Rəbbi Ondan Heç Küsmədi
Rəvayətlərə görə, Peyğəmbər Əfəndimizə gələn vəhy bir müddət kəsilmiş, Cəbrail (əleyhissalam) bu müddət ərzində görünməmiş, buna görə də müşriklərdən bəziləri: “Rəbbi Muhamməddən küsdü, Onu tərk etdi”, şəklində iddialer etməyə başlamışlar.
Allah Rəsulunun qəlbini qırmaq, Onu ümidsizliyə salmaq və fikrindən döndərmək üçün müşriklərin “Rəbbi Onu tərk etdi”, demələrinə müqabil Cənabi-Allah: “Ey Rəsulum! Rəbbin səni əsla tərk etmədi və sənə incinmədi də” (Duha, 93/3) məallı ayəni nazil etmişdir.
Allah-Təala Peyğəmbər Əfəndimizə (s.ə.s.) heç vaxt incinməmiş və Onu tərk etməmişdir. Bir müddət vəhyin gəlməməsi də əsla elə bir incimədən qaynaqlanmır. Allah bilir, Əfəndimizin könlündə vəhyə qarşı daha dərin həyəcan və şövq oyatmaq və o biri aləmləri müşahidə etmək, səmanın dilini anlama mövzusundakı iştiyaqını hərəkətə gətirmək üçün bir müddət kəsinti olmuşdur. Bu kəsintidə Onu gələcəyə hazırlamaq kimi bizim bilmədiyimiz başqa hikmətlər də vardır. Bu səbəbdən bu məsələni öz düşüncə tərzimiz, öz anlayışımız və öz üfüqümüz etibarilə şərh etməyə çalışsaq, o Zati-Alişanı öz səviyyəmizə endirmiş olarıq. Elə isə onu Allah Rəsulunun şəxsi mülahizəsi və əngin üfüqü baxımından ələ almaq lazımdır. Bəli, müxtəlif rəvayətlərdə üç, beş, doqquz hətta qırx gün vəhyin kəsildiyindən bəhs edilir. Lakin bu mövzunu incikliyin nəticəsi kimi göstərmək qətiyyən doğru deyil. Bundan əlavə, Vaqidi və Kəlbi kimi şəxslər Əfəndimizin (s.ə.s.) vəhyin kəsilməsinə görə duyduğu təəssürə görə dağlarda, çöllərdə gəzdiyini desələr də, onun bəzi davranışlarını özlərinə görə qiymətləndirsələr də və bəzi müasir şərhçilər də onların düşüncələrini eynilə günümüzə nəql etsələr də, mən bunların heç birinə ehtimal vermirəm. Onların fikirlərinə qoşulmamaqla yanaşı, bu cür iddiaları Əfəndimizi heç tanıya bilməmiş olmalarına dəlil kimi sayıram. Ona vəhy gəlməmişdən əvvəl həyatında zərrə qədər müvazinətsizliyə rastlanılmayan bir insanın səmalarla əlaqəyə keçdikdən və üluhiyyət həqiqətinə bu qədər aşina olduqdan sonra belə bir əhval-ruhiyyəyə girməsi qətiyyən mümkün deyil. Bəli, O da bir bəşər idi, insan olduğu üçün də bizdə olan bəzi şeylər Onda da da baş verirdi, lakin Onda hiqiqi mənada meydana gələn şeylərin bizdə yalnız kölgələri hasil olduğu kimi, bizdə həqiqi mənada olan şeylərin də Onda yalnız kölgəsi olurdu.
Söhbəti-Canan Üçün Can Atırdı
Allah Rəsulunun nəzəri daim ülvi aləmlərdə idi. Onun o biri aləmlərə qarşı təsəvvür edilməz dərəcədə iştiyaqı vardı. O bəzi insanların dünyaya bağlılığı və dünya malına aludəçiliyindən daha çox o biri aləmlərə bağlı idi və ibadət və itaət “aludəsi” idi. Cənabi-Haqqın rizasına vəsilə olan xüsusları öyrənmək və Cəbrail (ə.s.) ilə təkrar söhbəti-Canan (Sevgili haqqında söhbət) edə bilmək üçün can atırdı. Belə ki, bir gün: “Ey Cəbrail! Bizi (hazırkı müntəzəm) ziyarətindən daha çox ziyarət etməyinə mane olan nədir?” - demiş və onunla daha tez-tez görüşmək istədiyini ifadə etmişdi. Cəbrail də: “Biz Rəbbimizin əmri olmadan enə bilmərik” (Məryəm, 19/64) məallı ayə ilə ona cavab vermişdi. Qısa müddətlik də olsa vəhyin kəsilməsini mənəvi aləmlərə vurğun və vəhy aludəsi olan bir insanın duyğu, düşüncə və iştiyaqını nəzərə alaraq dəyərləndirmək lazımdır.
Allah Rəsulu üfüq etibarilə bunu böyük kəsinti saya bilər, pərdələnmə kimi qəbul edə bilər, yəni digər aləmlə arasına pərdə qoyulduğunu və ay tutulmasına məruz qaldığını düşünərək böyük həyəcan keçirmiş ola bilər. Lakin qısa müddətli bu kəsinti, bəlkə də Onun iştiyaqını artırmaq üçün baş vermiş və bir mənada Ona rəhmət idi. Müvəqqəti sıxıntı ilə Allah (c.c.) Əfəndimizi ayıq-sayıq olmağa xəbardar etmiş və Allaha bağlılığını gücləndirməyi arzu etmişdir. Necə ki, Qurani-Kərim: “Rəbbinin uca adını zikr et, fanilərə bel bağlamaqdan xilas ol və bütün qəlbinlə yalnız Ona yönəl” (Müzzəmmil, 73/8) məallı və buna bənzər ayələrlə Onu ayıq-sayıq olmağa və sadəcə Allaha yönəlməyə dəvət edir. Bir müddətlik vəhyin kəsilməsi daha dərin bir yönəlişə dəvətdir, lakin qətiyyən küskünlük və incikliyin nəticəsi deyildir. Bunun ən böyük dəlili də “Duha” surəsidir, xüsusilə də: “Ey Rəsulum! Rəbbin səni əsla tərk etmədi, nə də sənə incinmədi” (Duha, 93/3) ayəsidir. Bu ayələr Allah Rəsuluna bir müjdədir, hər şeyin başlanğıcından çox sonunun məsələn, peyğəmbərliyin başlanğıcından çox sonunun, dünyadan çox axirətinin daha xeyirli olacağını, Əfəndimizin daima yüksələcəyini, dünyada ilahi feyzlə və təbliğdə müvəffəqiyyətlə, axirətdə də şəfaəti-üzma (böyük şəfaət) və Məqami-Mahmudla mükafatlandırılacağını xəbər verən və Onu razı ediləcəyini bildirən bir müjdədir. Sələfi-salihindən bəziləri: “Quranda ən ümidverici ayə budur, çünki Ona ümmət olma şərəfini daşıyanlar xilas olmadıqca Əfəndimizin (s.ə.s.) razı olması düşünülə bilməz” demişlər.
- tarixində yaradılmışdır.