İnsaf dinin yarısıdır
Bəzən haqq, bəzən ədalət və bəzən də düzgünlükdən heç ayrılmamaq mənalarını ifadə etmək üçün istifadə edilən insaf təbiri haqq iddia edərkən əsla başqalarına qarşı haqsızlıq etməmənin, hətta öz nəfsi üçün əldə etmək istədiyi bir şeyi digər insanlar üçün də diləmənin və lazım olsa, haqq mövzusunda onları irəli keçirmənin və haqqı yerinə yetirmə barəsində ifrat və təfritdən uzaq qalaraq hər zaman müvazinəli davranmanın ünvanıdır.
Rəsuli-Əkrəm Peyğəmbərimiz (s.ə.s.) insafı gözəl əxlaqın təməl ünsürləri arasında saymış; "Bu üç şey imandandır: Nəfsin tərsliklərinə baxmayaraq, insafı əldən buraxmamaq, salamı hər yerdə yaymaq və özünün sıxıntılı vəziyyətində belə başqasına kömək etmək." -buyurmuşdur.
Xalq arasında hədis olaraq bilinən "İnsaf dinin yarısıdır" sözü də şəxsən Allah Rəsulu (s.ə.s.) tərəfindən dilə gətirilməmiş olsa belə, yenə Onun haqq və ədalətlə əlaqəli mübarək bəyanlarının xülasəsi mahiyyətində bir nəzakətli kəlamdır.
İnsan bir məsələni öz məntiq və mühakiməsinə görə müəyyən bir şəkildə qiymətləndirərkən bəzən fərdi mülahizələrini mərkəzə çəkib o mövzuya nəfs və cismaniyyət baxımından baxa bilər. Bunu edərkən də çox vaxt yanıla bilər, səhv hökmlərə vara bilər və özünü mütləq haqlı sana bilər. Belə bir vəziyyətdə, şəxsi duyğu, düşüncə, təmayül və istəkləri fərqli olduğu halda, insanın -işin həqiqətini, əslini öyrənən kimi- haqqa tərəfdar çıxması və nəfsinin əleyhinə bir yön təyin etməsi insafın ifadəsidir. Hər zaman dinə ehtiram göstərmək, əxlaqı haqpərəstlik xüsusiyyəti ilə yoğurmaq, həmişə doğrunun arxasında olmaq və eqoist meyillərin təzyiqinə baxmayaraq, vicdanın səsinə uyub haqqın qolundan tutub qaldırmaq insaflı olmanın gərəyidir.
İnsafsız adam qəddardır, mərhəmətsizdir; sui-zənn etmək (başqaları barədə mənfi düşünmək) üçün hər fürsəti istifadə edir; bir pislikdən ötürü, bəlkə, onlarla yaxşılığı görməzlikdən gəlir və heç vaxt hüsnü-zənndən (hər şey haqqında gözəl düşünmək) bir zərrə belə nəsibi olmaz. İslam əxlaqı insaf və hüsnü-zənni tövsiyə etdiyi halda, insafsız adam haqsızlığı və pis düşüncəni əsas alır. Başqa sözlə, bir bağçadakı tək çürük almaya əsaslanaraq bütün bağçanın quraq və bərəkətsiz olduğu hökmünü verir. Əslində, dövlət xəzinəsindəki əzilmiş, rəngi solmuş bir pul o xəzinənin qiymətini aşağı salmaz, lakin insafsızın nəzərində həmin pul kimi bir xoş olmayan xüsusiyyətdən ötürü insan deyilən xəzinə dəyərsiz bir əşyaya çevrilə bilər.
Bir səhv bu qədər gözəl əməli örtməməlidir!..
Halbuki, Haqq qatında həsənənin (gözəl iş, xeyir iş) on, seyyiənin (pis iş, günah) isə bir sayıldığına görə, bir səhv bu qədər həsənəyə qarşı ürəyi bulandırmamalıdır. İnsaflı mömin hər zaman gözəl düşünməyə və yaxşılıqları görməyə çaışmalıdır. İnsaflı mömin bir insanı hər hansı bir səhvindən ötəri dərhal ədəmə məhkum etməməli (yox saymamalı, silib atmamalı), əksinə, bəlkə də, onun bir yaxşılığını bütün pisliklərinə kəffarə bilməlidir. Məsələn, insaflı bir mömin eyni məfkurəyə könül vermiş qardaşını dəyərləndirərkən, "Filankəs bu pis işi gördü, lakin onun dininə və imana sədaqətini görməzlikdən gələ bilmərəm!" deməli, yol yoldaşına qarşı fövqəladə vəfalı olmalı və həmişə haqqı ali tutmalıdır.
Necə ki, hədis kitablarında nəql edilən bu hadisə mövzu ilə əlaqəli çox əhəmiyyətli bir əsası vurğulayır. Hələ içkini, şirəni və şərbəti bir-birindən ayıra və bu vərdişdən xilas ola bilməyən bir səhabə bəzən sərxoş olacaq qədər xumarlanır və hər dəfə də Rəsuli-Əkrəm tərəfindən nəsihət alır. O səhabə bir gün yenə eyni günahla Rəsulullahın hüzuruna gətirilir. Camaatdan biri, "Allahım, bu adama lənət et! Bu neçənci dəfədir eyni günahla cəzalandırılır, amma heç cür islah olmur," deyə qarğış edir. Bu sözü eşidən Şəfqət Peyğəmbəri (s.ə.s.) "Ona lənət etməyin. Allaha and içərəm ki, o, Allahı və Rəsulunu könüldən sevir!" deyib, "Allahım, ona rəhmət et və onun təqsirini bağışla!" şəklində dua etməyi əmr edir.
Bəli, səhabənin Allah və Rəsuluna olan münasibətinə bu qədər təvəccöh göstərilməsinə nəzər yetirilsə, Haqq kəlamını sevdirməyə çalışmanın insana nələr qazandırdığı və Allahın adının ürəklərə nəqş etmə yolunda səy göstərən insanın səhv və qüsurları qarşısında necə davranacağımız barədə məqsədəuyğun bir görüş bildirilə bilər.
Biz insaflıyıqmı?!.
Bəzən başqa din və fəlsəfənin mənsubları haqqında "Kaş ki, bu insanlar bir az insaflı olalar, Qurani-Kərimə və Rəsuli-Əkrəm Peyğəmbərimizin çağrısına da bir nəzər yetirələr! İnsaf onların da gözlərini aça bilər və fərqli şərhlərə səbəb ola bilər. Kaş ki, kompleks düşüncələrdən xilas olalar, İslama insafla baxa bilələr!" şəklində bəzi mülahizələrə dalıb həmsöhbətlərimizi insafa çağırırıq.
Lakin onları insaflı olmağa dəvət edərkən, görəsən, insafın bizə düşən yönünü hesaba qatırıqmı? Görəsən, biz haqqı və həqiqəti onlara nə səviyyədə izah edə bildik? İnandırıcı və əmniyyət təlqinedici bir üslub nümayiş etdirə bildikmi? Onlardakı insaf duyğusunu hərəkətə gətirəcək keyfiyyətdə bir təmsil ortaya qoya bildikmi?
Müsəlmanlar olaraq, dünyanın bir çox ölkəsinə getdik. Bəzi yerlərdə müəyyən bir hörmət edilən saya da çatdıq. Lakin o əhaliyə bərabər bir nüfuza sahib ola bilmədik. Çünki əksəriyyətlə, dünyəvi məqsədlərə bağlı olaraq, bəzilərinin qapılarında hambal kimi çalışdıq. Ağaların qullarını dinləmədikləri kimi, onlar da bizim sözlərimizə qulaq asmadılar. Ümumiyyətlə, müsəlmanları kölə kimi istifadə etdilər və işləri bitincə də qapının eşiyində qoymanın yollarını araşdırdılar. Beləliklə də, müsəlmanlar çox yerlərə getmiş olsalar da, İslamın dəyərləri o diyarların insanlarına çatmış sayılmaz. Hələ materializm və naturalizmin hakim olduğu bir dövrdə, əşya və hadisələrə materialist nəzərlə baxmağa alışmış insanların İslam və Quran məntiqi ilə tanış olduqlarını deyə bilmərik. Başqa sözlə, bu gün (yer üzünü qana bulayan və məzlumlara qan qusduran zalımlar istisna) insaf gözlədiyimizin çoxu bir yönü ilə hələ fətrət dövrünün (peyğəmbər gəlmədən keçən dövr) insanları sırasındadırlar.
Elə isə, əvvəlcə biz insaf etməli deyilikmi? Dünyanın hər tərəfinə gedə bilmədiyimiz, inandırıcı bir haldır? Rəftar və keyfiyyət nümayiş etdirə bilmədiyimiz və nəzəri yönü ilə çox gözəl olan Quran həqiqətlərini eyni gözəllikdə təmsil edə bilmədiyimiz üçün əvvəla özümüzü sorğu-suala çəkməli deyilikmi?
Təmsil insaf duyğusunu hərəkətə gətirir
Könüllərə təsir edən və insanları insafa gətirən "təmsil"dir. "Bu sözləri eşidərək haqqı tapdım!" -deyən çox azdır, lakin "Filan səmimi möminin halını görüb hidayətə gəldim!" -deyən insanların sayı çoxdur. Əslində, hidayətə səbəb olan sözlər də həmişə könül dili və hal şivəsinin damlaları olan ifadələrdir. Çünki təbliğin gerçək dəyəri ancaq həqiqi təmsillə bilinər.
Amerikalı bir professorun bu xatirəsi təmsilin gücünə dəlil olan yüzlərlə hadisədən yalnız biridir. Dinlər tarixi üzrə mütəxəssis olan bu şəxs bir qrup yoldaşı ilə birlikdə Türkiyəyə gəlir. Bir gün yolu Urfaya, könül insanlarının hümmətinə müraciət edilən bir yığıncağa düşür. Bir masanın ətrafında oturarkən yanına əyləşən bir Anadolu insanı ilə tanış olur. Söhbət əsnasında amerikalı professor Cənub-şərqi Asiyadan yeni döndüyünü deyir. Bunu eşidən o adam təvazö və xəcalətlə professorun qulağına: "Eləmi? Mənim də Kambociyada bir məktəbim var!" -deyə pıçıldayır. Professor o haqq aşiqindən danışarkən "Görünüşcə kasıb bir insan idi, çox təvazökar idi, lakin heyrət etdim ki, haradasa bütün qazancını, bəlkə də, dünya gözü ilə heç görə bilməyəcəyi bir məktəbə göndərirdi. Onun hümmətinin də olduğu fədakarlıqlar sayəsində açılan məktəbdə kambociyalı uşaqların təhsil almalarından hədsiz dərəcədə sevinc duyurdu." - deyir və o gündən sonra onların ixlas və səmimiyyəti barədə başqa dəlilə ehtiyac duymadığını dilə gətirir.
O professor və digərləri Qurandan bixəbər insanlar deyillər. Lakin onlara təmsil təsir edir. Yenə bir tanışım… Bəlkə də, on il İslamla əlaqəli kitablar oxuyur, amma həyatında bir dəyişiklik meydana gəlmir. Bir gün bir yoldaşınıza qonaq gedir, o səmimi insanın hər halı ilə "Allah" dediyini hiss edir. O qədər səmimi imiş ki, bəlkə çox az danışar, amma hal və hərəkətləri ilə oturarkən "Allah" deyir, qalxarkən "Allah" deyir, baxarkən "Allah" deyir, başını səcdəyə qoyarkən "Allah" deyir... və inanmış insanın davranışları o şəxsə də çox təsir edir. Məhz o zaman kitablarda gördüyü təfsilatı möhkəm bir zəminə oturda bilir və "Bu hərəkətlər bu təməl intizamlara istinad edir!" - deyir.
Bu baxımdan, fərqli anlayışların nümayəndələri insafa dəvət edilərkən, onları insafa gətirə biləcək təmsilin vacibliyinə də göz yumulmamalıdır. Haqpərəstliyə çağırılan insanlara gözəl təmsil ilə haqqı göstərmək də insaflı olmanın gərəyidir. Hətta demək olar ki, bu gün sevgi dili ilə dünyanın hər yanına açılan məhəbbət ərənlərinin yeganə vəzifəsi insaf duyğusunu hərəkətə gətirmə təmsilidir.
Həftənin duası
Ey həmişə gizli və qeyri-adi nemətləri ilə bizi lütf yağışında isladan uca Mövlamız! Bizi dünya və axirətdə az-çox sezib qorxduğumuz və ya heç hiss etmədiyimiz, buna görə də əndişələnmədiyimiz təhlükələrdən qoru… bu qısa fani həyatda öhdəsindən gələ bilməyəcəyimiz bəlalara məruz qalmaqdan, qəbrin ağır sınağından, Cəhənnəmin yaxıb kül edən odundan uca Zatın haqqı üçün, Rəhman və Rəhim isimlərinin hörmətinə bizi hifz et. Amin…
Sözün cövhəri
İnsanın mənliyində Haqq-Təalanın səmü-basarı var. Hətta “hüvə” sirri insanda “ənə” şəklində təcəlli etmişdir. İnsan “ənə” çərçivəsini təsəvvüfdəki “fənafillah” və “bəqabillah”la aşaraq Allahda baqi olma keyfiyyətini əldə edə bilər. Beləliklə, insan “mən”i kəşf etməklə mənliyin sirlərini qavramış olur. Hədəf seçdiyi məqama çatandan sonra da əlindəki xrustal kasanı yerə çırparaq “Mən səninlə məqsədə çatdım, sən artıq mənə lazım deyilsən” deyib iliyinə qədər mərifətlə dolaraq, dolub bunun şüuruna vararaq İlahi ərməğanlardan həzz alar. Rəbbim belə bir üfüqə çatmağı hamımıza nəsib etsin…
- tarixində yaradılmışdır.