Xidmətdə öndə, mükafatda arxada

Maddi-mənəvi füyuzat hislərindən imtina edən bir xidmət karvanı ömür boyu dünya zövqünün nə olduğunu bilməz.

Başqalarının səadəti uğrunda şəxsi istək və arzularından imtina edən bu karvanın yolçuları, şübhəsiz ki, xidmətdə öndə, mükafatda arxada olmalıdırlar. Nəfsin buna razı olmaması isə bəzi nöqsanlardan irəli gəlir. Bu nöqsanları belə sıralaya bilərik:

Birincisi, fikir və təfəkkürdə tez-tez “cərrahi əməliyyat” aparılmaması.

İkincisi, rabiteyi-mövtün, yəni ölümün az xatırlanması.

Üçüncüsü, doğrunun təmsilində, təbliğində və doğruya dəvətdə laqeydliyə yol verilməsi. İnananlar öz aralarında daim əmri-bil-məruf və nəhyi anil-münkər[1] düşüncəsini yaşamalı və yaşatmalıdır. Dünyanın müvəqqəti, axirətin əbədi olduğuna inansalar da, bu işi davam etdirməliyik. Çünki nəfsi-əmmarə insanı aldadır. Müvəqqəti şeyləri əbədi şeylərdən üstün göstərib axirəti unutdurur. O, diqqəti daim dünyaya çəkərək insana xidmətdə arxada, mükafatda irəlidə olma düşüncəsini aşılayır.

Xidmətdə arxada, mükafatda irəlidə olma düşüncəsi münafiq anlayışıdır. Qurani-Kərim bu düşüncəni “İnsanlardan eləsi də vardır ki, Allaha şək-şübhə ilə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olub sevinər. Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (İslamdan üz döndərib yenə küfrə qayıdar)…” (“Həcc” surəsi, 22/11) ayəsi ilə münafiqlik xüsusiyyəti kimi göstərir. Bir başqa ayədə də buyurulur: “Möminlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya Rəsulum!) qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların (münafiqlərin) sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün!” (“Məhəmməd” surəsi 47/20). Quranda buna bənzər çox ayə var. Hər biri də xidmətdə arxada, mükafatda irəlidə olmağı münafiq xüsusiyyəti kimi diqqətə çatdırır.

Bu səbəblə mömin bu cür münafiqlik xüsusiyyətindən uzaq durmalıdır. Əgər inanan bir insan mükafatda irəlidə olmağı düşünürsə, bilməlidir ki, münafiqlərin cərgəsindədir. Bunu da unutmamalıyıq ki, bir yerdə Allahın rizası axtarılırsa, orada mükafatdan dəm vurmaq bihudədir. Qoy o istəyənin olsun!

Mən buna görə Müsəlman olmadım!

Xidmətdə öndə, mükafatda arxada olma anlayşının necə yüksək səviyyədə təmsil edildiyini Əshabi-Kiramda görürük. Adını bilmə şərəfi ilə şərəflənə bilmədiyimiz bir səhabə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hüzuruna gəlib müsəlmanlığı qəbul edir və müharibə meydanına atılır. Qənimət bölüşdürüləndə həmin səhabənin gözləri dolur. Qəniməti götürməyi münafiqlik sayaraq Allah Rəsuluna belə deyir: “Ya Rəsulullah! Mən buna görə müsəlman olmadım. Müsəlman oldum ki (boğazını göstərərək) buradan bir ox saplansın, Rəbbimə qovuşum”. Müharibədən sonra onun nəşi də tapılır. Həmin səhabə boğazından ox zərbəsi almış, yerdə uzanmışdı. Amr bin As da təzə müsəlman olanda qənimət bölgüsü zamanı gözü yaşlı: “Ya Rəsulullah! Mən buna görəmi müsəlman oldum?”

Bu böyük şəxsiyyətlər mükafat məsələsində daim arxaya çəkilmişlər. Bəzən Əshabi-Kiram qənimətlə həvəsə gətirilsə də, onlar əlinə keçən hər şeyi paylayırdılar.

Şübhəsiz ki, bu nəfsə çox ağır gələcək. Ancaq yuxarıda da qeyd edildiyi kimi, ilk növbədə Haqq-taalanı yaxşı tanımaq lazımdır. Çünki Allahı tanıyan insan fani olan şeylərə bel bağlamaz.

İkincisi, sabah öləcəyini düşünən insan “Onsuz da öləcəyəm. Elə isə axirətimə zərərli olan mükafat alma kimi xətalara yol verməyim” fikri ilə oturub-durduğuna görə, daim o biri dünya üçün çalışar.

Üçüncüsü, xidmət karvanında gedən insanların haqq və həqiqətdə yarışdıqlarını görənlər onların məziyət və fəzilətindən örnək alaraq belə bir yanlışdan uzaq duracaqlar. Bu səbəbdən belə bir xeyir karvanının meyarı xidmətdə öndə, mükafatda arxada olmaqdır.

Yeri gəlmişkən bunu da diqqətə çatdırım ki, ömrünü Quran və imana həsr edənlərin hər biri bərarbərdir, heç kəs nə üstün, nə də alçaqdır. Heç kim başqasını nə özündən kiçik görməli, nə də kimisə özündən böyük bilməlidir. Ancaq “Filan qardaşım məndən yaxşı mömindir. Mən ona qulluq xaricində, hər şeyi edərəm. Çünki o, fəzilətli və məziyyətlidir” deyə düşünə bilər. Bu anlayışa görə, xidmətlə mükafat arasındakı bərabərsizlik həmin halqadakı digər şəxslərin rəqabətinə səbəb olmaz. Mömin “Onsuz da hər birimiz bir nəfərik (əsgərik), yəqin ki dövlət malından payımıza nəsə düşəcək. Onun da çox hissəsi axirətdə olacaq. Allah əmr etdiyi üçün bu yoldayıq, inşaallah Onun rizasını qazanacaq, meyvələrini də axirətdə dərəcəyik” düşüncəsindən ayrılmadan mükafatın çoxunu axirətdə gözləməlidir…. Və burada mükafat üstündə qardaşları ilə rəqabətə girməməlidir.

Xülasə

  • Başqalarının səadəti uğrunda şəxsi istək və arzularından imtina edən bu karvanın yolçuları, şübhəsiz ki, xidmətdə öndə, mükafatda arxada olmalıdırlar.
  • Əgər inanan bir insan mükafatda irəlidə olmağı düşünürsə, bilməlidir ki, münafiqlərin cərgəsindədir.
  • Haqq və həqiqət yarışına şahid olan onların məziyyət və fəzilətlərindən örnək alaraq mükafatdan imtina edəcəkdir.

İnsanlar yuxudadır, öləndə oyanır

İnsan dünyada həqiqət barədə nə qədər məlumatlı olsa da, həqiqi aləmə köçənə qədər həqiqəti yalnız pərdənənin arxasından müşahidə edəcək və mütləq həqiqətin üzünə çəkilən təntənəli bir pərdəni seyr edəcək.

Həqiqitin işığı və ehtişamını sezib hiss etmək ancaq o biri aləmə köçəndən sonra mümkündür. Bu aləmdə insanın gerçək həqiqəti görmək üçün təsəvvür etdiyi hər şey xəyaldan başqa bir şey deyildir.

Məsələnin digər tərəfi: Əhli-həqiqət və əhli-təsəvvüfün fikrincə, insan ancaq nəfsini və ənaniyyətini öldürdükdən sonra həqiqəti açıq-aydın görə bilər. İnsan nəfs yükünü çiynində daşıya-daşıya, kibir və qürurun altında əzilə-əzilə həqiqəti əsla görə bilməz. Demək ki, qəlbi və ruhi həyata yüksəlmək üçün nəfs və ənaniyyətin ölməsi lazımdır. Bəli, insan yox olmalıdır ki, var olsun! Qəlb və vicdanın Zati-Uluhiyyətin bəzi həqiqətlərini müşahidə etməsi və vicdanən sezdikdən sonra özünü iradi şəkildə istiqamətləndirməsi nəfsin və ənaniyyətin təsirindən qurtulmaqdan asılıdır. Bu da ki, ancaq dərin təfəkkürlə, Haqq-taalanın kainatdakı ayə, kəlimə, hərf və sətirlərində Ona aid həqiqətləri müşahidə edib daim ayıq-sayıq olmaqla mümkündür.

Başqa bir məsələ də, zikr və fikirlə qəlbi təmizləmə, vicdanı hərəkətə gətirmə, “Ölmədən əvvəl ölün!” sirrinə vaqif olmaqla mümkündür. Yəni siz hamınız yuxudasınız, nəfs və ənaniyyətiniz öləndə gözləriniz açılacaq və həqiqətin mahiyyətini müşahidə edəcəksiniz. Əksinə nəfsani və cismani arzuların əsarətində ola-ola gözləriniz heç vaxt həqiqəti görə bilməz. Xülasə, dünyada insan nəfs və ənaniyyət cəhətindən yuxudadır. Nəfsi və ənaniyyətini öldürüb qəlbinə və ruhuna can versə, qəlbi dilə gətirsə, ruhu canlandırsa, gözləri açılar və hər şeyi açıq-aydın görər.

Üstəlik, çox adam Allaha iman edib namaz qılsa belə, qəflət içində ola bilər. Belə insanların əksəriyyəti cismani duyğuların təsirindən qurtula bilmirlər. Namaz və oruc çox vaxt maddi hislərin kölgəsində qalır. Həmin insan qəlbini bu cür mənasız, faydasız hislərdən nə qədər təmizləyə bilirsə, - dünyəvi cəhətdən ölsə belə - üxrəvi cəhət ilə o qədər dirilirlər.

Həftənin duası

Allahım! Bizə doğru yolu göstər və qəlbimizi təqva hissi ilə doldur. Nəfsin içimizə şək düşüncəsi atmasından, aramıza pərdə çəkən və Həbibin yolundan uzaqlaşdıran bütün maneələrdən Sənə sığınırıq. Rəbbimiz! Qəlblərimizi şübhə, şəhvət, qəflət və nəfsani ləzzətin kir-pasından təmizlə və bizi hər cəhətdən nümunəvi qullarından elə. Amin…

Sözün cövhəri

Çox vaxt gördüyümüz işlərdə şükrün bərəkətinə nail olmaq əvəzinə “Mən elədim, mən etdim…” və s. kimi sözlərlə şirk qapılarını aralayırıq. Halbuki hər insan “Məni də, davranışlarımı da yaradan Allahdır” deyə düşünməli lütf edilən müvəffəqiyyətləri öz nəfsinin adına çıxmamalıdır. Əksinə “Allahın izni ilə belə oldu, Allah lütf etdi və s.” deyərək şükür qapısını açmalıdır. Bu anlayış həm nemətlərin leysantək yağmasına, həm də şirk qapısının bağlı qalmasına vəsilə olar.

[1] Yaxşılığa çağırmaq, yaxşı əməllərə təşviq etmək, pis əməllərdən çəkindirmək.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.