Məsləyimiz insanlığa xidmətdir

İnsanın öz-özünü tanıması ən çətin məsələlərdən biridir. Deyirlər ki, Sokratın məktəbinin qapısına "Özünü tanı" cümləsi yazılıbmış. Bütün təsəvvüf məktəblərində "Nəfsini bilən Rəbbini bilər" sözü çox məşhurdur. Bu səbəbdən biz şəxsən mükəlləfiyyət daşıdığımız məsələlərdə öhdəmizə düşən vəzifələri Peyğəmbərimizin (s.ə.s.) göstərdiyi istiqamətdə bilməyə, öyrənməyə çalışmalıyıq.

Biz “əmri bil-məruf nəhyi anil-münkər”i[1] yerinə yetirməklə mükəlləfik. Hər kəs səviyyəsinə görə irşad və təbliğ fəaliyyəti ilə məşğul ola bilər, elmi və mədəni səviyyəsinə uyğun haqq və həqiqətləri izah edə bilər. Hər kəs müəyyən bir mühitdə təsirli ola bilər və səviyyəsinə görə bir halqa meydana gətirə bilər. Bunun olmaması mümkünsüzdür. Madam ki Cənabi-Haqq, bu xüsusları hər birimizə mükəlləfiyyət olaraq buyurub, deməli, bu öhdəsindən gələ biləcəyimiz bir məsələdir.

Cənabi-Haqq, "(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!" (“Ali-İmran” surəsi, 3/104) buyurur. Demək ki, hər birimiz belə bir camaatın fərdi, üzvü olmalıyıq. Əks halda Allahın təklifi insanlara öhdəsindən gələ bilməyəcəkləri bir yük olardı. Elə isə biz “Yaxşı bəs biz bu vəzifəni necə yerinə yetirməliyik?” sualına cavab axtarmalıyıq. Əvvəla, Fəxri-Kainat Peyğəmbərimiz Məkkə və Mədinə dövründə bu işi necə edibsə, biz də elə etməliyik.

Fəxri-Kainat Peyğəmbərimiz hər bir məsələdə bizim üçün yol göstərən rəhbərdir. Camaat azadlığa qovuşanda sevinir, biz isə Rəsuli-Əkrəmə ümmət olduğumuz üçün məsud və bəxtiyarıq. Buna görə də Peyğəmbərimizdən bizə rəhmət yeli ilə gələn yağışlar kimi  fərmanlar gəlir. Bu fərmanlarla özümüzü nizam-intizama (sahmana, qaydaya) sala bilərik. Ağlımızın gücü çatmasa belə, məsələlərimizi əqli-küll olan Həqiqəti-Əhmədiyyənin (əleyhissalatu vəssəlam) əbədi ziyasında həll edə bilərik.

Bu məsələnin digər tərəfinə gəlincə, Allah, əsrimizə belə irşad və təbliği əsas götürən bəzi mürşidlər lütf etmişdir. Bu mürşidlər hər yanda kurslar və məktəblər açaraq xalqın dininə və müqəddəslərinə bağlı həyəcan abidələri ilə millətin mənəviyyat və ürfanına xidmət edirlər. Elə isə ağlının gücü hər şeyə çatmayan insanlar da onlara qulaq verməli və öhdəsinə mütləq bir vəzifə götürməlidir. Bu dirayətli şəxslər də insanları onların qabiliyyət və istedadına uyğun istehdam etməlidir (bir iş tapşırmalıdır). Bu, həmin böyüklərə aid işdir. Qalanı Cənabi-Haqqın sövq və istehdam etməsindən asılıdır.

Quran camaatındanam!

Məncə, bu mövzunu çətinləşdirməyə ehtiyac yoxdur. Harada olursaq olaq, hər birimizin öhdəsinə düşən ən mühüm vəzifə irşad və təbliğdir. Həyatın qayəsi, fitrətin bəhrəsi bu olmalıdır. Cırcırama kimi nə qədər dünya ağacındayıq, bağrımız çatlayana qədər Rəbbimizə bülbül olmağı və daim Onu tərənnüm etməyi vəzifə seçməliyik. Qulluğa xas olan bunu yerinə yetirib nəticəsinə qarışmamaqdır. Məsələn, Yaradanı bir insana tanıtmaq əzmində olan bir şəxs az-çox yolunu tapan insanlarla məşğul olmamalı, tərəddüdlü, çaşqın və bir mənada palçığı müşkü-ənbər deyib üz-gözünə çəkən insanlara əl uzadaraq onlara işıq göstərməlidir. Həmçinin siyasi – qeyri-siyasi bir qrupa mənsubiyyət çərçivəsində hərəkət etməməli, Həqiqəti-Əhmədiyyənin (əleyhissalatu vəssəlam) qüdsi halqasının bir parçası olaraq  yalnız "Haqq"ı bilməli, yalnız “Haqq”ı danışmalıdır. Ondan "Sən kimsən?" deyə soruşulanda da belə cavab verməlidir: "Mən Hz.Məhəmməd ümmətindənəm. Hz. Xəlilurrəhmanın millətindənəm. Allahın qullarındanam. Quran camaatındanam. Mahiyyət olaraq heç bir qiymətim, rəngim və şəklim yoxdur. Mən yalnız bir rəşhayam (damalayam), ancaq Ondan gələn şüalarla bir mahiyyət kəsb edirəm. Sonra da buxarlanıb insanlıq səmasına yüksəlir və oradan da qətrə-qətrə aşağı axmağa çalışıram. Mən məhz buyam və bu halımla xidmət etməyə çalışıram".

Xülasə, hər bir insan öz yerini düzgün müəyyənləşdirməyə bilər. Buna görə də o, bu işi yaxşı bilən rəhbərlərə, müxtəlif məqamlarda və qovşaqlarda dayanıb "xidmət budur" deyənlərə qulaq asmalı və deyilənlər səhabənin xidmət anlayışına uyğun gəlirsə, o yolda verilən vəzifəni yerinə yetirməyə çalışmalıdır. Çox elə böyük vəzifə axtarmağa ehtiyac yoxdur. Yetər ki, hər kəs öz vəzifəsini yerinə yetirsin. Vəzifə yerinə yetirilərkən də bəzi mənfi fikirlərlə münaqişəyə və çəkişmələrə girilməyəcək və girilməməlidir də. Çünki bizim nə başqa fikrimiz, nə də gizli əməlimiz var. Biz, xalqı şübhələndirəcək düşüncə, niyyət və davranışdan mübərra və münəzzəhik. Rəbbi-Kərimimizə könül verdik və Onun rizasından başqa heç nə düşünmürük. O, bizim üçün bir səhnə hazırlayıb işığını, dekorasiyasını və aktyor geyimini seçdi. Sonra bizi – qullarını səhnəyə çıxardı, "bu səhnəni oynayın" buyurdu. Nə vaxt “Dayan” deyəcəyini bilmirik. Bizim borcumuz verilən rolu yaxşı ifa etmək və pərdə enəndə səhnədən çıxmaqdır. Bütün səmimiyyətimizlə Onu gözləyirik. Şəxsən mən bu ağır yükün çiynimdən nə vaxt götürüləcəyini və tərxis olunacağımı bir əsgərdən daha iştiyaqla gözləyirəm. Çünki burada verilən rolu layiqincə ifa edə bilməyib səhnədən xəcalətlə düşmək ehtimalı da var. Biz qul aktyoruq. Bütün iplər, hər şeyin açarı Onun əlindədir. Yerin və göyün xəzinələri Onun dərgahındadır və O, hər şeyə sahib malikül-mülkdür. Biz isə qəssalın əlində meyit kimi Ona tabeyik. Rəbbim bizi bu duyğu və düşüncə ilə ucaltsın.

Xülasə

  • İnsanlığa xidmət və bu çərçivədə irşad və təbliğ hər bir Müsəlmanın vəzifəsidir.
  • Hər adam tək başına istənilən səviyyədə xidmət etməyə bilər, buna görə də "xidmət budur" deyənləri dinləyib verilən vəzifəni yerinə yetirməyə çalışmalıdır.
  • Xidmət edən insanlar xidməti sırf Allah rizası üçün etməli və heç bir təmənna ummamalıdır.

İrşadda əsas xüsus

Bir adam nəsihətlərinizə etiraz edirsə, israr etməmək, mümkün olarsa, başqa yollar axtarmaq lazımdır. Məsələn, deyək ki, mənim mürtəd və mülhid deyil, amma namazı yaxınına qoymayan, güman ki, namaz təklifi məndən gəldiyi üçün soyuq yanaşan bir qardaşım var. Yeri gəlmişkən deyim ki, çox az adamda kiçiyin təklifini qəbul etmə fəziləti  var. Bu fəziləti hər kəsdən gözləmək də doğru deyil. Ona görə də Allah (c.c.) Peyğəmbərimizə ata-anasını müxatəb etməmiş, onları Hənif inancı ilə dünyadan aparmış və o biri dünyada da, inşallah, cənnətə qoyacaq. Bəli, Haqq Təala Peyğəmbərimizin ana və atasını Ona ümmət olma məsələsi ilə üz-üzə qoymamışdır. Çünki bu məsələdə övladın təklifini valideynlərin rədd etmə ehtimalı var. Çünki İki Cahan Günəşi ilə eyni diyarda nəşət edən və həyatının böyük hissəsini orada keçirən alovun atası Əbu Ləhəb alova atalıqdan əl çəkməmiş və bu ilahi məşəldən yararlana bilməmişdi. Mərdliyinə baxmayaraq Əbu Talibə də bu ilahi mənbədən, bu səmavi hovuzdan istifadə etmək nəsib olmamışdır. Çünki öz yetiminin dininə girmə əhval-ruhiyyəsi ona pərdə olmuşdur. Ancaq Peyğəmbərimizin əmilərindən, məsələn Hz. Abbas, Hz. Haris və Hz. Həmzə müsəlmanlığı qəbul etmişdilər. Bu insanlar Peyğəmbərimizlə, demək olar ki, həmyaşıd idilər. Buna görə də kiçiyin təklifinin rədd edilməsinə bir az da təbii yanaşmaq lazımdır.

Bir qardaşıma namaz qılmağı nəsihət verəndə mənə etiraz edirsə, bu zaman mən onun namazlı, niyazlı yoldaşlarımla münasibət qurmasını təmin etməliyəm. Məsələn, təsəvvür edin ki, mənim imana və Qurana xidmət yolunda bir dəstə dostum var. Müəyyən vaxtlarda onlarla bir yerdə toplaşıb fikir mübadiləsi aparırıq. Bu zaman namaz qılmayan yoldaşımın –üstəlik məndən yaşca böyüksə – həmişə ikinci planda qalması, mənə səmimi qardaşlıq hissi ilə bağlı olsa da, mən hörmət-izzət görə-görə onun qapı eşiyində qalması mənə etiraz etməsinə zəmin hazırlaya bilər. Bu, insan psixologiyasıdır. Onu belə bir durumla qarşı-qarşıya qoymamaq üçün öz dost dairəmə deməliyəm ki, bundan sonra mən lazım olanda məni yox, dostum Əliyə zəng edin. Bir köməyə ehtiyacınız olsa, onun yanına gedin. Zəng edəndə onunla da maraqlanın. "Sizə çay içməyə gələk, ya da biz filan yerdəyik. Sən də gəl" deyin və buna bənzər alternativ yollara baş vurun.

Xülasə, insanları incitməməli, Haqqın xətrini ali tutmalıyıq. Həmin yoldaşa namazı ən yaxşı hansı davranış, və ya kim daha yaxşı izah edəcəksə, ona imkan verməli və sui-zənn edib məsələni çıxılmaz vəziyyətə salmamalıyıq.

Sözün cövhəri

Əgər bir camaat Allah Təalanın rizası istiqamətində hərəkət edirsə, gördüyü işlərdə istər müvəffəqiyyət qazansın, istər qazanmasın, Haqqın rizasını qazanmışdır. Dinə xidmət uğrunda atılan hər bir addımı eyni şəkildə dəyərləndirmək mümkündür. Həmçinin fərqli-fərqli insanların eyni duyğu və düşüncə ətrafında birləşib xidmət etməsi ilahi inayətin bir təzahürüdür. Digər tərəfdən də birlik və bərabərlik inayətə vəsilə olan mühüm vəsilədir.

Həftənin duası

Ey rəhmət dalğaları ilə kainatı bürüyən və ey məğfirətinin həddi-hüdudu olmayan Rəbbimiz! Könüllərimizi və bütün qullarının qəlblərini imana, İslama və Qurana yönəlt... Bizi qəlbi bizə qarşı düşmənçilik hissi ilə dolu olanlardan qoru, bizə kömək ol və bizi sevdiyin, xoşnud olduğun əməllər işləməyə müvəffəq et... Peyğəmbərimiz Həzrəti Məhəmmədə, ailə üzvlərinə və bütün əshaba səlatu-salam olsun. Ya Rəbbim, dualarımızı qəbul et!..


[1] Allahın razı olduğu şeylərə təşviq edib, razı olmadığı şeylərdən çəkindirmək

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.