Xanəpərəstlik və Xidmət
Xanəpərəst isti yuva, ailə və uşaqlarına görə evinə həddindən artıq bağlı olan, xanəsində hüzur və rahatlığın pozulmaması üçün lazım gəlsə, hər şeydən vaz keçən, bəzən də rahatlığa düşkünlüyündən bir addım da evdən çölə atmayan, camaatla qaynayıb-qarışmayan və insanların əziyyətindən qaçmaq üçün özünü dörd divar içində həbs edən insan deməkdir.
Tarix boyu bəzi insanlar nəfsi təzkiyə və qəlbi təsfiyə etmək üçün xəlvətxanələrə çəkilib inziva həyatı yaşamışlar. Xəlvətilik də məhz bu anlayışdan meydana gəlib yayılmışdır. Ancaq müasir dövrdə daima insanların arasında olmaq, onlardan gələn əziyyətlərə dözmək və bir mənada “cəlvəti” olmaq inzivada Allaha çatmaq üçün göstərilən cəhd və səydən daha savablı hesab olunmuşdur. İnsanların dərdinə şərik olmaq, sevincini bölüşmək və həmişə yanlarında olaraq onları irşad etmək, xüsusilə, bu zaman kəsimində daha əhəmiyyətli sayılımışdır.
Bu baxımdan xanəpərəstlik evə qapanma, hər kəslə əlaqəni kəsmə şəklində bir təcərrüddür (təcrid), dolayısilə həm kişilər, həm də qadınlar üçün keçərlidir. Bəli, xanəpərəstlik mərəzi qadınlar üçün də çox təhlükəli xəstəlikdir. Ana-ataya sileyi-rəhm (yoxlama, hal-əhval tutma) borcundan dostluq əlaqələrini qorumağa qədər mühüm insani münasibətlərə dəyər verməmək, insanlarla görüşməmək, dost-tanışla bir araya gəlməmək, qapıları hamının üzünə bağlamaq və dar dairədə xoşbəxtlik vəsilələri ilə kifayətlənib sırf şəxsi həyatı yaşamaq şəklində özünü göstərən xanəpərəstlik xəstəliyi ən az kişilər qədər qadınları da məhv edir.
Əlbəttə, qadın evinə çox dəyər verməli və uşaqlarına yaxşı baxmalıdır. Bütün bunlarla yanaşı, onun da bəzi ictimai vəzifələri vardır. O da söhbəti-Canan məclislərinə qatılmalı, dini və elmi müzakirələrdə iştirak etməli, yoldaşlarıyla birlikdə söhbət etməli, ümumi ictimai problemlərə çarə axtarmalı, bu məqsədlə edilən məşvərətlərdə fikir cəhdini ortaya qoymalı və dinə xidmət etmək üçün hər bir imkanı dəyərləndirməlidir.
İstər qadın istər kişi - hər mömin üstündə Allahın, nəfs və ailənin haqqı olduğunu bilib bunları yerinə yetirməyə çalışdığı kimi, yaşadığı cəmiyyət qarşısında da müəyyən məsuliyyətlər daşıdığını mütləq nəzərə almalı və Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) buyurduğu kimi, “hər haqq sahibinə haqqını verməyə çalışmalıdır”. Əgər ər-arvad öz aralarında vəzifə bölgüsünü düzgün aparsa, işlərini düzgün tənzimləsə və hər mövzuda bir-birinə yardım əli uzatsa, hər ikisi də həm bir-birinin, həm digər ailə üzvlərinin hüququna, həm də Allah Təalanın, Rəsuli-Əkrəmin, Qurani-Kərimin, Din və iman xidmətinin haqqına riayət etməkdə istiqaməti əldə edə bilər.
Rahatlığa düşkün xanəzədələr
Əslində, xanəpərəstliyin kökündə olan tənbəllik və rahatlığa düşkünlük yatır ki, bu da hər cür zillət və məhrumiyyətin əsas səbəblərindədir. Xanəpərəst insan evinin qapı-pəncərəsini möhkəm-möhkəm bağladığı kimi, könül qapılarını da başqalarının üzünə bağlayar. Həm içəri, həm də içinə qapanır, bütün ömrü xanədə keçirmək istəyir. Bir iş görmək, və ya bir ehtiyacı təmin etmək üçün çölə çıxanda belə gözü həmişə evdə qalır. Əslində insanın gözünün evində olması bir mənada çox gözəl xüsusiyyətdir; bu, əhli-əyala bağlılığın göstəricisidir. Ancaq bir tərəfdən də onda rahatlığa düşkünlük, heç bir çətinliyə yaxın durmama, dinə xidmət yolunda belə zəhmətə qatlanmağı düşünməmə xüsusiyyətinin təsiri var. Məhz bu cür evə düşkünlük “Hücumatı-Sittə”də fərqli aspektdən izah edilən tənpərvərlikdir (rahata düşkünlükdür) və haqq ərənləri üçün ən böyük fəlakətlərdən biridir.
Bəli, müəyyən dünyəvi ehtiyacları təmin etməkdə və axirət hazırlığı görməkdə köməkçi amil olan ailənin bilavasitə məqsəd kimi qəbul edilməsi və insanı toplumdan qoparması çox təhlükəli zəmindir. "Birdəm evimdən olaram, ailəmi itirərəm, uşaqlarımdan ayrı düşərəm, başqası nəyimə lazım, mənim də bir həyatım var!.." kimi sözlər, xüsusilə adanmış ruhlar üçün öldürücü viruslardır. Çünki bunlar məqsədsiz, hədəfsiz, dava idealından uzaq və yaradılışın mənasını qavraya bilməyən insanlara xas düşüncələrdir. Məfkurə qəhrəmanları insanı bir “xanəzədə”yə (evə, ailəyə həddən artıq bağlılıqdan ziyana düçar olmuş insan) çevirən bu hislərdən çox-çox uzaqdır, uzaq olmalıdır.
Unudulmamalıyıq ki, Osmanlı ərənlərinə xas mübarizə eşqi və "sərhəd sevgisi" sayəsində kiçik bir tayfadan böyük bir cahan dövləti doğulmuşdur. Bir gün harəm (ev, ailə) sevgisinin bu eşq və arzunun yerinə keçməsi böyük bir millətin yerlə-yeksan olması ilə nəticələndi. Üstəlik harəm sevgisi və xanəpərəstlik ucbatından qaravulu tərk edənlər çox vaxt əksinə gözlənilməz yerdən zərbə almış, isti yuvalarını da, ailələrini də itirmişlər.
Xülasə
- Yuva (ailə) müəyyən dünyəvi ehtiyacların təmin edilməsi və axirət hazırlığının görülməsində köməkçi bir amil kimi var edilmişdir.
- Buna binaən, yuvanı əsas məqsəd bilib hər işini ona görə tənzmiləyən insan Allahın bu mövzuda muradını anlamamışdır.
- Xanəpərəstliyin bünövrəsində tənbəllik və rahatlığa düşkünlük kimi bəzi qeyri-əxlaqiliq dayanır. Bu səbəbdən də şeytanın oyuncağına çevrilməyə müsaitdir.
Yaşamaq sevinci deyil, yaşatmaq eşqi
Əgər "yaşamaq sevinci" birləşməsi ilə həyatın bütün çətinliklərinə baxmayaraq ümidi, əzmi itirməmək, həmişə hadisələrin müsbət cəhətlərinə baxmaq və gələcək haqqında ümidli olmaq nəzərdə tutulursa, bu anlayışı qəbul etmək olar.
Ömrün hər anını yaxşı dəyərləndirmək, vaxtı boş keçirməmək, həyatdan küsməmək, varlığın qiymətini dərk etmək, məxluqatı əsmayi-ilahiyə aid cəhətlərinə görə çox sevmək, “dostlarım var” deyə inşirah duymaq və bütün bunlar sayəsində ruhi-mənəvi gümrahlığı qoruyub saxlamaq mənasında götürülən "yaşamaq sevinci" məqbul bir anlayışdır.
Ancaq heç ölməyəcəkmiş kimi dünyaya bağlanmaq, günü kefdə-damağda keçirməyə çalışmaq, cismani və maddi ləzzətlərin dalınca qaçmaq, ömür boyu bir maddi ləzzətdən digərinə tələsmək və axirətə köçməyi xoş qarşılamayıb həmişə burada yaşamağı arzulamaq… belə bir zehniyyət rədd edilmişdir, mərdutdur. Belə bir həyat eşqi ruhun səfilləşməsi və insanın insani qabiliyyətlərini itirərək daxilən çürüməsidir. Tarix şahiddir ki, belə bir yaşama zövqü və sevinci qarmağını hansı millətə keçiribsə, onun ağlını başından almış, yolundan azdırmış və sonra da yerlə-yeksan etmişdir.
Mömində yaşamaq sevincindən (sevgisi) çox, ubudiyyət şövqü və yaşatmaq iştiyaqı olur. Bildiyiniz kimi şövq xidmətdən yolulub bezməmə, əsla ümidsiz olmamaq, heç vaxt bədbinliyə düşməmək, zahirən ən pis, ən çirkin görünən hallarda belə Haqq Təalanın bir hikmət və rəhmətinin ola biləcəyi düşüncəsilə hüznlü, kədərli, lakin ümidli olmaq və Allaha daim qəlbən təvəkkül etmək mənalarına gəlir.
Bəli, bu mövzuda möminlər üçün əsas məsələ ubudiyyət yolunda və iman xidmətində iç coşğunluğuyla, eşq və həyəcanla yürümək və mənəvi duyğuları daim aktiv saxlamağa çalışmaqdır. İnananlar yaşamaq sevincini qəlbin daim enerjiylə dolu olması, insani mələkələrin “həmlə ruhu”yla şahlanması, mənəvi canlılığın həmişə qorunması və könüldə insanı ibadətlərə, saleh əməllərə və din yolunda xeyirli fəaliyyətlərə sövq edən bir güc mənbəyinin mövcud olması şəklində anlamalıdır.
Xülasə, xidmət şövqü və qəlb sevinci möminin daimi halı, əhval-ruhiyyəsidir. Qəflətdə boğulanların halı isə ərköyünlük, laübalılıq və ifrat əylənəncədir. Mömində şövqün bəhrəsi Allaha təvəkkül və itminan (əmin olmaq); qafillərdə müvəqqəti sevincin nəticəsi bitib tükənməyən streslər və anquazlardır. İnanan insanlarda - əksəriyyətlə - stress olmaz, çünki möminlər müsibət qarşısında çarəsiz qalmaz. Bir sıxıntıya düçar olanda da "Lə havlə və la qüvvətə illa billah" deyib Allahın inayətiylə onu asanlıqla dəf edərlər.
Həftənin duası
Yoxluğu varlığıyla süsləyən, damlaya dəryaların genişliyini bəxş edən Aləmlərin Yaradanı Allaha sonsuz həmd-səna, Onun kainata ən böyük rəhbər olaraq göndərdiyi Peyğəmbərimiz Həzrəti Məhəmmədə salatu-salam edib əllərimizi açırıq: Rəbbimiz! Hər zaman mərhəmətinə möhtac olan bu fəqir qullarını məhşər gününün və əməllərin tərəziyə qoyulub çəkildiyi anın sıxıntı və kədərindən yenə də mərhəmətinlə sevindir.. Büsbütün varlıq aləmini bürüyən şəfqətinlə və bitib tükənməz yaxşılıq xəzinənlə bizi də qucaqla! Amin.
Sözün cövhəri
Haqq Təala həm kəmiyyətdən, həm də keyfiyyətdən münəzzəhdir. Onu kəmiyyət və keyfiyyət məfhumları ilə izah etmək olduqca yanlış, hətta sapqınlıqdır. Bu gün ağılları gözlərini örtən bəzi insanların Onu “enerji, qatı enerji..” və s. kimi dünya məfhumları ilə izah etməsi Onu necə tanımalı olduqlarını bilməməkdən irəli gəlir. Bu yanlış anlayış zəif imanlı insanlarda Zati-Üluhiyyəti təsəvvür etmə düşüncəsi meydana gətirir ki, bu da açıq-aşkar bir zəlalətdir.
- tarixində yaradılmışdır.