Nifaq əndişəsi mömini titrətməlidir

Quran müxlis möminlərin əksi sayılan münafiqləri belə təsvir edir:

"Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!" ("Tövbə" surəsi, 9/67).

Gördüyümüz kimi, ayə münafiqlər haqqında "dost" təbirini işlətmir, yalnız "bir-birinin eynidirlər" buyurur. Çünki münafiqlər heç kimlə dost olmazlar. Onları birləşdirən yalnız mənfəətdir. Mənafeyinə zərrə qədər zərər dəysə, dərhal məsləkdaşları arasında çarpışma başlar. Buna görə ayə çox vəciz və möcüzəvi ifadə ilə onların xüsusiyyətlərini təsvir edir, onların xəbis xislətini ortaya qoyur.

Onların başqa bir ortaq xüsusiyyəti isə "Onlar (insanlara) pis işlər görməyi əmr edər"dir. Müstəhcən yayınlarla, kino və televiziya vasitəsilə gəncləri hipnozlayaraq sürəkli şər əməlləri, fikirləri təlqin edirlər; insanlar da bu əmrlərə boyun əyirlər. Çünki təbliğat vasitələri insanları təsir altına salacaq qədər güclü və qüvvətlidir. Başı gicəllənmiş, baxışları bulanmış kütlələr münafiqlərin əvəzolunmaz aləti və istismar vasitələridir. İstismar güclərini qoruyub saxlamaq üçün hər güzəştə getməyə və bəşəriyyətə qarşı hər bir pisliyi etməyə müntəzirdirlər. Çünki onlar münafiqlərdir və dünyanın harasında olur-olsun bu bariz xüsusiyyətlərilə dərhal tanınırlar.

Onların ikinci ortaq xüsusiyyəti "yaxşı işləri qadağan edərlər"dir. Cəmiyyətə psixoloji təzyiq edərək fəzilətli ömür sürmək istəyən hər kəsi "mürtəce"liklə ləkələyirlər. Namaz qılan, oruc tutan onların gözündə mürtəce, qadınların onlardan fərqli geyim-keçimi, baş örtüsü elə bil ən qorxunc irtica və uğursuzluq əlamətidir. Millət sevgisindən danışsanız, sizi faşist hesab edərlər.

Bütün gözəlliklər onlara görə münkərdir. Sanki millətin yaxşı və gözəl saydığı hər şeyə qarşı allergiyaları var, çünki bu nifaqın tələbidir.. və nifaq əməl və niyyəti bütöv olmayan insanların düşdüyü uçurumdur. "Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" ("Əraf" surəsi, 7/179).

Möminlərin vəzifəsi

Beləliklə, möminlər bu vəziyyətə düşməmək üçün daim bir-birinə yaxşılığı əmr etməli, yaxşı işlərə təşviq etməli, pis əməllərdən də bir-birini çəkindirməyə çalışmalıdırlar. Bunu da nəzərə almaq lazımdır ki, dinc, hüzur dolu cəmiyyət üçün ən kiçik münkərə belə imkan verilməməlidir. İctimai problemlər həmişə kiçik sayılan münkəratın geniş yayılmasından meydana gəlmişdir. Tarixə bu nöqteyi-nəzərdən baxanda bir çox cəmiyyətin ictimai tənəzzülünü görmək mümkündür ki, bunların təkrar olunması eyni aqibətlə nəticələnəcəkdir. Aşağıda keçən hədis buna bənzər problemlərin tarixi təhlili baxımından çox əhəmiyyətlidir.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur ki:

"İsrailoğullarında ictimai tənəzzül belə başlamışdır: Bir adam başqa birinin pis əməlini görəndə: "Ey filankəs, belə iş görmə, bu sənə halal deyil" deyərdi. Sabahısı gün nəsihət verən həmin adamla - eyni münkəri işləsə də - dostluğunu davam etdirər; onunla oturub-durar, onunla yeyib-içərdi. Buna görə də Allah (cəllə cəlaluhu) onların qəlbini eyniləşdirdi". Sonra da:

"İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi. Onlar etdikləri pis əməldən əl çəkmirdilər (və ya onlar bir-birini etdikləri pis əməldən çəkindirmirdilər). Onların gördükləri iş necə də pis idi!" ("Maidə" surəsi, 5/78,79) ayəsini oxuyaraq belə buyurdu: "Xeyr, vallah, şübhəsiz yaxşılığı əmr edib münkərdən nəhy etməlisiniz, şübhəsiz, zalımın əlindən tutub haqqa çağırmalısınız". Burada Allah Rəsulu şərə, pis əməllərə yol verən bəzi İsrailoğullarının aqibətini nəzərə çatdıraraq möminləri bu aqibətə düçar olmamaq, belə bir vəziyyətə düşməmək üçün tənbeh edir. O cümlədən, bu kimi hadisələrin rəvayətində bəzi hikmətlər də vardır.

Hadisəni bu şəkildə də təhlil etmək olar: Bir insan bir nəfərin pis əməl işlədiyini görür. Pis əməl işləyəni xəbərdarlıq edən şəxs əslində həmin anda o münkərə qarşıdır.. və əvvəlcə həmin münkər işi görəni xəbərdarlıq edir. Lakin çox keçmədən mütəmadilik və qərarlılıq tələb edən belə bir məsələdə nəsihət verən əksinə hərəkət edir; münkər işləyən insan əməlindən əl çəkməsə də, nəsihət verən mənəvi əhval-ruhiyyəsini qoruya bilmir, nəsihət etdiyi adamla yeyib-içir, söhbət edir və dostluğunu davam etdirir. Qəlbən büğz etmək imanın son işarəsi, son əlamətidir. Lakin o heç bu səviyyədə də inancını qoruya bilmir. Və beləliklə heç bir mane ilə qarşılaşmayan o pis əməl də cəmiyyətdə yayılmağa başlayır. Cənabi-Haqq da onların qəlbini bir-birinə "bağlayıb" bərabərləşdirir. Hətta onların arasında daxili ziddiyyətlər əmələ gətirərək təriqətlərə bölür.

Bəli, Allah (cəllə cəlaluhu) inkar edən Yəhudinin qəlbini bir-birinə "bağlayaraq" bərabərləşdirib nifaqa atdı.. və bir dövrdə Xristian dünyasından çəkmədiyi cəfa, üzləşmədiyi təhqir qalmadı. Bundan əvvəl də Babildə əsrlərlə əsarətdə yaşamış.. başqa bir dövrdə Şapurun ən amansız işgəncələrinə məruz qalmış və heç vaxt rahat üzü görməmişlər. Bu vəziyyətə düşmələrinin yeganə səbəbi öz aralarında "əmri bil-məruf, nəhyi anil-münkər" etməmələri idi ki, bu səbəblə qəlblərində firaq fitnələri boy atır, bünövrədən sarsılırdılar. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu hadisəni rəvayət edərkən belə bir aqibətlə üzləşməmək üçün xəbərdarlıq edir və cəmiyyətin tənəzzülə uğramaması üçün yol göstərir.

Xülasə

  • Münafiqlər heç kimlə dost olmazlar. Onları birləşdirən yalnız mənfəətdir. Mənafeyinə zərrə qədər zərər dəysə, dərhal məsləkdaşları arasında çarpışma başlar.
  • Bütün gözəlliklər onlara görə münkərdir. Sanki millətin yaxşı və gözəl saydığı hər şeyə qarşı allergiyaları var, çünki bu nifaqın tələbidir.. və nifaq əməl və niyyəti bütöv olmayan insanların düşdüyü uçurumdur.
  • Dinc, hüzur dolu cəmiyyət üçün ən kiçik münkərə belə imkan verilməməlidir. İctimai problemlər həmişə kiçik sayılan münkəratın geniş yayılmasından meydana gəlmişdir.

Ən böyük vəzifəyə laqeyd yanaşmamalı...

İslam tarixində təbliğ vəzifəsinin möminlik şüarı olduğuna dəlalət edən bir çox hadisə var. Bu fəsli onlardan biri ilə açmaq istəyirəm. Bu hadisə Hz. Əbu Bəkirlə (r.a.) bağlıdır. Bir gün Hz. Əbu Bəkir (r.a.) xalqa belə səslənir: "Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir" ("Maidə" surəsi, 5/105) ayəsini oxuyur, lakin səhv izah edirsiniz. Çünki mən Allah Rəsulundan (s.ə.s) belə eşitdim: "Bir topluluq günah işləyər, amma onların arasında onları bu günahdan çəkindirməyə qadir insanlar ola-ola bunu etməzlərsə, başlarına bəla gəlməsi qaçılmazdır".

Bəli, yuxarıdakı ayə "başqalarına qarışmayın, siz yalnız özünüzə baxın" demək deyil. Əksinə ayədə nəzərdə tutulan məna başqalarının zəlaləti və sapqınlığı haqda görüşüb danışarkən insanın özünü unutmamasıdır. Əslində burada insanın nəfsini hesaba çəkməyə (mühasibə) təşviq var. Hz. Əbu Bəkir (r.a.) bu ayənin mənasını ən düzgün qavrayanlardan biri kimi Allah Rəsulunun (s.ə.s.) sözlərini bu anlayışa dəlil gətirmişdir.

Peyğəmbərimizin (s.ə.s) bu mövzu ilə bağlı bir çox başqa hədisi də var. Mövzuya aydınlıq gətirmək baxımından bəzilərini qeyd etmək istəyirəm: Tirmizinin rəvayət etdiyi bir hədisdə Allah Rəsulu (s.ə.s.) belə buyurur: "Ya "əmri bil-məruf, nəhyi ənil-münkər" edərsiniz, ya da Allah sizə əzab göndərər, göndərər və siz dua etsəniz də, o zaman artıq duanız qəbul edilməz".

Yenə Tirmizinin rəvayət etdiyi bir başqa hədisdə yuxarıdakı ifadə eynilə təkrar edilir və bu sözlər əlavə olunur: "... Allah başınıza şərirləri (şər işlər görənləri) müsəllət edər. Sonra xeyirliləriniz dua etsə də, qəbul olunmaz".

Şərirlər: tüfeyli, işdən, idarədən başı çıxmayan, din-dəyanət bilməyən, kitab-peyğəmbər tanımayan və bütün müqəddəs dəyərləri məsxərəyə qoyan sayğısız güruhdur. Allah (c.c.) onları hansı millət və dövlətin başına müsəllət etmişsə, artıq o millət, o dövlət tarix boyu özünə gəlməmişdir. Cənabi-Haqq imhal edər, möhlət verər, lakin əsla ehmal etməz. "Əmri bil-məruf, nəhyi-anil-münkər" etməmə günahının cəzasını da bir qədər təxirə salar, lakin cəzanın vaxtı yetişincə o insanları qəflətən haqlayıb möhkəm sarsıdar. Bu cəzalardan biri də şərirlərin millətin başına keçməsi və milləti zorbaların idarə etməsidir ki, bu da müsəlmanların əməllərinin bir cəzasıdır. Bu vaxt yaxşı insanlar, xeyirxahlar məscidləri doldursalar da, dualarla yalvarsalar da, səhərlərə qədər göz yaşları ilə səccadələri islatsalar da, bu cəzanın müddəti başa çatmadan bellərini dikəldə bilməzlər. Bu, dəyişməz ilahi qanundur.

Siz həyatın bütün sahələrinə bu aspektdən baxsanız, mənzərənin ta qədimdən bu günə qədər eyni şəkildə davam etdiyini görərsiniz. Hazırki vəziyyət də bu daimi təkrar olunan tarixin sadəcə bir-iki tablosudur. Məscidlərdə edilən dualar, yalvarışlar, yaxarışlar, göz yaşları, fəryadlar.. ulu dərgahda məqbul deyilsə, bu vəziyyət bir günahın kəffarəsindən başqa nə ilə izah edilə bilər?! Bu günah bəhs etdiyimiz qüdsi vəzifənin ehmal edilməsi və ya istənilən səviyyədə yerinə yetirilməməsidir.

Sözün özü

Mərufu (xeyir əməlləri) əmr edib münkərdən (şərdən) çəkindirmə bizim varlığımızın qayəsi idi. Biz bunun üçün yaradılmışdıq.. və hələ haqq ərənləri - biz, yəni varlığını haqq yoluna həsr etmiş insanlar.. cənnəti belə qayə və hədəf seçməyənlər! Fürsət və imkan olsa, cənnətdə də Onun adını yaymağı oranın nemətlərindən üstün tutan bu yolun aşiqləri.. cəhənnəm zəbanilərinə bir şey izah etmək üçün çəkinmədən cəhənnəmə girməyə hazır həsbi ruhlar! Bəli, məhz bunlar yaradılışın qayəsi olan bu mühüm vəzifəni ehmal edərlərsə, dünyanın müsibət və bəlalara məruz qalması qaçılmaz olar.

Həftənin duası

MYa Rəbbim! Sənin fikrü-zikrindən uzaqlaşdıran nə varsa, bizi onlardan uzaq saxla.. bizi fövqəladə lütflərinlə elə zənginləşdir ki, bu aciz və fəqir qulların heç kimə möhtac olmasın, heç kimin qapısında əl açma səfalətinə düşməsin, ya Rəbb, çünki həqiqi verən yalnız Sənsən, biz isə qapında bir "nigahı-aşina (dost nəzəri)" gözləyən qapı qullarıyıq. Ya Rəbbim! Köksümüzə inşirah ver, bizə böyük peyğəmbərlərin, siddiqlərin, şəhidlərin və salehlərin yolu ilə getməyi nəsib elə!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.