Mən Millətimi Sevirəm!

Əvvəla bunu ifadə edim ki, mən millətimin şəxsi-mənəvisini (müəyyən bir şəxs yox, kütlədən meydana gələn mənəvi şəxs) sevirəm. Yoxsa hər millətdə olduğu kimi, millətimizdə də haqq-hüquq və insanlıq baxımından saxta, yalançı insanlar ola bilər. Ancaq ümumi mənada ruh və məna kökünə möhkəm bağlı olan xalqımızı nəzərə alası olsaq, bu tip insanların azlıq təşkil etdiyinə şahid olarıq.

Hədis kimi də rəvayət edilən gözəl bir kəlam var, "Hubbul-vatan minəl-iman − Vətən sevgisi imandandır". Biz bu sözü "Millət sevgisi imandandır" şəklində də ifadə edə bilərik. Belə ki, əsrlərlə İslam dininə bayraqdarlıq etmiş əziz millətimiz şanlı keçmişimizdə çox vaxt bəşər tarixinin gedişatını dəyişdirmiş, bəşəriyyətə bir çox töhfələr bəxş etmişdir. Biz millətimizlə məhz buna görə fəxr edir, bu hislərlə onu sevirik.

Şübhəsiz ki, millətimiz bir çox nailiyyətlər əldə etmişdir. Belə ki, nailiyyət deyiləndə müasir dövrdə ağıla, ümumiyyətlə, müsbət irəliləyişlər və texnoloji inkişaf gəlir. Halbuki, dünyəvi elmlər və texnologiya bəşəriyyət problemlərinin həlli və onun səadət və xoşbəxtliyini təmini baxımından hər şey demək deyildir. Hətta eqoist və mənfəətpərəst şəxslərin əlində olan əxlaq və fəzilətdən, cəmiyyətə qarşı məsuliyyət şüurundan məhrum elmi kəşf və texnoloji inkişafın bəşər üçün bir fəlakət və müsibətə çevrildiyi inkaredilməz həqiqətdir. Buna görə, bizim "millətimiz bir çox nailiyyətlər əldə etmişdir" deyəndə əcdadlarımızın bütün bəşəriyyətə insani və əxlaqi dəyərlər qazandırması, o möhtəşəm idarəçilik qabiliyyəti və siyasəti ilə toplumlara ədalət saçmasını nəzərdə tuturuq. Bəli, biz millətimizə bu cəhətə görə bağlıyıq, hətta bəzən onu aşiqlik dərəcəsində sevərik.

Lakin bu sevginin keçmişdə qalmış o insanlar üçün faydalı olub-olmadığını da bilmirəm. Bəlkə, bu yaxşılıqlarını xatırlatmağımız onları xeyirlə yad etməyə vəsilə olar. "Atalarımıza Allah rəhmət eləsin! Bizə gözəl vətəni qoyub getdilər. Lakin onu biz kirlətdik, indi isə bizə düşən vəzifə onun üfüqünü yenidən işıqlandırmaqdır" desək, bu cəhətdən bir mənası olar. Belə sağlam ruhi-mənəvi köklər üzərində inkişaf etmiş millətimizə bağlılığımızı nümayiş etdirir, ona sevgi duyur və üstəlik bu sevginin eşq dərəcəsində olduğunu iddia ediriksə, elə isə o məşuqa qarşı olan vəzifəmizi yerinə yetirməliyik. Bizim üçün əsas məsələ də elə budur.

"Əgər Sevginə Sadiqsənsə..."

Məsələn, millətimizin bir vaxtlar dövlətlərarası müvazinətdə oynadığı tarixi missiyanı, heç olmasa, öz bölgəsində yenidən həyata keçirməsi, hətta dünya miqyasında böyük bir müvazinət amilinə çevrilməsi bizim üçün çox əhəmiyyətlidir. Çünki onun ruhunda ata-babalarının miras qoyduğu ədalət düşüncəsi, doğruluq, haqq anlayışı və şəfqət məfhumu var. Həm bu regionda yaşayan xalqların, həm də öz insanımızın səadəti naminə açıq-aydın buna ehtiyac var. Bu səbəbə görə, millətimizin öz dəyərləri ilə bir daha, təkrar dirçəlib ayağa qalxmasını, özünəxas ruhun heykəlini yenidən ucaltmasını cani-könüldən arzulayırıq. Məncə, içimizdəki millət sevgisi bu istiqamətdə təcəlli etməlidir. Əslində bunun bir zərurəti də var. Rəbiətül-Ədəviyyə sevginin həqiqətini belə ifadə edir: "Allaha üsyan edir, sonra da "Sevirəm" deyirsən. Həyatıma and olsun ki, bu qədər qəribə, bu qədər əcaib bir şey görməmişəm. Əgər sevginə sadiq olsaydın, Ona itaət edərdin, çünki sevən sevdiyinə itaət edər".

Buna bənzər mülahizəni Ustad Həzrətlərinin Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) itaət və bağlılıq haqqındakı düşüncəsində də müşahidə edə bilərik. Belə ki, o, bir yerdə "Mümkün olsa, sevdiyimiz o Zata (Rəsulullaha) xarici görünüşümüz, danışıq tərzimiz, hətta səs tonumuzla bənzəməyə çalışar, Onun kimi geyinmək, Onun kimi danışmaq və Onun kimi yerimək üçün səy göstərərik," deyir.

Bəli, Allah sevgisi itaətlə, Rəsulullah sevgisi də Onun sünnəsinə hərfi-hərfinə tabe olmaqla olur. Allah və Onun Rəsulunu sevdiyini deyən insan əgər Allahın və Rəsulunun bəyanını dünyanın hər tərəfinə yayma və hər kəsə çatdırmaqda laqeydlik göstərirsə, onun dedikləri tamamilə yalandır. Bunun kimi, millətini sevdiyini deyən insan onun ayağa qalxması, öz mahiyyəti ilə yenidən dirilməsi və ruhunun abidəsini ucaltması yolunda heç bir cəhd və səy göstərmirsə, deməli, o da yalan danışır.

Bu məsələnin bir başqa yönü də budur: Millətini sevdiyini iddia edən insan öz millətinin dəyərlərini dünyaya tanıtmağa və o dəyərlərin insanlıq üçün həqiqətən zəruri olduğunu başqalarına da inandırmağa çalışmalıdır. Yoxsa bu millət inanılmayan, etibar edilməyən bir millət olaraq qəbul edilirsə, süpürgə kimi qapı arxasına atılar və onun miras aldığı dəyərlərdən bəşəriyyət də istifadə edə bilməz. Elə isə bir yandan millətimizi öz dəyərləri ilə ayağa qaldırarkən, digər yandan da onu tarix boyu var edən dəyərlərlə bütün dünyaya anlatmaq lazımdır.

Qarışqa öz hissiyyatı ilə mərmərin içində bal olduğunu bilsə, o ehtirası, əzmi və qətiyyəti ilə o mərmərin ətrafında dolanıb durar, bir yolunu tapıb o balı əldə etməyə çalışar. Qarışqa quyuya düşüb xilas olmaq üçün əzm və səy göstərməyən bir insan kimi, "Biri gəlsin ip sallasın, o ipə yapışıb çıxım" deyə düşünməz. Varıdırsa, pəncələrini, ayaqlarını, dırnaqlarını istifadə edər. Əlləri zəncirlə bağlı olsa, ağızı ilə ayaqlarını basmağa bir yer açar. Xülasə, bir çox yol axtarar, bir yol tapıb oradan mütləq çıxmağa çalışar.

Bizim vəzifəmiz, əgər bir doğru yola Allahın lütfü ilə gətirilib qoyulmuşuqsa, o yolda yüzlərlə maneə çıxsa da, bütün əngəlləri aşıb Allahın izni və kərəmi ilə yolumuza daha sürətli davam etmək əzmində olmaqdır. Məncə, həqiqi millət sevgisi elə budur.

Xülasə

  • Bizim millətimizə olan sevgimiz onun şəxsi-mənəvisinə görədir. Yoxsa hər millətdən yaramaz insanların çıxması qaçılmazdır.
  • Biz millətimizi keçmişdə dinimizə və bizə yaşatdığı uğurlara görə bağlıyıq, hətta bu səbəblə onu bəzən eşq dərəcəsində sevirik.
  • Millətini həqiqətən sevən insan millətimizin dəyərləri ilə bir daha ayağa qalxıb dirilməsini, öz ruhunun heykəlini təkrar ucaltmasını şiddətlə arzu edən insandır.

Diriliş Ümidi və Kollektiv Şüur

Qənaətimicə, tarixdə daşıdığı missiya baxımından nəşət etdiyimiz bu millətə−millətimizə güvənmək lazımdır. Əlbəttə ki, bu, Allaha etimad etmə, Allaha sığınma, Allaha güvənmə mənasında bir etimad deyildir. Yaxşı bəs millətimizə niyə güvənməliyik? Çünki bu əziz millət tarix boyu heç vaxt uzun müddətli əsarətə dözmədiyi kimi, bundan sonra da əbədiyyən milli aşınmaya səbir göstərə bilməz. Məsələn, Çanaqqalada yaralı vücudlarla, ölü cəsədlərlə düşmən önünə atılmış, ölümü ilə bu gələn müsibətin qarşısını almış, amma qətiyyən təslim olmamışdır. Çünki bir avropalının ifadə etdiyi kimi, hər millətin müdafiədən ümid kəsdiyi yerdə, bu millətin hücumu başlayır. Bu həqiqətdir. Millətimiz milli mübarizə ilə işğal güclərinin öhdəsindən gəlmiş və ölkəni düşməndən təmizləmişdir. O heç vaxt əsarətə boyun əyməmiş və başqasının əsarəti altında yaşamaqdansa "Ya dövlət başa, ya quzğun leşə" düşüncəsi ilə hərəkət etmişdir. Məncə, bu xarakterə malik olan bir millətə etimad edilməlidir.

Məsələnin bir başqa yönü də budur: İslam aləmində heç bir ölkə Türkiyənin məruz qaldığı qədər bombardmana məruz qalmamışdır. Bomba burada partlamış və onun "yanğın və xəstəliklər" kimi ən dəhşətli alfa zərbələri də burada özünü büruzə vermişdir. Digərləri beta və ya qamma şüalarından nə qədər mütəəssir olmuşlarsa, o qədər də təsir altında qalmışlar. Bəli, əsas zərəri bizim millətimiz çəkmiş, buna baxmayaraq o, qətiyyən öldürülə bilməmişdir. Baxın, hələ də millətimizin önünü kəsmək istəyirlər, amma o yenə də bir diriliş yolu tapıb yenidən dirçəlir.

Bir millət olaraq belə bir "basu badəl mövt" (ölümdən sonra diriliş) həyəcanımız, bir diriliş sevdamız varsa, məncə, bu məqamda kollektiv şüur məsələsi üzərində həssaslıqla dayanmaq lazımdır. Bəli, bu ərəfədə bu millətin fərdləri olaraq, bir-birimizə qarşı tam güvən və etimad içində, "birlikdə olaq, birlikdə çalışaq, birlikdə fikirləşək, fikir mübadiləsi aparaq, beyin fırtınası ilə məsələlərimizi həll edək" anlayışında olmalıyıq. Ancaq bu kollektiv şüur məsələsi, məncə, iradənin məhsulu olmalı, məntiqli olmalı və bu mövzuda göstərilən səy və səmərə arasındakı münasibət də çox yaxşı nəzərdən keçirilməlidir ki, bu məsələnin davamı gəlsin. Məsələ belə möhkəm əsaslar üzərinə qurulsa, yanılma da olmaz. İnsan məntiq və iradəsi ilə kollektiv şüuru meydana gətirə bilsə, yəni çağırışını ağıla, məntiqə və iradəyə söykəyə bilsə, o bilgiyə söykənmiş olar və uzunömürlülük vəd edər. Halbuki, sadəcə adət və ənənələrlə qanımıza, damarımıza işləmiş əxlaq və mədəniyyət zərbələrə tab gətirə bilməz. Ancaq ağıl, məntiq və mühakimə ilə işin əvvəli və axırı arasındakı münasibəti nəzərə alınaraq məsələyə yanaşanda atılan addımlar uzunömürlü olar. Eynən ticarətini onun qanun və qaydalarına görə quran bir tacir kimi. Qurduğu ticarətdə gəliri nə vaxt gələr, necə gələr bilinmir. Hətta bu ticarətdə heç nə qazanmama ehtimalı da var. Lakin səbəblər dairəsində işin səmərəsi alınar. Çünki hər şey buna görə planlanmış, buna görə ticarətə girilmişdir.

Mənə görə, kollektiv şüuru da ağıl, məntiq, mühakimə və insan iradəsinə söykəməklə hər sahədə müştərək fəaliyyəti təmin etmək lazımdır. Üstəlik, elmi kəşf və ixtiralar da səfərbər edilməklə İslam dininin ayağa qalxması üçün yol və metodlar daha işlək, daha surətli hala gətirilməlidir. Məhz belə bir kollektiv şüurla yürüdüyümüz yol genişlənə bilər ki, bu da təbii, oturub danışmağa, məşvərətə və beyin fırtınasına bağlıdır.

Sözün cövhəri

Bu gün bəzi kimsələr bütün dinlərin ortaq cəhətlərini ortaya çıxarıb bundan bir din əmələ gətirək və insanları ətrafına toplayaq düşüncəsini daşıyır və buna səy göstərirlər. Elm aləminə heç də yad olmayan bu düşüncə və fəaliyyətlərə qarşı sayıq olmaq lazımdır. Çünki bu düşüncə, ən azı ateizm qədər, xüsusən də İslam dininə zərər yetirə biləcək mahiyyətdədir. Məncə bir mənada orijinallıq etmə, şöhrət qazanma kimi səbəblərlə ortaya atılan bu düşüncələrə tutarlı cavab verə bilmə İslamın ümumbəşəri əsaslarına uyğun hərəkət etməklə mümkündür.

Həftənin duası

Varlığın həqiqi sahibi, aləmləri dilədiyi kimi idarə edə hər şeyə qadir Rəbbimizə, Onun elmi və biliyi sayı qədər həmd-səna edib əl açaraq boyun bükürük: Allahım! Bizə, qadın-kişi bütün qardaşlarımıza, yoldaşlarımıza, dostlarımıza iman və Quran yolunda xidmət etməyi asanlaşdır (asanlaşdır ki, Sənin o gözəl adının çatmadığı heç bir yer qalmasın) və bizə layiqliyimizə görə deyil, də əngin mərhəmətinin tələbinə görə rəftar et. Amin..

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.