İnsan təfəkkürlə mükəlləfdir…

Fəthullah Gülən: İnsan təfəkkürlə mükəlləfdir…

Afaq üfqün, ənfus da nəfsin cəmidir. Dilimizdə üfüq dağların zirvələri, günəşin doğub batdığı yerlərdir. Başqa sözlə desək, yer üzünün səmanın ətəklərinə qovuşduğu yerə üfüq, cəm şəklində isə afaq deyirik. Dolayısilə bu sahəyə aid təfəkkür “afaqi təfəkkür” olub insandan savayı bütün dünya və kainatları ehtiva edir.

Ənfus nəfs sözünün cəmi olub insanın məna və maddəsi deməkdir. İnsanın mahiyyətinə, habelə daxili aləmində şeytan rolunu oynayan varlığa da bir mənada nəfs deylir. Nəfs şəhvət, qəzəb, hiddət, öfkə, hərislik, tərslik və inad kimi hislərin cəmindən ibarət bir mexanizmin başında dayanan rabitə operatoru kimidir. Güman ki, şeytan onun vasitəsilə bizimlə əlaqəyə keçərək təsvil edir (çirkin bir şeyi gözəl bir şey kimi göstərib aldadır) və bizə zərər vermək üçün bəzən şəhvətlə qəzəbi, bəzən inadla kini işə salır; hətta vəyhin nuru ilə işıqlanmamış və “yonulmamış” azğın ağıldan istifadə edib bizə zərbə vurur.

Nəfs həm də insanın mahiyyəti deməkdir. Bu, “Öz-özünüzü öldürməyin.” (“Nisa” surəsi, 4/20) ayəsində qeyd edilən nəfsdir, yəni insanın zatıdır (əsil, cövhər, mahiyyət, öz). Nəfsi qorumaq üsuli-xəmsəyə daxildir (beş əsas haqq). Burada nəzərdə tutulan da məhz budur və bu sahəyə aid təfəkkürə ənfüsi (nəfslə bağlı) təfəkkür deyilir.

Afaqi və ənfusi təfəkkür

Bəli, insan bu iki növ təfəkkürü etməklə mükəlləfdir. Quranda bu iki təfəkkür əksər hallarda yanaşı sadalanır. Məsələn, Allah-Təala bir ayədə buyurur: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır” (“Ali İmran” surəsi, 3/190). Həmçinin “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə (baxmırlar ki) necə ucaldılmışdır? Dağlara (baxmırlar ki) necə dikəldilmişdir? Və yerə (baxmırlar ki) necə döşədilmişdir?” (“Ğaşiyə” surəsi, 88/17-20) kimi ayələrlə də insanları belə bir əhatəli təfəkkürə səsləyir. Buna bənzər ayələrin əksəriyyətində “Hələ də düşünmürlər? Hələ də ağıllarını işlətmirlər?” ifadələri işlənir.

Quran əksər hallarda insanları afaqi təfəkkürə çağırdıqdan sonra dərhal ənfusi təfəkkürə yönləndirir və əl, ayaq, rəng, dil, ləhcə və orqanlardan bəhs edir. Beləliklə, afaqi təfəkkürün arxasınca ənfusi təfəkkürə keçir. Kainat kitabının təfəkkürünün ardınca fikrimiz qarışmasın deyə kiçik miqyaslı kitabı, yəni kainat kitabının föhristi, xülasəsi olan insanın daxili aləmini önümüzə sərir və bizi onu “vərəqlə”məyə sövq edir. Məsələn, “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır” (“Ali İmran” surəsi, 3/190) ilahi bəyanının arxasınca “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan!..” ayəsi gəlir ki, bu da tamamən afaqi təfəkkürdür. Bəzən də “Sizin özünüzdə də əlamətlər, dəlillər vardır” (“Zariyat” surəsi, 51/21) buyurur. Gördüyümüz kimi burada Cənabi-Allah göyləri diqqətə çatdıraraq ilahi vəd və vaidin (söz verdiyi və qorxudaraq çəkindirdiyi şeylər) oradan gələcəyini, hər şeyin oradan başladığını, qiyamətin oradan qopacağını bildirdikdən sonra “Hələ də bəsirət gözünüzü açıb nəfsinizdə kamiləşmək, ətraflı düşünüb araşdırmaq istəmirsiniz?” buyurur ki, bu da afaqi və ənfusi təfəkkürün bir-birinə nə qədər yaxın olduğunu göstərir.

Məsələn, götürək gözlərimizi. Onları daha yaxından görmək mümkün olduğu üçün girdə formasını, bəbəyini, xülasə, hər tərəfini təfəkkür edirik. Günəşin gözümüzlə əlaqəsini, işıq dalğalarının görməyə uyğun olmasını, insanın varlığın ancaq milyonda beş-altı faizini görə bildiyini və ya bu mahiyyətdə yaradıldığını düşünür və əldə etdiyimiz məlumatla daha uzaqları kəşf etməyə hazır vəziyyətə gəlirik. Tədricən bu elə hal alır ki, müşahidələr həqiqətləri kitabdan oxumaq qədər asanlaşır. Sonra əllərimizə baxırıq. Afaqi təfəkkür üçün göylərə nəzər yetirdiyimiz kimi, ənfusi təfəkkür üçün də barmaqlarımıza, barmaq oynaqlarına baxır, barmaqların güc müvazinəsini, əlimizin müəyyən hissələrdən təşəkkül etməsini, maksimum qənaət prinsipi ilə xəlq olunan beş barmaq bir əl ayasını və onun çoxfunksiyalılığını, müəyyən şeylərdən həzz və ləzzət almasını, lazım gələndə düşmənə qarşı sipər olmasını... və s. düşünürük. Bəli, bütün bunları düşünəndə “Allah bir alət yaradıb, min işi birdən görür” deyirik.

Bu cür ənfusi təfəkkür zamanı “Səni yaradan Allah müqəddəs və mübərradır” deyə hayqırırıq. Ayağınızı, mədənizi, ürəyinizi –bütün orqanlarınızı bir-bir gözlərinizin qabağına gətirin... Hər biri dərin bir kitab kimi mükəmməl yaradılışdan, nələrdən, nələrdən xəbər verir.

Təfəkkürü hardan başlayaq?

İlk öncə ənfusi təfəkkürlə başlamaq lazımdır. Bu, bir mənada kitabın mündəricatına baxıb məzmununu öyrənməkdir ki, təfəkkür edən harada hansı mövzunun keçdiyini bilsin, mövzuları qarışdırmasın, yanlış nəticələrə gəlməsin.

Bəli, insan ilk öncə ənfusi aləmini təfəkkür etməli və “Bu simada Rəhmanın surəti var... Bunu yaradan Odur... Bu incə hislər Ondandır. Bu qulağı ancaq O xəlq edə bilər... Bu gözü ancaq O belə mükəmməl yerləşdirə bilər...” deməlidir. Sonra bu mənalar vicdana ötürməli, yəni ənfusi təfəkkürlə vicdana bir pətək qoymalıdır ki, fikir arılarının gətirdiyi çiçək nektarı həmin pətəkdə bala çevrilsin. Əksinə, ənfusi təfəkkürlə bir pətək meydana gətirməsə, zehin arısı (afaqi təfəkkürlə) gətirdiyi nektarı qoymağa yer tapmaz, özünü bihudə yorar ki, bunun da xəlbirlə su daşımaqdan bir fərqi yoxdur. Belə halda nə nəticə əldə etmək mümkündür, nə də düşüncənin qayəsini gerçəkləşdirmək, yəni biliyi mərifətə çevirmək mümkündür. Məhz ənfusi təfəkkür sayəsində bilik möhkəm bünövrəyə oturur, afaqi təfəkkürlə isə xalis mərifətə çevrilir.

İndi biz, inşallah daxili aləmimizdə mayaladığımız bu duyğu-düşüncəylə başımızı göyə qaldırıb səmanın o pak çöhrəsində sayrışan ulduzları seyr edəcək və şairanə ilhamlarla cuşa gəlib “Göyü uldulazlarla süsləyən Allahım, Sən nə Ucasan! Ulduzların o üzündə cəhənnəm tonqalını çatan Allahım, Sən nə Adilsən! Cənnəti nurunla işıqlandıran Allahım, Sən nə Rəhimsən! Oraları mələklərə məskən seçən Allahım, Sən nə Qadirsən!” deyirik. Bədiüzzaman Həzrətlərinin ulduzları danışdıran ulduznamədə söylədiyi kimi:

Eşitdiririk insan olan insana.
Kor olası dinsiz gözü, görməz oldu üzümüzü,
Həm eşitməz sözümüzü. Haqq söyləyən ayələrik biz...
Sikkəmiz bir, tuğramız bir, Rəbbimizi zikr və təsbeh edərik abidanə...
Kəhkəşanın həlqeyi-kübrasına mənsub məczublarıq biz.

deyir və bu düşüncələrlə Rəbbimizin önündə baş əyirik...

Ürfan əhli də ilk öncə ali təriqətlə, daha sonra bu yolla - əvvəlcə ənfusi təfəkkürlə dərinlərə baş vurmuş, arxasınca da düşüncələrini afaqi təfəkkürlə bir çərçivəyə salmışlar.

Həftənin duası

Qəlblərimizi və ruhlarımızı mərifət nurları ilə işıqlandır... Bizi ən sevdiyin işləri gördür... Həm bizə, həm də qadın-kişi bütün qardaşlarımıza kamil əxlaq bəxş et, bizə ən doğru yolu göstər və ən gözəl nemətləri lütf et!

Sözün cövhəri

Quranı elə oxu ki, sanki sənə nazil olur... Həzrət Məhəmmədi (sallallahu aleyhi vəsəlləm) yaxından tanı... Quranı öyrənmək üçün əlindən gələni əsirgəmə... Saflıq, səmimiyyət və ixlasdan möhkəm yapış... Əsbabi-nüzul, üsuli-təfsir və s. elmləri öyrən... İlahi varidata (ərməğanlara) layiq bir qəlbin olsun...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.