Tövbənin özü ən böyük şəfaətçidir

Axirətdə Nəbilər, övliyalar, əsfiyalar və şəhidlər dərəcələrinə görə Haqq-Təalanın onlara bəxş etdiyi səviyyədə şəfaətə vəsilə (şəfaətçi) olacaqlar. Ancaq bu mövzuda da yenə İnsanlığın İftixarı Peyğəmbərimiz (s.ə.s.) ən yüksək zirvədə olacaq.

Çünki hər Nəbi ona bəxş edilən bir dəfəyə məxsus hüdudsuz tələb (şəfaət) haqqını dünyada istifadə edərkən, böyük fətanət (yüksək zəkalılıq,iti qavrama) sahibi Peyğəmbərimiz (s.ə.s.) bunu axirətə saxlamışdır. O gün hər kəs öz dərdinə çarə axtararkən, Rəsuli-Əkrəm (s.ə.s.): "Ümməti, ümməti!..", – deyə inləyəcək və Ona az da olsa, bağlı olan hər kəsin qurtuluşunu Allahdan diləyəcəkdir.

Müşfiq Nəbi (s.ə.s.) məhşərin və hesabın dözülməz dəhşəti və şiddətli çətinliklərində kömək axtaran insanların müraciətlərini nəzərə alaraq mühakimə və hesabın asan olması üçün Allah-Təalaya yalvaracaq; "Şəfaəti-Üzma" və "Məqami-Mahmud"un Sahibi ünvanı ilə imandan nəsibi olan hər kəsin imdadına qaçacaq. Allah Rəsulu (s.ə.s.) insanların pərişan və dərbədər olduqları, lakin onların xilas olmağa bir vəsilə tapa bilmədikləri məqamda bütün insanlığı qucaqlayan şəfqəti ilə dada yetişəcək və "ən böyük şəfaət" mənasına gələn "şəfaəti-üzma"sı ilə bir çox insanın əlindən tutacaq.

Bəli, mütəmadi olaraq böyük günah işləməməklə birlikdə, qəflət anında kəbairdən birinə, ya da bir neçəsinə düşmüş, lakin vaxt keçirmədən dərhal Allaha təvəccöh etmiş və günahın peşmançılığını həmişə içində duymuş insanlar da axirətdə şəfaətə nail olacaqlar. Əgər öz saleh əməlləri və Haqq dostlarının kömək üçün uzanan əlləri belə insanların qurtuluşlarına kifayət etməsə, Rəsulü-Əkrəm (s.ə.s.) "şəfaəti-kübra"sı ilə onların imdadına çatacaq; əsas odur ki, günahlardan qəlbləri tamamilə möhürlənmiş və axirətə imansız getmiş olmasınlar!..

Ən böyük günahlar

Rəsuli-Əkrəm (s.ə.s.) müxtəlif səbəblərlə böyük günahlara diqqət çəkmiş, həmsöhbətlərinin xüsusi hallarına görə, bəzən üç, bəzən beş, bəzən də yeddi kəbairi sıralayaraq, ümmətini bu mövzuda xəbərdar etmişdir. Kainatın Fəxri Peyğəmbərimiz (s.ə.s.) müxtəlif zaman və məkanlarda böyük günahlara üç, beş, yeddi sayı ilə sərhəd qoyduğuna görə, sələfi-salehin kəbairin sayı barədə fərqli görüşlər bəyan etmişlər. Alimlərin əksəriyyəti hədislərdə sayılan maddələrin hasr (məhdudlaşdırma) ifadə etmədiyini söyləmiş; "böyük günah" tərifinə əsaslanaraq, dinin əsas mənbələrində qınama və cəzalandırma xəbərdarlığı olan günahların hamısını bu kateqoriyada dəyərləndirmişlər. Məsələn, İmam Zəhəbi yetmiş altı kəbirədən bəhs edir. Allaha şirk qoşmaq, ana-ataya üsyan etmək, haqsız yerə adam öldürmək, iffətli insanlara böhtan atmaq, fahişəlik etmək, mücahidə günü cəbhədən qaçmaq, sehrbazlıqla məşğul olmaq, yetimin malını yemək, qumar oynamaq, sərxoş edici və uyuşdurucu maddələrdən istifadə etmək, yalan yerə şahidlik etmək və dinə zərər verəcək bidətlərə tərəfdar olmaq kimi cinayətlər böyük günahlardan bəziləridir.

Əhli-Sünnə etiqadına görə, mütləq şirk xaricində böyük günah işləyənlər dindən çıxmış olmazlar və Cəhənnəmdə əbədi olaraq qalmazlar. Böyük günahlarından tövbə etmədən ölsələr də, imanla axirətə imanla gedəcəkləri təqdirdə Allah-Təala fəzli-kərəmi ilə diləsə, onları da bağışlayar, ya da ədalətlə onlara Cəhənnəm əzabını müvəqqəti daddırar.

İnşaallah, səhvlərini "ləməm" sərhəddində saxlaya bilənlərin tövbələri, ibadətləri və saleh əməlləri onlara şəfaətçi olacaq. Haqq Təalanın şərəfinə, ululuğuna və əzəmətinə toxunacaq səhvlər etməyən bəzən yol itirsələr də, əgər dərhal: "Rəbbim, Sənə qayıtdım!.." deyərək bir daha Allah-Təalaya yönəlsələr, bu tövbələri sayəsində xilas olacaqlar. Tövbə onların nicatı üçün bir səbəb sayılacaq. Haqq Təalanın şərəfinə, ululuğuna və əzəmətinə toxunacaq səhvlər etməyən bəzən yol itirsələr də, əgər dərhal: "Rəbbim, Sənə qayıtdım!.." deyərək bir daha Allah-Təalaya yönəlsələr, bu tövbələri sayəsində xilas olacaqlar. Tövbə onların nicatı üçün bir səbəb sayılacaq. Bəli, kiçik qüsurları xaricində günahların böyüklərindən və hər cür çirkin əməllərdən çəkinənlər üçün istiğfarın özü bir şəfaətçidir, tövbə özü başqa bir şəfaətçidir və yenə də dua tamamilə fərqli bir şəfaətçidir.

Buna görə də, hər ibadət və hər yaxşılıq bir şəfaətçidir; namaz bir şəfaətçidir, oruc bir şəfaətçidir, həcc bir şəfaətçidir. Böyük günahlarla axirətə getməyənlərə bu hasənədən (xeyirli əməllərdən) biri, ya da bir neçəsi şəfaət edəcək. Az da olsa sədəqə şəfaətçidir, gözəl bir söz şəfaətçidir, yoldakı bir maneəni aradan qaldırmaq şəfaətçidir və bir heyvana mərhəmət göstərmək şəfaətçidir. Haqq-Təala bəzilərini də bunlardan biri ilə bağışlayacaq. Axirətdə bəzilərinə İlahi Bəyan, bəzilərinə xidməti-Quran və bəzilərinə də azan şəfaətçi olacaq. Bəzi ana-atalar haməleyi-Quran (Quran həqiqətlərini tanıdan və yayan insanlar) olan övladları sayəsində, bəziləri yetkinliyə çatmadan vəfat etmiş uşaqları vasitəsilə və hətta bəziləri də düşürdükləri körpələri səbəbilə qurtuluşa nail olacaqlar.

Bundan başqa, Allah-Təala bəzi qullarına da şəfaət etmə haqqı vermişdir; insan bu haqqı küfr və dəlalətlə çürütməsə, Allah-Təala, rəhmətinin təcəllisi olaraq verdiyi o lütfü-ehsanı geri almayacaq. Beləliklə də, nəbilər, övliyalar, əsfiyalar və şəhidlərdən ibarət çox böyük bir təbəqə onlarla dünyada münasibət quran,onlara bağlı olan, onlara məhəbbət bəsləyən və vəfa göstərən möminlərə şəfaət edəcəklər. İmanlı ölməklə yanaşı, böyük günahların yükünü çiynindən ata bilməmiş kəslər, əgər yuxarıda sayılan şəfaətçilərdən heç birinin ətəyindən tuta bilməsə, bax o zaman da Şəfaəti-Üzma və Məqami-Mahmudun sahibi Müşfiq Nəbi (s.ə.s.) Allahın izni ilə "İndi isə növbə mənimdir!.." deyəcək, imanın, Allaha məhəbbətin və Onunla münasibətin hörmətinə əhli-kəbairə əl uzadacaq.

Xülasə

  • Əhli-sünnə əqidəsinə görə şəfaət var və haqdır. Təki insanlar o şəfaətə layiq səviyyəyə çataraq axirətə köçə bilsinlər.
  • Şəfaətə layiq olmaq şəfaət edəcək insanlarla möhkəm irtibat qurulmasından asılıdır. İrtibatı kəsənə isə iltifat edilməz.
  • Başda Peyğəmbərimiz olmaqla bəzi insanların şəfaət haqqı olacağı kimi, saleh əməllərimiz də axirətdə bizə şəfaətçi ola bilər.

Əhəmiyyətsiz hesab edildikcə böyüyən günahlar

Qurani-Kərimdə: "(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər…" (Nəcm, 53/32) ayəsi kimi böyük-kiçik günah ayrımına, "kəbirə" ilə "ləməm" fərqinə işarə edən bəyanlar mövcuddur.

Ləməm, kəbirənin sahəsi və ya tərifi xaricində qalan, israrlı və davamlı olmadan edilən kiçik günahlardır; mütləq cəzası (hədd cəzası) olmayan və bu günahları işləyənin Cəhənnəm atəşi ilə hədələnməsinə səbəb olmayan mənfiliklərdir. Belə ki, bu cür qadağaların xaricinə çıxmalar barədə mütləq cəzanın, ya da Cəhənnəm atəşi kimi hədələyici bəzi ünsürlərin olmaması insanı aldatmamalıdır. Çünki kiçik görüb əhəmiyyət verməmək, günaha girə-girə vərdiş edərək, tamamilə qəflətə dalmaq və mənfilikləri işləməkdə israrlı olmaq kimi səbəblərlə ən kiçik üsyan çuxurları belə, dəhşətli, məhvedici uçurumlara çevrilə bilər.

Məsələn, bir insanı alçaltmaq və qaş-gözlə ona lağ etmək zahirən kiçik bir günah sayılır. Əgər insan səhvən belə bir günaha girər, lakin dərhal qəbahətini anlayıb istiğfar edərsə (Allahdan əfv dilərsə), bu mənfilik "ləməm" olaraq qalar, lakin günah işləməkdə israr edər və onu fitrəti (xasiyyəti) halına gətirərsə, artıq o qəbahət kəbirəyə (böyük günaha) çevrilər. Necə ki, Qurani-Kərimdə: "(Arxada) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına (veyl olsun)!" (Huməzə,104/1) buyurulur, insanların arxasınca danışan, hörmətdən salan, qaş-göz hərəkətləri ilə onlarla əylənənlər qınanılır. "Veyl" həm "vay halına" mənasına gəlir, həm də Cəhənnəmin ən dərin dərəsinin adıdır. Başqa sözlə, möminləri ayıblayan və əl, qaş-göz işarələri ilə onlara lağ edənlər bu günahda israr edib-etməmələrinə və tövbə ilə təmizlənib-təmizlənməmələrinə görə: "vay halına" qınağından tutmuş Cəhənnəm əzabına qədər müxtəlif cəzalara məhkum edilə bilər.

Beləliklə, qəbahətin kiçiyinə-böyüyünə baxaraq deyil, günahları işləməklə kimə qarşı gəldiyimizi və Onun əzəmət və böyüklüyünü düşünüb günahlardan çəkinmək lazımdır. "Lə sağirətə məal-israr, vəla kəbiratə məal-istiğfar–İsrar edildiyi təqdirdə heç bir günah kiçik sayıla bilməyəcəyi kimi, istiğfarla məhv edilən bir günah da əsla kəbirə olaraq qala bilməz" ifadəsinə əsasən, əsas böyük günahlar israrla edilən kiçik üsyanlardır. Çünki insan bir günahın küfrə səbəb ola biləcəyini və məhvedici olduğunu bilsə, bir anlıq qəflətlə o əməli işləsə də, ağlı başına gələn kimi dərhal tövbə çeşməsinə tələsər, göz yaşları içində istiğfar edər və üsyan kirlərindən təmizlənər. Lakin "ləməm" hesab etdiyi günahlara əhəmiyyət verməsə, "axırıncı dəfə, bir dəfə də..." deyə-deyə tələyə düşər və bir daha günahlardan yaxasını qurtara bilməz.

Həftənin duası

Ey hər işin əvvəli və sonu... Ey yeganə məbud və həqiqi məqsud olan, kainatın bütün zərrələri birliyinə və təkliyinə açıq-aşkar dəlil olan Uca Rəbbimiz! Bizi Sənə hər cür üsyandan, günahdan, razı olmadığın çirkin halların kirli abı-havasından qurtar.

Salətü-salamla açılan əllərimizi bir daha Peyğəmbərimizi, Onun ailəsini və səhabələrini xeyrlə yad edərək endirir, duamızın qəbulu ümid ilə bunları Səndən diləyirik, ey Rəbbimiz!

Sözün cövhəri

Mədinənin Gülü və könlümün çiçəyi.. O olmasaydı, aləmin nə dəyəri olardı.. O olmasaydı, biz yaradılmazdıq.. O olmasaydı, xilqətin sirrini heç vaxt öyrənə bilməzdik.. O olmasaydı, varlıq aləmini bir kitab kimi oxuya, bir məşhərtək mütaliə edə, o kitabın sətir və səhifələrindən Ona aparan yolları tapa bilməzdik.

O olmasaydı, cənnəti duymaz, cəhənnəmdən ürpərməzdik. Cənnətin yolunu kəsən dərdi-səri sevə, cəhənnəmi ətrafını saran şəhvətdən uzaq dura bilməzdik. Camal nədir, rizvan nədir bilməzdik.. xülasə, O olmasaydı, biz də heç olardıq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.