq, əl, ayaq kimi bütün əzaların halal dairədəki ləzzətləri ilə kifayətlənməli, heç bir şəkildə və heç bir yolla haram işləməməli, izzət və şərəfinə xələl gətirən hallardan da çəkinməlidir.

Kasıb, amma iffətli

Bu baxımdan, insanın öz əl əməyi və alın təri ilə qazandığına razı olması, başqasının malına göz dikməməsi, daha çox qazanma və daha rahat yaşama ehtirası ilə qeyri-qanuni sahəyə əl uzatmaması və dilənçilik etməməsi də iffətin fərqli bir yönüdür. Bəli, insan öz əməyi və alın təri ilə dolanışığını təmin etməli, yeri gələndə tikintidə daş daşımalı, hamballıq etməli, lakin əsla başqalarına əl açmamalıdır. Əslində, Peyğəmbər Əfəndimiz (s.ə.s.) həqiqi kasıbı bu çərçivə içində zikr etmiş: "Kasıb, qapı-qapı gəzən və bir-iki loğma, və ya bir-iki xurma ilə yola verilən kimsə deyil. Həqiqi kasıb vəziyyəti bilinmədiyi üçün sədəqə verilməyən, buna baxmayaraq, iffətindən başqalarına əl açmayan və heç bir şey istəməyən insandır" -buyurmuşdur.

Əshabı-Suffədən olan Əbu Hüreyrə (r.a.) kimi səhabə əfəndilərimiz aclıqdan qıvrandıqları halda heç kəsdən heç bir şey istəməməyi əxlaq halına gətirmişlər. Belə ki, Həzrəti Sevban və Hakim ibn Hizzamın da aralarında olduğu bəzi səhabələr insanlardan bir şey istəməmə mövzusunda Allah Rəsuluna söz vermiş və ömürlərinin sonuna qədər sadiq qaldıqları bu vədlərindən ötrü əsla sədəqə qəbul etməmiş, hətta dəvə üzərində ikən qırmancları yerə düşsə, onu belə kimsədən istəməmələri ilə məşhur olmuşlar. "Hər kim iffətli olmağa çalışar, üzsüzlülükdən çəkinərsə, Allah da onun iffətini qoruyar və artırar. Bir insanın bir ip alıb kürəyində odun daşıyaraq onu azca xurma qarşılığında satması, dilənməsindən daha xeyirlidir" -buyuran Peyğəmbər Əfəndimizin (s.ə.s.) bu tövsiyəsinə uyğun yaşamaq da iffətin əhəmiyyətli bir dərinliyidir.

Kiçik olanda əhəmiyyət verməsən, böyüyəndə qarşısını ala bilməzsən

Qurani-Kərim və Sünnət "səddi-zərai" adı altında bu mövzuya diqqət çəkərək, müəyyən hadisələr münasibəti ilə, fərqli ifadələrlə bu xüsusu izah edir. Bildiyiniz kimi, "sədd" maneə törətmə, "zərai" də "səbəb" və "yol" mənasına gələn "zəria" sözünün cəm şəklidir. "Səddi-zərai" isə şər və günaha aparan yollara sədd çəkmə, harama səbəb ola biləcək hal və hərəkətlərdən qaçma deməkdir. Məsələn, zina böyük bir günahdır. Harama baxmaq bu günaha aparan bir səbəb olduğu üçün o da günahdır və qadağan edilmişdir. Bunun üçün, Qurani-Kərim: "Zina etməyin", "Yetim malı yeməyin" əmrini ifadə edərkən, "Zinaya yaxınlaşmayın", "Yetim malına yaxınlaşmayın" şəklində səslənir və nəticədə günaha apara biləcək mühitdən uzaq durmaq əmr edilir.

Bəli, göz görər, qulaq eşidər, dil söylər; görülən, duyulan və deyilən şeylər zehində xəyala dönər; təxəyyül təsəvvürə çevrilər, o da müəyyən bir qəlibə tökülər, bir örtüyə girər.. və sonra bu mərhələ insanın iradi davranışlarına təsir edər; əl uzanar, ayaq gedər... Başqa sözlə, hələ xəyal astanasında ikən günahın qarşısı alınmalı, onun təsəvvürə və sonrakı mərhələlərə keçməsinə mane olunmalıdır. Məsələn, harama baxmaq önü alına biləcək və iradə ilə uzaqlaşmaq mümkün olan bir təhlükədir. Bir az cəhd göstərsəniz, baxmaya bilərsiniz. Gözünüzə ilişən çirkin bir mənzərədən uzaqlaşma, iradənizin belini bükə biləcək qədər böyük bir yük deyil; gözünüzü bağlamağa iradi gücünüz kifayətdir. Lakin nəzərinizi haramdan çevirməz, özünüzü o işə salar və bir "baxma xəstəsi" olsanız, artıq geriyə dönmə ehtimalınız azalar. Üstəlik bir də gözünüzdən zehininizə axan mənzərələri xatirələrlə, təəqqüllə bəsləyib böyütsəniz, artıq sahildən uzaqlaşmış sayılırsınız. Ondan sonra geriyə dönmək daha çox cəhd və səy istəyir. Şair bir dostumun: "Üsyan dəryasına yelkən açmışam/Kənara çıxmağa qoymur məni!.." -dediyi kimi, Allah qorusun, o günah dalğaları sizi ora-bura çırpıb sahilə çıxmağınıza imkan verməz.

Günah astanasında və uçurumun kənarında ikən geri dönə bilən və böyük bir fəlakətdən xilas olan qəhrəmanlar də var. Məhşərin dəhşətverici təhlükələrindən "züllüllah"a sığınaraq qorunacaq olan yeddi qrup insan adı çəkilərkən, belə bir iffət qəhrəmanına da işarə edilir. Çünki namus və şərəfini mühafizədə fövqəladə həssas və şəhvani istəklərinə qarşı çıxmaqda son dərəcədə qərarlı o cəsur, gözəllik və sərvət sahibi bir qadının günaha dəvətini: "Mən Allahdan qorxuram" -fəryadı ilə rədd edə bilmiş və iradə ilə keçilməz kimi görünən bir dəryanı aşa bilmişdir.

Həftənin duası

Ey Ucalardan Uca Rəbbim! Budur yenə qəlblərə inşirah bəxş edən hüzuruna gəldik. Sənə üz tutur, Sənə sığınır və Səndə cavab gözləyirik. Bizə güclü və kamil iman, şirkə bulaşmamış tövhid anlayışı lütf et. Qəlblərimizi də pak bir sevgiylə bəzət. Amin.

Sözün cövhəri

Keçmişdə evlərdə, hətta saraylarda belə su yox idi. Xalq suyu min bir əziyyətlə təmin edirdi. Sonra hər evin həyətində su quyuları qazıldı. Bunun kimi, Ustad da Risaleyi-Nurlarla elə bil bütün yeraltı sularını evlərə çəkdi, həm onlardan istifadəni asanlaşdırdı, həm də daim axan bir bulağın ağzını açdı. Bəli, o, müasir üsullarla Quranın ruh və mənasını bütün evlərə payladı.