Rəsuli-Əkrəmə ehtiram və pozulan müvazinət

Cənabi-Allahın lütf etdiyi dəyərləri bir kənara atıb yerinə başqa dəyərlər “idxal etmək” müvazinəti pozmaq deməkdir.

Müvazinətin bu cür pozulması həm insanı, həm də toplumu başqa natarazlıqlara və xətalara sürükləyər. Əslində İslam əvvəlki peyğəmbərlərlə nazil olan dəyərləri insanlığa təkrar xatırlatmaq, pozulan tarazlığı təkrar bərqərar etmək, başqa sözlə İlahi ahəngi bir daha təsis etmək üçün gəlmişdir.

Bəli, bizim dünyamız da öz dəyərlərindən bir qismini itirmişdir. Məsələn, ifrat və ya təfritə yol verərək ya Rəsuli-Əkrəm də daxil olmaqla peyğəmbərləri bizim kimi adi insanlar səviyyəsinə salırlar (yüz min dəfə haşa), ya da onları müəyyən dövrlərdə öz missiyasını yerinə yetirəndən sonra tarix səhifələrinə qarışıb getmiş insanlar sanırlar ki, bu da dəyərlərin alt-üst olmasıdır. Bu, Peyğəmbər və peyğəmbərlik anlayışına da hörmətsizlikdir.

Hörmətsizlik ilk öncə kiçik dairədə başladı və dalğa-dalğa böyük dairələrə yayıldı. İlk öncə “iş”ə Səhabeyi-Kiramla başladılar, mütəmadi tənqid etdilər onları. "Onlar da bizim kimi insandır" deyə tənqidlər başlayanda içimə qor düşdü. Belə demişdim ordakılara: "Bu məsələ səhabə ilə başladı, amma səhabə ilə bitməyəcək. Səhabəni düşünmədən, əsassız tənqid edənlər bir azdan Peyğəmbəri də tənqid edəcək və vaxt gələcək Quranı, hətta Allahı sorğulayacaqlar". Bilirsiniz, bu təxminlərimin səhv çıxmasını nə qədər arzulayırdım?! Ancaq hamısı oldu. İnsanlığın İftixarına (haşa) "poçtalyon" deyildi. Yəni bir poçtalyon kimi, ayələri Allahdan götürüb insanlara ötürdü və bununla işi yekunlaşdı. "Quranda qrammatik səhvlər var" dedilər. “Bu sözlər Allahın qəzəbinə səbəb olar” deyə çox qorxmuşdum. Ortaya (haşa) "Allah cüziyyatı bilməz"[1] kimi yersiz, nalayiq fikirlər atanlar belə oldu. Xülasə, səhabə ilə başlayan tənqid yavaş-yavaş Üluhiyyət həqiqətinə gəlib çıxdı.

İstər Peyğəmbərimizin (sallallahu əleyhi vəsəlləm), istərsə də digər nəbilərin yerini zehnimizdə və həyatımızda əqli, məntiqi dəlillərlə bir daha müəyyənləşdirmək və yerini möhkəmlətmək məcburiyyətindəyik. Çünki bu mövzuda qarşılaşdığımız bütün fikir və inanc sapmaları sırf bu dəyərlərin mövqe və yerinin möhkəmləndirilməməsindən irəli gəlir.

“Sən olmasaydın, bu aləmləri yaratmazdım”

Bəli, Allah Rəsulu böyük bir peyğəmbərdir. Ruhi-Seyyidül-Ənamdır[2]. Təsəvvüf ifadəsiylə desək "Təəyyünü-əvvəl"in[3] qəhrəmanıdır. "Sən olmasaydın, bu aləmləri yaratmazdım" qüdsi hədisinin məzhəridir.[4] Hədis səhih olmasa da, mənası doğrudur, çünki O Müərrif[5] olmasaydı, nə bu aləmlərdən, nə də bu kitabdan heç kim, heç nə anlamazdı. O halda bu hədisin mənası: "Ey Rəsulum! Bu kitablar Sənin sayəndə oxundu, Sənin sayəndə mənaları ortaya çıxdı. Elə isə Sən əlində Quranla hər şeyin qövli-şarehi, təfsiri-vazehisən". Köhnə dillə desək, "illeyi-qayəsi (əsas qayəsi)"sən.

Elə isə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) – haşa – adi bir “poçtalyon”, bir “müvəzzi”[6] deyildir. O, göylərlə əlaqə quran, bizim üçün əlçatmaz, ünyetməz olan aləmlərlə münasibət quran, yerdə oturub Allahın bəyanını eşidən bir insandır, fərqli xüsusiyyətlərə, fərqli qabiliyyətlərə malik İnsani-Kamildir. Fərqli xüsusiyyətlərə malik olmasaydı, Allahdan əmr almaz, göylərdə gəzə bilməz, meraca gedə bilməzdi.

Qaldı ki ilahi bəyanları gətirən Zata hörmət həmin bəyanlara hörmətin də bir ifadəsidir. Dolayısilə, Ona hörmətsizlik açdığı yola, yəni dinə də hörmətsizlikdir. Buna görə də Onun hörmətini saxlamalıyıq. Açdığı yolun tər-təzə qalması, tər-təzə hiss olunması, o yola mütəmadi müraciət edilməsi, dəli kimi bağlanma sırf bundan asılıdır.

Peyğəmbərlərin adi insan olmadığını hər kəs öz qabiliyyəti səviyyəsində dərk etməlidir. Az da olsa, bacardığı qədər dilə gətirməlidir düşüncələrini. Peyğəmbərlərin ucalığını, böyüklüyünü qəbul etməli, onları könül taxtımızda oturtmalıyıq. Çünki onların yolundan mükəmməl faydalanma ancaq onların qədrini, qiymətini bilməklə mümkündür.

Yekunlaşdıraq: Yol ilə yolu açan şəxs bir-biri ilə möhkəm bağlıdır. Peyğəmbərlərin dəyəri nə qədər çox qorunarsa, onların yolu bir o qədər istifadə olunar. Bu məsələnin bir tərəfi. Digər tərəfi isə, Allah Kəlamından (Quran), Peyğəmbərinin ruhaniyyətindən və axirətdə şəfaətindən istifadənin kökündə onlara ehtiram dayanır. Madam belədir ‒ mənim heç şübhəm yoxdur ‒ bu hörməti göstərməyən, saxlamayanlar görəsən, dünya və axirətdə nələr itirdiklərini anlayırlarmı?

Başqa sözlə, Qurani-Kərimə və Allah Rəsuluna nə qədər yönəlsək, onlardan o qədər faydalanar, istifadə edərik. Yəni "Qulum məni necə zənn edirsə, ona elə rəftar edərəm"ə istinadən, Qurana nə qədər çox yönəlsəniz, sizə o qədər qapılarını açar. Peyğəmbərə nə qədər hörmət edirsinizsə, bir o qədər sizə qollarını açar. Bir o qədər Onun yürüdüyü yola, çatdığı üfüqə yaxınlaşa bilərsiniz.

Hər kəs ağlını və iradəsini ortaya qoysun. Allah ağıl verib, işlətsin onu, beynini fikirdən zoqquldatsın. Əski sözlərə yeni sözlər qarışdırsın, insanlığa yeni şeylər təqdim etsin. Əski köhnəlib, saralıb-solubsa, yenilik ortaya atsın. Qurani-Kərimin tər-tazəliyini, Peyğəmbərimizin könüllərdə daim təzə qaldığını, həmişə bizim "canan"ımız olduğunu həm özlərinə, həm də dünyaya çatdırsınlar. Daim bu mövzuda mülahizələrini yeniləsinlər, həm özlərini, həm də başqalarını qurtarsınlar.

Xülasə

  • İslam əvvəlki peyğəmbərlərlə nazil olan dəyərləri insanlığa təkrar xatırlatmaq, pozulan o müvazinəti təkrar bərqərar etmək, başqa təbirlə İlahi ahəngi bir daha təsis etmək üçün gəlmişdir.
  • İstər Peyğəmbərimizin (sallallahu əleyhi vəsəlləm), istərsə də digər nəbilərin yerini zehnimizdə və həyatımızda əqli, məntiqi dəlillərlə bir daha müəyyənləşdirmək və yerini möhkəmlətmək məcburiyyətindəyik.
  • Qurana nə qədər çox yönəlsəniz, sizə o qədər qapılarını açar. Peyğəmbərə nə qədər hörmət etsəniz, bir o qədər sizə qollarını açar, bir o qədər Onun yoluna yaxınlaşa bilərsiniz.

Peyğəmbərimiz (s.ə.s.) ismi-əzəmə məzhərdir

Hz. Ustadın yanaşma tərzi ilə, kainatı bir ağac qəbul etsək, Peyğəmbərimiz (sallallahu əleyhi vəsəlləm) o ağacın çəyirdəyidir. Əgər bir kitab kimi baxsaq, o kitabın katibinin qələminin mürəkkəbidir.

Çəyirdəkdən kainat yaratmaq Cənabi-Allaha çətin deyildir. Bunun örnəkləri göz qabağındadır: kiçik toxumdan böyük meyvə yaradır. Onun yaratdığı ilk çəyirdək Peyğəmbərimizdir.

Peyğəmbərimiz (sallallahu əleyhi vəsəlləm) bir çox xüsusiyyətinə görə digər peyğəmbərlərdən daha fəzilətlidir. Məsələn, Rəsuli-Əkrəm vəzifəsini tamamlayıb getsə də, dini davam edir. "Bir işə səbəb olan o işi görən kimidir” sözünə istinadən Ümməti-Məhəmmədin savablarının bir misli Peyğəmbərimizin (sallallahu əleyhi vəsəlləm) savab dəftərinə yazılır. Biz hətta hər azandan sonra da Ona dua edirik: "Rəbbim! Hz. Məhəmmədi vəd etdiyin Məqami-Mahmuda yüksəlt”. Hər gün müxtəlif vəsilələrlə Ona dua edirik. Müasir dövrdə bu qədər fitnə-fəsada baxmayaraq hələ də bir milyard yarımlıq müsəlman dünyasının ən azı bir milyardı düzgün ibadət edir, düzgün azan, düzgün iqamə oxuyur və daim Allah Rəsuluna (sallallahu əleyhi vəsəlləm) beyətini iqrarən Ona dua edir.

Qurani-Kərim Cənabi-Allahın hər isminin əzəm (ən yüksək) mərtəbəsindən süzülüb gəlir. Peyğəmbərimiz də ismi-əzəmdəndir, yəni ismi-əzəmə məzhərdir. Onun mayasında mütləq İsmi-Əzəm olmalı, mahiyyəti bununla yoğqrulmalıdır. Ümumbəşəri, aləmşümül bir peyğəmbər.. Bu o deməkdir ki, insanlıq şəcərəsinə xas bütün xüsusiyyətlər çəyirdək şəklində Onda mövcuddur. Hansı peyğəmbər olur-olsun, hansı mənanı, hansı həqiqəti, hansı gerçəyi, hansı ismin təcəllisini təmsil edir-etsin, hər birinin nümunəsi, az-çox əsintisi Peyğəmbərimizdə (sallallahu əleyhi vəsəlləm) mütləq mövcuddur. Dolayısilə, bir peyğəmbərdə yalnız bir isim, o birində digər isim ən yüksək dərəcədə təcəlli etmişdir. Ancaq Hz. Məhəmməddə (sallallahu əleyhi vəsəlləm) hər bir ismin təcəllisi var və Ona nazil olan Quran Onun mahiyyətinə uyğun hər ismin ən yüksək dərəcəsində təcəlli etmişdir. Həmçinin digər peyğəmbərlərin Rəsulullahla müqayisədə dəyərsiz sayılmasına Heç Peyğəmbərimizin özü də (sallallahu əleyhi vəsəlləm) razı olmamışdır. Digər peyğəmbərlər də əlçatmazdır, adi insanlar onların məqamına yüksələ bilməz. O peyğəmbərlər müəyyən xüsiyyətləri ilə, məziyyətləri ilə anılsalar da, mütləq fəzilət Kainatın İftixarına məxsusdur. Ən yüksək fəzilət Peyğəmbərimizdədir (sallallahu əleyhi vəsəlləm).

Həftənin duası

Sən hər şeyi yaradan yeganə Xaliqsən, mənim sahibim və yaradanım da Sənsən. Bütün məxluqata mərhəmət etdiyin kimi mənə də mərhəmət et. Ey rəhməti əngin yeganə mərhəmətli Rəbbim!.. Sən hər şeyi əhatə edən sonsuz elminlə mənim xəta və günahlarımı bilirsən, ancaq Sən rəhməti ilə bütün varlığı bürüyən Rəhman və Rəhimsən. Bağışla günahlarımı, əfv et xətalarımı, qəbul buyur tövbə və duamı...

Sözün cövhəri

Səlat Cənabi-Allahın Rəsuli-Əkrəmə (sallallahu əleyhi və səlləm) duasıdır. İnsanlığın İftixarı da “Kim adım çəkiləndə mənə salavat çəkməsə, burnu yerə sürtülsün” hədisi ilə şəxsən özü ümmətini buna təşviq etmişdir. Salavat çəkəndə bir tərəfdən Onu yad etmək, digər tərəfdən də böyüklərimiz kimi, hislərimizi fərqli ifadələrlə dilə gətirmək və beləcə O Zatı daim qəlbimizdə təravətli saxlamaq isə vəfa borcumuzdur.

[1] Xırda şeylər, məsələlər. Mənasını dərindən düşünəndə, müştərəkliliyi qəbul etməyən şeylər deməkdir. Başqa şeylərə şamil olmayan şeylər.
[2] Bütün məxluqatın əfəndisi, ağasıdır.
[3] Varlıq aləminin ilki, ilk yaradılan.
[4] Nail olanı, bu qüdsi hədisin zahir olduğu varlıq, hədisin təcəlligahı.
[5] Tərif edən. Anladan. İzah edən. Tanıdan. Tərcüman.
[6] Paylayan, toptan məktubları paylayan.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.