İnsan mələkləri belə geridə qoya bilər
Hər insan İblisin düşdüyü eqoizm, qürur, həsəd, qısqanclıq kimi əslində zərrə qədər əhəmiyyəti olmayan, ancaq nəticə etibarilə böyük təhlükələrə səbəb olan problemlərlə qarşı-qarşıyadır.
Məsələn, baxırsınız ki, könlü əngin, vicdanı geniş, dünyalara sığmayan, bütün insanlara qucaq açıb Cənnətə aparma arzu və iştiyaqı ilə dolu olan bir insan bir yerdə zərrə qədər əhəmiyyəti olmayan bir xüsusa ilişib qala bilir. Məsələn, bir anlıq boşluqda şəhvani duyğulara məğlub ola bilir. Çünki insan bir xəyal və ya bir təsəvvürü daxilən böyüdüb, daha da inkişaf etdirsə, fərqinə varmadan elə yola girə bilər ki, onun dönüşü, demək olar ki, imkansız hala gəlir. Cevdet təxəllüsü ilə şeirlər yazan uşaqlıq yoldaşım var idi. Onun yazdığı şeirin bir beyti bunu necə də gözəl təsvir edir. Belə deyirdi uşaqlıq yoldaşım: "Üsyan dəryasına yelkən açmışam/Kənara çıxmağa qoymur məni". Bəli, başlanğıcda çox kiçik, əhəmiyyətsiz şey sizi elə bir yerə apara bilər ki, bir də dönüş yolunu tapa bilməzsiniz. O yerləri görən gözünüz də artıq heç nəyi görməz.
Halbuki, Haqq-Təala bir qüdsi hədisdə: "Yer və göy məni içinə ala bilməz. Mən mömin bir qulumun qəlbinə sığaram" buyurur (əl-Acluni, Keşfü'l-hafa, 2/195). Bildiyiniz kimi, İbrahim Haqqı Həzrətləri bu hədisi belə nəzmə çəkmişdir: "Sığmam dedi Haqq ərzu-səmaya/Kənzən bilindi dil mədənindən". Bəli, yer və göyə sığmayan Haqq-Təala sezilərək və dərk edilərək xəzinə tək insanın qəlbində büruzə verir. Bu büruzə təcəlli və Ona güzgü olma baxımındandır. Buna görə mövzunu bu şəkildə də izah edə bilərik: Qəlbin Allahı duyub hiss etməsi, Ona ayna olub Onu anlatması kainat kitabının Onu anlatmasından daha irəli səviyyədədir. Eyni şəkildə, cildlərlə kitablar da Allahı (c.c.) qəlbin anlatdığı qədər anlada bilməz. Kitablar ancaq qəlbin ənginliyi ilə ənginləşib qəlbin boyası ilə boyanmaqla həqiqi ifadəsini tapa bilər.
İnsan bu qədər geniş və əngin, dünyaları əhatə etsə doymayan bir potensiala, bir lütfə məzhər edilmişdir. Ancaq bir də baxırsan ki, belə bir potensiala malik olan insan bəzən heç nə eşitməyən, hissiyyatsız, heç nəyi dərk etməyən bir varlığa çevrilir. Bəli, adəm oğlu kitabların tərcüman ola bilmədiyi həqiqətləri duyma, onları bilib, yaxşı qəbul etmə, eyni zamanda bütün bunları ifadə edə bilmə qabiliyyətinə malik bir qəlb daşıdığı halda, heç nə bilməz, heç nə dərk etməz bir varlıq səviyyəsinə düşə bilər.
Qurani-Kərim müxtəlif yerlərdə bu məsələni vurğulayır. Məsələn, bir yerdə belə buyurur: "Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar" ("Əraf" surəsi, 7/179). Bəli, onların qəlbləri məsələlərin önünü-arxasını düşünüb təhlil etməyə və yeni hökm çıxarmağa uyğun deyil. Quranı-Kərim bu və buna bənzər ayələrlə bizi belə məcazi korluq, məcazi karlıq və məcazi qəlbisizliyə qarşı diqqətli və hazır olmağa çağırır. Fani, dəyərsiz, kiçik şeylərlə görmə üfüqümüzü bağlamağımız, hiss və ənginliyimizi daraltmağımız barəsində xəbərdarlıq və tənbeh edir. Çünki insan Haqq-Təala ilə münasibətdə olduğu müddətdə geniş və əngin mahiyyətə sahibdir. Bəli, o, mələkləri belə geridə qoya bilər.
Peyğəmbərimiz Cəbrayılı geridə qoymuşdu...
Kainatın Fəxri Peyğəmbərimizin (s.ə.s.) bizdən, öz içimizdən çıxması bu həqiqətin ən parlaq, ən gözəl, ən möhtəşəm dəlili deyilmi? Əlbəttə ki, elədir. Bəli, O, Əminə Xatundan dünyaya gəlmiş, Abdullahdan olmuş, yəni ana və atası peyğəmbərlik nuru ilə nurlanmamış bir insan olaraq elə bir məqama gəlmişdir ki, Süleyman Çələbi "Yürü top Sənin, çovkan Sənindir bu gecə" ifadələri ilə bu bənzərsiz üstünlüyü dilə gətirimişdir. Çünki İnsanlığın İftixarı Meracda elə bir nöqtəyə gəlib çatır ki, Cəbrayıl (ə.s.): "Mən bir addım da atsam yanaram" deyir. Əgər sübühati-vəch şuaatı (təsəvvüfdə Allahdan gələn və Allahdan qeyri hər şeyi yaxıb külə döndərən təcəllilər) ilahi sifət və isimləri də yaxıb kül edir və bu nöqtədə Allahın Zatından başqa heç nə qalmırsa, Cəbrayılın belə buna tab gətirməsi mümkün deyil. Lakin insanlıq aləminin İftixarı, İki Cahan Sərvəri Peyğəmbərimiz (s.ə.s.) maneəsiz yoluna davam edir.
İnsan mahiyyətcə bu qədər geniş, əngin, güclü və Allaha çox yaxın ikən, təəssüf ki, çox sadə, əhəmiyyətsiz həvəs və məqsədlər üçün o ənginliyi daraldır və dəyərsizləşdirir. Buna görə də, ömür boyu bu təhlükələrə qarşı oyaq olmalıdır. Bəli, insan son nəfəsinə qədər mübarizəsini davam etdirməli, insani dəyərləri itirməməyə çalışmalıdır. Çünki o, insanlıqdan məhrum olduğu zaman demək ki, özünü bir məchula məhkum edir.
Elə isə insan himmətini daim yüksək, ali tutmalı, həmişə zirvələrdə uçmağa çalışmalı və davamlı Allahla irtibatda olmalıdır ki, kiçik və sadə şeylərə məğlub olmasın. Əgər buna baxmayaraq gözə bir tük düşübsə, o da dərhal aradan qaldırılmalıdır. Yəni insanın lətifeyi-rəbbaniyəsi bu və başqa səbəblə bir darlığa məhkum olmuşsa, dərhal bir "Lə havlə" çəkib yenidən Haqq-Təalaya yönəlməlidir.
Xülasə
- İnsan özünün də İblisin düşdüyü və onu həlaka sürükləyən eqoizm, qürur, həsəd, qısqanclıq kimi təhlükələrə hər zaman məruz qalma ehtimalını heç vaxt unutmamalıdır.
- Könlü əngin, vicdanı geniş, dünyalara sığmayan, bütün insanlara qucaq açma arzu və iştiyaqı ilə dolu olan bir insanın zərrə qədər əhəmiyyət daşımayan bir məsələyə ilişib qalması mümkündür.
- Cahanlardan əngin olan lətifələrini darlığa məhkum edənlər axirət üçün ən böyük dəyəri itirmiş sayılırlar.
İblis və cinnət
Göz görmə sahəsi çox geniş olan, demək olar ki, qarşısındakı hər şeyi görə bilən, mövqeyinə görə dünyaları müşahidə edə bilmə qabiliyyətinə malik İlahi bir nemətdir. Ancaq ona bir tel düşsə, o çox kiçik şey gözün görməsinə mane olub onun görmə üfüqünü bağlayır. Lakin burada bir məsələyə diqqətinizi çəkmək istəyirəm: Göz orqanı ilə bağlı qeyd olunan bu həqiqət insanın maddi-mənəvi bütün duyğu və lətifələr (insanın çox incə və həssas, qəlbə bağlı duyğular) üçün də keçərlidir. Məsələn, insan bəzi məsələləri çox geniş, dərindən düşünüb mütaliə edərkən bir baxış, qeyri-məşru bir xəyal, tab gətirə bilmədiyi bir əhval-ruhiyyə onu elə bir nöqtəyə gətirib çıxara bilər ki, o anda göz heç nəyi görməz. Belə ki, kainata sığmayan, dünyanı bir top kimi qucağına alıb oynatmaq istəyən, bu səviyyədə onu təhqir edib kiçildən insan bir zərrədə boğula bilər. Bir baxış, bir duyğu ilə özünü məhv edə bilər. Bir xəyal, bir təsəvvür, bir əhval-ruhiyyə bütün mənliyini sarıb onu istədiyi yerə sürükləyə bilər.
İnsanın bu halını anlamaq üçün İblisin Həzrəti Adəmə səcdə əmri alarkən sərgilədiyi əhval-ruhiyyəni nümunə olaraq göstərə bilərik. Qurani-Kərimdə bildirildiyi kimi, Haqq-Təala Həzrəti Adəmi yaratdıqdan sonra bütün mələklərə ona səcdə əmrini verir. Mələklərin Həzrəti Adəmə səcdə etməsinə baxmayaraq, İblis özünün oddan Adəm Əleyhissəlamın isə torpaqdan yaradıldığını, bu səbəbdən Hz. Adəmdən daha üstün olduğunu iddia edərək qürura qapılır, nəticədə də küfrə girir. Ardınca da: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam" deyir ("Sad" surəsi, 38/82).
Göründüyü kimi, burada İblis insanları azdıracağını deyərkən Allahın (c.c.) əzəmət və cəlalına, böyüklük və ululuğuna and içir. Məhz bu and onun bəzi şeyləri sezdiyini və Allahı (c.c.) müəyyən səviyyədə dərk etdiyini göstərir. Lakin nəzəri olaraq Allahı bu qədər dərk etdiyi halda o, bir nöqtədə ilişib qalır, gözünə düşən bir tük onun açıq-aşkar olan həqiqətləri görməsinə mane olur. Dolayısilə o kin, nifrət, həsəd, qısqanclıq və eqoizm kimi fəlakətlərə qapılır, gözü görməz, qulağı eşitməz kor-kar bir varlığa çevrilir.
Şeytanın bu halını anlamaq üçün hirsli, cinnət keçirən bir insanın o andakı əhval-ruhiyyəsini də misal göstərmək olar. Çünki bəzi insanlar bəzən elə hirslənir ki, ona baxanda "bu insan havalanıb" deyirsiniz. Hətta onun şizofreniya olduğunu deyib "psixoloqa getməlidir" deyə düşünürsünüz də! Belə insan əlinə keçəni qırıb-dağıdır, parça-parça edir. O əsnada: "Qardaşım! Allah səni insan yaradıb, sən çox mərhəmətli insansan, sən əvvəl belə deyildin" deyib onu təskin etməyə çalışsanız, dediklərinizə heç qulaq asmaz, hətta əlinə keçəni sizə də atar. Çünki o, o anda hirsə, nifrətə elə qapılıb ki, artıq ona nəsə izah etmək, bir şey dinlətmək qeyri-mümkündür.
Sözün cövhəri
İnsan öz-özünü hiss və duyğuları ilə dinləsə, əbədiyyətə namizəd olduğunu və əbədiyyətdən başqa heç bir şeylə rahatlıq tapmayacağını anlayacaqdır. Əgər insanları duyğu, düşüncə, istedad və qabiliyyətləri ilə dəyərləndirsək, yalnız dünyanın deyil, fəza sonsuzluğunun belə onun dərinliyi ilə müqayisədə dayaz olduğunu görəcəyik. Bəli, mahiyyətcə əbədiyyətə namizəd olan insan varlıq dəryasında elə bir mahiyyət daşıyır ki, onun Yaradandan başqa bir şeylə tətmin olması mümkün deyil.
Həftənin duası
Ya Rəbbim! Bizi Cəhənnəm odundan qoru və əbədiyyət yurdu olan Cənnətinlə şərəfləndir... Varlığını sevginə adamış və sevginlə şərəflənmiş sevgililərin dostluğu ilə sevindir... Seyyidul-Mursəlin və Şəfiul-Muznibin olan Nəbiyyi-Möhtərəmə qonşu et... Sənə qovuşub, Sənin pak camalını müşahidə etmə ehsanı ilə bizi şərəfyab et... Sən bizə mərhəmət et... Bu möhtac qapı qullarını "rəfiqi-əla (uca dost)"ya apar və nemətlərinlə ən uca məqamlara yüksəltdiyin nəbilərin, siddiqlərin, şəhidlərin və salehlərin maiyyəti ilə (yaxınlığı ilə) şad et.
- tarixində yaradılmışdır.