Tövbənin Ənginliyi
Bir hədisi-şərifdə "Günahdan üz döndərib tövbə edən onu heç işləməmiş kimidir" (İbn Mace, Zühd 30) buyurulur. Ancaq hər nə qədər tövbə və istiğfar qəhrəmanı o yara-paranı tövbə iksiri ilə silsə, təmizləsə də, yaradan iz qalmayacağı mövzusunda bir təminatımız yoxdur. Əlbəttə ki, Allah (c.c.) aşınmış mənəvi, ruhi və qəlbi həyatımızı təkrar ummadığımız şəkildə təzələyə bilər. Ancaq bu həmişə belə olacaq deyə mütləq bir təminatımız yoxdur.
İnsan bəzən bir şeyə güclü meyil göstərib günaha dala bilər. Məsələn, şəhvani duyğuların əsiri və ya ehtiras və həsədə məğlub olub qorxunc cinayətə səbəb ola bilər. Günahın böyüklüyü nisbətində tövbə və istiğfar da dərin, əngin və əhatəli olmalı, insanı için-için əritməlidir. Əgər tövbə bu səviyyədə deyilsə, günahı tamamilə silib aparması mümkün deyildir.
Allah Sevdiklərini Qoruyur
Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hədisin davamında: "Allah bir qulunu sevdiyi zaman, artıq ona günah zərər verməz" buyurur. Bu peyğəmbər bəyanından başa düşülür ki, Allahın bir qulu sevməsi həmin qulun günahlardan qorunması üçün çox əhəmiyyətlidir. Çünki Allah (c.c.) sevdiyi qulun qəlbinə günahın çirkinliyini bütün dəhşəti ilə duyurar və onda günaha qarşı diksinmə duyğusunu oyadar. Həmin qul hər necəsə günaha düşübsə, bu zaman da Allah-Təala onun qəlbində nədamət, peşmançılıq alovunu tutuşdurar və ona tövbəyə gedən yolları göstərər. Bəli, Allah-Təalanın sövqü, ilhamı, inayəti və riayəti ilə elə qeyri-adi hallar olur ki, siz günahın eşiyinə gəlib içinə düşməyə az qalmış bir əl sizi tutub geriyə çəkir. Və ya bir günah işləyirsiniz, ancaq iyirmi il boyu hər gün bu günahın iztirabını çəkirsiniz. Sanki, bütün sinir hüceyrələriniz bu günahı duyur, hər ağılınıza gələndə beyniniz qaynamağa başlayır. Arxasınca da: "Allahım! Səndən əfv diləyirəm, məni bağışla!", "Allahım! Günahlarımdan üz döndərib Sənə sığınıram!" kimi tövbə-istiğfarla Allaha yalvarıb-yaxarırsınız. Allah-Təala da bunların hər birini “Allaha qayıdış" kimi sizin savab dəftərinizə yazır.
Necə ki, övladını sevən ana uşağını əyni çirkli həyətə buraxaraq onu başqaların qarşısında alçaltmaz. Uşaq əlli dəfə də əynini kirlətsə, yenə də onu təmizləyər, əlini, üzünü, gözünü silib tərtəmiz edər və elə həyətə buraxar. Allahın insanlara bağlılığı, mərhəməti və sevgisi ana-ata ilə müqayisə belə oluna bilməz. Allah-Təala sevdiyi qullarının üzünə günaha gedən yolları bağlayar, dərəcəsinə görə, bəlkə, bəzilərinə heç günah işlətməz. Günaha düşmüş sevgili qulunu da eləcə buraxmaz. Qulun qəlbinə min bir iztirab salaraq o günahı quluna duydurar və bu qulunu tövbə ilə yenidən dirildər, hər bir tövbə ilə ona hər dəfə "basu-badəl-mövt" yaşadar.
Hədisi-şərifin sonunda Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) "Şübhəsiz Allah, çox tövbə edənləri və tövbə edib tərtəmiz olanları sevər," (“Bəqərə" surəsi, 2/222) ayəsini oxuyur. Bu ayeyi-şərifədə maddi-mənəvi kirlərdən təmizlənmənin Allahın sevgisinə məzhər olmaq üçün vacib bir səbəb olması ifadə edilmişdir. "Çoxlu və dərindən tövbə edənlər" mənasına gələn "təvvabin" sözü cəm şəkilçisi ilə işləndiyinə görə mübaliğə ifadə edir. Yəni bu, onlar tövbə mövzusunda çox ciddi əzm və cəhd göstərir, gördüyü işi bütün varlığı ilə hiss edir, bunun həyəcanını çəkir və “göz yaşları ilə edir, bir dəfə deyil, hər səhv iş görəndə, günahları hər ağılına gələndə tövbə çeşməsinə tələsir, yuyunub təmizlənir," deməkdir.
Ümidsizliyə Səbəb Olmamalı
Günahların çirkinliyini göstərib insanları tövbəyə təşviq edərkən onları ümidsizliyə salmamaq üçün inzarla təbşir (nəticənin yaxşı olmayacağını bildirərək xəbərdarlıq etmək və müjdələmək), tərhiblə tərğib (çox qorxutmaq və təşviq və ümidləndirmək), məhabətlə məhəbbət (qorxu və sevgi) bir olmalıdır. Bir tərəfdən insanların ümidsizliyə düşməsinə meydan verilməməli, digər tərəfdən də onların günahları bəsit görmələrinə fürsət verilməməlidir. Xüsusilə, haram-halala diqqət edilmədiyi, günahlardan uzaq durulmadığı, sadiq bir mömin kimi həyat sürmənin çətinləşdiyi belə bir dövrdə günahların bütün çirkinliyi ortaya qoyulmalı; günahların bəzi lətifələri (incə, zərif ruhi istedad və qabiliyyətləri) öldürdüyünü nəzərə verərək bu mövzuda həssaslıq göstərilməlidir. Çünki bu lətifələr içində elələri var ki, axirətdə Allah-Təalanı əzəmətinə, şanına uyğun şəkildə duyub hiss etməyimizi təmin edəcək. Bu səbəblə "qısa və fani dünyada müvəqqəti və bəsit zövq və ləzzət üçün əbədi həyata namizəd bu çox qiymətli dəyərləri günahlarla öldürmək məntiqə uyğun deyil?" deyib insanları bu mövzuda düşünməyə dəvət etməliyik. Çünki dəfələrlə diqqətə çatdırmağa çalışdığımız kimi, hər nə qədər bəzi əsas lətifələri tövbə, inabə və övbə ilə canlandırmaq mümkün olsa da, bəzi vacib lətifələr günahlarla ölsə, bir daha dirilməyəcəyini də xatırlatmaq lazımdır. Üstəlik müəyyən səviyyəyə çatmış insanlar bilə-bilə bu cür günahlara girirsə, bu daha dəhşətli bir haldır.
Bu mövzuda insanlarda haram-halala qarşı həssaslıq duyğusunu oyatmaq çox vacibdir. Belə ki, insan vəqf xalçasına ayağını basanda belə buna haqqı olub-olmadığını, Allahın onu hesaba çəkib-çəkməyəcəyini düşünməlidir. Bunun üçün də səhv və günahların insanı nələrdən məhrum qoyduğunu yaxşı-yaxşı izah etmək lazımdır. Əgər bu mövzuda lazımi həssaslıq göstərilməsə, Allahdan gələn xüsusi varidat və mövhibənin (xeyir və bərəkət) kəsiləcəyi də xüsusilə dilə gətirilməlidir.
Xülasə
- İşlədiyi günaha tövbə edən o günahı heç işləməmiş kimidir. Ancaq tövbə edilən günahın bəzi qalıqlarının qalma ehtimalı var.
- Günahın böyüklüyü qədər tövbə də dərin və səmimi olmalıdır ki, həmin günahı silib təmizləsin.
- Günahların çirkinliyini göstərib insanları tövbəyə dəvət edərkən bir tərəfdən insanları ümidsizliyə salmamalı, digər tərəfdən də günahlara laqeyd qalmalarına imkan verilməməlidir.
Günahlarını Heç Vaxt Unutma!
Əgər insan bu cür axınlara qapılıb, bu günah çuxurlarından birinə düşübsə, vaxt itirmədən tövbə ilə özünü yeniləməli və işlədiyi günahın xəcalətini ömür boyu vicdanında duyub hiss etməlidir. Çünki həqiqi mömin günahlarını unutmayan insandır. Belə ki, o, işlədiyi günaha tövbə etmiş və Allah (c.c.) da onun tövbəsini qəbul edib bu günahını çoxdan silmiş ola bilər. Hətta tövbəsi elə səviyyədə ola bilər ki, işlənən günahın, bəlkə, əlli qatını da silib təmizləyər. Lakin kamil mömin işlədiyi günahdan əlli-altmış il keçsə də, o günah hər yadına düşəndə, sanki, dünən bu işi görmüş kimi, ürəyinə xəncəl sancılmış kimi iztirab duymalı və "Ya Rəbbim! Sən varkən, Sənə inanarkən, Sənin əmrlərin günəşdən daha parlaq ikən axı necə oldu bu xətaya düşdüm" mülahizəsi ilə daim nəfsini sorğu-suala çəkməlidir.
Bu cür mülahizə, bu cür yanaşma tərzi həmin xətanı silib təmizləyəcəyi kimi, bundan əlavə insana bir savab da qazandıra bilər. Siz buna iztirab savabı, yeni bir təvəccöh savabı, keçmişdəki bir günaha yeni bir tövbə savabı və ya köhnə bir asiliyə bir inabə və ya övbə (tövbənin dərəcələri) savabı kimi baxa bilərsiniz. Beləliklə, deyə bilərik ki, möminin keçmişdə işlədiyi günahdan peşmançılıq və iztirab duyması, onun əməl dəftərindəki kirli səhifələrin savabla təmizlənib paklanması deməkdir.
İkincisi, işlənən günahı unutmama, hər xatırlayanda iztirab və kədər duyma növbəti səhvlərə mane olur. Məsələn, bir nəfər "Rəbbimlə münasibət baxımından bu iş doğru deyildi. Bu mənim mövqeyimdə olan bir insan üçün Allaha açıq-aşkar hörmətsizlikdir. Mən bu hörmətsizliyi heç vaxt unuda bilmərəm. Ömür boyu bunu xatırlayacağam" anlayış və mülahizəsinə maliksə, o, buna bənzər bir günah çuxuru ilə üz-üzə gələndə: "Hələ dünən bu həyasızlıqdan nifrət etdiyim halda, hədisin ifadəsilə, onu alova girmə kimi çirkin gördüyüm halda, hal-hazırda az da olsa günaha olan bu meylim hansı şəri məntiqlə, hansı Qurani əqillə izah oluna bilər" şəklində düşünəcək. Bəli, işlədiyi günahın iztirabını qəlbində dərindən hiss edən bir insanın təkrar eyni günahı etmə ehtimalı olduqca azdır.
Bu anlayışa malik bir insanın savaba baxışı isə bu şəkildədir: Onun dağlar qədər savabı olsa, məsələn, İstanbulun fəthindən on qatı daha böyük fəthə və inkişafa vəsilə olsa, yenə də "Mən etdim deyə, istənilən səviyyə əldə olunmadı. Əgər mənim əvəzimə bir başqası olsa idi, daha böyük işlər görərdi". O, məsələyə bu cür yanaşar və daima “mənim bəzi nöqsanlarım gördüyüm xeyir işlərə qarışa bilər" mülahizəsilə hərəkət edər.
Sözün cövhəri
Zehinlərin olduqca dağınıq olduğu və faydasız məşğuliyyətlərin çoxaldığı belə bir dövrdə vaxtı dəyərləndirmək məsələsi daha böyük əhəmiyyət daşıyır. Bir hədisi-şərifdə də ifadə edildiyi kimi, çox insanın aldandığı iki şeydən biri vaxtı boşa keçirməkdir. Vaxtını səmərəli keçirməyi düşünən əvvəlcə imkanlarını, görmək istədiyi işi və qabiliyyətlərini düzgün təsbit edib bunun əsasında bir plan tərtib etməlidir ki, işlərində uğur qazana bilsin. Əksinə eyni anda bir çox işi birdən görmək istəyən adam çox vaxt yarı yolda qalar.
Həftənin duası
Ya Rəbbim, günahlara bulaşdıq! Sən bizə fövtə verdiyimiz fürsətləri təkrar qazanmaq üçün kamil tövbə nəsib et.. sevmədiyin, xoş qarşılamadığın şeylərə meyli qəlbimizdən silib at.. bu mücrim qullarını hər günahı əridən məğfirət havuzuna çək. Peyğəmbərimiz Həzrəti Məhəmmədə, ailəsinə və bütün əshabına salət və salam edərək bunları Səndən diləyirik...
- tarixində yaradılmışdır.