Elmdən Gözlənilən Qayə

İnsan övladı üçün həqiqi həyat, elm və irfanla mümkün olacağına görə, öyrənmə və öyrətməyə qarşı laqeydlik göstərənlər həyatda olsalar da, ölü sayılırlar. Çünki insan yaradılışının ən mühüm məqsədi, ətrafına nəzər yetirib öyrənmək və öyrəndiklərini başqalarına öyrətməkdən ibarətdir.

* * *

Bir insanın tədbirli və məqsədəuyğun (səbatlı) qərarları, həmin tədbir və qərarların ağıl və məntiqlə münasibətinin səviyyəsi nisbətindədir. Ağıl və məntiq isə elm və mərifətlə düz mütənasib olaraq inkişaf edir. Buna görə də, elm və mərifətin olmadığı bir yerdə ağıl tənbəl, məntiq aldadıcı, qərarlar da isabətsizdir.

* * *

Bir insanın insanlığı, öyrənib öyrətmək və başqalarının yolunu işıqlandırmaqla məlum olur və ortaya çıxır. Bilmədiyi halda öyrənməyi düşünməyən, öyrəndikləri ilə özünü yeniləyib başqalarına da nümunə olmayan surətən insan görünsə də, daxili, mənəvi aləmi baxımından düşündürücüdür!

* * *

Öyrəniilib-öyrədiləcək biliklər insan mahiyyətinin və kainat sirlərinin kəşfinə yönəlməlidir. Mənliyin sirlərini, varlığın qaranlıq nöqtə və tıxaclarını açıb işıqlandırmayan elm, elm deyil.

* * *

Elm və mərifətlə əldə edilən mənsəb və payə, başqa yollarla əldə edilən mövqelərdən daha yüksək və daha uzunömürlüdür. Çünki elm öz sahibini dünyada pisliklərdən uzaq və fəzilətli, o biri aləmdə də, onun iman və irfanı ilə könlündə qurduğu xəyalları aşan məqamlarla xoşbəxt edər.

* * *

Hər ana-ata övladlarının beyinlərini lazımsız məlumatlarla doldurulmadan əvvəl, onları mütləq elm və irfanla doyurmalıdır. Çünki həqiqətdən bixəbər könüllər və mərifətdən məhrum ruhlar hər cür pis düşüncənin cücərib inkişaf etməsinə əlverişli bir tarla hökmündədir. Başdan hansı növ toxum səpilsə, yığılan məhsul da elə o olur.

* * *

Elm öyrənməkdə məqsəd biliyin insan övaladına mürşid və rəhbər olması və öyrənilənlərlə kamil insanlığa gedən yolların aydınlığa qovuşdurulmasıdır. Buna görə də, ruha hopdurulmamış elm öz sahibinin çiynində yük; insanı ülvi hədəflərə yönəltməyən mərifət də bir qəlb və düşüncə hamballığıdır.

"Elm, elm bilməkdir,
Elm özün bilməkdir.
Sən özünü bilməzsən,
Bu necə oxumaqdır."
(Yunus Ə.)

* * *

Hədəf və məqsədi bəlli olan bir elm, sahibi üçün "əbədi" davam edəcək bərəkət qaynağı və tükənməz bir xəzinədir. Bu xəzinəyə malik olanlar yaşadıqları müddət ərzində, hətta daha sonraları da bir şirin su qaynağı kimi daim ziyarət edilir və xeyrə vəsilə olurlar. Könüllərə şübhə və tərəddüd salan və ruhları qaraldan hədəfi təyin edilməmiş boş fərziyyələr isə ümidsiz və bulanıq düşüncəli insanların ətrafında uçuşduqları toz-torpaq yığını, və ya ruh tələsidirlər.

* * *

Elm növbənöv sahələri və hər sahənin ehtiva etdiyi faydaları ilə hər kəs üçün yararlı olsa da, insan ömrü və imkanları da məhdud olduğuna görə, adəm övladının bunların hamısını öyrənib istifadə etməsi mümkün deyildir. Odur ki, hər fərd özü və milləti üçün lazımlı şeyləri öyrənib qiymətləndirməli, gərəksiz şeylərlə ömrünü bihudə məhv etməməlidir.

* * *

Həqiqi elm xadimi iş və tədqiqatlarını ən doğru məlumatların, ən yanılmaz bəyanların işığı altında və elmi təcrübələrə əsasən təşkil edib apardığına görə, hər an könlü rahat, işləri də asan olacaqdır. Biliyin həqiqi mənbəyindən məhrum bəzi zavallı insanlar isə dayanmadan yol və istiqamət dəyişdirəcək və xam xəyallardan heç cür xilas ola bilmədikləri üçün, həmişə "ah-vah"la böhran içində yaşayacaqlar.

* * *

Hər insanın qədr və qiyməti, öyrəndiyi elmin məzmun və zənginliyi ilə ölçülür. Elmi sırf bir "dedi-qodu" amili olaraq istifadə edənin qiymət və dəyəri o nisbətdə; onu əşya və hadisələri tanımaq üçün "prizma" kimi istifadə edib məkanın ən qaranlıq künc-bucağına qədər varan və irfanı ilə qanadlanıb fövqəl təbiət həqiqətlərə qucaq açanın da dəyəri həmin nisbətdədir...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.