Qurtarma yolunda ol ki, qurtuluşa çatasan
Zəlalətə sürüklənmə, doğru yoldan ayrılma təhlükəsindən qorunmaq üçün tarix boyu Xəlvətilər kimi, münzəvi (inzivada) ömür sürənlər, mağaraya qapananlar olmuşdur və bu seçim bir baxımdan şəxsi həyatın qurtuluşuna səbəb ola bilər.
Lakin bilməliyik ki, bu, mütləq deyil və insan üçün həmişə qurtuluş yolu deyildir. Məsələn, Ustad Həzrətləri Erek dağında mağaraya qapanmışdı, lakin onu orada rahat qoymadılar. İndi təsəvvür edin, əgər Ustad Həzrətləri həyatını mağara həyatı kimi çox saf, təmiz və kamil dünyagörüşünə görə tənzimləməsə idi Vandan sürgünə göndəriləndə, inzivadan uzaq bir həyat yaşamağa məcbur ediləndə o yüksək səviyyə və keyfiyyətini qoruya bilərdimi? Lakin həyatı da şahiddir ki, o, ömrünü mağaradakı inziva həyatından daha təmiz və daha səviyyəli keçirmişdir. Özü də həmd və şükrün bir ifadəsi olaraq buna: "Ərhamür-rahimin mənə Barlanı o mağaraya çevirdi, mağara bəhrəsini verdi. Lakin ağır mağara zəhmətini bu zəif bədənimə yükləmədi" sözləri ilə işarə edir. Bəli, sürgündən sonra zindanlar, amansız təqiblər, məhkəmələr Ustad Həzrətlərinin yaxasını buraxmadı, lakin o, məişətini səmimi tələbələrinə əmanət etdi iman həqiqətlərinə və Qurana aid əsərləri nəşr edərək səadət dolu bir həyat yaşadı.
Həmçinin bunu da bilmək lazımdır ki, inzivanı seçib orada mənəvi rahatlıq axtaran insanlar mübarizə zəminindən uzaqlaşdıqlarına görə, tərəqqiyə əsas olan hərəkətverici qüvvədən məhrum olurlar. Necə ki, bədənimiz bir qisim viruslarla tanış olmasa, immunitet sistemi inkişaf etməz və kiçik bir mikrob qarşısında belə məğlub olar; mənən mübarizə aparmayan bir insanın da qəlbi və ruhi həyatı günah virusundan iflic olar.
Bir mənqibədə bu xüsus necə də gözəl ifadə edilir. Deyilənlərə görə, iki qardaş Haqq dostu varmış. Onlardan biri dağ başında təkbaşına inziva həyatı keçirir, digəri isə xalq içində dinini yaşayıb haqq və həqiqəti təmsil etməyə çalışırmış. Münzəvi qardaşın bezdən bir zənbili varmış. O, zənbilə yemək-içməyini qoyub mağaranın bir küncündən asarmış. Xeyli vaxtdan sonra görür ki, Haqq Təala ona bir kəramət ehsan edir. Zənbilə qoyulmuş mayelər sızıb axmır. Bir gün münzəvi qardaş şəhərdəki qardaşına baş çəkir və qardaşının da eyni kəramətə sahib olduğunu görür. Münzəvi qardaşının yanında bir müddət qalır. Şəhərin o təmtəraqlı həyatı ona dərhal təsir edir və evin çölündə asılı duran zənbili su sızdırmağa başlayır. Halbuki, qardaşının zənbilində heç bir dəyişiklik olmur. Onda başa düşür ki, qardaşı həm başqalarının qurtuluşuna vəsilə olur, həm də iradənin haqqını verərək şəhərdə ömür sürdüyü üçün günah viruslarına qarşı möhkəm müqavimət qazanır.
Bu mülahizə və yanaşmalardan inzivanı tamamilə rədd etdiyimiz mənası çıxarılmamalıdır. Biz sadəcə bu mülahizələrlə inzivanın mütləq mənada hər kəs üçün obyektiv bir qurtuluş yolu və metodu olmamasına diqqət çəkmək istəyirik. Yoxsa, tarix boyu nəfsi tərbiyə etmək üçün "seyru-süluqi-ruhaninin" bir mərhələsində inzivaya çəkilib gözünü, qulağını, dilini masivadan (Allahdan qeyri hər şey) çəkərək tamamilə mərifətullah və məhəbbətullah üfüqünə yürüyən və bu yöndə kamilləşən həqiqət yolçularının varlığı inkar edilə bilməz. Üstəlik o yolun yolçuları zaman keçdikcə tədricən dünyaya da alışdırılmış və beləcə o şəraitdə də mahiyyəti, keyfiyyəti qorumağı öyrənmişlər.
İnziva, yoxsa başqaları üçün yaşamaq?
Bu da bir həqiqətdir ki, ömrünü bir münzəvi kimi keçirən insan, ümumiyyətlə, insanlara haqq və həqiqəti çatdıra bilmir, şəxsən qurtuluşa nail olsa belə, başqa birinin qurtulmasına vəsilə ola bilmir. Halbuki, mömin yalnız öz qurtuluşu üçün deyil, başqalarının qurtuluşu üçün də çalışan insandır. Və bu vəzifə inanan insan üçün bir mükəlləfiyyətdir. Hətta bizim fəlsəfəmizə görə, qurtuluşun yolu başqasını qurtarma niyyət və əzmindən keçir. Özünü kimisə qurtarmağa həsr etmisənsə, Allah da səni qurtarar. Bəli, qurtar ki, sən də qurtulasan; qurtarma yolunda ol ki, qurtuluşa çatasan. Bu isə xalq içində Haqqla birgə olmaq, təsəvvüf dili ilə desək, xəlvətiliyi bir kənara qoyub cəlvətiliyi seçməklə əldə olunan üfüqdür.
Bu mövzuda əsas məsələlərdən biri də, bəzi hallarda insandakı inzivaya meyilliliyi məsuliyyətdən qaçmaqdan, fərdi olaraq rahatlıq axtarışından qaynaqlanmasıdır. Ədirnədə xəlvətiliyə mənsub bir şəxsin məscidin pəncərəsinə bir neçə misra nəqş etdiyinə şahid olmuşdum. Bu misralar vurğuladığım məsələyə gözəl bir nümunədir. Belə deyilirdi o divara nəqş olunmuş misralarda:
"Qardaşlarım, mənim rahatlığım xəlvətdədir, çünki kimlə dostluq qurdumsa, ayıblarımla məşğul oldu və nöqsanlarımı faş etdi. Düzü, həyatımda heç sadiq birinə rast gəlmədim. Beləliklə də mən qəlb və zehin rahatlığını təklikdə tapdım".
Məncə bu cür yanaşma qaçmaqdır. Çünki mömin yalnız özünü düşünən, özü üçün yaşayan, rahatlığa düşkün bir insan ola bilməz. O, həm öz tərəqqisini, həm də başqa insanların imanını düşünər, belə müqəddəs bir vəzifə yolunda həyatını tənzimləyər. Bu səbəblə deyə bilərik ki, haqq və həqiqətə tərcüman olma niyyət və məqsədi ilə xalqdan ayrılmama eyni zamanda böyük peyğəmbərlərin və xüsusilə, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) yolu və üsuludur. Bəli, Allahın istəyi əksinə olsa idi, Rəsuli-Əkrəm (əleyhissəlatu vəssəlləm) həyatını Hirada keçirər, orada xəlvəti həyat yaşayardı. Heç kəs də Ona müdaxilə etməz, heç nə deməzdi. Bəs onda irşad və təbliğ işi necə olardı? Halbuki, ilk vəhydə Haqq-Təala Ona belə xitab edirdi: "Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! "(“Müddəssir” surəsi, 74/1-3)
Dünyanın üç üzü
İnsanın təbiəti ilə, təbiətinə yerləşdirilmiş bir qisim duyğularla dünyanın cazibədar gözəllikləri arasında ciddi bir münasibət, uzlaşma və uyğunluq var.
Bu inkaredilməz bir gerçəkdir. Bu səbəblə insanı dünyaya, dünyanın aldadıcı hiss və həvəsə dəvət edən dai (bais, səbəbkar), səbəb və faktor həqiqətən çoxdur. Bildiyiniz kimi, Ustad Həzrətləri də bu dövrdə müsəlmanları şiddətlə dünyaya təşviq edən bir anlayışın şəxsi-mənəvisinə xitabında bu həqiqət barədə: "İnsanı dünyaya çağıran və sövq edən səbəblər çoxdur. Onun başda nəfs və həvası, ehtiyacları, hiss və duyğuları, şeytanı, dünyanın süni gözəlliyi və sənintək pis yoldaşları kimi bir çox səbəbkarları var. Halbuki, baqi olan axirətə və sonsuz əbədi həyata dəvət edən azdır. Əgər zərrə qədər bu biçarə milləti düşünürsənsə, ali himmətin yalan deyilsə, əbədi həyata dəvət edən azlara kömək etməlisən. Yoxsa, o az dailəri susdurub, çoxlara kömək etsən, şeytana yoldaş olarsan".
Demək ki, dünyanın bu cazibədar gözəllikləri daim insana, insanın təbiətində mövcud olan bir qisim duyğu orqanlarına, zahiri və batini hislərə xitab edir və onu özünə çağırır. Üstəlik, dünyanın bu üzü ilə üqba arasında zıddiyyət olduğuna görə, insanı dünyanın cazibədar gözəlliklərinə çağıran bu dailər eyni zamanda onu axirətdən, üxrəvilikdən uzaqlaşdıran amillərdir.
Ancaq dünyanı yalnız həva və həvəs, bədən və cismaniyyət yönü ilə qiymətləndirmək də doğru deyil. Bu məqamda Bədiüzzaman Həzrətlərinin yanaşması diqqətəlayiqdir. O, dünyanın üç üzü olduğunu bildirib belə deyir:
Dünyanın bir üzü Haqq Təalanın gözəl isimlərinə baxır və onların güzgüsüdür. Bu baxımdan, dünyaya bir məşhər, bir seyrangah; təkvini əmirlərin (Allahın təbiətə qoyduğu qanunlar) məcmuəsi, bir səyahət gəmisi; mərifətullaha, məhəbbətullaha açılan bir liman və nəticə etibarilə, Rəbbimizi dərindən təfəkkür edə biləcəyimiz bir aləm nəzəri ilə baxmaq olar. Dünya bu yönü ilə Allahın (c.c.) sonsuz gözəlliklərinə, gözəlliyin təcəllilərinə səhnə vəzifəsini yerinə yetirib Onun məhəbbətinə vəsilə olduğuna görə, tənəyə deyil, əksinə sevgiyə layiqdir.
İkinci üzü axirətə baxır. Bir hədisdə də buyurulduğu kimi: "Dünya axirətin tarlasıdır". Burada əkilənlər orada biçiləcək. Yol azuqəsi burada tədarük edilir, Cənnətin o nurani nemətləri burada hazırlanır və əbədi səadət bu dünyada qazanılır.
Dünya hər iki üzü ilə də sevilməyə layiqdir. Çünki bu üzləri ilə o, mömini Allaha aparan, Allaha yüksəldən işıqlı bir nərdivan və nurani bir hələzondur.
Üçüncü üzü isə insanın fani həva və həvəsinə baxır. Bu yönü ilə dünya qatıdır, maddidir, cismanidir. Keçici, müvəqqəti və aldadıcıdır. Dünyanın bu yönünü sevmək insanı Allahdan və yaradılış məqsədindən uzaqlaşdırır, fəlakətə sürükləyir. Dünyanın bu üzü ilə insanın təbiəti, arzu və həvəsləri arasında ciddi bir bağlılıq və əlaqə var. Əgər insan dünyanın bu yönünə qarşı iradəli davranmasa, arzu və istəklərini şəriətlə cilovlamasa, özünü həva və həvəsin atmosferinə atsa, deməli daim puç olub getmə təhlükəsi ilə üz-üzədir.
Həftənin duası
Bizə siyanət et (qoru), ey yeganı Qoruyanımız.. bütün dünya və axirət işlərimizdə insi-cinni şeytanların, daima şəri hökm edən nəfsi-əmməranin zərərindən, inanan qullara kin və nifrət bəsləyən düşmənlərin təcavüzündən hifz et, ey daim inayəti bizimlə olan Rəbbimiz.. Peyğəmbərimizə, Onun üstün ailə üzvlərinə, hər biri bir nurəfşan ulduz olan səhabələrinə salət-salam edərək bunları Səndən diləyirik, Rəbbimiz!
Sözün cövhəri
Allahu-təalanın bu günə qədər millətimizə çox lütfü, ehsanı olmuşdur. Bu qədər manelərə baxmayaraq, Haqq Təala xalqımızın səsini çox qısa müddətdə bütün dünyaya çatdırdı. Bu bir nemətdir və bunu dilə gətirmək də bir mənada nemətə şükürdür. Neməti hər yerdə və hər fürsətdə yad etməliyik. Bu, Onun bizə bəxş etdiyi nemətləri dərk etmə, hiss etmə və vicdanən cavab vermə baxımından bir mənada Haqq Təalaya bir şükürdür.
- tarixində yaradılmışdır.