Övlad həsrətiylə yanan könüllər

Övlad həsrətiylə yanan könüllər

{ArticleToC: position=here}Möminin nəzərində ailə cəmiyyətin ən həyati bir parçası və millətin ilk nüvəsidir (özəyidir). Bu səbəbdən o (ailə), nə bir inkubator cihazı, nə də cismani istəkləri təmin etmə vasitəsidir.

Ailə müqəddəs bir müəssisədir; bu müqədəsliyin ən bariz göstəricisi də nikahdır. İslam "nikah" adlı qanuni birləşməyi sağlam bir millətin təməli və əsası sayır. O cümlədən məqsədsiz, qayəsiz və kor-koranə qurulan ailələrin qanuni çərçivədən kənara çıxma ehtimalı olduğuna görə uca dinimiz nikahın qarşısına da müəyyən məqsəd və ideyalar qoymuşdur.

Ehtiyac qədər tələb

İzdivacda ən əsas qayələrdən biri Allahı xoşnud edən və Rəsulullahın üzünü güldürən nəsillər yetişdirməkdir. Qurani-Kərimə və hədislərə baxsaq, əksər nəbi və saleh bəndələrin ailə qurarkən əl açıb Haqq Təaladan pak və xeyirli nəsillər dilədiyini görərik.

Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) "Evlənin, çoxalın, çünki mən qiyamət günü sizin çoxluğunuzla fəxr edəcəyəm" hədisi və ailə qurmaq haqda digər tövsiyələri də izdivacda hədəfin göz nuru nəsillər olduğunu göstərir. Belə ki, Fəxri-Kainatın (əleyhissalatu vəssalam) çoxalmasını arzuladığı nəsil Allahın dərgahında məqbul olan, ilahi rizanı qazanmağa hazır olan və İslam dinini yaşayan nəsildir. Deməli, uşaqlarının tərbiyəsinə diqqətlə yanaşmağı bacaran və onları İnsanlığın İftixarının dilədiyi istiqamətdə yetişdirə bilən şüurlu möminlərin Allahdan uşaq arzulamasında bir qəbahət yoxdur.

Əslində uşaq Allah Təalanın bir nemətidir. Ər-arvad bir-birinə Allahın əmanəti və neməti olduğu kimi, ailənin mevyəsi olan uşaq da əmanət və nemətdir. Bu səbəbdən, təbiətən hər neməti arzulayan insanın Mövladan uşaq nemətini istəməsi də çox təbii və fitridir. Lakin tələbin keyfiyyəti nemətin böyüklüyünə uyğun olmalıdır. Məsələn, həyat da bir nemətdir, ancaq Rəhbəri-Əkməl (əleyhi-əkməlüttəhaya): "Allahım, yaşamaq mənim üçün xeyirlidirsə, məni yaşat, əgər ölümüm daha xeyirlidirsə, can əmanətini al!" deyə dua edir. Bununla bizə öyrədir ki, imandan sonra ən böyük nemət olan həyat üçün belə "xeyirlidirsə..." şərti ilə dua etməliyik.

Xülasə
  • İzdivacda ən əsas qayələrdən biri Allahı xoşnud edən və Rəsulullahın üzünü güldürən nəsillər yetişdirməkdir.
  • Allah-Təalanın rizasından və o rizanı qazanmaq üçün ən böyük vəsilə olan Allahın uca adını dünyanın hər yerində dalğalandırmaqdan savayı heç bir şeyi hərisliklə istəməməliyik
  • Allah Təala övlad istəyənin səmimi dualarını qəbul edib onu arzusuına çatdıra bilər. Lakin ifrat dərəcədə istəmək zərərə də səbəb ola bilər.

Bu baxımdan, iman və imanın səmərəsi olan yəqin, mərifət, ixlas və ihsan kimi bilavsitə Allahın rizası ilə bağlı məsələlərdən savayı heç bir şeyi hərisliklə istəmək olmaz. Allah-Təalanın rizasından və o rizanı qazanmaq üçün ən böyük vəsilə olan Allahın uca adını dünyanın hər yerində dalğalandırmaqdan savayı heç bir şeyi hərisliklə istəməməliyik. Bəli, yalnız İlahi rizanı hərisliklə arzu etmək və bu məsələdə əldən gəldiyi qədər həris olmaq lazımdır. Nə həyat, nə həyat yoldaşı, nə övlad, nə də hər hansı bir nemət Allahın xoşnudluğu dərəcəsində tələb edilməməli və bu kimi şeylərə Allahın adını dünyaya yaymaq qədər dəyər verilməməlidir. Bir şeyi ifrat şəkildə istəmək insanın başına dərd aça bilər ki, bunlardan biri də ana-ata olma arzusudur.

Uşaq istəyi ilə edilən dua

Bəli, istədiyinə oğlan və ya qız, bir və ya əkiz, üçüz, dördüz uşaq verən, istədiyini də sonsuz edən Xaliqi-Kərim olan Allahdır. Buna baxmayaraq, hər şeyi müəyyən səbəblər müstəvisində yaradan Allah uşağın dünyaya gəlməsini də müəyyən səbəb və şərtlərlə əlaqələndirmişdir. Məşru bir istəyin həyata keçməsi üçün səbəbləri düzgün yerinə yetirmək, sonra da Müsəbbibul-Əsbaba üz tutub Ondan xeyirlisini istəməkdə bir qəbahət yoxdur.

Bir məqamı qeyd edim ki, uşağın olmamasını böyük bir problem saymaq və buna görə özünü həlak etmək qulluq ədəbinə yaraşmır. Bəli, duada böyük güc var: səbəblər qəlbən edilmiş dua qarşısında sükut edər. Müsəbbibül-Əsbab istəsə, ən qeyri-mümkün şeyləri mümkün edər və istədiyinə gözlənilməz ehsanlar verər. Allah Təala övlad istəyənin səmimi dualarını qəbul edib onu arzusuna çatdıra bilər. Lakin ifrat dərəcədə istəmək zərərə də səbəb ola bilər. Məsələn, israrla istəmək nəticəsində dünyaya üsyankar, anarxist.. uşaq gələr və ana-ata üçün böyük dərd olar. Hətta o qədər şərli övlad olar ki, hətta valideynə "Ölsə, canımız qurtarardı!" dedirdər. Buna görə də, uşağın olmamasını mütləq şər saymamalı və Allah-Təaladan xeyirlisini diləməliyik.

Qurani-Kərim övlad istəmə mövzusunda iki məqama diqqət çəkir. Birincisi və ən əhəmiyyətli həqiqət uşaq nemətini verən Müsəbbibül-Əsbab və Xaliqi-Kərim olan Allahdır. İkincisi, uşağın saleh və xeyirli övlad olması üçün dua etməyin zəruriliyi. Beləliklə, kişi və ya qadın israrla həyat yoldaşı və ya uşaq istəyirsə, Rəhmanın səmimi qulları kimi "Ey kərəmi bol Rəbbimiz! Bizə gözümüzün, könlümüzün süruru olan pak həyat yoldaşları və nəsillər lütf et, bizi müttəqilərə öndər et!" deməlidir.

Bir uşağın əvəzində minlərlə şagird

İnsan gərək övladın olmasını və ya olmamasını mütləq xeyir və ya mütləq şər saymasın.

O, bəşəri ehtiyac olaraq evlənib dinin uyğun gördüyü çərçivədə ailə həyatını davam etdirməli, sonra da "Xeyir Allah Təalanın istəyindədir!" deyib Onun diləyinin həmişə ən məqsədəuyğun, bərəkətli, faydalı, savablı və aqibət etibarilə ən xeyirli seçim olduğuna inanmalı və qədərə qəlbən təslim olmalıdır. Yox əgər hökmən evində uşaq səsi eşitmək və Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) fəxr edəcəyi insanlar yetişdirmək istəyirsə, dini çərçivəyə sadiq qalmaq şərtilə övladlığa uşaq götürə bilər.

İslamdan söz açıb başqa mədəniyyətlərin nümayəndələrindən misal vermək nə qədər düzgün olar, bilmirəm, ancaq mövzumuzla bağlı olduğu üçün Qandinin başına gələn bir hadisəni danışmaq istəyirəm: Qandinin həyatını oxuyanda onun dərin bir insan olduğunu, bu dərinliyi həyatın hər səhifəsində əks etdirdiyini və bəzən bir müvahhid kimi yaşadığını gördüm. Deyilənə görə, müsəlmanlarla hindlilər arasında qarşıdurma qızışanda bir hind uşaq da döyüşün ortasında qalıb ölür. Uşağın atası müsəlman tərəfdən bir uşaq öldürüb intiqam alacağına and içir. Bunu xəbər alan Qandi onu yanına çağırır və günahsız bir uşağı niyə öldürmək istədiyini soruşur. Hindli: "Onlar mənim övladımı öldürdülər, mən də onlardan bir uşaq öldürüb qisasımı alacağam" deyir. Qandinin cavabı çox mənalıdır: "Onu öldürmək uşağını geri qaytarmaz. Ancaq illah da uşağının yerini doldurmaq istəyirsənsə, onlardan bir uşağı övladlığa götür, onu öz oğlun kimi bağrına bas və gözəl yetişdir".

Bəli, əgər hökmən evdəki boşluğu doldurmaq istəyiriksə, bunu dinin caiz gördüyü şəkildə, yəni bir uşağı övladlığa götürüb onu xeyirli insan kimi yetişdirməklə də edə bilərik. Həzrəti Bədiüzzaman və İmam Nəvəvi kimi Haqq dostlarının heç övladları olmayıb, ancaq bunun əvəzində Allah Təala onlara övladdan on qat fədakarcasına xidmət edən minlərlə tələbə lütf etmişdir.

Xülasə, istər qadın, istər kişi, – inanan insan uşaq məsələsində israr etməməli, hökmən istəyirsə, saleh və müttəqi övlad istəməlidir. Məşru dairədə səbəblərə riayət etdikdən sonra Allah Təalanın seçiminə, yazısına razı olmalı və hər mövzuda olduğu kimi, valdeynlik mövzusunda da "Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!" (“Bəqərə” surəsi, 2/201) deyə dua etməlidir.

Haftanın Duası

Ya Rəbbimiz! Yerdə və göydə olan bütün qullarının qəlbində bizə qarşı vüdd (sevgi) çırağını yandır!

Dərgahında ən gözəl ərməğana – qürbət (yaxınlıq) məqamına yüksəlmiş ənbiya və mürsəlinə təvəccöh etdiyin kimi, bizi də təvəccöh və hüsnü-qəbul (xoş qarşılamaq) hədiyyələrinlə şərəfləndir.. bizi insi və cinni şeytanlardan, bu fani dünya həyatında onların sapqınlıq, zəlalət, təsvil (pis olanı gözəl göstərmək) və təzyin (bəzəkli göstərmək) arzularından məşriq və məğrib qədər uzaq et!..

Sözün Özü

“Xeyirli işlərin zərərli maneələri olur. Şeytanlar bu xidmətin xadimləri ilə çox məşğul olur” buyurur Bədiüzzaman Həzrətləri.

Əslində, nəinki bir toplumun, hətta bircə fərdin də Rəbbi ilə münasibəti şeytanları dəliyə döndərir. Dolayısilə, insanların İslam dini uğrunda bir-biri ilə çiyin-çiyinə verib əzmlə çalışan insanları görəndə şeytanların dəli olmaması mümkün deyil.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.