Niyə geri qalmışıq?

Fəthullah Gülən: Niyə geri qalmışıq?İslamiyyət haqq din ola-ola müsəlman ölkələri niyə başqa dövlətlərdən geri qalmışdır?

Bəli, bir həqiqətdir ki, bu gün müsəlmanlar bir çox sahələrdə, xüsusən də əksər Avropa ölkələrindən geri qalır. Bunun bir çox səbəbi vardır, amma fikrimcə, başlıca səbəbi müsəlmanların Quranı düzgün anlamaması və onu layiqincə təmsil etməməsidir. Başqa səbəblər də sadalamaq olar, amma məncə, geriliyin əsas səbəbi məhz budur. Allahın (c.c.) uca kəlamına biganəlik edib onu ruhumuzla, qəlbimizlə mənimsəmədik, yaşamadıq, həyat düsturuna çevirmədik, nəticə də göz qabağındadır. Bir vaxtlar Quranı düzgün anlayıb yüksək səviyyədə təmsil edənlər böyük uğurlar qazanmış, əksər sahələrdə zirvələrə ucalmışlar. Dörd böyük rəşid (doğrunu tapmış, doğru ilə bütünləşmiş Allah Rəsulunun xilafətini təmsil edən insanlar) xəlifə onların öncülləridir. Üçüncü xəlifə Hz. Osmanın (r.a.) dövründə müsəlmanlar Xəzər dənizindən keçib Amudəryaya çatmış və Aral gölünün ətraf bölgələrinə əmin-amanlıq, elm və ürfan gətirmişdilər. Üstəlik bu qədər nəhəng hadisələr vur-tut 10-15 ildə gerçəkləşmişdir. Çünki o dövrdə müsəlmanlar dini layiqincə təmsil edirdilər. Daha sonralar Əməvi-Abbasi, Səlcuqlu-Osmanlı kimi dövlətlər də bu ənənəni müəyyən qədər davam etdirdilər.

Tarix özü şahiddir ki, bu günədək zamanın amansız çarxları arasında əzilməmiş nə bir millət, nə bir cəmiyyət, nə bir dövlət, nə də bir mədəniyyət var. İndiyədək neçə-neçə böyük dövlət, möhtəşəm imperiya və mədəniyyət o qəddarın dişləri arasında əzilib getmişdir və heç kim də buna mane ola bilməmişdir. Bəli, hər insanın, hər cəmiyyətin, hər millətin vaxtı-vədəsi bir gün mütləq çataçaq və tarix səhifələrindən silinib gedəcəkdir. Tərəqqinin ardınca tənəzzül gələcək, bir-bir gələnlər bir-bir gedəcək. Birinin bəxt ulduzu sönəndə, başqasınınkı parlayacaq və beləcə ölümlə doğum bir-birini əvəz edəcək. Bu, Allahın (c.c.) dəyişməz qanunudur. İnsan və mədəniyyətlər doğulur, böyüyür və ölür. Bizim də bir mənada vaxt-vədəmiz dolmuşdur.

Düşmənlərin təzyiqi

Digər tərəfdən 8-10 əsrə yaxındır ki, bəzi kafir və zalımlar millətimizə təzyiq göstərib onun tərəqqisinə imkan vermir. Bəli, bizlər 8-10 əsr İslamı təmsil etməyə çalışa-çalışa amansız fanatizm və təəssübkeşliklə üstümüzə hücum çəkən düşmənlərlə də mübarizə aparmalı olmuşuq. Bir millətin bütün bunlara təkbaşına müqavimət göstərməsi çox çətindi. Baxın, Səlib yürüşləri başlayandan bəri dayanmadan üstümüzə gəldilər. 3-4 əsr onların hücumlarına sinə gərdik. Bu dəfə Dövləti-aliyəni (Osmanlını) yıxmağa çalışdılar, hətta onun içinə sızıb bu böyük milləti parça-parça etdilər.. ortaya düşmənçilik toxumları səpdilər.. aramıza millətçilik salaraq türkü kürdə, kürdü boşnaka, boşnakı albana düşmən etdilər... bir gün çıxıb getsələr də, fitnə əkməyi “unutmadılar”. Geriliyin bir səbəbi də budur.

Ziyalıların qafilliyi

Geriliyin əsas səbəblərindən biri də ziyalı təbəqinin qafilliyidir. Bunu “ziyalıların korluğu” da adlandırmaq olar. Bəli, bir vaxtlar biz də elm və texnologiya sahəsində biliklərə yiyələnmək və inkişaf etmək üçün xarici ölkələrə xeyli adam göndərmişdik. Ancaq gedənlərin əksəriyyətinin mahiyyəti dəyişmiş, təbiət və xarakteri aşınmış, hətta millətini, vətəndaşlığını dəyişdirənlər belə olmuşdu.. və sonra bu zehniyyət arzuolunmaz səviyyəyə çatmış və bu böyük millət üç-beş macərapərəstin xəyanətindən əziyyət çəkmişdir. Bu mövzuda Bədiüzzamanın görüşləri də diqqətəlayiqdir. O, geriliyin səbəbini bəzi nöqsan və qüsurlarımızda görür. Buna bir az aydınlıq gətirək: hər bir möminin bütün xüsusiyyətlərinin mömin vəsfi olması mümükün deyildir. Bəzi möminlərin kafirə aid xüsusiyyətləri ola bilər. Kafirin də hər xüsusiyyəti kafir olmur. Bəzi kafirlərdə möminə xas xüsusiyyət ola bilər. Məsələn, tənbəllik kafirə aid xüsusiyyətdir. Səhərdən axşamadək çayxanalarda vaxt öldürmək də... Sistemi və yol-yöntəmi bilməmək də möminə yaraşmır. Bir mömin namaz qıla, oruc tuta bilər, amma əgər o çayxanlarda vaxt öldürür, sistemdən, metoddan xəbərsiz yaşayırsa, bunu yaxşı qəbul etmək mümkün deyil. Allahın ilk əmri "oxu" ola-ola oxumağa nifrət etmək kafirə aid xüsusiyyət sayılmalıdır...

Gəlin indi də bir kafirə baxaq; həyatını nizam-intizama salıb, sistemə qoyub və elə metodla iş görür ki, bir dəqiqəsi belə hədər getmir. Belə bir kafirdə möminə xas xüsusiyyət var. Əgər o, dayanacaqda kitab oxuyursa, möminə xas iş görür. Madam Allah (c.c.) hökmünü vəsflərə görə verir, mömin xüsusiyyətini daşıyanlara üstünlük verməsi təbii haldır və Onun dəyişməz qanunudur. Kafir vəsflərə malik bir mömini isə bunun əksi gözləyir.

Haqqa aparan yollar haqq olmalıdır

Bədiüzzamana görə ikinci şərt budur: Haqqa aparan yollar da haqq olmalıdır. Əks halda məqsədə çatmaq mümkün deyil. Əksinə haqq üçün batil yollara əl atırlarsa, məsələn, İslamın təbliğində kütlə psixologiyasından istifadə edib təbliğatın gücüylə insanları aldadırlarsa, bu yolla nəticə əldə etmək mümkün olsa da, bu nəticələrin uzunmüddətli və mütəmadi olması qeyri-mümkündür. Ona görə də hər addımımızda Onun rizasının olub-olmadığını düşünməliyik.

Müsəlmanlar bir neçə əsrdir haqq-həqiqətə çatmaq üçün batil yollara, batil sistemlərə əl atmış, lakin heç vaxt məramına çatmamışdır. Başqa bir məsələ: müsəlmanları uzlaşdırmaq əvəzinə onları bir-birindən uzaqlaşdırmağı düşünmüşük. Halbuki ilahi yardımın ən böyük təminatı və qəbul edilən ən böyük feili dua ittifaqımızdır. Haqq hər şeydən ucadır. Yol və xarakter fərqləri insan təbiətinə xasdır. Ona görə də hər kəsin əleyhinə çıxmaq və belə şeylərlə məşğul omaq yerinə möminə yaraşan Allah yolunda həyata keçirilən bütün fəaliyyətləri alqışlamaqdır.

Allahın qanunlarına əməl etmək lazımdır

Bu mövzuda üçüncü məsələ də Allahın qanunlarına riayətdir. Allahın (c.c.) iki növ qanunu var. Bunlardan birincisi, kainatda cərəyan edən və fizika, kimya, astronomiya, astrofizika, biologiya, tibb və s. kimi müxtəlif elm sahələrinin əsasını təşkil edən qanunlardır. Bunu “kainat kitabı” da adlandırmaq olar. Bu, bir mənada səssiz bir kitab olsa da, dilində min bir nəğmənin sədası gizlənmişdir. İkincisi, Allahın peyğəmbərlər vasitəsilə insanlara göndərdiyi qanunlar toplusudur ki, onlar da bizdə Quran, digər dinlərdə isə Tövrat, Zəbur, İncil kimi kitablardır. Hər iki kitabı öyrənmək və hökmlərinə riayət etmək şərtdir. Kainat kitabını oxuyub onu dəyərləndirənlərin mükafatı əksər hallarda burada, yəni dünyada verilir. Qurana riayətin mükafatı isə axirətdədir.

Odur ki, Quranın sırf ibadətə dair məsələlərinə riayət edən mömin mükafatsız qalmaz, ancaq bunun yeri axirətdir. Başqaları “kainat kitabı”nı oxuyub onun qanunlarına riayət edirsə, onun mükafatı da dünyaya aiddir. Hər iki dünyada da uğur əldə etmək isə hər iki kitabı da eyni səviyyədə oxuyub anlamaqdan asılıdır. Əslində bu iki kitab bir həqiqətin iki üzündən ibarətdir. Hər ikisində də eyni əlin izi və qüdrəti vardır. Kainatı zəngin və rəngarəng bir kitab kimi önümüzə sərən Cənabi-Allah belə demək mümkünsə, onu eyni zamanda Quranla səsləndirir. Hətta kainat kitabının bir parçası olan biz insanları da həmin Quran izah edir. Qurani-Kərim cazibə, genişlənmə kimi qanunlar çərçivəsində varlıq aləminin neçə-neçə sirlərini pıçıldayır! Məhz bu iki kitabın dərk edilməsində yol verilən hər bir nöqsan bizə baha başa gəlmişdir...

Bəli, bu gün bəzi Müsəlmanlar Quranın ibadətə dair məsələlərini bilsə də, “şəriəti-fıtriyə” və ya ”ayeyi-təkviniyə”ni, yəni kainat qanunlarını bilmir və onlara riayət etmirlər. Buna görə də həmişə məğlubiyyətlə üzləşirlər. Kafirlərə gəlincə, onlar Quranın dünyaya dair məsələlərinə riayət etdiklərindən mükafatını da görürlər. Elə isə biz hər iki kitabı da eyni səviyyədə mütaliə edib həyata keçirməyə, yaşamağa, hər iki dünya səadətinə namizəd olduğumuzu düşüncə və hərəkətimizlə sübut etməyə məcburuq.

XIX əsrdə üzləşdiyimiz məğlubiyyətlər

Sonuncu səbəb isə XIX əsrdə üzləşdiyimiz aramsız məğlubiyyətlərdir. Bəli, o illərdə xarici və daxili xəyanətlər belimizi qırdı. Əslində, bu hadisələr bir mənada bizim oyanışımıza da səbəb oldu. Bəli biz, dünya ilə hesablaşmağa hazırlaşan bir toplum idik. Müsəlmanlığı bütün dünyanın gözünün önünüdə ən yüksək səviyyədə təmsil etmək və dinimizi bütün dünyaya təkrar çatdırmaq səviyyəsinə gəlmişdik. İslamiyyətin elmə aid prinsip və hökmlərini ortaya qoyacaq, onun hüquq sistemini əldə rəhbər tutaraq dünya hüquq sistemlərinə yol göstərəcək, onun iqtisadi sistemiylə dünyanın iqtisadi sistemlərini müasirləşdirəcək və bir daha sözümüzü deyəcəkdik. Halbuki millətimiz XVIII əsrin başlanğıcında Qərbin ağlasığmaz inkişafı qarşısında çaşıb qalmışdı. Ehtişamlı tarixini unutmuş, milli hislərindən uzaqlaşmış və keçmişindən tamamən qopmuşdu. Dolayısilə, o dövrdə bizim öz sözümüzü deməyimiz qətiyyən mümkün deyildi. Müasir dövrə gəlincə, məncə, həmin məsələlər bu gün üçün də keçərlidir. XXI əsrin astanasındayıq, amma nəzəri də olsa, hələ özümüzə aid bir sistem ortaya qoya bilməmişik. Güclü iqtisadi sistemimiz yoxdur. Dünyəvi elmlərdən tamamən üz döndərmişik. Heç olmasa, indiki irəliləyişləri bir dəyərləndirə bilsək. Gecə-gündüz çalışaraq, oxuyaraq, düşünərək və dövrümüzü dərk etməyə çalışaraq... Bunu bacarsaq, həm ilahi eşq, sevgi və inancla qanadlanacaq, həm də kainat kitabını aradşırıb əldə etdiyimiz nailiyyətləri həyata əks etdirəcəyik. Əgər bunlar baş tutsa, XXI əsrlə ayaqlaşmaqdan danışmaq mümkündür, əks halda öz-özümüzü aldatmış olarıq.