İleyi-kəlimətullah

İleyi-kəlimətullah ən müqəddəs vəzifədir və əsasən peyğəmbərlərin yoludur.

Əgər Allah dərgahında bundan daha müqəddəs bir vəzifə olsaydı, Cənab-Allah peyğəmbərlər kimi ən seçmə qullarını bu işlə göndərərdi. Halbuki Allah-taala peyğəmbərlərinə ileyi- kəlimətullah vəzifəsini vermiş, ən seçmə qullarını sürgün, həbsxana, təhqir, işgəncə, edam, hətta şəhidliklə dolu bu müqəddəs yolda, bir mənada, fəda etmişdir. Cənabi-Allahın ilk sıraya qoyduğunu biz arxa cərgəyə çəkə bilmərik, biz də ona o qədər dəyər verməliyik, bunu inancımız tələb edir.

İleyi-kəlimətullah, həmçinin, Rəbbimizin və Peyğəmbərimizin nami-cəlilinin hər yana şəhpər açması və insanın cəhalət zülmətindən qurtulub iman işığına qovuşması üçün Allahın rizasını qazanma məqsədi ilə yerinə yetirilən müqəddəs bir vəzifədir. Bu işin bəhrəsi ilahi rizadır. İlahi riza cənnətdir, cənnət nemətləridir, cümə yamaclarında ilahi camalın təcəlli etməsidir, cənnət əhlinin röyətlə mükafatlandırılmasıdır. Əliyyül-Qarinin sözü ilə desək, "Vay inanmayanların halına! Onlar çox böyük ziyandadır. Möminlər Cənabi-Allahın camalı ilə məst olub cənnət nemətlərini belə unudanda onlar peşmançılıqdan, həsrətdən saç-başını yolacaqlar". Bəli, Cənabi-Allahın camalını görənlər cənnət nemətlərini belə unudacaqlar. Çünki dünyanın min illik xoşbəxt həyatı cənnətin bir saatına tən deyil. Cənnətin də min illik xoşbəxt həyatı Cənabi-Allahın bir dəqiqəlik camalını görməyə bərabər deyil. Cənabi-Allahın camalını görməklə bilavasitə qullarına "Mən sizdən razıyam, artıq sizə qəzəblənməyəcəm" deməsi eyni kəfəyə qoyula bilməz. Elə isə əsas məsələ Onun rizasını qazanmaq, Onun xoşnudluğuna nail olmaqdır. Onun rizasına aparan ən kəsə və etibarlı yol isə ileyi-kəlimətullah yoludur.

Cillinin sözü ilə desək, gerçək kamil insan Peyğəmbərimizdirsə (əleyhissalatu vəssalam), Onun gətirdiyi din də həqiqi kamil dindir. Allah-taala bunu "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim" (“Maidə” surəsi, 5/3) ayəsi ilə təsdiq edir. Yəni "Bu günə kimi nemətlərini heç bir peyğəmbər, heç bir safi, heç bir övliyadan əsirgəmədim. Ancaq sizə nemətimi tamamladım, dininizi kamala çatdırdım. Din olaraq da İslamdan razı oldum" buyurur. Elə isə ileyi-kəlimətullah Allahın razı olduğu bu kamil dini möhtac könüllərə çatdırmaqdır ki, bunun nəticəsi yenə də Onun rizasıdır.

İnanırıqsa...

Bir insanın dərdi-səri Allahın rizasıdırsa, ömrünü buna həsr etmişsə, bundan başqa heç bir şey düşünmürsə, onu "riza insanı" və ya "riza əri" adlandırmaq olar. Əgər sən Allah imanı ilə şahlanmış bir riza ərisənsə, bir yerdə dura bilməzsən, dayanmadan Onun rizasına aparan yollar, vəsilələr axtararsan. Əgər həqiqətən inanmısansa, imanın vəd etdiyi şeylərə laqeyd qala bilməzsən. Çünki iman əbədi səadət vəd edir, həm bəşərin yaradılış qayəsini ruhlara çatdırır, həm də kainatı işıqlandırıb xilqət səbəbini göstərərək insanı dünyada vəhşətdən, axirətdə əbədi zülmətdən qurtarır. “23-cü Söz”də deyildiyi kimi, ancaq iman sayəsində hər şeyin üzü işıqlanır. İman sayəsində kainat gündüzün rənginə boyanır, İlahi nura qərq olur. Keçmiş zaman böyük bir qəbirisitana çevrilməkdən qurtulub hər əsri bir nəbinin və ya övliyanın təxti-rəyasətində qulluq vəzifəsini yerinə yetirən sərgiyə... tufan, zəlzələ və taun kimi müsibətlər məmura... hətta ölüm belə əbədi həyatın müqəddiməsinə... qəbir isə əbədi səadətin qapısına çevrilir. Bəli, axirətin işıqlanması da, əbədiyyətə namizəd olan insanın əbədi həyata qovuşması da imandan asılıdır. İnsan əbədiyyəti ancaq imanla qazana bilər. Cənabi-Allahın camalını ancaq imanla görə bilər. Əgər sən bunlara inanırsansa, xoşbəxt həyatın əbədi əzabdan xali cənnətdə olacağına imanın varsa, ətrafındakılara necə laqeyd qala bilərsən?! Anan, atan, dayın, xalan, yaxınların, qohumların və sevdiyin, birgə çay içdiyin insanlar.. onların aqibəti barədə necə düşünməyə bilərsən?!...

Bəli, peyğəmbərliyə xas dərinlik də məhz bu məqamdadır. Əbdülqüds Həzrətləri deyir: "Həzrəti Məhəmməd (sallallahu əleyhi və səlləm) Meraca yüksəldi, Sidrətül-Müntəhaya çatdı, Cənabi-Allahla mükalimə etdi. Lakin cənnətin gözəlliyi ağlını başından ala, gözlərini qamaşdıra bilmədi. Qayıtdı, ümmətinin yanına gəldi. Allaha and olsun, mən ora getsəydim, o dərəcəyə çatsaydım, geri dönməzdim!" Bu sözlərə fikrini bildirən bir Haqq dostu isə belə deyir: "Budur nəbi ilə övliyanın fərqi. Biri daim Ona can atır, vüsal axtarır, ünsiyyət qurmağa çalışır, maiyyət diləyir.. O biri isə mənzilə çatır, maiyyətini davam etdirir, bir ayağını oraya, Həzrəti Mövlana ifadəsi ilə, digər ayağım yetmiş iki millətin arasına qoyur, daddığını onlara da daddırmaq, duyduğunu onlara da hiss etdirmək, onları da o zirvəyə aparmaq istəyir". Budur peyğəmbəranə davranış, peyğəmbəranə əzmkarlıq. Peyğəmbər ənginliyinin, peyğəmbəranə vicdan genişliyinin sirri duyğularını hər kəsə çatdırma əzmindədir.. Bu baxımdan, Allaha, axirətə inanan insan ileyi- kəlimətullaha biganə qala bilməz. Həqiqətən inanırsa, bu inancı başqalarına çatdırma hissini, əzmini ürəyindən, ağlından çıxarıb ata bilməz.

Xülasə

  • İleyi-kəlimətullah Rəbbimizin və Peyğəmbərimizin nami-cəlilinin hər yana şəhpər açması və insanın cəhalət zülmətindən qurtulub iman işığına qovuşması üçün Allahın rizasını qazanma məqsədi ilə yerinə yetirilən müqəddəs bir vəzifədir.
  • İleyi-kəlimətullah ən müqəddəs vəzifədir və əsasən peyğəmbərlərin yoludur. Əgər Allah dərgahında bundan daha müqəddəs bir vəzifə olsaydı, Cənab-Allah peyğəmbərlər kimi ən seçmə qullarını bu işlə göndərərdi.
  • Allaha, axirətə inanan insan ileyi- kəlimətullaha biganə qala bilməz. Həqiqətən inanırsa, bu inancı başqalarına çatdırma hissini, əzmini ürəyindən, ağlından çıxarıb ata bilməz.

Şeytanın əlindəki cilovlar

Loğman əleyhissalam oğluna "Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!" (“Loğman” surəsi, 31/17) buyurur.

Loğman (ə.s.) amiranə dörd nəsihət verir: namaz qıl, əmri-bil məruf et, nəhyi-anil münkər et və bu yolda başına müsibət gəlsə, dişini sıx, səbr elə. Çünki şeytan və dostları əzmkarlıq və qərarlılıq tələb edən bu çox qiymətli üç əməli yerinə yetirənləri xoşlamaz və onları rahat buraxmaz: əzab-əziyyət verər, yolunu kəsər, əsarətlərə, sürgünlərə göndərər... Hətta ölümlə hədələyər, imkan tapsa, zəhərləyər, dar ağacının ipini yağlayar... hər vasitəyə əl atarlar, təki ileyi-kəlimətullah baş tutmasın.

Bu mübarizə ta Həzrəti Adəmdən başlamış, bu gün də davam edir. Ustad "Mühüm və böyük xeyirxah işlərin çox zərərli maneləri olur. Şeytanlar o xidmətin xadimləri ilə çox məşğul olur" demirmi? Əgər xeyirli iş görürsünüzsə, şeytan və onun ins-cin dostları sizdən əl çəkməyəcəklər. Yaxşı bəs, niyə başqalarından deyil, məhz sizdən? Başqaları ilə niyə məşğul olsunlar ki?! Deyilənlərə görə bir nəfər məscidin qarşısından keçəndə orada gözləyən birini görür. "Sən kimsən, kimi gözləyirsən?" soruşur. O da: "Mən şeytanam, məsciddən çıxanları gözləyirəm. Bu cilovları onların ağzına vurub istədiyim yönə çəkəcəyəm". Məəttəl qalan adam: "Mənim cilovum hanı?"deyir. Şeytan: "Sənə cilov lazım deyil ki, sən onsuz da öz istəyinlə dalımca gəlirsən". Bəli, şeytanın təbiəti zəlalətdən, küfrdən ibarətdir. İçində başqa şeyləri, faydalı işləri düşünməyə zərrəcə yer qalmayıb. Kin, nifrət və düşmənçilikdən başqa bir şey düşünmür. Əbu Leys Səmərqəndi “Tənbihül-Ğafilin”in son hissəsində Peyğəmbərimizlə şeytanın qarşılaşmasından, Allah Rəsulunun ona verdiyi on sualdan danışır. Peyğəmbərimizin: "Ən çox kimə nifrət edirsən?" sualına məlun: "Səndən" deyə cavab verir. Şeytan Ona nifrət etməsi təbiidir. Çünki Onun kainata saçdığı nurlarla varlığın mənası və mahiyyəti göründü, şeytanın hiyləsi baş tutmadı. Çünki O olmasaydı, əşyanın mahiyyəti aydın olmayacaqdı.. O olmasaydı, biz peyğəmbərləri tanımayacaqdıq.. O olmasaydı, dünya və üqbanı anlamayacaqdır. Əlbəttə ki, şeytan Ona düşmən olacaq. Ondan sonra da dərəcəsinə görə peyğəmbər varislərinə...

Həftənin duası

Rəbbimiz! Bəxtinə düşdük, nə olar, yıxıla-dura yol gedən və hər an ruhən tənəzzül təhlükəsi ilə üz-üzə olan bu günahkar qullarını təqva libası, ihsan geyimi, sevgi tacı ilə zinətləndir! Sənə aşiq qulların Səndən qeyri hər şeydən uzaqlaşdığı kimi, Sən də bizim içimizi-çölümüzü Canandan başqa bütün hərəkət, duyğu, düşüncə və xəyallardan uzaqlaşdır! Xoşlanmadığın və razı olmadığın nə varsa, bizi onların hamısından qurtar!..

Sözün cövhəri

Qüdsi bir yola baş qoyan insan bu dünyaya əbədi həyatı qazanmaq üçün gəldiyini qətiyyən unutmamalıdır. Hədisin ifadəsilə "dünya və mafiha", yəni dünya və dünyadakı hər şey onlara can atsa, gülə-gülə, qaça-qaça onlara gəlsə də, bu alpərənlər tərəddüdsüz "Gedin, mənə lazım deyilsiniz" deməyi bacarmalıdır. Çünki bu insanlar həm öz axirətini qurtarmalı, həm də başqalarına nümunə olmalıdırlar. Bu, məncə, digərindən daha əhəmiyyətlidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.