Möminin şikayətə haqqı yoxdur!

İmtahan dünyasında yaşayan insan hər zaman bir bəlaya, fəlakətə və dərdə düçar ola bilər. Bəzən digər insanlar və dünyəvi hadisələr yol verməzlər ona, bəzən də müxtəlif müsibətlər dözülməz şəkildə cərəyan edə bilər.

Bununla yanaşı, həqiqi bir mömin görüb eşitdiyi bütün mənfiliklər qarşısında nə sarsılar, nə səndələyər, nə də tərəddüdə düşər. Hər hadisəni Ali iradənin bir işi olaraq qəbul edərək, başına gələnləri imtahan sayar, imtahanları təvəkkül və təslimiyyətlə qarşılayar, yolunu kəsənlərə insanlıq dərsi verər, hər hərəkət və davranışını digər aləmdən gələn əmrlərə tabe olma incəliyi ilə qiymətləndirər və səbri-cəmillə Haqqın rizasına nail olma hədəfinə doğru irəliləyər.

Müsibətlərlə imtahan

Müsibət qarşısında əsas olan onun (müsibətin) Haqq Təalanın əmrinə tabe olmuş bir varlıq olduğunu düşünmək və şikayət mənalı sözlərdən uzaq durmaqdır. Xüsusilə də, müsibətin gəldiyi ilk anlarda sızıltıların şikayətə dönməməsi üçün sükutu seçmək lazımdır. Rəsuli-Əkrəmin (s.ə.s.) "Möminin sükutu təfəkkür, baxışı ibrət və danışığı da hikmət olmalıdır" bəyanı istiqamətində inanan bir insan əşya və hadisələri ibrət nəzəri ilə süzməli, söz demədən əvvəl təfəkkür etməli və dilə gəldiyi zaman da həmişə ağzından hikmət incilərini ərməğan etməlidir. Əslində, hikmət təfəkkürün qoynunda inkişaf edir, təfəkkür də sükut yuvasında kamilləşir. Başqa sözlə, bir bəla və müsibət gələndə iradi olaraq susmaq, hadisənin çöhrəsindəki qədər yazılarını oxumağa çalışmaq, düşünmək, ondan mənalar çıxarmaq, sonra qulluq ədəbinə uyğun şəkildə söz demək və səbirli olmaq lazımdır.

Hər insan hər an müxtəlif müsibətlərlə üz-üzədir. Xüsusilə, iman dairəsində iç-içə iztirab və batman-batman məhrumiyyətlər gizlidir. Müsibətin birindən xilas olarkən, belini qıracaq ikinci bir müsibət həmişə möminin başının üstündə hazırdır. Çünki insanların əbədi nemətlərdən nəsibləri Haqq yolunda çəkdikləri məşəqqət və əziyyət nisbətində olacaq, axirətdəki mükafatın böyüklüyü nisbətində burada bəzi çətinliklərin olması adi hadisədir. "Bəlanın ən şiddətlisi Peyğəmbərlərə, sonra vəlilərə və dərəcəsinə görə digər möminlərə gəlir" hədisi-şərifi də bu həqiqəti xatırladır.

Əslində, Allah-Təala hər bəla və müsibəti nəticə etibarilə mömin qulları üçün rəhmətinə vəsilə və mənəvi təmizlik vasitəsi etmişdir. İnsan gərək zahirən çirkin üzlü hadisələrlə qarşılaşarkən qədərə üsyan etməsin və Haqq Təaladan şikayətçi olmasın. Necə ki, Qurani-Kərimdə, "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!" deyirlər." (Bəqərə, 2/155-156) buyurulur. Xüsusilə, bəlaya məruz qaldığımız vaxtlarda bütün varlığı yaradan Xaliqi-Kövnü-Məkanın öz mülkündə dilədiyini edə biləcəyini düşünmək və "Biz Allaha aidik" deyərək malı, canı və hər şeyi Allaha təslim etmək müsibətlərin öhdəsindən gəlmək üçün böyük bir güc mənbəyinə söykənmək deməkdir. Beləliklə də, müsibətdən sonrakı sükut və təfəkkür mərhələsini Allaha sığınma və Ona ərzi-hal izləməlidir.

Müsibətlər qarşısında Peyğəmbər ədəbi

Peyğəmbərlərin başlarına da bir çox müsibət gəlmişdir, lakin onların hər biri bəlalar qarşısında özlərinə yaraşan hal və tövrləri nümayiş etdirmişlər; Allaha yönələrkən, həmişə ədəbli və son dərəcə hörmətli davranmışlar. Məsələn, Həzrəti Adəm (ə.s.) yer üzünə, möhnət yurduna göndərilməsinə səbəb olan o dəhşətli ilahi qədər və qəza qarşısında: "(Adəm və Həvva) "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!" (Əraf, 7/23) sızlanışı ilə öz nəfsindən şikayət etmişdir. Həzrəti Eyyub (ə.s.) məruz qaldığı müsibətlər qarşısında "Əminamanlıq ver və məni bu çətinliklərdən qurtar," deməyi belə peyğəmbər ədəbinə layiq saymamış; "Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!" (Ənbiya, 21/83) mahiyyətindəki dua ilə kifayətlənmişdir. Həzrəti İbrahim (ə.s.) xəstəliyi verənin kim olduğunu bildiyi halda pis işlərin Zati-Üluhiyyətə istinad edilməsindən çəkinmək mülahizəsilə: "Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir." (Şüəra, 26/80) deyərək bilavasitə Həzrəti Şafinin (Allahın adlarından biri) şəfa bəxş etməsinə diqqət yönəltmişdir. Həzrəti Musa (ə.s.) ac-susuz bir kölgəliyə sığınanda: "Yedir, içir, qarınımı doyur!" deməkdən həya etmiş, yalnız: "Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!" (Qasas, 28/24) deyə ərzi-halını dilə gətirmişdir.

Əslində heç kimin, heç bir halından şikayət etməyə haqqı yoxdur. Çünki şikayət bir yöndən, haqq iddia etmək və o haqqın əldən alındığını irəli sürmək deməkdir. Halbuki, heç kimin Haqq Təaladan bir alacağı ola bilməz. Əksinə, hər insanın üzərində Allahın bir çox haqqı mövcuddur ki, hələ onların şükrü edilməmişdir. Elə isə, bir insanın özü Mövlayi-Mütəalın hüququna riayət edə bilmədiyi halda halından şikayətçi olması və beləcə haqsız olaraq haqq iddia etməsi çox səhvdir və Allaha qarşı hörmətsizlikdir. Bəli, Uca Yaradan yeganə mülk sahibidir, O mülkündə istədiyi işi görə bilər. Şikayətlərin əksəri nankorluqdan və qənaətsizlikdən qaynaqlanar. Şükür neməti artırdığı kimi, şikayət də müsibəti böyüdür. İnsan şikayət edəcəksə, nəfsindən Haqq Təalaya şikayət etməlidir, çünki qüsur ondadır.

Xülasə

  • Allah-Təala hər bəla və müsibəti nəticə etibarilə mömin qulları üçün rəhmətinə vəsilə və mənəvi təmizlik vasitəsi etmişdir. Yetər ki, insan taleyinə daş atmasın.
  • Heç kimin, heç bir halindan şikayət etməyə haqqı yoxdur. Çünki Haqq Təaladan bir alacağımız olmadığı kimi, əksinə hər şeydə Ona borcluyuq.
  • İnsan, illa şekvâ edecekse, nefsini Cenâb-ı Hakk'a şikâyet etmelidir. Şükür neməti artırdığı kimi, şikayət də müsibəti böyüdür. İnsan şikayət edəcəksə, nəfsindən Cənabi-Haqqa şikayət etməlidir.

Rəsuli-əkrəm Peyğəmbərimizin ərzi-halı

İnsanlığın İftixarı (s.ə.s.), xüsusilə, Məkkə dövründə çox böyük müsibətlərlə üzləşmişdir; qövmü tərəfindən inkar edilmiş, işgəncələrə məruz qoyulmuş, ölümlə hədələnmiş və hətta Ona sui-qəsdlər edilmişdir.

Digər tərəfdən, O, ailəsinin seçilmiş üzvlərinin və Əshabi-Kiramın əsarətdən işgəncəyə, xəstəlikdən ölümə qədər bir çox imtahanına şahid olmuşdur. Lakin Rəhbəri-Əkməl Peyğəmbərimiz (s.ə.s.) heç vaxt qədəri tənqid mənasına gələn şikayət etməmişdir, əksinə çox incidildiyi anlarda Uca Mövlaya halını ərz edərək Onun rəhmətinə sığınmışdır.

Ümidlə getdiyi Taifdən daşlanaraq qovulunca Onun (s.ə.s.) bu çirkin atmosferdən uzaqlaşıb bir ağacın altına oturan kimi bədənindən axan qana, yarılan başına və yaralanan ayaqlarına məhəl qoymadan Haqq Təalaya əl açaraq, söylədiyi sözlər həm çox qəmli, həm də qulluq ədəbi adına çox ibrətamizdir: "Allahım, gücsüzlüyüm, zəifliyim və insanlar nəzərində dəyərsiz görülməyimdən Sənə şikayət edirəm. Ya Ərhamərrahimin! Sən xor baxılan və dəyərsiz görülən biçarələrin Rəbbisən; mənim də Rəbbimsən.. məni kimə buraxırsan?!. Pis sözlü, pis üzlü uzaq kəslərəmi, yoxsa işimə müdaxilə edən düşmənəmi? Əgər mənə qarşı qəzəbin yoxsa, Sən məndən razısansa, çəkdiyim bəla və möhnətlərə dözərəm. Üzərimə çökən bu müsibət və əziyyət əgər Sənin qəzəbindən irəli gəlmirsə, buna könüldən, sevə-sevə dözərəm. Ancaq sağlıq bəxş etməyin fəza qədər fərəhli və daha genişdir. İlahi, qəzəbinə, yaxud narazılığına düçar olmaqdan Sənin o zülmətləri par-par parladan dünya və axirət işlərinin əminamanlığının vəsiləsi Nuri-Vəchinə sığınıram; Sən razı olana qədər əfvinin intizarındayam! İlahi, bütün güc və qüvvət yalnız Səndədir."

Biz Nəbilər Sərvərinin (s.ə.s.) özünü sorğuya çəkərkən dilə gətirdiyi bu ifadələri əsla lazımı mənası ilə izah edə bilmərik. Bir mənada, Onun özü barədəki sözlərini zikr edərkən belə ədəbsizlik etmiş sayılarıq. Lakin Onun təvazökarlıq və qulluq ədəbinə riayət kimi xüsusiyyətlərini hesaba alaraq məsələyə baxanda nəfsini yerlərə vurduğunu, məsələni -haşa- öz qeyri-kafiliyinə bağladığını və Cənabi-Haqqın yardımına, vəkalətinə, mühafizəsinə sığındığını görərik. Belə ki, Rəsuli- Əkrəm Əfəndimizin (s.ə.s.) bu sözlərindən ibrət almaq istəyən öz adına bu mənaları çıxara bilər: "Rəbbimizin, hal-hazırda bizə verdiyi missiyanı layiqincə yerinə yetirmirik. Zəifik, gücsüzük və xalq nəzərində də dəyərsizik. Söz və davranışlarımız əsassız, hər etdiyimiz səhvdir-sanki bir xətalar heykəliyik. Əgər, Sən bizə inayət etməsən, şərin elə özüyük. Halımızı Sənə şikayət edir və bizi islah etməni diləyirik. İslah et bizi, Rəbbimiz!.."

Həftənin duası

Aləmdəki hər bir varlığı üluhiyyət və rübubiyyətinə aləm (dəlil) edib qullarının yürüdüyü yollara işarətçilər qoyan Aləmlərin Rəbbi Allaha hədsiz şükürlər, sonsuz həmd-sənalar, kainatın hörmətinə yaradıldığı hidayət rəhbəri Peyğəmbərimizə, ailəsinə, əshabına salatü-salam edir və bir daha əllərimizi açırıq: Ey Rəbbimiz! Səndən imanı-kamil (kamil iman), yəqini-tam (kamil yəqin), ixlası-ətəmm (tam ixlas), tövbeyi-nəsuh (xalis tövbə), bütün günahların əvfi, vüsal yollarını açan bir mərifət üfüqü və zahir-batin duyğularımızı işiqlandıran bir nur diləyirik. Amin…

Sözün cövhəri

Hədəfdəki üfüq varlığın ən kiçik parçasında bütün varlığı hiss etmək, həmin varlığın daşıdığı mənanı qavrayıb ondan mərifət üsarəsi əldə etməkdir. Bundan ötrü insan ilk öncə vicdandakı hər şeyi mərifətə çevirən mexanizmi hərəkətə gətirməlidir. Ondan sonra kainat nə qədər geniş, nə qədər dərin olsa sa, o möhtəşəm kəsrətdə belə insan ilahi təcəllilərə vaqif ola və öz mərifət pətəyini onun üstündə qura bilər; qura bilər və istər mərifət naminə, istərsə də Haqq Təalanın əsma, sifət və zatını görmə naminə bütün cahanlarda görə biləcəyi həqiqətləri bir damlada görə bilər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.