Sözündə duran igidlər

Doğruluğun zirvəsi Nəbilər Sultanı (sallallahu əleyhi və səlləm) daim doğru yaşamış, ümmətinə də həmişə doğruluğu tövsiyə etmişdir. Bunların bir neçəsini sadalamaq istəyirəm:

"Mənə bu altı şey haqqında təkəffül olun (söz verin), mən də sizə Cənnəti təkəffül (kəfil olmaq, təminat vermək) edim:
- "Doğru danışın!
- Verdiyiniz vədi yerinə yetirin!
- Əmanətə sadiq olun!
- İki paça aranızı qoruyun (“Zina etməyin” və s.)!
- Gözlərinizi haramdan qoruyun!
- Harama əl uzatmayın".

Bəli, O daim doğru yaşamış, doğruluğu tövsiyə etmiş və özünəxas doğruluğu ilə zirvələrə ucalmışdı. Əlbəttə, O hər cəhəti ilə bir bəşər övladı idi. Lakin doğruluq Onu məhz belə bir səviyyəyə yüksəltmişdi. O, bizə də eyni şeyi tövsiyə edir və: "Doğru, düz danışmağa söz verin, həyatınıza yalan qarışdırmayın, mən də sizə cənnəti söz verim," – deyir.

Başqa bir hədisdə də belə buyurur:

"Doğruluq sizi həlak etsə də, daim düzlük axtarın. Şübhəsiz, onda sizin qurtuluşunuz var".

Bir başqa hədisdə də belə fərman edir:

"Doğruluqdan ayrılmayın. Doğru sizi birrə (yaxşılığa), o da sizi Cənnətə aparar. Kim doğru olar və daim doğrunu axtararsa, Allah dərgahında siddiq kimi yazılar. Yalandan çəkinin. Yalan insanı fücura (günaha), o da Cəhənnəmə aparar. Kim dayanmadan yalan danışır və yalan axtarırsa, Allah dərgahında yalançı kimi yazılar".

Qurtuluş və nicat doğruluqdadır. İnsan doğruda (doğru yolda) ölsə də, bir kərə ölər. Halbuki hər yalan öz-özlüyündə bir ölümdür.

Və əhdinə vəfalı sadiqlər Quranda təqdirlə yad edilir: "Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər" (“Əhzab” surəsi 33/23)

Ənəs b. Malik (Allah Rəsulunun xidmətçisidir. Peyğəmbərimiz (s.ə.s.) Mədinəyə təşrif gətirincə anası hələ səkkiz-on yaşlarında olan Ənəsin əlindən tutub Allah Rəsulunun hüzuruna gətirmiş və "Ya Rəsulullah! Oğlum ömür boyu sənə xidmət etsin," – demiş və Ənəsi orada qoyub getmişdi): "Bu ayədə əmim Ənəs b. Nadr və ona bənzər insanlar nəzərdə tutulur," deyir.

Sədaqət qəhrəmanı Ənəs (r.a.)

Ənəs b. Nadr Əqabədə Allah Rəsulunu görüncə Ona bağlanmış, Onu dəlicəsinə sevmişdi. Necə olmuşdusa, Bədir döyüşünə qatıla bilməmişdi. Halbuki Bədrin ayrı bir yeri vardı. Hətta Bədirdə vuruşan səhabələr seçkin səhabələr olduğu kimi, Bədirdə iştirak edən mələklər də seçilmiş mələklər sayılır. Bu, bilavasitə Bədirdə olmuş və mələklərə rəhbərlik etmiş Cəbrailin sözüdür. Ənəs b. Nadr bu fürsəti əldən vermişdi və buna görə çox kədərliydi, gözünə yuxu girmirdi. Dərdini Allah Rəsuluna açdı: "Ya Rəsulullah, əgər onlarla bir daha qarşılaşsam, onda kafirlərin vay halına". Ənəsin bu səmimi duası qəbul olunmuş və Uhudda kafirlərlə qarşı-qarşıya gəlmişdi...

Uhud... Uhud adı gələndə insan kədərlənir. Çünki orada yetmiş səhabə şəhid olub. Kim bilir, bəlkə də, Rəsulullah acı xatirə ilə anılmasın deyə bir gün Uhudun yanından keçərkən: "Uhud elə bir dağdır ki, o, bizi sevir, biz də onu," – buyurmuşdu.

Uhud sıldırım, yalçın dağdır. Lakin Uhud döyüşü o dağdan da sərt keçmişdi. Necə olmuşdusa səhabə keşikdə durduğu yeri lazımınca qoruya bilməmiş, Allah Rəsulunun tapşırdığı istehkamı tərk etmişdilər. Bu döyüşdə Allah Rəsulu da yaralanmış, mübarək dişi qırılmış, dəbilqəsi üzünə batmış və vücudu qana qərq olmuşdu. Buna baxmayaraq, O mərhəmət peyğəmbəri əllərini açıb dualarla yalvarmış və: "Allahım! Qövmümü bağışla, çünki onlar bilmirlər," – buyurmuşdu.

Ənəs b. Nadr Uhud günü ora-bura qaçır, bir il əvvəl Allah Rəsuluna verdiyi sözü yerinə yetirməyə çalışırdı, ancaq o da çoxu kimi həyatının sonuna doğru irəliləyirdi. Bəli, bədəni dəlik-deşik olmuş, son dəqiqlərini yaşayırdı. Üzündə son təbəssüm, yanına yaxınlaşan Sad b. Muaza belə deyirdi: "Rəsulullaha məndən salam de. Vallah, Uhudun arxasından Cənnətin ətrini duyuram".

O gün şəhidləri tanımaq mümkün deyildi. Hz. Həmzəni (r.a.), Musab b. Umeyri tanımaq mümkün deyildi, Abdullah b. Cahşın parçalanmış bədənini bir yerə yığandan sonra tanımışdılar. Ənəs b. Nadr da eyni vəziyyətdə idi. Bacısı gəlib qılınc tutan əlinə (güman ki, təkcə oradan zərbə almamışdı) baxıb onu tanımış və gözü yaşlı: "Bu, Ənəs b. Nadrdır, ya Rəsulullah!" deyə bilmişdi.

Ayə məhz bu mərd igiddən bəhs edirdi. O, verdiyi sözü yerinə yetirmişdi. "Ölənə qədər vuruşacağam," demiş və canını fəda etmişdi. Ölüm belə onu yalançı çıxara bilməmişdi.

Ayənin ondan bəhs etməsinin səbəbi inananlara nümunə olmasıdır. Bəli, "Lə ilahə illəllah" dedikdən sonra hər insan bu sözün mahiyyətinə sadiq qalmalıdır ki, din, iman, şəriət əldən getməsin...

Ənəs b. Nadr və Ənəs b. Nadr kimilər sözlərində durdular. Sözünə sadiq və doğru olduqlarını isbat etdilər. Çünki onlar dərslərini Muhammədul-Əmindən almışdılar. O, necə doğru və əmin idisə, dostları da eyni şəkildə doğru və əmin idilər...

Xülasə

  • Doğruluğun zirvəsi Nəbilər Sultanı (sallallahu əleyhi və səlləm) daim doğru yaşamış, ümmətinə də həmişə doğruluğu tövsiyə etmişdir. Əlbəttə, O hər cəhəti ilə bir bəşər övladı idi. Lakin doğruluq Onu məhz belə bir səviyyəyə yüksəltmişdi.
  • Ənəs b. Nadr Əqabədə Allah Rəsulunu görüncə Ona bağlanmış, Onu dəlicəsinə sevmişdi. Necə olmuşdusa, Bədir döyüşünə qatıla bilməmişdi. Ənəs b. Nadr bu fürsəti əldən vermişdi və buna görə çox kədərliydi, gözünə yuxu girmirdi.
  • Ənəs b. Nadr Uhud günü ora-bura qaçır, bir il əvvəl Allah Rəsuluna verdiyi sözü yerinə yetirməyə çalışırdı, ancaq o da çoxu kimi həyatının sonuna doğru irəliləyirdi. Bədəni dəlik-deşik olmuş, son dəqiqlərini yaşayırdı.

Günahı xəyalına belə gətirməsin

Allah Rəsulu bir hədisdə: “İnsan bir pis əmələ niyyət edib onu etməsə, bir savab qazanar; başqa bir hədisdə isə pis əmələ niyyət edib onu etməsə də, günah qazanar,” – deyə bildirir.

Bu iki hədisdə nəzərdə tutulan mənaya diqqət edəndə, birinci hədisin bizim kimi avam, adi insanları nəzərdə tutduğunu, ikinci hədisin isə Allahın lütflərlinə məzhər olmuş və bu lütflər üfüqündə yüksəlmiş insanlara aid olduğunu görürük. Çünki bu cür insanın pis bir şeyi təsəvvür etməsi belə Allaha yaxınlıqla bir yerə sığmır, Buna görə onlar (ikinci bəddə nəzərdə tutulanlar) cəzalandırılar. Həmçinin çox əhəmiyyətli (əhəmiyyətli olduğu qədər müqəddəs) bir məkanda olan, yalnız oxuma, düşünmə, iman və Qurana xidmət etməklə Allaha qürbiyyət, yəni yaxınlıq gözlənilən belə insanların fücura girməsi, küçə-bazara çıxarkən gözlərinə diqqət etməməsi Allahın bu qədər hifz, himayə və siyanətinə hörmətsizlik olduğu üçün, daha böyük cəzaya məruz qala bilər. Onlar belə şeylərə məruz qalanda şeytanın oxuna tuş gəlmiş kimi dərhal Allaha yönəlməli və: “Əstağfirullah, Ya Rəbbi!” deməlidirlər...

Məsələnin başqa tərəfi: qəsdən və qeyri-ixtiyari, vəzifənin tələbinə görə belə şeyləri edən müsəlmanlar haqqında sui-zənn etmək heç vaxt doğru deyil. Çünki bu insanlar vəzifələrin tələbinə görə cəmiyyətə qarışır və işini ancaq belə görə bilirlər. Dolayısilə: “Cəmiyyətin içində olub onun çətinliklərinə  dözmək, tək başına olmaqdan daha xeyirlidir,” hədisi onlar üçün bir sığınacaq ola bilər. Bu mənada xeyir düşüncəsi ilə istər məktəbdə şagird və ya müəllim, istər iş adamı olsun, istər başqa iş görsünlər, iradi olaraq bu cür şeylərə bulaşmadıqca, eynilə küçədə gəzərkən paçalara sıçrayan palçığın namaza mane olmaması kimi, onlar da bunun məsuliyyətini daşımazlar.

Lakin məcburiyyət olmadan, qəsdi və iradi olaraq belə günahlara qapı açılsa, Allah-Təala burada sorğuya çəkməsə də, axirətdə hesaba çəkə bilər; axirətdə soruşması dünyada soruşmasından daha şiddətlidir. Dolayısilə, xüsusilə, Allah-Təalanın xas dairəsindəki insanlar ictimai münasibətlərdə çox diqqətli və qənaətkar olmalıdırlar. Bu səbəblə bu məsələyə həssas yanaşanları əhəmiyyətsiz görmək qətiyyən doğru deyil.

Haftanın Duası

Ey varlığı canlarımızın canı, nuru gözlərəmizin ziyası Uca Varlıq! Sən bədənlərimizə can verməsəydin, bizim palçıqdan nə fərqimiz olardı!
Sən gözlərimizə ziya verməsydin, kainatı və Səni necə tanıya bilərdik! Sənə kainatın zərrələrin sayı qədər həmd-səna etsək, yenə də layiqincə şükür edə bilmərik... Ey Gözəllər Gözəli! Könüllərimizi gözəllik duyğuları ilə xoş et və bizə daim gözəl qalmanın yollarını göstər!

Sözün Cövhəri

Xəyal da təfəkkür kimi, əzmə, ideala.. aid məsələlərlə məşğul olduğu zaman gözəl və faydalı, çirkin və çirkabla məşğul olduğu zaman da pis və zərərlidir.
Xüsusi ilə, gənclərdə həvəs istiqamətli xəyal və təsəvvürlər onları elə pis əməllərə sürükləyə bilər ki, bir daha özlərinə gəlmələri çox çətin olar. Bu baxımdan, hər günah içində küfrə gedən bir yol olduğu kimi, içində fəsad və fücur olan hər xəyal da insanı əxlaqsızlığa və zəlalətə aparan xəyali bir qulyabanidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.