"İşim bitdi" deyənin işi bitmişdir
İslamiyyətdə asas olan insanın işləyə bildiyi müddətdə işinə, peşəsinə davam etməsidir. O ki qaldı Allaha xidmət məsələsinə; bu işdə nə təqaüdə çıxmaqdan, nə də iş-gücü buraxıb bir kənara çəkilməkdən söz gedə bilməz. Çünki din yolunda xidmət bir cəhətdən übudiyyət kimidir. İnsan ruhunu Allaha təslim edənəcən Allaha qulluq mükəlləfiyyəti daşıdığı kimi, Allah yolunda xidmət etməklə də mükəlləfdir. Məsələn, necə ki insan ayaq üstə gücü çatırsa, ayaq üstə, oturaraq gücü çatırsa, oturaraq, hətta ancaq uzanıqlı qıla bilirsə, uzanaraq namazını qılmaqla mükəlləfdir. Eləcə də insanın gücü, taqəti nəyə çatırsa, o qədər dinini təbliğ etmək, din üçün çalışıb-çabalayan bir xidmətin arxasında dayanmaq və ona dəstək vermək mükəlləfiyyətini daşıyır və bu mükəlləfiyyət ömürlə birlikdə sona çatır.
Son nəfəsə qədər...
Mövzumuzla əlaqədar Yaşar Tunagür Xocadan dinlədiyim bir xatirəni sizə danışım. Müəllimləri Hüsrəv Xoca yatağa düşsə də, nə qədər ki əlində kitab tuta bilirdi, tələbələrinə dərs verir. Lakin son vaxtlar artıq kitabı əlində tuta bilmir, bəzən yerə salır. Bunu görən tələbələr kitabı ondan almaq istəyirlər. Bu zaman Hüsrəv Xoca əllərini qaldırıb: "Allahım, məni üzrlü hesab et, buraxmaq istəmirdim, amma bunlar kitabı əlimdən aldı," – deyir və hönkürtü ilə ağlamağa başlayır.
Məsələyə bu nöqteyi-nəzərdən baxsaq, müəyyən yaş həddinə çatandan sonra Allah yolunda məsuliyyət daşıdığı vəzifəni buraxıb bir kənara çəkilmək doğru deyildir. Bəli, imkan daxilində Allah-Təalanın rizasını qazanmağa çalışmaq həm vəzifəmiz, həm də dinə borcumuzdur. Bir daha təkrar edək: necə ki ölüm qapımızı döyənə qədər namaz, zəkat, oruc kimi ibadət və digər mükəlləfiyyətlərin hökmü keçərlidir, eləcə də İslamı ayağa qaldırmaq, peyğəmbərlik ruhunu dünyanın hər tərəfinə yaymaq üçün cəhd və səy göstərmək də gücümüz yetdiyi qədər hamımızın vəzifəsidir və bu, son nəfəsə qədər davam edir.
Lakin bir vaxtlar "din-dəyanət" deyib bir söhbət məclisindən başqasına can atan, bir yerdə könülləri şövqləndirən, bir tərəfdə həyəcana həyəcan qatan, əlində məşəl daim insanların ruh dünyasına şölə saçanlar, dünyanı nura qərq etmə dərdində olanlar yaşlaşdıqca özlərini yorğun hiss edə və cavanlıqdakı kimi fəal, gümrah olmaya bilərlər. Bunu görən cavanların "Artıq bundan sonra bizim qədər aktiv ola bilməzlər" deyib onları burunlaması mümkündür. Və ya onlar öz-özlərini təcrid olunmuş hesab edə bilərlər. Belə bir vəziyyətdə bir vaxtlar köhlən at kimi öndə gedən bu insanlara yaş və səviyyə də nəzərə alınmaqla vəzifə təklif etmək lazımdır. Yeri gəlsə, bu insanlardan ibarət bir məclis heyəti təşkil edib onların təcrübəsindən istifadə olunmalı. Beləliklə, gənclər də onların təcrübələrindən faydalanar və gəncliyin verdiyi həyəcan və dinamizmi reallaşdırmağa imkan taparlar. Yəni bir tərəfdən gənclər çalışıb-çabalayıb tər tökməli, digər tərəfdən də təcrübəli, müəyyən yaşa çatmış şəxslər onlara arxa olmalı, onları alqışlamalı və təşviq mənbəyi olmalıdırlar. Beləcə heç kim fəaliyyətdən geri qalmaz və ətalətə düşməz.
Bildiyiniz kimi, Ümmü Haram anamız yaşına baxmayaraq, o dövrün imkanları ilə Kiprə qədər gəlmiş və orada vəfat etmişdi. Əbu Eyyub əl-Ənsari Həzrətləri də yaşına-başına baxmadan dəvə belində İstanbula qədər gəlmiş və qala divarlarının dibində ruhunu təslim etmişdi. Belə insanların öndə getdiyini görən cavanlar isə bundan daha da cəsarətlənmiş, coşmuşlar.
Məsələyə bu aspektdən baxanda vəzifə və məsuliyyət heç vaxt bitmir. Ancaq vəzifə davam etdirilərkən kimin nə iş görəcəyi və nə qədər görəcəyi düzgün müəyyən olunmalıdır. Bəli, vəzifə bölgüsündə bir tərəfdən dinin ruhundakı "yüsr" (asanlıq) prinsipi əsas götürülərək hər kəsə imkanına uyğun vəzifə verilməli, digər tərəfdən də heç kəs incidilməməli, ruhdan salınmamalıdır. Bir az əvvəl ifadə etdiyim kimi o böyüklər senator məclisi kimi mütəmadi alqışlanan, sözü dinlənilən, geniş fikir, təcrübələrinə müraciət olunan bir baş tacı kimi görülməlidir. Yaşlıların gücü çatmadığı yerdə isə gənclər önə çıxmalı, onların xeyir-duaları ilə: "Burada fəaliyyət bizim çiynimizə düşər…" deməlidirlər. Beləliklə, bir tərəfdən ağsaqqalların fikri fəaliyyət və həyəcanından istifadə edilər, digər tərəfdən də gənclərin dinamizmi dəyərləndirilər. Bəli, gənclərin təcrübəsizliyinə baxıb onları ciddi qəbul etməmək, vəzifədən uzaqlaşdırmaq, vəzifə, iş məsuliyyəti daşımalarına mane olaraq bərkə-boşa düşüb inkişaf etmələrinə əngəl olmaq doğru olmadığı kimi, bəzilərini "qocaldı" deyib təqaüdə göndərmək və Allah yolunda xidmətdən məhrum etmək də doğru deyildir. Hər kəs bacardığı qədər xidmət etməli və sona qədər bu işə dəstək olmağa çalışmalıdır. Xidmət edən insanlar öz aralarında yaş və səviyyəyə görə vəzifə bölgüsü aparar və bu bölgüyə görə hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirərsə, səmərəli fəaliyyət gerçəkləşdirilər.
Xülasə, müsəlman vəfat edərkən işin başında vəfat etməlidir. Dərs deyən dərs verərkən, əli qələm tutan yazarkən, kitab təshih edən təshihlə məşğul olarkən, gəzib-dolaşma vəzifəsi olan səfərdə, hicrət edən qəhrəmanlar isə hicrət etdikləri yerlərdə vəfat etməlidirlər. Yəni kim haqqa xidmət uğrunda harada, hansı yoldadırsa, orada vəfat etməli və beləcə ölümünü zirvələrə ucaltmalıdır.
Xülasə
- İslamiyyətdə asas olan insanın işləyə bildiyi müddətdə işinə, peşəsinə davam etməsidir. O ki qaldı Allaha xidmət məsələsinə; bu işdə nə təqaüdə çıxmaqdan, nə də iş-gücü buraxıb bir kənara çəkilməkdən söz gedə bilməz.
- Əlimizdən gəldiyi qədər Allahın rizası istiqamətində çalışıb-vuruşmaq həm vəzifəmiz, həm də dinə qarşı borcumuzdur.
- Vəzifə bölgüsündə bir tərəfdən dinin ruhundakı "yüsr" (asanlıq) prinsipi əsas götürülərək hər kəsə imkanına uyğun vəzifə verilməli, digər tərəfdən də heç kəs incidilməməli, ruhdan salınmamalıdır.
Min cavana dəyən qocalıq
Allaha və axirətə inanan insanın qocalığa baxışı ilə inanmayan insanın baxışı bir-birindən çox fərqlidir. Bədiüzzaman Həzrətləri namazın əhəmiyyətindən, onun insan fəaliyyətinə verdiyi böyük şövq və ruh yüksəkliyindən bəhs etdiyi bir yerdə bağbanlıqla məşğul olan bir müsəlmanın yaşlandıqca: "İbadət etməklə birlikdə daha çox halal ruzi üçün işləyəcəyəm. Qəbrimə daha çox işıq, axirətimə daha çox azuqə göndərəcəyəm," düşüncəsi ilə o yaşda belə bağına-bağçasına qayğı göstərib işləməkdən uzaqlaşmaz. Bəli, o, savab dəftəri bağlanmasın deyə ömrün sonunda əzmlə, qətiyyətlə, ciddiyyətlə dərdlərə, qayğılara sinə gərər və son nəfəsinə qədər ətrafındakılara faydalı olmağa çalışar.
Digər tərəfdən yaşlı və xəstə insanlar ölümü daha çox düşünür, o biri dünya üçün daha diqqətli və daha təmkinli ömür sürməyə çalışırlar. Gənclər ölümü yaşlı insanın hiss etdiyi qədər duya bilməzlər. Məsələn, 60-70 yaşına gəlmiş bir mömin "hər yeni günüm son günüm" düşüncəsi ilə həmin günü dəyərləndirməyə çalışır. Onun təsbihatsız namazı olmaz, ehsan şüuru ilə hər an: "Allahım, həyatda çox xətam oldu. Ancaq kirpiklərimin ucunda ölümü hiss edir, qaşlarıma düşən dəndə ölümün şəfəqini görürəm. Ömrümün son anlarını yaşayıram, indiyə qədər etdiyim xətalardan uzaqlaşıb səmimi qəlbdən Sənə yönəlmək istəyirəm," deyə ömrünün son günlərini daha səmərəli keçirməyə çalışar.
Bəli, ölümün xəbərçisi və gicgah tellərindən başlayıb çənəyə doğru yayılan, bığlara çatıb nəhayətdə qaşlara sıçrayan o dənlər, o ağlar axirətə inanmayanlara heç nə andırmasa da, inanan insanlar üçün dərin mənalar daşıyır. Məsələn, inanan insan bəzən: "Ölüm haqdır," deyə ölümün açıq bir həqiqət olduğunu təsdiq edir. Bəzən də "Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır" ("Ənkəbut" surəsi, 29/57) ayəsini xatırlayır və "bu müvəqqəti dünyadan gedərəm" şüuru ilə hərəkət edir. Mömin bütün bu həqiqətləri görüb dəvəquşu kimi başını quma soxaraq özünü aldatmaq əvəzinə o biri dünya üçün hazırlıq görür və bu istiqamətdə daha çox qulluq və xidmət etməyə çalışır. Həzrəti Pir yaşlılığın bu çox xoş və çox səmərəli yönlərini bildiyinə görə "İhtiyarlar Risalesi"ndə: "O halda biz bu qocalığımızı yüz gəncliyə dəyişməməliyik" ifadəsini işlədir.
Mömin həqiqətlərə bilə-bilə görməzlikdən gələ bilməz; əksinə əcəl yaxınlaşdıqca yəqini daha da artar, daha da güclənər. Heç olmasa hislərlə yəqin üfüqünə çatmağa çalışar. Əcz və zəfini, fəqr və ehtiyacını dilə gətirərək Allah-Təalanın mərhəmətini cəlb ədər; təfəkkür və şəfqətlə Allaha yaxınlaşmaq üçün yollar axtarar. Bəli, yavaş yavaş sona doğru getdiyini, bir mənada vüsal dəhlizinə çatdığını hiss edən mömin "bu dəqiqə qapı açılacaq, bu dəqiqə üz-üzə gələcəyəm" düşüncəsində olar və bu şüurla daha təmkinli, daha tədbirli, daha diqqətli həyat yaşamağa çalışar. Bu cəhətdən başqaları üçün bir bəla və müsibət olan yaşlılıq mömin üçün namütənahi, sonsuz nemətdir.
Həftənin duası
Qəlblərimizi eşq-həyəcana salan, gözlərimizə işıq verən, bizi əbədiyyət ölkəsinə hazırlayan Peyğəmbərimizə, Onun pak ailəsinə, hər biri bir vəfa və sədaqət abidəsi olan dostlarına salət-salam edib Məhəmməd Lütfütək, "Kərəm qıl kəsmə Sultanım, kərəmin binəvalardan, Kərəmkanə yaraşarmı kərəm kəsmək gədalardan" deyərək Səndən yaradılış qayəsinin önündə boyun büküb əmrə müntəzir dayanan hislər və bizi heç vaxt tərk etməyən əfv və səhhət istəyirik. Dualarımızı qəbul buyur, Rəbbimiz!
Sözün cövhəri
Dünyada dayanmadan inkişaf gedir və bu inkişaf nəticəsində yeni sistemlər təşəkkül tapır və ya biz belə zənn edirik. Çünki insanlığa "yeni" deyə təqdim edilən şeylərin çoxu ümumiyyətlə köhnə şeylərdən ibarətdir. Dolayısilə bunlara "yeni"dən çox, eyni şeylərin təkrarı, ya da köhnənin fərqli versiyası, dəyişdirilmiş təqlidi demək, zənnimcə, daha doğru olar. Dünyada mütləq dəyişmə olacak, hər halda bu uzun fətrət dövründən sonra təkrar İslama, Qurana... sahib çıxma və onların həyat bəxş edən düsturları ilə bütün insanlığın təkrar dirilməsi şəklində olacaq.
- tarixində yaradılmışdır.