Sən vəzifəni yerinə yetir, inayət Allahdan

Cənabi Allah Müqəddəs Kitabında buyurur: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et! Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!" (“Maidə” surəsi, 5/67)

İlk növbədə təbliğ çox ciddi və ağır məsuliyyətdir. Peyğəmbərlik payəsi ilə şərəflənən və o ünvana layiq mahiyyətdə yaradılan bir insanın varlığının qayəsi sırf təbliğdir. Cənabi-Allah bir insana iffət (ismət), fətanət, sidq və sədaqət, etibarlılıq, nümunəvilik, istiqamət, rəbbanilik, hasbilik, ixlas, üstün təbliğ xüsusiyyəti... kimi ali qabiliyyət və istedadlar bəxş edib sonra onu peyğəmbərliklə şərəfləndiribsə, demək ki, o peyğəmbər sırf bu iş üçün, bu vəzifəyə müvafiq mahiyyətdə xəlq edilmişdir. Hər peyğəmbər bu xüsusi mahiyyətin şüurunda olaraq yaşamışdır. Onların məcburi istiqaməti risalətdir. Ayədə də "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et! Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan". Yəni bu o deməkdir ki,"Sənin məqamın risalət məqamıdır. Peyğəmbərlik vəzifəsini tam yerinə yetirməsən, məqamına layiq ola bilməzsən".

O dövrdə əksəriyyət pis əməllərin aludəçisi, xəstəsi idi. Xəstəlik onların ruhuna o qədər işləmişdi ki, tərgitsəydilər, hər şey alt-üst olardı. Bir narkomanın əl-qolunu bağlasan, narkotikin dəmi gələndə nə edər? Çığırıb-bağırar, sağa-sola dartınar. O dövrün insanları da məhz belə idilər. Alüdə olduqları çirkin vərdişəri tərgitmək onları dəliyə döndərirdi. Allah-taala belə bir mühitdə Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) "Nə olur-olsun, təbliğə davam et. Vəzifən bunu tələb edir. Hər məqamın öz ağırlığı var. Mövqeyini yaxşı tənzimləməsən, Səni o məqamdan məhrum edərik" deyirdi.

Düşmənlə dolu dünya

Digər tərəfdən, tutduğu yola görə qəbiləsi, hətta ən yaxın qohumları belə Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) düşmən kəsilmişdi. Məsələn, Əbu Ləhəb və yoldaşı Ümmü Cəmil Rəsuli-Əkrəmi qucağına almış, əzizləmiş, çiynində gəzdirmiş, cariyələri Süveybədən süd əmizdirtmiş insanlardır. Ancaq peyğəmbərliyini elan edəndə Əbu Ləhəb və yoldaşı Onun "ən amansız düşmən"inə çevrildilər. Peyğəmbərimiz düşmən şəxslərlə yanaşı, düşmən qəbilə və ölkələrin də əhatəsindəydi. Dünyanın ən güclü dövlətləri belə məsələni sezəndə qarşı çıxdılar. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hələ sağlığında Bizans ordusu Mədinənin qapısına qədər gəlib çıxmışdı. Bəli, O, daxildə və xaricdə amansız düşmənlərin əhatəsindəydi. Hər birinin strategiyası, planları, düşmənçiliyi fərqli idi.

Sözügedən ayənin bir müjdəsi vardı: "Sən öz vəzifəni yerinə yetir, bundan narahat olan olacaq, ancaq Sən narahat olma. Allah Səni qoruyacağını vəd edir. Allah kimsənin Sənə toxunmasına, pislik etməsinə imkan verməz. Sənə düşmənin əli dəyə bilməz. Pislik etmək niyyəti ilə gələnlər düz yolda yolunu azar. Allah səni ins və cinin şərindən qoruyacaq".

Bəli, O (sallallahu əleyhi və səlləm) bizə nümunədir. Allah-taalanın Rəsulunu təbliğ vəzifəsini yerinə yetirəndə hifz etməsi də bizə bir nümunədir. Əgər bizim mövqeyimiz də müəyyən məsələləri insanlara çatdırmağı tələb edirsə, bizə verilən bəzi nemətləri dərk ediriksə, buna layiq olmağa çalışmalıyıq. Məsələn, sizin gözəl nitqiniz var. Yəni rahatlıqla dininizi təbliğ edə bilirsiniz. Bir yoldaşınız da əlinə qələmi alanda duyğu-düşüncəsini İlahinin hüzurunda uyğun əks etdirə, rahat yazı yaza bilir və yazıları rəğbətlə qarşılanır. Bunların hər biri ilk mövhibədir (təmənnasız bəxş olunan nemət). İlk mövhibə Allahın lütfü, ehsanıdır. Hər ilk mövhibənin özünəxas şükürü var, bu da anlatma, yazma, danışma, yəni nemətləri nümayiş etdirməkdir. Və az-çox bacarığınız varsa və buna layiq olmağa çalışırsınızsa, bəzi insanların pis münasibəti ilə üz-üzə gələ bilərsiniz.

Allahın inayəti bizimlədir

Ustadın "Qardaşlarım, Allahın inayəti bizimlədir. Allahın izni və kərəmi ilə onların əli bizə çatdıracaq " dediyi kimi siz öhədənizə düşəni ixlasla etməyə çalışsanız, Allah (cəllə cəlaluhu) sizi də şərdən, hiylədən qoruyacaq.

Bəli, biz də ilk mövhibələri yaxşı qiymətləndirib öhdəmizə düşəni etsək, bizim qarşımıza da mütləq əngəllər çıxaracaqlar. Dərd-kədər, əzab-əziyyət, müqəddəs iztirab bu yolun alın yazısıdır. Ancaq unutmayaq ki, biz Allahın nəzarətindəyik, Onun inayəti, riayəti və hifzi başımızın üstündədir. Təki etimadı doğruldaq. O riayət çərçivəsindən kənara çıxmayaq. Yəni, əgər oraya xüsusi insanlar qəbul edilir və məsələn, vəfalılar, sadiqlər, təbliğ aşiqləri, adanmış insanlar və günaha meydan oxuyan igidlər və s... o dairəyə qəbul edilir, onlara siyanət, inayət, riayət və kilayət (hifz) vəd edilirsə, biz də bu vəsflərə yiyələnməliyik. Əgər bu məsələdə başımıza bir iş gəlirsə, ilahi hifz dadımıza çatmır, onu hiss etmiriksə, o, bizim nöqsanımızdan, lazımi səviyyədə olmamağımızdan.. zirehdə bir çat əmələ gəldiyindən, ucluq qırıldığından, sadaqda ilahi inayəti ovlamağa ox qalmadığındandır.

Xülasə

  • Cənabi-Allah hər peyğəmbərə xüsusi üstün istedad və qabiliyyətlər – iffət (ismət), fətanət, sidq və sədaqət, etibarlılıq, nümunəvilik, istiqamət, rəbbanilik, hasbilik, ixlas, üstün təbliğ xüsusiyyəti... bəxş etmişdir.
  • Tutduğu yola görə qəbiləsi, hətta ən yaxın qohumları belə Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) düşmən kəsilmişdi. Buna baxmayaraq Allah Onu qoruyurdu.
  • Unutmayaq ki, biz də vəfalılar, sadiqlər, təbliğ aşiqləri, adanmış insanlar və günaha meydan oxuyan igidlər və s... cərgəsinə girsək, Cənabi Allah bizi də qoruyacaq.

Səni əlimdən kim qurtaracaq?..

Qavrəs adlı bir cəsur qəbilə rəisi əlində qılınc gizlincə Allah Rəsulunun yanına soxularaq "İndi səni əlimdən kim qurtaracaq?" deyir.

Həmin an, sanki kainat "Allah!.." nidası ilə ehtizaza gəlir. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) cəsarətini görüb gur səsini eşidən Qavrəs kürəyindən zərbə alan insan kimi qılıncı əlindən salır, özü də yerə yıxılır. Allah Rəsulu qılıncı əlinə alır, "Bəs indi səni məndən kim qurtaracaq?" deyir, ancaq onu və onu cəzalandırmır, bağışlayır. Qavrəsin əliboş qayıtdığını görən qəbilə mat-məəttəl qalır. "Sənə nə oldu belə? Niyə bir iş görə bilmədin?" deyir. O belə cavab verir: "Mən indi ən yaxşı insanın yanından gəlirəm". Bəli, insanın əlində güc, imkanı ola-ola bağışlaması çox mühümdür. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) məhz bunu edir. Güc və imkan olmayanda da Əsl Güc Mənbəyinə sığınır. Dərhal "Lə havlə vəla qüvvətə illa billah" silahını hərəkətə gətirir.

Bu hadisə göstərir ki, Onda təvəkküldən daha üstün siqa (inanc, güvən, etimad) hissi vardı və "... Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!" (“Maidə” surəsi, 5/67) ayəsi siqa üfüqünə xas bir bəyan idi. Amma bunu bizim üçün təvəkkülə çağırış kimi götürmək olar. Yəni "Allaha təvəkkül edin, qorxmayın. Allah sizə kafidir. Kömək axtarırsınızsa, Allah sizə kifayətdir. Dost istəyirsinizsə, Allah sizə kafidir".

Bu nöqteyi-nəzərdən iki şeyə çox diqqət etməliyik. Birincisi, o qüdsi dairəyə daxil olmaq, yəni ixlas dairəsində ixlaslılar, sadiqlər, vəfalılar və adanmışlarla birlikdə olmaq. İkincisi, Allaha (cəllə cəlaluhu) çox güvənmək, çox etimad etmək və öhdəmizə düşən vəzifəni mütləq yerinə yetirmək.

Hələlik bu mövzunu Bədiüzzaman Həzrətlərinin sözləri ilə bitirək: "Bəli, Rəsuli-Əkrəm nəinki bir tayfaya, bir qövmə, bəzi siyasət əhlinə və ya bir dinə, hətta bütün padşahlara və bütün din əhlinə təkbaşına meydan oxudu. Əmisi, qövmü və qəbiləsi ona düşmən kəsilsə də, 23 il boyu dəfələrlə zülmə, hücuma, sui-qəsdə məruz qalsa da, mühafizəçisi, keşikçisi olmadan döşəyində rahatca vəfat edib Haqqa qovuşdu və dünyadan köçənə qədər hifz edildi. Bu, "Allah səni insanlardan qoruyacaq" (“Maidə” surəsi, 5/67) ayəsinin necə böyük bir həqiqətdən bəhs etdiyini və onun necə möhkəm istinada arxalandığını gün kimi göstərdi."

Həftənin duası

Ey Ulu Rəbbimiz! Uca dinini təkrar ucalt.. Müsəlmanlara nüsrətinlə dəstək ver.. bizim və inanan qardaşlarımızın məğlub olması üçün səy göstərənlərin bu mənfur arzusunu puça çıxart... boynundakı boyunduruğu, ayaqdakı kündəni qulluğun ən böyük əlaməti sayan bu aciz və fəqir qullarını, qardaşlarımızı və yoldaşlarımızı da ucalt, ayağa qaldır!.. Peyğəmbərimiz Həzrəti Məhəmmədə, ailəsinə və səhabələrinə səlat və salam edərək Səndən bunları diləyirik...

Sözün cövhəri

Bu gün Qurana könül verən insanlara Allah (cəllə cəlaluhu) elə gözəl işlər gördürmüşdür ki, zənnimcə, bu iş yarıda qalsa və başqa heç bir iş görülməsə belə milyonlarla insan cənnətə girə bilər. Yəni Allah əngin lütfü və mərhəməti ilə Rəsulullahın adını dünyanın hər tərəfinə yaymaq üçün çalışan bu insanların hamısını cənnətinə qoya bilər...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.