Yuvamız cənnət guşəsinə dönsün

Fəthullah Gülən: Yuvamız cənnət guşəsinə dönsün

Müasir dövrdə bir çox məsələdə olduğu kimi, təəssüf ki, “ailə müəssisəsi”ndə də özümüzdən, doğma dəyərlərimizdən uzaqlaşma var. Halbuki öz dəyərlərimizi yaşadığımız dövrlərdə bu məsələdə ciddi problemlərimiz yox idi. Lakin nə oldusa daha sonralar oldu, biz bizə aid dəyərləri "adət-ənənə" deyib köhnəlmiş əşya kimi bir kənara atdıq. Məhz bundan sonra, digər sahələrdə olduğu kimi, “ailə müəssisəsi”ndə də ciddi problemlər özünü göstərməyə başladı.

Müştərək dəyərlər müstəvisində əldə edilən razılıq

Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisi-şərifində: "Qadınla dörd şeyə görə nikah bağlayarlar: sərvətinə, əsli-nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Sən dindar olanı seç ki, hüzur tapasan" (Buxari, Nikah 15; Müslim, Rada 53) buyuraraq qadının digər xüsusiyyətləri ilə yanaşı, dindarlığına daha çox üstünlük verməyi tövsiyə edir. Elə isə ləl-gövhər sözlü Peyğəmbərimizin bu meyarı ailə qurmağı düşünən hər bir möminin həyati dəyəri olmalıdır. Eyni şəkildə, qadın da özünə həyat yoldaşı seçərkən Rəsuli-Əkrəmin (əleyhissalatu vəssalam) tövsiyə etdiyi bu meyarı diqqətə almalıdır. Çünki sırf vəzifə, pul, gəlir, zahiri gözəllik kimi dünyəvi dəyərlərə görə ailə qurmaq “qazanma qurşağında itirmək” deməkdir. Bəli, Cənnət bağçası olmağa layiq ailə yuvası sırf fani dəyərlər əsasında qurularsa, Cəhənnəm çuxuruna çevrilə bilər. Bu səbəbdən ailədə hüzurun mütəmadi olması tərəflər arasında mütabiqətdən (uyğunluqdan, müvafiqlikdən) asılıdır. Yəni daimi hüzur üçün əvvəla tərəflərin daim bir olmasını təmin edən möhkəm bağlara, müştərək dəyərlərə ehtiyac var.

İkincisi, evlilik (izdivac) ağıl, məntiq və mühakimə kimi möhkəm əsaslar üzərində təsis edilməlidir. Buna görə, evləmnəyi düşünən öz fikrini bildirməklə yanaşı, ana-atasının, etimad etdiyi, təcrübəli böyüklərinin fikirlərini də öyrənməlidir. Yoxsa insan, "Bu iş mənimlə əlaqəlidir, buna görə özüm bilərəm" deyə hərəkət etsə, böyük səhvlərə yol verə bilər. Halbuki, dünyəvi və üxrəvi səadətin vəsiləsi olan belə mühüm məsələdə nə qədər çox təcrübəli insanların fikir və tövsiyəsinə baş vurulsa, bir o qədər düzgün nəticə əldə olunar.

İnsan təkcə bədən və cisimdən ibarət varlıq deyildir. Onun həmçinin ruhu, qəlbi, hissi, şüuru, məntiqi, mühakiməsi, idealı və ümidləri vardır. Üstəlik evlilikdən bir nəsil meydanə gəlir. Dolayısilə evliliyə addım atan bütün bunları nəzərə alaraq qərarını verməlidir. Təənni (ehtiyatlı və ağıllı iş görmə) Rəhmandandır (Rəhman olan Allahdandır). Haqq-Təala hər şeyi imhalla (möhlət verə-verə) yaradır. Mükafatlandıranda da, cəzalandıranda da insana möhlət verir. Əksinə tələskənlik şeytandandır. Tələsənin işi çox vaxt gəlib öz ayağına dolaşır. Bu mənada evlilik işində də tələsməmək, hissilikldən uzaq olaraq, əqli-səlimlə və dərindən düşünüb qərar vermək lazımdır.

Ətrafımda olan insanlara həmişə bunu deyirəm: mən bir iş görəndə məni sevən, məni gözü qədər əziz bilən insanların fikirlərinə çox əhəmiyyət verirəm. Çünki ola bilsin ki, mən planlaşdırdığım işə dar çərçivədən baxır, bir anlığa hissiyyatıma qapılıb hərəkət edirəm. Halbuki o insanlar məni məndən daha çox düşünür, dolayısilə mənim haqqımda daha tutarlı və daha düzgün qərar verərlər. Eyni şey (mülahizə) evlilik üçün də keçərlidir. Çünki evlilik ömürlük olduğu üçün bu haqda müvəqqəti hislərlə qərar verilməməli, bunun mütləq məntiqli bir əsası olmalıdır. Bir ömür boyu birlikdə olacaq, birlikdə əl-ələ verəcək, həyatı birlikdə bölüşəcəksiniz. Öz həyatınızla yanaşı dininizi də yaşayacaq, dininizi uşaqlarınıza miras qoyacaqsınız. Belə əhəmiyyətli bir məsələdə mən öz istəklərimdən imtina edər, güvənib etimad etdiyim böyüklərimin baxış, düşüncə, qərar və fikirlərinə üstünlük verərəm.

Neçə nəfər Elmihalı üç dəfə oxuyub?

Təəssüf ki, bu gün müsəlmanlar İslamı və onun həyatımızı tənzimləyən əsaslarını lazımi səviyyədə bilmirlər. Halbuki, müsəlmanlığı həqiqi mənada duyub hiss etməyə təkcə nəzəri məlumat da kifayət etmir. Dini həyata əks etdirmək, yaşaya-yaşaya xarakter halına çevirmək lazımdır. İnsanlar müsəlmanlığın həqiqi dərinlik və ənginliyinə vaqif olmadığına və ona uyğun yaşamadığına görə, iradi olaraq öhdələrinə götürdükləri məsuliyyətdən doğan bəzi çətinliklərə də qatlanmalı olduqlarını bilmirlər. Deyək ki, ailədaxili münasibətlərdə qadın və ya kişidə bir nöqsan var. Belə bir problemlə qarşılaşan fərd öz-özünə "Görəsən, mən bu nöqsanı necə düzəldə bilərəm, bu problemin öhdəsindən hansı yolla gələ bilərəm?" deyə suallar verməli, bu haqda dinin əmr və tövsiyələrini araşdırmalıdır. Ancaq, qənətimcə bu mövzuya ciddi baş yoran olmur. Bəli, təəssüf ki, bu gün heç kim öz dinini ciddi mənada öyrənməyi düşünmür. Görəsən aramızda neçə nəfər "Dinimi öyrənmək üçün bir elmihalı üç dəfə oxudum" deyə bilər?

Fərqli xarakterli kişi və qadının imtizacı

Əvvəllər ailəsinə həqiqətən bağlı olan insanlara şahid olmuşam. İcazənizlə bir-iki örnək verim: babam olduqca sərt təbiətli insan idi. Güldüyünü heç görməmişəm, çox ciddi idi. Evdən çıxıb məscidə gedəndə hər kəs "Şamil Ağa gəlir!" deyə özünü yığışdırar, zəhmindən ürpərərdi. Zahidanə həyatı vardı. Bəlkə, hər gecə 50-100 rükət namaz qılardı. Nənəm isə adı kimi munisə bir xanım idi, qəlbi Allah xəşyəti ilə dolu idi. Yanında bircə dəfə ürəkdən "Allah!" desən, ətəyi yaşla dolardı. Xaraktercə bir-birindən fərqli olan bu iki insan bir-biri ilə elə imtizac edib bütövləşmişdi ki, anam deyirdi ki, nənəm həmişə: "Allahım! Məni onsuz bir saat da saxlama. Nə olar, mən onsuz yaşaya bilmərəm" deyə dua edirmiş.

Ölümünə yaxın nənəm xəstələnmişdi. On aydan çox xəstə yatmışdı. O vəziyyətdə belə namazını tərk etməmişdi. Anamın dediyinə görə vəfatına az qalmış dəstəmaz üçün anamdan su istəyib. Dəstəmaz aldıqdan sonra bir qəhqəhə çəkib babama belə deyib: "Dünyadan kam almadıq. İkimizin də cəsədi bu gecə evdə qalacaq". Həmin gün babamın heç nəyi yox idi. Aradan bir az vaxt keçir, nənəm vəfat edir. Anam nənəmin gözlərini bağlayır, o əsnada o bir otaqdan "Baba öldü!" deyə bir fəryad qopur. Babamla nənəm arasında belə bir bağlılıq vardı.

İcazənizlə bir örnək də verim: bir gün bir məsələyə görə atam anama əsəbiləşmişdi. Həyatımda bəlkə, bircə dəfə atamın bu halına şahid olmuşam. Nənəm də orada idi. Atam qaşlarını çatıb anamın üstünə getdi. Lakin anam qayınanasının qəlbinə elə yol tapmışdı ki, dərhal nənəm araya girib atama belə dedi: "Ramiz! Ona əl vursan, sənə südümü, əməyimi haram edərəm".

Məhz bu, bizim ümumi mədəniyyətimizdir və bu mədəniyyətdə ər-arvad bir-birinə əmanətdir. Hər iki tərəf də bunun dərk etməlidir. Bu isə yaxşı təhsildən asılıdır. Bu gün bu təhsil mühit və məktəbdə verilmir. Bu səbəblə bəzi cavanlar evlənmə yaşını (mahiyyətini) qavramadan bu mühüm işə təşəbbüs edirlər. Məhz buna görə də fəqir (özünü qəsd edir) insanların iki mövzuda oxuyub diplom və ya sertifikat almasında israrlıyam. Bunlardan biri həcc, digəri də nikah.

Həftənin duası

Ey səmimi qəlbdən inanan bəndələrini daim qoruyub-hifz edən Allahım! Bu naçar bəndəni, qadın-kişi bütün qardaşlarımızı, dostlarımızı və sevənlərimizi önümüzdən, arxamızdan, sağımızdan, solumuzdan (gələn təhlükə və müsibətlərdən) qoru. Ey Rəbbimiz! Bizim haqqımızda şər düşünənlərə planlarını həyata keçirməyə imkan vermə... Sənə iman edən günahsız bəndələrin əleyhində intriqa aparanların məkrli planlarını yerlə-yeksan et...

Sözün cövhəri

Uca bir məfkurəyə dilbəstə olan, bu məfkurə ilə öz düşüncə dünyasını yenidən inşa etməyə çalışan və beləcə öz milləti başda olmaqla bütün bəşəriyyətə yeni bir "basu-badəl mövt" [Ölümdən sonra təkrar diriliş] bəxş etmək üçün gecəsini gündüzünə qatan insan heç bir dünyəvi təmənna ummaz, ummamalıdır, hətta çox vaxt onun cənnətə getmə və cəhənnəmdən qurtulma kimi Allah Təalanın fəzlinə aid mənəvi təmənnası da olmamalıdır.