Səbir Hekayəsi

Həzrəti İsanın (əleyhissalam) dünyaya gəlməsindən təqribən 9-10 əsr əvvəl Misir ilə Fələstin arasında Amalika adlı bir qövm yaşayırdı. Calut adlı bir hökmdarın idarə etdiyi bu qövm israil oğullarına hücum edib onları məğlub etmiş, vətənindən sürgün etmiş, ailələri pərən-pərən etmişdi.

İsrail oğulları düşmənlə müharibə aparmaq üçün peyğəmbərindən bir rəhbərin təyin edilməsini istədilər.

Bu hadisə peyğəmbər və digər şəxslərlə bağlı təfərrüata girmədən gələcək nəsillərə ibrət ola biləcək yönləri ilə “Bəqərə” surəsinin 246-252-ci ayələrində keçir. Qurani-Kərimdə sadəcə Həzrəti Musadan (əleyhissalam) sonra gələn peyğəmbərlərdən biri olduğuna dair işarə verilən bu Allah elçisinin adı Köhnə Əhddə Samuel olaraq qeyd olunur. Adı hər nə isə, İsrail oğullarını çox yaxşı tanıyan bu peyğəmbər: "Ya döyüş əmri fərz olar, siz vuruşmasanız?" deyincə onlar: "Niyə Allah yolunda cihad etməyək ki, vətəndən sürgün edilən biz, ailəsi pərən-pərən olan da bizik" cavabını vermişlər. Lakin belə desələr də, cihad fərz olanda çoxu sözündən dönmüş və sözündə durub müharibəyə qatılan sadiq çox az insan qalmışdı. Dövrün peyğəmbəri bunu əvvəlcədən bilməsinə baxmayaraq İsrail oğullarının rəhbər tələbini cavabsız qoymamış, Talutu hökmdar və ordu başçısı təyin etmişdi. Talut güclü-qüvvətli və iri cüssəli mənalarına gəlir; bu addan çox ləqəb, maddi-mənəvi gücün ünvanını xatırladır.

Talut və su ilə imtahan

İsrail oğulları əvvəlcə məsələyə var-dövlət və milliyyətçilik nöqteyi-nəzərindən yanaşmış və Talutun rəhbərliyini xoş qarşılamamışdır. Onlara görə kim daha çox var-dövlətə, əslə-nəcabətə maliksə, rəhbər, hökmdar o olmalı idi. Cənabi-Allah Taluta həm maddi, həm də mənəvi üstünlük vermişdi. O iri cüssəli, güclü-qüvvətli, yaraşıqlı olduğu kimi, dini, siyasi və hərbi yönü də mükəmməl olan, idarəçilik qabiliyyətinə malik şəxsiyyət idi. Əfsuslar olsun ki, İsrail oğulları hər zamanki "seçkinlik" ehtirasından əl çəkə bilməmiş və yüksək əslə-nəcabətə malik insanın təyin edilməsini istəmişlər. Peyğəmbər onlara bu seçimin Allah-Təalaya məxsus olduğunu işarə etməyə çalışmış, Talutun Haqq dərgahəndakı səviyyəsinə diqqət çəkmiş və belə demişdi: “(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mənəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər (Musanın əsası, Tövratın bəzi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin doğruluğunu təsbit edən) qəti dəlil vardır” (Bəqərə, 2/248). Ancaq bundan sonra İsrail oğulları Talutun hökmranlığına razılıq vermişdilər.

Talut Caluta qarşı müharibəyə hazırlıq ərəfəsində üzünü əsgərlərə tutub belə demişdi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir!” (Bəqərə, 2/249). Beləcə, Talut onları xəbərdar etmişdi, lakin onlar az bir qismi müstəsna olmaqla hamısı o sudan içmişdi. İçdikcə daha da susamağa başlamış, heç cür sudan doymamış və imtahanı verə bilmədən yolda qalmışdılar. Talut və zərurət miqdarı; bir ovuc su ilə kifayətlənən sadiq möminlər isə ehtiyaclarını görüb çayın digər tərəfinə sağ-salamat keçmişdilər. Suyun o biri tayında qalanlar isə ümidsizlik içində: “Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”! (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inanalar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!” (Bəqərə, 2/249) deyərək yollarına davam etmişdilər.

Səbir, səbat və nüsrət duası

Bəli, ölümdən qaçmanın mümkün olmadığını, bu gün olmasa da, sabah mütləq öləcəklərini və nəhayət Allahın hüzuruna çıxacaqlarını bilən möminlər əhdə vəfa göstərərək Haqq yolunda şəhid və öz vəzifəsini görmüş bir qazi olmağa qərar vermişdilər. Onlar Calutu və onun ürəklərə qorxu salan ordusunu görüncə ürküb qaçmaq əvəzinə Talutun ətrafında daha da möhkəm birləşmiş və Allaha sığınıb səbir etməyi seçərək belə niyaz etmişdilər: “Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!” (Bəqərə, 2/250)

İsrail oğullarından təhqiqi imanı qazanmış bu kiçik qrup sayları az olsa da, Allaha sığınmaqla zəfər çala biləcəklərinə qəlbən inanmış; müəyyən təlim-tərbiyədən, xəbərdarlıqdan sonra əldə etdikləri o iman üfüqü ilə mövcud şəraiti dəyərləndirmiş və səmimi qəlbdən duaya yönəlmişdilər. Onlar yalnız "bizə səbir ver" deməklə kifayətlənməmiş: "Səbri başımızdan aşağı leysan kimi boşalt, üstümüzə bol-bol səbir yağdır" deyərək Allahın inayətinə və səbrə nə nəqər möhtac olduqlarını dilə gətirmişdilər. "Rəbbimiz Sən yaratdın, Sən yetişdirdin bizi, ən yaxşı Sən bilərsən ehtiyaclarımızı, zəflərimizi, əskiklərimizi... Səbirlə coşdur qəlblərimizi, cəsarətlə doldur ürəyimizi, heç yorulmasın, səndələməsin ayaqlarımız. Geriyə bir addım da atmadan və yerimizdən ayrılmadan Sənin uğrunda layiqli bir mübarizə əzmi ver bizə, o kafir ordusuna qarşı kömək və zəfər nəsib et bu biçarə bəndələrinə!.." diləkləri ilə niyaz etmişdilər.

İsrail oğullarından çoxunun bu qədər söz-söhbət çıxarmalarından, əhdə vəfasızlıq etmələrindən və inananları yarı yolda qoyub geri dönmələrindən sonra, sadiqlərin az da olsa təvəccöhünü Cənabi-Haqq cavabsız və mükafatsız qoymamışdı. Allahın izni və inayəti ilə Davud (əleyhissalam) Calutu öldürmüş və Talut ordusu düşmənlərini məğlub etmişdi.