Nifaq fərdi və ictimai xəstəlikdir
İnsanın inanmadığı halda özünü inanan kimi göstərməsi, əqidə və düşüncədə inkarçı ola-ola fərqli bir davranış və qənaət nümayiş etdirməsi, vəziyyətə görə hərəkət edib daim ikiüzlülük etməsi nifaqdır (münafiqlikdir) ki, bu, fərdi, ictimai riyakarlıq və ruh xəstəliyidir. Bu xəstəliyə "yoluxan" mürai[1] və münafiq hər yerdə bir cildə girər və bu rəngarəng hərəkətlərlə bir neçə həyatı birdən yaşar. Münafiqin həqiqi rənginin nə olduğunu, hansı düşüncə və qənaət daşıdığını başa düşmək çox çətin, hətta qeyri-mümkündür. O, qəbul etmədiyi insanları, "o biriləri" bildiyi, demək olar, hər kəsə qarşı düşmənçilik hissi bəslər.. onlar haqqında gizli-aşkar pislik düşünər. Amma bu duyğularını həmişə büruzə verməz; lazım gəldikdə həqiqi hislərini gizləyərək onların düşüncə və qənaətlərinə sayğılı görünər.. onlara qarşı olduqca yumşaq davranar.. və özünü onlardan biri kimi göstərər.
Ancaq o, daxilən həmişə gur-gur guruldayar və xəyali rəqiblərinə qarşı neçə-neçə planlar qurar.. qurar və özünə düşmən saydığı zümrə və ya insanlar dara düşəndə dərhal əsl niyyətini ortaya qoyar. Sonra da insanların "hüsnü-zənn"lə taybatay açdığı qapılardan içəri girib ağıla-xəyala sığmayan hər cür pisliyə əl atar. Din və iman düşmənlərinin diyanətə və müqəddəs dəyərlərə açıq-aşkar və aramsız hücumları müqabilində çox vaxt dini, milli və vətənə aid dəyərlərə sayğılı görünərək daim iman əhlini aldatmağa çalışar.. daim hiyləgərlik edər və - dəbdə olan bir ifadə ilə desək - "təqiyə" edər, lazım gəlsə, hər kəsə dostcasına qucaq açar, amma əlinə fürsət düşən kimi arxadan xəncər saplamaqdan da çəkinməz.
Münafiq yalan danışar, bu gün vəfalı olmağa söz verər, səhəri gün sözündən dönər, sizin etimad və güvəninizə xəyanətlə cavab verər və daim ən xəbis düşmənçilik hislərini dostanə rəftara bürüyərək icra edər. Beləliklə də, o, din, iman və Qurana düşmən olan münkirdən daha təhlükəlidir; təhlükəlidir, çünki özünü sizinlə həmfikir göstərib düşmənçiliyə qarşı tədbir və təyəqqüz hisslərinizi arxayın edərək yanınıza qədər soxular, üzünüzə gülər, əlinə fürsət keçincə də ilan kimi sizi sancar, sinsi əqrəb kimi zəhərləyər.
Münafiq qəlbən xəstə insandır
Münafiq heç nəyə inanmadığı halda, vəziyyətə görə "Allaha və axirətə səmimi qəlbdən inanıram" deyib özünə mömin "bəzəyi" vurar və həmişə iman əhlini aldatmağa çalışar. Ancaq aldatmaq üçün göstərdiyi hər cəhddə aldanan əslində özüdür, çünki mömin fərasətlidir, imanın nuru sayəsində hər şeyi doğru görər, düzgün dərk edər... "Bəli, əhli-iman nə qədər ami (avam) və cahil də olsa, ağlı dərk etməsə də, qəlbi belə xudfüruş (özünü bəyənən, təkkübürlü) adamlarla üzləşəndə onları soyuq qarşılar və onlara nifrət edər" (Məktubat). Qurani-Kərim bir yerdə öz-özünü aldadan bu tip insanları belə təsvir edir: "İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və qiyamət gününə iman gətirdik," - deyirlər. Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar" ("Bəqərə" surəsi, 2/8-9). Yenə də Quranın təsbitinə görə bunlar qəlbi xəstə insanlardır. Hisləri məlul, idrakı əsassız, şüuru qapalı, iradəsi də nəfsani təmayüllərinin əmrindədir. Vicdan mexanizmləri tamamilə iflic olan bu insanlar tutulduqları xəstəliyə o qədər uyğunlaşıblar ki, onları müalicə etmək istəsəniz, əks-reaksiya ilə qarşılaşarsınız, dərman uzatsanız yumruq "yeyərsiniz", xilas etmək istəsəniz, təhqirə məruz qalarsınız...
Münafiqlə qarşılaşsanız, bəzən özünüzü mülhid[2] və münkirlə, zaman-zaman da mütərəddid və müğalitəçi[3] ilə üz-üzə gəlmiş sanar, ürkərsiniz. Bu xəstəlik bəzən onda elə nəhəng şübhə, tərəddüd və təlaşa çevrilib büruzə verər ki, bundan ürpərməmək qeyri-mümkündür. Bu xəstə ruh daim dəhşətli qorxu ilə sarsılar; çox vaxt da özünə qapanaraq xəyali düşmənlər icad edər və onlar qarşısında tir-tir titrəyər. O, bəzən hər səsdən, hər sözdən diksinər, hər hərəkəti əleyhinə təcavüz, hər tərpənişi basqın sayar və bar-bar bağırıb qiyamət qoparar. Bu tip insanların belə qəribə görünüşü və ruh haləti Qurani-Kərimdə təsvir edilir: "(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar (ikiüzlülüklərinin Peyğəmbərə və möminlərə əyan olacağından qorxub) hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər!" ("Munafiqun" surəsi, 63/4).
Bəzən də o, bir orada, bir burada olma təlaşı içində sürəkli qərarsız hərəkət edər, tərəddüdlərlə dolub-boşalar, hər şeyə və hər kəsə başqa gözlə baxar, heç nəyə və heç kəsə etibar etməz. Belə hallarda əgər güclü-qüvvətlidirsə, rəqib saydığı cəbhəni həm özünün, həm sistemin, həm də bütün bəşəriyyətin düşməni elan edər.. və öz qorxuları ilə, ehtimalları ilə məhkuma çevirdiyi bu xəyali cəbhənin dərhal axırına çıxmaq istər: haray salar, böhtan atar, məhkəməsiz edam qərarı çıxarar. Media gücü varsa, o ipə-sapa yatmaz vahimə və qorxuları ilə həftələrlə, hətta aylarla cəmiyyəti məşğul edər, elə məşğul edər ki, kütlələr artıq başqa bir şey düşünməzlər. Əgər gücsüzdürsə və bunları etməyə imkanı yoxdursa, vəhmin bağrında bəsləyib böyütdüyü o düşmən cəbhəsi qarşısında riyadan yaltaqlığa, yaltaqlıqdan da yalana qədər hər cür mələnətə baş vurar, daim ikiüzlülük edər - bir neçə üzlülük də deyə bilərik - və xəyalında qurduğu vəhmi cəbhələr arasında gedib-gələr, bir yerdə qərar tuta bilməz, hər kəsə bir üz göstərər və tipik bir üzsüzlük örnəyi nümayiş etdirər. İlahi Bəyanda münafiqin bu istiqrarsızlığı (qərarsızlığı) isə bu cür əksini tapır: "(Münafiqlər imanla küfr arasında) tərəddüd edib nə (tamamilə) bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat yolu) tapa bilməzsən!" ("Nisa" surəsi, 4/142).
Xülasə:
- İnsanın inanmadığı halda özünü inanan kimi göstərməsi, əqidə və düşüncədə inkarçı ola-ola fərqli bir davranış və qənaət nümayiş etdirməsi, vəziyyətə görə hərəkət edib daim ikiüzlülük etməsi nifaqdır (münafiqlikdir) ki, bu, fərdi, ictimai riyakarlıq və ruh xəstəliyidir.
- Münafiq yalan danışar, bu gün vəfalı olmağa söz verər, səhəri gün sözündən dönər, sizin etimad və güvəninizə xəyanətlə cavab verər və daim ən xəbis düşmənçilik hislərini dostanə rəftara bürüyərək icra edər.
- Rəqib saydığı cəbhəni həm özünün, həm sistemin, həm də bütün bəşəriyyətin düşməni elan edər.. və öz qorxuları ilə, ehtimalları ilə məhkuma çevirdiyi bu xəyali cəbhənin dərhal axırına çıxmaq istər: haray salar, böhtan atar, məhkəməsiz edam qərarı çıxarar.
Əyri kriteriyalar, yanıldan hislər...
Münafiqə görə, yeganə düz adam özüdür, yeganə doğru düşüncə də onun düşüncəsidir. Bəli, münafiqə görə, doğrunun yeganə miqyası onun əyri kriteriyaları, müşəvvəş[4] şüuru, əndazəsiz idrakı və həmin aldadıcı hisləridir. Bəzən də o, iradi olaraq bunları hiss etməmək üçün özünü kef-damağın, eyş-işrət, əyləncə və oyunun ağuşuna atar və qapılarını bütün dərin insani keyfiyyətlərin üzünə bağlamaq istər; istər və dalar cismani zövqü-səfaya, şəhvətə, həvaya (həvəsə) və ən dərin yuxulara.. sonra da qaçar ağlın önünə sərdiyi həqiqətlərdən, məntiqli istidlal[5] və istinbatlardan[6]. Vəhimlə oturub-durar.. yersiz qorxularla yaşar.. və bu öldürücü kabusdan qurtulmağı da əsla düşünməz, düşünə bilməz.
Münafiq özü kimi düşünməyənləri axmaq və beyinsiz sayar və əlindən gəldiyi qədər onlardan uzaq olmağa çalışar. Qanuni - qeyri-qanuni hər yola əl atar; çalıb-çapar.. haram-halala baxmadan yeyər-içər; sonra da yıxılıb yan üstə yatar, ancaq cismi üçün də olsa, bu qədər nemətlərlə özünü tanıtmaq istəyən Zatı bir dəfə də xatırlamaz; Onu tanımağı, xatırlamağı və Ona təşəkkür etməyi əsla düşünməz, ya da düşünə bilməz.. münafiq varlıq -əşya - Yaradan mövzusunda əsassız yolda olduğu kimi, insanlarla münasibətdə də olduqca eqoist, xudkam və nəfspərəstdir. Mənfəət və mənafeyinə ziyan dəyər deyə bəzən eyni yolda gedən hər kəsi, hətta ən yaxınlarını belə düşmən sayar.. və dərhal onlara qarşı döyüş vəziyyətini alar; "Hərb hiylədir" mülahizəsi ilə intriqa düzəldər.. sui-qəsddən sui-qəsdə can atar.. rəqib və düşmən elan etdiyi insanları aldatmağa çalışar.. yalan, böhtan, təzvir[7] kimi qeyri-insani hər bir yola əl atar.. və sona çatdıra bilməyəcəyini anlayan kimi taktikasını dəyişər və onlardan biri kimi görünməyə çalışar.. möminlər arasına girər.. özünə onlardan daha yaxşı bir mömin bəzəyi vurar və onlarla olduğu müddət ayrı düşməməyə, fərqli düşünməməyə diqqət yetirər.. hətta onlarda müsbət hislər oyadar. İnkarçıların yanına dönəndə də küfrünü açıq-aşkar elan edərək onları geridə qoyar.. xülasə o, hər şəraitdə başqa bir görünüş, fərqli bir düşüncə ilə rəngdən-rəngə, cilddən-cildə girər. Onun bu davranışları ilə bağlı Quranın təsbiti belədir:
"Onlar möminlərlə qarşılaşdıqları zaman: "Biz də (sizin kimi) iman gətirdik", - deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: "Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik", - deyirlər." ("Bəqərə" surəsi, 2/14).
Həftənin duası
Ya Ərhamər-Rahimin və Ya Əkrəməl-Əkramin! Bizim, ana-atalarımızın, onların ana-atalarının, bizə öndərlik və bələdçilik edən böyüklərimizin, bir hərf də olsa öyrəndiyimiz müəllimlərimizin, sevdiklərimizin, sevənlərimizin, nəşət etdiyimiz ölkə insanlarının, millətimizin, yoldaşlarımızın, dostlarımızın, qardaşlarımızın.. bizə qarşı daim mərd olan.. bizi hər zaman dualarında yad edənlərin.. üstümüzdə haqqı olan insanların.. qiymətli nəsihətləri ilə bəqa naxışlı saleh əməllərə aparan yolları bizə göstərənlərin... və bütün ümməti- Məhəmmədin günahlarını bağışla!
Sözün cövhəri
Əgər yetişdiyiniz yerdəcə qalıb özünüzə sərhədlər qoymusunuzsa, Xızırdan (ə.s.) dərs alsanız da, siz müəyyən bir darlığa məhkumusunuz. Əksinə hər tərəfdən xəbərdarsınızsa, hər yeri, demək olar ki, ovcunuzun içi kimi tanıyırsınızsa, ancaq o zaman dünyanın gələcəyi adına ümid vəd edə bilər, dirilişdən danışa bilərsiniz. Yoxsa, rahatlıqla demək olar ki, Amerikada, Avropada yetişmiş olsanız da, siz müəyyən bir darlığa məhkumsunuz; Türkiyənin mərkəzində, İstanbulda, Fatehdə yetişsəniz də, müəyyən bir darlığa məhkumsunuz. Belə insan isə dünya naminə, dünyanın gələcəyi üçün çox iş görə bilməz.
[1] Riyakar
[2] Dindən dönən
[3] Lazımsız, boş danışan
[4] Qarışıq
[5] Dəlillər əsasında nəticə çıxarmaq
[6] İş və sözlərdən incə mənalar çıxarmaq
[7] Yalanı bəzədib-düzədib söyləmə
- tarixində yaradılmışdır.