Öfkə baldan şirin, baldırğandan acıdır
Dəzrəti Əbu Hüreyrənin (radiallahu anh) rəvayət etdiyi bir hədisdə belə deyilir: Bir nəfər Allah Rəsuluna: "Mənə nəsihət ver!" – dedi. Rəsulullah ona: "Qəzəblənmə!" – buyurdu. Həmin şəxs Rəsuli-Əkrəmdən yenə bir neçə dəfə nəsihət istədi, Sadiqu-Masduq Peyğəmbərimiz də ona hər dəfə "Qəzəblənmə!.." deyə öyüd-nəsihət verdi.
Məlum olduğu kimi "qəzəb"in acığı tutma, öfkə, hirs, ifrat hiddət, xoşagəlməz bir hadisədə intiqam arzusu ilə həyəcanlanma və təcavüzkarlıq hissinə qapılma kimi mənaları var. Əslində bu hiss sui-istifadə olunmasa, xaricdən gələn hücumların qarşısını almaq üçün dəfetmə qüvvəsi və tədbirli olmağa yarayan bir gücdür. Allah Təala insana kənar hücumlardan qorunmaq üçün "qəzəb qüvvəsi (qüvveyi-qəzəbiyyə)" (öfkə, qəzəb hissi) adlanan bir hiss vermişdir. İnsan ancaq bu hiss sayəsində yeri gələndə mücahidə edib gücünü, qüvvəsini ortaya qoyur, igidlik və mərdlik tələb olunan hallarda cəsarətini göstərib ismətini, namusunu, vətənini, canını, malını, nəfsini və nəslini qoruyur.
Bəzi insanlar qəzəb hissinin yaradılışında da bir qayə olduğunu bilmir və normal insanları hiddətə gətirən məsələlərdə belə hirslənə bilmir, üstəlik qorxusuz şeylərdən belə qorxur, həmişə vahimə içində yaşayır və cürbəcür paranoyyalarla həyatı əzaba çevirirlər, bu insanların vəziyyətini ən yaxşı "cəbanət" (qorxaqlıq) sözü ifadə edir. Elə insanlar da var ki, boş yerə özündən çıxır, ən bəsit hadisələrə belə həddindən artıq hiddətlənir və bir anda təcavüzkara çevrilirlər, axırını düşünmədən, ölçüb-biçmədən, mühakimə aparmadan hər işə girişir və sonu mütləq fəlakət olan təhlükəli işlərə belə çəkinmədən özlərini atırlar. Qəzəb qüvvəsinin bu ifrat formasına da "təhəvvür" (qorxusuzluq və təcavüzkarlıq) deyilir. Bu hissin doğru istiqamətdə olanına isə "şücaət" deyilir. Bəli, bütün kin, nifrət, qisas, hiddət, inciklik, hirs və öfkənin kökü sayılan qəzəb hissi səlim xarakterli insanların öfkəsinə səbəb olan hadisələr zamanı hirslənməyi bacarma, hiddət tələb olunan hallarda hiddətlənmə, qorxası yerdə təmkinli olma və təşvişə düşmədən onları sovuşdurma mənasına gələn igidliyin, yəni "şücaət"in də mənbəyidir. Beləliklə, qüvveyi-qəzəbiyyə təbiətimizin bir parçasıdır və bu kimi mühüm xüsusları həyata keçirilməsi üçün mahiyyətimizə yerləşdirilmişdir.
Dolayısilə İnsanlığın İftixarı Peyğəmbərimizin nəsihət istəyən səhabəyə dəfələrlə "Lətəğdəb - Qəzəbə qapılma!." buyurması hamımız üçün çox əhəmiyyətli xəbərdarlıqdır. Çünki qəzəb insanın ən zəif yerlərindən biridir. Kobud rəftarı vicdan genişliyi ilə qarşılamağı, qəzəb hissini asanlıqla tarazlamağı bacaran və bunu edərkən də ifrat və təfritdən uzaq dayanıb doğru istiqamətdə ola bilən insan çox azdır. Bunu bacarmaq iradədən asılıdır və xüsusi cəhd tələb edir.
Əslində qəzəb müvəqqəsi cinnətdir (dəlilikdir). Hirslənib özündən çıxan bir insanın həmin ankı hərəkət və davranışları yaxşı bir psixoloq tərəfindən analiz edilsə, həmin anda psixoanaliz aparmaq imkanı olsa, onun bu vəziyyətini şizofreniya kateqoriyalarından birinə daxil etmək mümkündür. Çünki ifrat qəzəb əqlin fəlakətidir, şüurlu bir varlığı belə məcnuna döndərib vəhşi heyvana çevirə bilər. Çünki hiddət ağılın və idrakın yerinə gətirib hüdudsuz, idarəsi qeyri-mümkün hiss və həyəcanı qoyur, insanı insanlıq sərhəddinin altına salır.
Qəzəb düzgün tərəfə istiqamətləndirilməlidir!..
Digər tərəfdən, hədisdəki "Lətəğdəb – Qəzəblənmə!" sözünün mənası “heç kimə və heç bir şeyə qəzəblənmə, heç hiddətlənmə, qətiyyən hirslənmə” demək deyil. Çünki bilavasitə qəzəblənməyə qadağa qoymaq mümkün deyil. Çünki əvvəllər də qeyd edildiyi kimi, qəzəb təbii bir hiss və fitri haldır, insanın təbiətindən çıxarılıb atıla bilməz. Elə isə hədisdəki əmrlə bu məsələdə təmrinlər sayəsində qəzəb cilovunu ağıl və iradənin əlinə vermək və beləliklə qəzəbin istiqamətini dəyişdirmək nəzərdə tutulur.
Bu mövzuya diqqət çəkən Nur Müəllifi gələcək haqqında narahatlığı, hərislik və inadkarlıq kimi fitri hislərin yox edilməsinin qeyri-mümkünlüyü, hər birinin bir məşru dairədə istifadə yeri və yönü olduğunu, dolayısilə bu fitri “qüvvələri” yox etməyi deyil, əksinə xeyir istiqamətində işlətməyin zəruriliyini nəzərə çatdırır. İnsana verilən mənəvi güc, qüvvət və hislərin nəfs və dünyaya sərf edilməsinin pis əxlaqa və israfa səbəb olduğunu, ancaq zəif olanlarını dünya işlərinə və güclülərini də üxrəvi vəzifələrə sərf etməyin isə gözəl əxlaqa və iki cahan səadətinə gətirib çıxaracağını bəyan edir. Həzrəti Ustad bu mövzuda son hökmünü verərkən deyir:
"Mənə elə gəlir ki, nasihlərin (nəsihət edənlər) nəsihətlərinin bu dövrdə təsiri olmamasının bir səbəbi budur: əxlaqsız insanlara "Həsəd etmə, hərislikdən uzaq ol, ədavət etmə, inadkarlıq etmə, dünyanı sevmə" deyirlər, yəni bir mənada "Fitrətini dəyişdir" deyib zahirən onlara ağır gələn bir təklif irəli sürürlər. Əgər desələr ki, "Bunların üzünü xeyirli şeylərə çevirin, məcrasını dəyişdirin" o zaman həm nəsihət təsir edər, həm iradə çərçivəsinə uyğun bir təklif olar".
Elə isə səmimi mömin qəzəbinin üzünü Allahın razı olmadığı işlərə çevirməlidir. Nəfsin üsyanlarına qəzəblənib onu tərbiyə etməli, qəzəb hissini müsəlmanlara zülm edənlərə yönəldib dinin əhyası və diyanətin güclənməsi üçün daha çox çalışmalıdır. Özünə müntəzəm nəzarət etməli və əgər qəzəbi Allah üçün deyilsə, hətta ona azca da olsa eqoist hislər qarışmışsa, dərhal susmağı bacarmalı, hiddətini cilovlamalı, sakitləşməli və bağışlayıcı olmalıdır.
Xülasə
- Qəzəb hissi insana, – sui-istifadə edilmədiyi təqdirdə – xaricdən gələn hücumlara sipər olmaq üçün dəf edici bir qüvvə və ona tədbirli olmağı öyrədən bir güc kimi verilmişdir.
- Bu hissi lazım olan yerdə işlətməmək yanlış olduğu kimi, yerli-yersiz hər şeydə istifadə etmək də xətadır.
- Bədiüzzaman Həzrətlərinə görə insanın fitrətinə yerləşdirilən bu cür hisləri yox etməyə çalışmaqdansa, onları xeyir yolunda sərf etməyə səy göstərmək lazımdır.
Haqqa boyun əyən Ömər
Bir gün Həzrəti Ömər (radiyallahu anh) qənimət bölüşdürürdü. Uyeynə İbnu Hısn kimi yeni müsəlman olmuş bəzi adamlar payına düşənə razı olmur və daha çox istəyirlər.
Hətta hələ İslam əxlaqı ilə bəzənməmiş bir-iki nəfər həddini aşıb nalayiq sözlər deyir. Məsələn, Uyeynə İbnu Hısn: "Ey Xəttabın oğlu, artıq bəsdir! Sən bizə bol vermədiyin kimi, hökmü də ədalətlə vermirsən!" deyir. Həzrəti Ömər layiq olmadığı bu ittihama qəzəblənir. Ədalət timsalı Hz. Ömər (radiallahu anh) kimi həssas bir insanın bu sözə qəzəblənməməsi mümkün deyil. Allah Rəsulunun Xəlifəsi insanların haqqına riayət və haqqı olana haqqını vermə məsələsində çox həssasdır, nəyin bahasına olur-olsun doğruluqdan əl çəkmir. Bu həssaslığına baxmayaraq, bu sözü eşidən Hz. Ömər əlində qamçı ona tərəf dönür və üstünə yerimək istəyir.
O əsnada Həzrəti Ömərin də yaxını olan və çox vaxt onun müşavirə heyətində iştirak edən Hürr İbnu Qays (radiallahu anh) dərhal qabağına keçib: "Ey möminlərin xəlifəsi, Allah-Təala Rəsuli-Əkrəmə "Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər” (“Əraf” surəsi, 7/199) buyurmuşdur. Bu adam da cahillərdəndir!" deyir. Bu xəbərdarlıqdan sonra Həzrəti Ömər yerindəcə qalır və Uyeyneyə heç bir şey demir, heç bir şey etmir. Bu İlahi xəbərdarlığı eşidən kimi Əmirəlmöminin hiddətindən əsər-əlamət qalmır.
Məhz bu, haqpərəstlik düşüncəsi ilə həssas yaşamaq və qəzəbi yerindəcə boğmaq deməkdir. Həzrəti Ömər məhz bu xüsusiyyətinə görə "əl-vəqqaf indəl-haqq" ünvanını almışdır. Bu təbir "həmişə düzgünlüyün tərəfində olan, haqq və ədalətdən ayrılmayan, özünə zidd olsa da, mütləq haqqa boyun əyən, Kitabullahın hökmünə qəlbən razı olan və haqq qarşısında qəzəbini cilovlamağı bacaran insan" deməkdir. Həzrəti Ömər hislərinə o qədər hakim insandır ki, yumruğunu qaldırıb düşmənin gözünə vurduğu anda belə haqq xatirinə qəzəbini boğub qollarını yavaşca aşağı salmağı bacarır. Şübhəsiz, onun bu halı səmimi möminlərin və əhli-təqvanın da halıdır.
Həftənin duası
Ey Rəbbimiz! Könüllərimizi və dünyadakı bütün qullarının qəlbini iman lütfü, yəqin üfüqü, İslam və ihsanla bəzə. Bizi göydəki və yerdəki qullarına sevdir. Sənin uca dininə xidmət etmək üçün girdiyimiz bu yolda işlərimizi asanlaşdır, umduqlarımıza çatdır və öhdəmizə düşən vəzifələri üzüağ, alnıaçıq yerinə yetirməyi nəsib et. Peyğəmbərimizə, Onun ailəsinə və güzidə dostlarına salatu-salam edərək bunları Səndən diləyirik, ey Rəbbimiz...
Sözün cövhəri
Çoxumuz “Əvvəlcə işimizi quraq, fabriklərimizin çarxları işləsin, sonra da vaxtımız olsa, qulluğu araya sıxışdırarıq” düşüncəsi ilə hərəkət edirik. Halbuki, müsəlmanın düşüncə tərzi belə olmalıdır: “Mənim üçün ən vacib dinimdir. İmkan tapsam, o bir işləri də görərəm”. Bəli, həyatımızın məqsədi sırf dinin məsuliyyətini daşımaq olmalıdır. Hər kəs bu davanın dərdini çəkib bu yolda hərəkət etməlidir, məncə, işin əsli-əsası da məhz budur. Və məhz o zaman həyatın bir mənası və dəyəri olar.
- tarixində yaradılmışdır.